Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Məhtimqulu Fəraqi – 300

10-07-2023 [ 11:17 ] [ oxunub:289 ]
printerA+ | A-
103595

Türkmənistan Prezidentinin 12 fevral 2021-ci il (№ 2139) tarixli qərarı ilə verilmiş “Şərqin böyük mütəfəkkiri və klassik şairi Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinin qeyd edilməsi haqqında” Sərəncamın tələbləri çərçivəsində bu günlərdə (25-26 iyun 2023-cü il) Aşqabad şəhərində Türkmənistan Elmlər Akademiyası tərəfindən “Qüdrətli dövlətin yeni Dirçəliş dövrü və Məhtimqulu Fəraqi” adlı Beynəlxalq elmi konfrans keçirilmişdir.

Qürurverici haldır ki, bu konfransa dəvət olunmuş bir sıra ölkələrin –  Türkiyə, Qırğızıstan, Gürcüstan, Əlcəzair, İraq, Hindistan kimi nüfuzlu ölkələrlə yanaşı, Azərbaycandan da nümayəndə dəvət olunmuşdu. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovanın “Türkmən ədəbiyyatının qürur mənbəyi – Məhtimqulu Fəraqi” adlı məruzəsi də həmin konfrans iştirakçıları tərəfindən yüksək səviyyədə – alqışlarla qarşılanmış və çıxışın qısa mətni onların “Vətən” qəzetində çap olunmuşdur.

T.Talıbova türkmən ədəbiyyatının klassik şairi  Məhtimqulu Fəraqinin zəngin irsinin Azərbaycanda çox geniş tədqiqata cəlb edildiyini xüsusi vurğulayaraq, qeyd etmişdir ki, şairin qəlbləri riqqətə gətirən şeirləri təkcə öz vətənində deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da sevilmiş və bu gün də öz aktuallığını saxlamaqdadır. Çünki bugünkü türkmən ədəbiyyatını türkmən xalqının milli şairi Məhtimqulu Fəraqisiz təsəvvür etmək mümkün deyildir.

T.Talıbova onu da xüsusi qeyd etmişdir ki, məhz Məhtimqulu Fəraqinin bu qədər dəyərli bir şəxsiyyət olduğunu nəzərə alaraq, onun yaradıcılığını hərtərəfli araşdırmış və “Müstəqillik dövrü Azərbaycan – Türkmənistan ədəbi əlaqələri” mövzusunda dissertasiya işi yazaraq müdafiə etmiş və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

T.Talıbova öz çıxışında Məhtimqulu Fəraqi ədəbi irsinin Azərbaycanda geniş təhlil edildiyindən danışarkən, onu da qeyd etmişdir ki, Məhtimqulu Fəraqi öz istedadı, qəlbləri riqqətə gətirən şeirləri ilə nəinki Türkmənistanda, hətta onun sərhədlərindən kənarda da məşhur olan böyük şairdir. Bu gün türkmən ədəbiyyatını klassik poeziyanın bayraqdarı, sözün əsl mənasında, türkmən xalqının milli şairi Məhtimqulusuz təsəvvür etmək mümkün deyildir. Məhtimqulu, çoxşaxəli poeziya yaradıcılığı olan sənətkarlardandır. O, Şərq ədəbiyyatında lirik janrın bir çox növündə qələmini sınamış, orta əsr ənənələri ruhunda və şifahi xalq poeziyasına yaxın yeni tipli, realist şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı xalq şeirinin qoşma, gəraylı, təcnis və s. növləri kimi, folklor motivləri ilə də zəngindir. Məqalədə şairin ümumi yaradıcılığı və onun müəyyən sahələri, ədəbi əlaqələrin inkişafında rolu, xalqlar dostluğu, sənətkarlıq xüsusiyyətləri və s. tədqiqat obyekti kimi götürülmüşdür.

T.Talıbova iştirakçıların diqqətinə bir daha çatdırmışdır ki, Türk dünyası və dünya ədəbiyyatında böyük iz qoyub, zəngin və çoxşaxəli yaradıcılıq yolu keçən Məhtimqulu Fəraqinin xalq poeziyasının bağrından qopub gələn şeirlərinin əsas mövzuları onu daim düşündürən vətən, xalq, xalqının müstəqil dövlət quraraq, asudə, sülh şəraitində yaşaması olmuşdur. Onun poetik irsinin öyrənilməsi Azərbaycan və türkmən xalqlarının bir-birinə daha da yaxınlaşması, onlar arasında dostluq, həmrəylik, humanizm və türkçülük ideyalarının daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Qeyd olunmuşdur ki, konfransın əsas məqsədi Məhtimqulu Fəraqinin ədəbi irsini təbliğ etmək, bu sahədə elmi araşdırmaları daha da dərinləşdirmək, beynəlxalq elmi və ədəbi ictimaiyyətin diqqətini böyük türkmən klassikinin poetik-fəlsəfi dünyasına cəlb etməkdir.

Tədbir iştirakçıları Aşqabad şəhərinin 18 km cənub-qərbində yerləşən qədim Nisa şəhəri ilə tanış olmuş, orada aparılan qazıntılar zamanı aşkar edilmiş mühüm tikililər, türbələr və məbədlər, yazılı sənədlər və talan edilmiş bir xəzinə barədə ziyarətçilərə geniş məlumat verilmişdir. Burada aşkar edilən klassik mifoloji səhnələrlə bəzədilmiş çoxlu sayda fil sümüyü ritonlar və sikkələr, eləcə də bir çox Hellenistik sənət əsərləri ilə tanış olmuşlar. Nisa qalası 2007-ci ildə YUNESKO tərəfindən Dünya İrsi siyahısına daxil edilmişdir.

İştirakçılar Türkmənistanın Aşqabad şəhərində yerləşən Milli Xalça Muzeyində, Türkmənistanın Dövlət Mədəniyyət mərkəzinin Dövlət Muzeyində, Türkmənistan Dövlət kitabxanasında da olmuşlar.

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR