Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

İsa Həbibbəyli. Bütün yönləri ilə yaradıcı (Yeni təqdimatda)

10-09-2024 [ 12:46 ] [ oxunub:150 ]
printerA+ | A-
104781

Akademik İsa Həbibbəylinin tanınmış şair, nasir, publisist Rəşad Məcidin həyat və yaradıcılığına həsr olunmuş "Bütün yönləri ilə yaradıcı" kitabının (2014) bu günlərdə ikinci - təkmilləşdirilmiş nəşri işıq üzü görüb.

Kitab "Bir yüngülvari müqəddimə" ilə açılır və Rəşad Məcidin yaradıcılıq fəaliyyəti burada lakonik, lakin son dərəcə dəqiq tezislərlə təqdim olunur: "Rəşad Məcid çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. Və o, məşğul olduğu bütün yaradıcılıq sahələrində professionaldır. Publisistika Rəşad Məcidin yaradıcılıq fəaliyyətinin əsas, aparıcı tərəfidir, onun gündəlik işidir. Azərbaycanda "525-ci qəzet" səviyyəsində müstəqil mətbuat yaratmaq və bu qəzetin nəsrini uğurla davam və inkişaf etdirmək Rəşad Məcidin xidmətidir. Rəşad Məcid müstəqillik dövrü Azərbaycan publisistikasının əsas yaradıcılarından və görkəmli nümayəndələrindən biridir. "10 sentyabr" hekayəsi ilə Rəşad Məcid həm də nasirlik səlahiyyəti qazanmışdır. Ədəbi tənqid sahəsində də Rəşad Məcid mükəmməl "yazıçı sözü" deməyi bacarır. Rəşad Məcid tam orijinal bir şairdir. Müstəqillik dövrü Azərbaycan şeirinin yaradıcıları sırasında onun özünəməxsus görkəmli yeri vardır. Rəşad Məcidin şeirləri mövzu, janr, üslub-yanaşma, bədii təsvir vasitələri etibarilə bənzərsizdir".

Nəşrin ilk "Rəşad Məcidin tərcümeyi-hal səhifələri" bölməsində ədibin həyat və yaradıcılıq yolunun önəmli məqamları, fəaliyyətinin nüfuzlu ədəbi və dövlət mükafatlarına layiq görüldüyü, əsərlərinin türk, rus, italyan, gürcü dillərinə tərcümə edildiyi və bir sıra şeirlərinə musiqi bəstələndiyi qeyd olunur.

Kitabın "Lirizm+epik notlar" bölümündə Rəşad Məcidin şeirləri həyata lirik-romantik baxışın orijinal bədii ifadəsi kimi dəyərləndirilir: "Müstəqillik dövrü Azərbaycan şeirinin tanınmış nümayəndələrindən biri olan Rəşad Məcidin lirikası dərin lirizmlə epik notların üzvi əlaqəsi əsasında yaranan əhəmiyyətli sənət hadisəsidir".

Akademik İ.Həbibbəyli nağılvari poetik təhkiyənin diktə etdiyi lirizmin Rəşad Məcidin şeirlərində həm həyata şairanə baxışın, həm də müdriklik və müasirliyin ifadəsinə çevrildiyini vurğulayır.

"Roman" və poetikası" bölməsində Rəşad Məcidin eyniadlı poeziya silsiləsi haqqında söz açılır: " Onun liro-epik şeirləri "Roman"a keçid üçün körpü funksiyası daşıyır. "Roman" başdan-başa lirik-epik xarakterə malik orijinal əsərdir. Əlbəttə, Rəşad Məcid bu əsərini şərti olaraq "Roman" adlandırmışdır. Fikrimizcə, Rəşad Məcidin "Roman" adlandırdığı bu əsər janr baxımından liro-epik poemadır".

"Dastan"a doğru adlanan bölmədə akademik qeyd edir ki, şeirlərdən süjet düzəltmək Rəşad Məcidin şeir yaradıcılığının oturuşmuş bir sistemidir.

"İdealın bədii təcəssümü"ndə R.Məcidin estetik idealının mərdanəliyin, bütövlüyün, milli düşüncənin, vətənpərvərliyin və müstəqil dövlətçiliyin daşıyıcısı olan lirik-romantik qəhrəmanda özünün bədii təcəssümünü tapdığı önə çəkilir.

"Müasirlik səlahiyyəti" bölməsində akademik  "10 sentyabr" hekayəsindən söz açaraq əsəri roman kimi səciyyələndirir: "Sabitləşmiş, inkişaf edən və dünya ilə üz-üzə olan yeni Azərbaycanda cəmiyyət həyatının epik mahiyyətinin gerçək romanı "10 sentyabr" hekayəsinin bətnində müşahidə olunur".

İ.Həbibbəyli "Publisistikada özünəməxsusluq" başlıqlı bölmədə R.Məcidin bu sahəyə qəzetçiliklə bədii yaradıcılıq arasında xüsusi bir fəaliyyət növü kimi yanaşdığını vurğulayır: "Rəşad Məcidin publisistikasında məsələnin hər iki tərəfinin özünəməxsus ağırlığı vardır".

"Yazıçı tənqidi: esselər" bölməsində R.Məcidin ədəbi tənqid yönündəki yaradıcılıq nümunələrindən söz açan akademik, "525-ci qəzet"in hünəri" bölməsində sözügedən qəzetin məziyyətlərinə diqqət yönəldir: "Müşahidələrimə görə, hazırkı mərhələdə həm kəmiyyət etibarilə, həm də sosial tərkibinin müxtəlifliyi mənasında da geniş oxucu cəbhəsi cəlb etmək baxımından "525-ci qəzet"lə müqayisə edilə biləcək mətbuat orqanı göstərmək çətindir. Tərəddüd etmədən demək mümkündür ki, "525-ci qəzet" ümumiyyətlə Azərbaycan cəmiyyətinin qəzetidir".

"Rəşad Məcidin statusları və sms dünyası, yaxud sosial şəbəkə ədəbiyyatına giriş" sərlövhəli bölmədə akademik İ.Həbibbəyli yazır: "Son on ildə Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində Rəşad Məcid tam yeni janrlara imza atmışdır. "Status-esselər" və "sms-esselər" adlandırdığı sosial şəbəkə yazışmalarından ilk dəfə Rəşad Məcid müstəqil janr kimi söz açmışdır. Rəşad Məcidin statusları və sms-ləri müasir dövrün yazıçı müşahidəsinin, şair hissiyyatının və publisist müasirliyinin əsasında yaranmış orijinal sosial şəbəkə ədəbiyyatıdır".

İ.Həbibbəylinin fikrincə, "Rəşad Məcidin "Şuşa dəftəri" Azərbaycan şeirinin Şuşa səfəri səhifəsinin cazibədar simasını əks etdirir. Hiss olunur ki, "Şuşa dəftəri" Rəşad Məcidi bu mövzu ilə dərin bağlılığı olan daha bir seriala - "Laçın çələngini" hörməyə doğru aparır..." Akademikin bu düşüncələri nəşrin "Rəşad Məcidin Şuşanaməsi" bölümündə yer alıb.

Kitabın "Bütün yönləri ilə yaradıcı" "Rəşad Məcid haqqında" adlı bölmədə görkəmli ədəbiyyat və incəsənət xadimlərinin fikirləri öz əksini tapıb.

Və sonda - kitabla eyni adlı bölümdə nəticə etibarilə Rəşad Məcid bütün yönlərindən səciyyələndirilərək Azərbaycançılıq idealına şərəf və məsuliyyətlə xidmət edən, cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul olunan tanınmış Azərbaycan ziyalısı, müstəqillik dövrü Azərbaycan liro-epik şeirinin əsas yaradıcılarından biri kimi xarakterizə edilir.

"Ömrün anları"nda R.Məcidin görkəmli ədəbiyyat və sənət adamları ilə önəmli tədbirlərdə çəkilmiş fotoları verilib.

"Elm və təhsil" nəşriyyatının çap etdiyi kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürovdur.

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet, 09 sentyabr, 2024