Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Pakistan ziyalıları Ədəbiyyat İnstitutunda

25-09-2022 [ 14:59 ] [ oxunub:284 ]
A+ | A-

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Muslim İnstitutunun direktoru, Cunaqadh əyalətinin naziri professor Sahibzadə Sultan Ahmed Ali və institutun London təmsilçisi Kaşif Xanla görüş olub. Qonaqlar öncə Ədəbiyyat İnstitutunun nəzdindəki Pakistan Ədəbiyyat Mərkəzi ilə tanış olublar. Görüşdə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov və şöbənin digər əməkdaşları da iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq Azərbaycan ilə Pakistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, elm və ədəbiyyat istiqamətində uğurla inkişaf etdiyini bildirib. Akademik İsa Həbibbəyli əlavə edib ki, Azərbaycanın bütün dünya ölkələri ilə geniş əlaqələri var. Türkiyə və Pakistan isə xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev həm Türkiyə, həm də Pakistanla əlaqələrimizin inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. “Yayda pakistanlı alimlər qonağımız oldular. Onlar Nizami Gəncəvinin məzarını ziyarət etdilər. Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Yusif Huşkla danışdıq ki, Azərbaycan xalqının ədəbi-mədəni pasportu olan “Kitabi-Dədə Qorqud” eposu Pakistanda urdu dilində nəşr edilsin. Bu kitabın bir təqdimatını da sizin nazir olduğunuz əyalətdə keçirərik”, - deyə akademik bildirib.

Professor Sahibzadə Sultan Ahmed Ali görüş üçün təşəkkürünü bildirərək deyib: “Bizim dostluğumuzu yaradan Heydər Əliyevi xatırlamaq yerinə düşər. Prezident İlham Əliyevin sayəsində dostluğumuz daha da möhkəmlənib. Biz Pakistan ərazisində yaşayıb-yaradan azərbaycanlılara həsr olunmuş bir ensiklopediya yarada bilərik. Mənim bu səfərimdə əsas məqsədim odur ki, Pakistanda Nizami Gəncəvinin azərbaycanlılara məxsus olduğunu göstərim. Bu səbəbdən Gəncəyə də səfər edəcəyəm. Şuşaya dördgünlük səfərim də olacaq”.

Görüşdə qonaqlar Azərbaycan-Pakistan əlaqələri haqqında videoçarx nümayiş etdiriblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR