Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Nəbi Xəzrinin fərdi üslubunun bəzi xüsusiyyətlərinə dair (Nəbi Xəzri-100) - Əlizadə Əsgərli

16-10-2024 [ 17:51 ] [ oxunub:515 ]
printerA+ | A-

Nəbi Ələkbər oğlu Babayev– Nəbi Xəzri XX əsr Azərbaycan poeziyasının nümayəndəsidir. Yeddi il yeni əsrdə yaşayıb (1924-2007). O, şair, nasir, dramaturq, publisist və tərcüməşi kimi tanınıb. Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvü olub. Ədəbiyyat səhifəsində dərc olunmuş bir silsilə şeiri Səməd Vurğunun diqqətini çəkib, onu İttifaqa üzvliyə qəbul edib. Şair 1947-ci ildən Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvü olub. SSRİ Dövlət mükafatı laureatı (1973), Azərbaycan Dövlət mükafatı laureatı (1982), Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Xalq şairi (1984) fəxri adlarına layiq görülüb.

            * AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda şairin 100 illiyi münasibətilə söylənmiş     

              məruzənin mətni əsasında hazırlanıb

 

       Şair Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində, Leninqrad Dövlət Universitetində, M. Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub.

       “Vətən uğrunda” jurnalı,“Kommunist”,“Ədəbiyyat və incəsənət” qəzeti redaksiyaları, habelə, Azərbaycan Radio Komitəsində, AYİ-da işləyib. Azərbaycan Yazıçılar İttifaqının katibi, Radio Televiziya Verilişləri Komitəsində sədr müavini işləyib.1974-1992-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinə rəhbərlik edib. 1992-2007-ci illərdə ”Azərbaycan dünyası” Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti olub.

                                                             Əsas hissə 

       “Çiçəklənən arzular” N. Xəzrinin ilk kitabıdır (1950). “Söz” (1944) şairin ilk şeirlərindəndir. Sənətkar 1940-cı illərdə ədəbiyyata gəlib. Bir daha: Səməd Vurğunun şeir ənənələrini davam etdirib. 

       Nəzəri-tarixi poetikasına aid:

    1920-1930-cu illərdən 1940-50-ci illərə, yeni mərhələyə keçidi Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, Mirvarid Dilbazi, Əhməd Cəmil, Osman Sarıvəlli, Nigar Rəfibəyli, Zeynal Xəlil hazırlayıb.

      1940-1950-ci illər mərhələsində Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, İslam Səfərli, Balaş Azəroğlu, Söhrab Tahir, Hüseyn Arif, Əli Kərim, Qasım Qasımzadə, Qabil, Əliağa Kürçaylı, Əli Tudə, Hökumə Billuri, Mədinə Gülgün görünüb.

       60-cılar poeziyasını müxtəlif nəsillər təmsil edib: Rəsul Rza, Məmməd Rahim, Mirvarid Dilbazi, Əhməd Cəmil, Osman Sarıvəlli, Nigar Rəfibəyli, Zeynal Xəlilin təmsil olunduğu birinci nəsil, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, İslam Səfərli, Balaş Azəroğlu, Söhrab Tahir, Hüseyn Arif, Əli Kərim, Qasım Qasımzadə, Qabil, Əliağa Kürçaylı, Əli Tudə, Hökumə Billuri, Mədinə Gülgünün təmsil olunduğu ikinci nəsil. 

       Və bilavasitə 60-cılar: Fikrət Qoca, Xəlil Rza, Məmməd Araz, Nəriman Həsənzadə, Cabir Novruz, Tofiq Bayram, Fikrət Sadıq, Hüseyn Kürdoğlu, Vaqif Səmədoğlu, Məstan Əliyev, Famil Mehdi, İlyas Tapdıq, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Eyvaz Borçalı və s.

      70-ci illərin poetik nəsli: Musa Yaqub, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Vaqif Nəsib, Davud Nəsib və başqaları...Və 40-70-ci illərin poetik nəsilləri.

      1980,19 90 və 2000-ci illərin ədəbi  nəsilləri də eləcə: 40-80-ci illər. 40-90 illər.40-2000-ci illər...

      Görkəmli elm xadimi, müxbir üzv, professor Yaşar Qarayevin yazdığı kimi 1920-1930-cu illərin poeziyasında ənənəvi vulqar-ritorik məhsul bolluğu olub, ifrat məddahlıq, sinfi, partiyalı şeir siyasətbaz və işbaz ədəbi orqanlarda yüksək tribunadan səslənib (1; s.54-102).

      1940-cı illərdən poetik axtarışlar mərhələsi başlanıb. Bədii səfərbərlik, çağırış publisistikası, müraciət və mübaliğəli ritorika, ümumi mücərrəd düşüncədən  konkret hadisə, insan və əhvali-ruhiyyəsinə eniş təzahür edib. Səməd Vurğun poetik canlanmanı müharibə illərinin şeirlərinə (2) aid edirdi. 

       Poetik axtarışlar lirik “Mən”lə Zaman arasında olub. Vətən, Torpaq, Tarix və Yaddaş məcrasında başlanıb.1960-cı illərdə həqiqət axtarıcılığı güclənib. Belə vüsətli poetik axtarış Rəsul Rzanın adı ilə bağlıdır. Axtarışlar mənəvi bütövlük, gen və qan yaddaşı, ömür –tarix, kök –zirvə, mənşə və bu günün hüdudları daxilində, əxlaq və mədəniyyətdə təzahür edib (3). Bütün bunlar Nəbi Xəzrinin poetik “Mən”inə müəyyənlik gətirib, onun fərdi poetik üslubunu formalaşdırıb. Necə? Biz sənətkarın poeziyasının ayrıntılarını poetik nəsillərin bədii axtarışları və tapıntıları içindən, ədəbi proses  ümmanından necə ayıra bilərik? Beləliklə, Nəbi Xəzrinin fərdi üslubunun hansı səciyyəvi xüsusiyyətləri diqqət çəkəndir? 

      Lirik növdə: Nəbi Xəzri 1940-cı illərdə poeziyaya gəlib (“Söz”/1944/, ”Kuzə”/1944/,”Yaylıq”/1945/,”Nədənsə insana belə gəlir ki”/1947/,”Xatirələr”/1947/ və s. şeirləri). 

      1950-ci illərdə: “Çiçəklənən arzular” (/1950/,”Sülh əsgəri”/1951/,”Bakının səhəri”/1954/,”Salxım söyüdlər”/1957/, “Vətən və qürbət” /1957/,”Qızımın nəğmələri” /1957/);

      1960-cı illərdə: ”Kim məni xatırlasa” (1960), ”Şeirlər və poemalar” (1962), ”Sumqayıt səhifələri” (1963), ”Dəniz, göy, məhəbbət” (1965), ”Xatirələr cığırıyla” (1966), ”Arzu” (1969), ”İllər və sahillər” (1969);

       1970-ci illərdə: “Dərələr” (1970), ”Seçilmiş əsərləri” (1970), “Seçilmiş əsərləri” (/ikicilddə/, 1973-1974), ”Son illərin sətirləri” (1975), ”Ulduz karvanı” (1979), ”Ümmandan damlalar” (1979);

       1980-ci illərdə: ”İnam”(1982), ”Heykəlsiz abidə” (1982), ”Seçilmiş əsərləri” (/iki cilddə/,1983),”Seçilmiş əsərləri” (/dörd cilddə/,1983-1984), ”Nəsillər– əsrlər” (1985), ”Ağ şimşəklər”(1986), ”Şeir mənim üçün bir kainatdır” (1988), ”Torpaq sənə and içirəm” (1989);

       1990-cı illərdə: ”Qəm dəftəri” (1991), “Salatın” (1991), “Peyğəmbər” (1992), “Səndən eldə bir nişanə qalar söz” (1994), “Ömür kitabından yarpaqlar” (1995), ”Səma uca, torpaq dərin” (1995), “Əsrin qanlı laləsi” (1996);

       2000-ci illərdə: ”Seçilmiş əsərləri”(/iki cilddə/,2004) adlı  kitabları nəşr olunub (4; s.695-696).

       Nəbi Xəzri poeziyası ənənəvidir. Yəni onun əlvan, çeşidli poeziyasının mənbə və qaynaqlarının şəhdi zəngin xalq dilindən qidalanıb. Onun bədii mətnlərindəki heca vəzni, ahəng və intonasiyası xalq şeirindən, xalq yaradıcılığından, folklorundan qüvvət alıb. O, yeni bədii problemlərə, mövzu və motivlərə yeni ritmlə, sürət və enerji ilə, yeni temp və tembrlə  cavab verib.

      Nəbi Xəzri milli folklorumuzdan, klassik irsimizdən bəhrələnib. Bəşəri poeziyadan faydalanması da istisna deyil. Çünki bəşəri sənətkarlardan da poetik tərcümələri olub, bu da təbii ki təsirsiz ötüşməyib (B.Termadan, A.Prokofyevən, V.Lukadan, Ş.Əlimcandan, A.Koşokovdan, S.Mişeldən, B.Astemirovdan, B.Oleynikdən).

      Milli poetik dilimizin sünilikdən, ritorikadan təmizlənməsində (40-50-ci illərdən başlayaraq), saf ana dilimizin ab-havasının poeziyamıza əsməsində, xəzri və gilavarın yayılmasında Nəbi Xəzrinin də özəl xidmətləri vardır. Nəbi Xəzri daha çox Səməd Vurğun ovqatını yeni mehvərdə, yeni iqlimdə, yeni mehdə şeirinə və şeirimizə gətirib.

       Nəbi Xəzri poeziyası “ritorik qəhrəman”dan, süni epiklikdən, təsvirçilikdən xilas olub. Məhz bu bədii nəsnələrdən uzaqlığı çağdaşlarına da diqtə edib,  bəhrəli bədii vasitələri şeirimizə gətirənlərdən, öyrədənlərdən olub.

        Nəbi Xəzrinin lirik “Mən”i –Vətən, Torpaq, Tarix və Zaman boyunca,– yəni tarixilik və çağdaşlıq boyunca olub, Şərq, Avropa və Qərbə doğru yönəlib. N. Xəzrinin lirik “Mən”i dünya xalqlarını: millilik və bəşəriliyi əhatə edib. Onun səsi və poetik sözü Asiya, Avropa və ABŞ qitələrindən gəlib. Fəqət Nəbi Xəzri bütün vücuduyla ana torpaga, Azərbaycana bağlı sənətkardır:

Torpağım nə doğma, nə mehribandır,

O, ilk həqiqətim, haqqımdır mənim.

Bir ulu arxam var, Azərbaycandır.

O haqqım, o baxtım xalqımdır mənim...

        Mövzu, ideya, məzmun və obrazlara görə: Nəbi Xəzrinin fərdi üslubunun münasibətli və müdaxiləli bədii obyekti Azərbaycandır: onun təbiəti, xalqın taleyi, Cənub, torpaq, vətən, əmək, zəhmət, folklor, muğam, tarix, müharibə (yaddaş), 20 yanvar, Qarabağ, azadlıq, istiqlal, ekologiya, məhəbbət, dil, din və irfana aid mövzu və motivləridir (“Çiçək”,“Külək”,“Maral”,“Vətən”, “Kürüm”,“Araz sahilində...”,“Dəniz, göy, məhəbbət”,“Qaya üstə tək palıd”,“Qoşa çinar əkdiim”,“Nə kiçik görünür dağlar uzaqdan”, “Dərələr”,“Şeir mənim üçün bir kainatdır”, “Reyhan ətirli dünya”,”Dəniz”, “Durnalar qayıdanda”,“Bulaq başında”,“İllər və sahillər”,“20 Yanvar”,”Çəkin Qarabağdan qara əlləri”,“Kəlbəcər harayı”,“Ağdərə”,”Şəhriyar üçün”, ”Şuşa”,”Çadırlar”,”Xocalıda ərik ağacı”,“Şuşa gəlir yuxularıma”, ”Bayraq”, “Torpaq”, “Ana dilim”,”İstiqlal marşı”,“Ulu Tanrım, şükür sənə”,“Tarixdən gələn səs”, “Əbədiyyətdən gələn səslər”, “Kərbəla”, “Peyğəmbərin dedikləri”, “Sənin üçün”, “Sən doğulan gün”,”Mavidir”,”Üfiqlər”,“Eşq və səadət”,“Mənim ürəyim”,“Etiraf”,”Səba yeli”...).

       Nəbi Xəzrinin əsas obrazları, əsasən, təbiət predmetləri olub: çinar, dağ, dərə, dəniz, göl, çay, durna və s. realiləri. Habelə, peyzajlar, etüdlər... Lirik “Mən”, lirik qəhrəman, müxtəlif səciyyəli insan surətləri...Təsadüfi deyil ki, məhz bədii tərənnüm pafosu, təbiət etüdlərinin bolluğu, əlvanlığı və melodiklik şairin sözlərinə daha çox mahnı mətnlərinin yazılmasına səbəb olub.

       Lirika, lirik tərənnüm, lirik pafos, lirik təsvir və təhkiyəyə görə: Nəbi Xəzri poeziyasının lirik “Mən”i daha işıqlıdır. Bu “Mən”dən – tərənnüm və pafosdan Azərbaycanın, – akademik Budaq Budaqov demişkən,– bütöv coğrafiyası (5; s.3-6)

keçir: Mili, Muğanı, Qarabağı, fəsilləri, oykonimləri, oronimləri, hidronimləri, etnonimləri, bir sözlə, bu poeziyada ölkənin hər cür varlığı, reallığı, realiləri görünür...

Zəhmətlə yoğrulmuş onun mayası,

Min əsrin eşqidir sözü, mənası.

Ağ-ağ tayalardır dağı, qayası, 

Sonsuz zəmiləri dərin ümmandır!

Bura Muğandır!

                  (“Bura Muğandır”)

      Şairin lirikası üçün daha artıq birinci şəxsin təkinə, yəni “mən”ə aid olan təhkiyə – subyektiv “Mən” xasdır. Yəni lirik “Mən”in I şəxsinin təkinə aid olan mətn təhkiyəsi:

Əgər ki yıxılsam, çinar göstərin,

Mən ona söykənib arana baxım.

Gözlərim görməsə, Göygölü verin,

Mən onun gözüylə cahana baxım. 

                                             (“Dərələr”)

       N.Xəzrinin məqsəd-intonasiyaya görə bədii sintaksisi, əsasən, nəqletmə təhkiyəsinə aiddir. Bununla belə, emfatik (əmr, nida, xitab sintaqmları) və məntiqi  (vurgular) intonasiyanın çalarları da çeşidlidir...

      Bu təhkiyənin ortaq baçlanğıcı obyektiv və subyektiv amillər, mənəvi məfhumlar və maddi predmetlərdir (Şeirlərin adlarına baxmaq kifayətdir).

      N.Xəzri poeziyasında üçüncü şəxsə aid olan təhkiyə də fəaldır. Yəni “o”(onlar)– üçüncü şəxsin təkinə aid olan mətn təhkiyəsi:

Yox, dil əsrlərin

                         tale səsidir.

Azərbaycan dili–

                    Büllur bir bulaq...

Dil xalqın adıdır,

                      xalqın özüdür, 

Dilin ixtiyarı

                   xalqdadır ancaq.

                                  (“Ana dilim”)

Habelə:

Hər yanda bir məclis qurulub gedir,

Buz kimi bulaqlar durulub gedir,

Dağların döşüylə burulub gedir,

Gör necə qovuşub yollara yollar.

Siz nə gözəlsiniz, yollar, a yollar.

                                   (“Şuşanın yolları”)

        N.Xəzrinin mətn, lirik “Mən” təhkiyəsinin bütün şəxslərə ünvanlanan ifadə məziyyətləri, ideya-məzmun və forma xüsusiyyəti də seçiləndir. Məs., ”Mən”–“O” aurasında:

Bu gün heç bilmirəm

Nə üçün, nədən

Səma da mavidir, 

Torpaq da mavi.

Görürəm dünyanı başqa rəngdə mən,

Ağac da mavidir,

Yarpaq da mavi...

                  (“Mavidir”)

        Nəbi Xəzrinin poeziyasında I və III şəxslərin təkinə aid olan daha hissi-emosional ifadə üsulu vardır. Onun bədii təhkiyəsi lirik-psixoloji təhkiyədir, lirik-epik çalarları çox olan təhkiyədir. Epik-romantik dayaqdan təpər tapıb daha vüsətli olan lirik ehtizazlı təhkiyədir. 

       Poemaları da belədir. “Kiçik təpə”,”Mənim babam baxan dağlar”,”Dağlar dağımdır mənim”,”Sumqayıt səhifələri”,“İki xəzər”,“Günəşin bacısı”,“İnam”, “Kitablar və əzablar”,“Əbədiyyət”(“Ana”,“Bacı”,“Ömür yoldaşı”),”Əfsanəvi yuxular”,”Vicdan”,“Şəhidlər və şahidlər”,“Salatın”...).

        Nəbi Xəzri poeziyasının ifadə üsulu üçün hissi idrakın duyğu, qavrayış, təsəvvür və  təxəyyül bolluğu səciyyəvidir. N.Xəzri həm də ovqat şairidir. Onun səmimi, munis poeziyasına təfəkkür və idrakın hissi pilləsi aiddir.

       Bəs Nəbi Xəzri poeziyasının ifadə üsulu üçün məntiqi idrakın əlamətləri xarakterikdirmi? Fikrimizcə, sənətkarın lirik poeziyasında məntiqi idrakın anlayış, mühakimə, əqli nəticə, başqa sozlə, mühakiməli-analitik məntiqin bədii qanunauyğunluqları, dialektik-tarixi qanunların, kateqoriyaların poetik təzahürü üzdə və içdə deyil, yəni şairin fərdi poetik üslubunun belə bir mövqe təzahürü yox kimidir. Yox, məsuliyyətlə deyirik ki, Nəbi Xəzri bədii-fəlsəfi fikir və düşüncə şairi deyil, lirik-psixoloji, mənəvi-əxlaqi, estetika və gözəllik şairidir. Nəbi Xəzri lirika, tərənnüm, pafos və emosiya şairidir. Nəbi Xəzrinin şeirləri epik mənbəyi, qaynağı, dayaqları olan hissi şeirlərdir.

      Şairin poetik formaları: Nəbi Xəzri lirik, epik, dramatik növ və janrlarda yazıb-yaradıb.

      Epik növ: Nəbi Xəzri 1950-ci illərdən başlayaraq epik növdə, nəsr və publisistikada özünü sınayıb. Hekayələr yazıb (“Tütək dindi”,”Qız qalası, dalğa qızı”, “Qanadlı qonaq”, “Büllur haşiyəli eynək”,”Bəhrəsiz iydə””Muğamat”;“O uzaq gecə”, “Sərhədin o tayında” silsilələri...)

        Povestləri olub (”Missispi axan yerdə”,”Dünyanın şimal qütbündə”, “Heykəlsiz abidə”, “Miras”, “Səssiz fəryadlar” və s.).

     Romanları:

     Dramatik növ: Nəbi Xəzrinin pyesləri  ailə-məişət, sosial-psixoloji, tarixi və ideoloji plandadır.”Peyğəmbər” tarixi dramını yazıb.“Heykəlsiz abidə” povesti əsasında “Mirzə Şəfi Vazeh” səhnə əsərini yazıb. ”Qütb ulduzu” nda müharibə vaxtı  vətəndən ayrı düşmüş mühacirlərin tragik həyatı verilib... Şair Orhon-Yenisey abidələri,“Kitabi-Dədə Qorqud”un motivləri əsasında “Torpağa sancılan qılınc”,”Burlaxatun” pyeslərini qələmə alıb, kökümüzü: türkçülüyümüzü, dinçiliyimizi təbliğ edib, bizi-bizə göstərib... 

       Yeri gəlmişkən: Dünya sivilizasiyasında elit şəxsiyyət Heydər Əliyev Nəbi Xəzri poeziyasına yüksək qiymət verib, pyeslərinin səhnə həlli üçün maddi kömək göstərib.”Azərbaycan” şeirini, mahnısını daha uca tutub. Ümummilli lider deyib: ”Vaxtilə Müslüm Maqomayev bu mahnının mənə ithaf olunduğunu demişdi... Mən bu mahnını sevirəm. O, məni çox həyəcanlandırır. Çünki  mahnıda deyilir ki, Azərbaycan həyatımın mənasıdır. Azərbaycan, həqiqətən, mənim həyatımın mənasıdır. Ona görə də bu mahnını qəbul edirəm” (6; s.311).

Nəbi Xəzri 18 oktyabr 1997-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası günündə Heydər Əliyevə xitab edib, “Azərbaycan” mahnısına yüksək    qiymət verdiyinə görə dövlət rəhbərinə dərin təşəkkür və minnətdarlığını çatdırıb (7). Şair  3 aprel 1998-ci il tarixli müraciətində (8),“Burla Xatun” milli dramaturgiyanın səhnəsində” (9) adlı yazısında Ümummilli liderə bir daha təşəkkür və minnətdarlığını bildirib.

     Nəbi Xəzrinin şeir vəzni: hecadır. Əruzu, sərbəsti, habelə, anaklaza (mətnin müxtəlif, qarışıq hecada olması), hipostasa (mətnin qarışıq vəzndə olması, yəni bir parçanın hecada, digər parçanın sərbəst və ya əruzda olması) formalı şeiləri yoxdur. Məqsəddən asılı olaraq misra və bəndləri sındırmaqla süni sərbəstlik formaları yaratmaq halları isə istisna deyil. Bu isə sərbəst şeir deyil, fərdi, şəxsi ölçülü sərbəstlikdir.

     Heca vəzni və yanrları: Nəbi Xəzri şeirinin 4 hecadan 16 hecaya qədər bədii mətnləri vardır.

     Bənd və qafiyələri: 2-lik, 3-lük, 4-lük, 5-lik, 6-lıq, 7-lik, 8-lik, 10-luq, 12-lik bəndləri (misraları) mövcuddur. Qafiyələri əksərən çarpazdır, yarımçarpazları, dövrəvi, qurşaqlı olanları da var. N.Xəzridə qafiyənin müxtəlif yeri və çeşidliyi maraq kəsb etməyib. Hamısı xəlqi, ənənəvi, mövcud bədii təcrübəmizdən gələndir. Şair qafiyələrində yaradıcı, törədici  təşəbbüsdə olmayıb, sabit mövqedə qalıb.

      N.Xəzri poeziyasının janrları da əsasən ənənəvidir: əfsanə, rəvayət, qoşma, gəraylı, mürəbbe, müxəmməs, müsəddəs, müsəmməm və s.-dir. Bunlar klassik ruhda deyil, təbii ki, çağdaşdır, zahiri forma effektindədir.

       Təsvir və ifadə vasitələri: Nəbi Xəzri şeirində ənənəvilik güclü olsa da, şair  təsvir və ifadə vasitələrinin yeniliyinə meyilli olub, sünilikdən, ritorikadan qaçıb, poetik  genişliyə çalışıb. Lakin N.Xəzri poeziyasında poetizmlik  baxımından münkəsirlik, mürəkkəblik  yox kimidir, sadə təsvir və ifadə vasitələridir.

         Nəbi Xəzri poeziyası ədəbi tənqid və ədəbiyyatşünaslıq tərəfindən dəyərləndirilib (M.Arif, M. Hüseyn, M.İbrahimov, B. Nəbiyev və başqaları elmi-tənqidi məqalələr yazıb). Haqqında Qənirə Bəyzadə “Dədə Qorqud dünyası, müdriklik dünyası”, Aqil Cəfərov “Nəbi Xəzrinin poetik dili”, Fəridə Səfiyeva “Nəbi Xəzrinin sənətkarlığı”, Rüstəm Əzizov “Poemanın genişlənən üfiqləri”, Əflatun Baxşəliyev “Nəbi Xəzrinin yaradıcılıq yolu” kitablarını çap etdirib. Ədəbiyyat İnstitutunun Əlaqələndirmə şurası şairin 100 illiyinə dissertasiya yazılışı üçün yeni mövzu da təsdiq edib...

                                                           

 

Nəticə

     Xalq şairi Nəbi Xəzrinin XX əsr sovet dövrü poeziyasının formalaşmasında özəl xidmətləri vardır. Onun işıqlı, əlvan poeziyası əsrin vahid lirik bədii üslubunun öyrənilməsində elmi-nəzəri, ədəbi-estetik fikrimizə zəngin material verir. İnanırıq ki, belə bir tədqiqat mövzusu problemin monoqrafiya və ya dissertasiya səviyyəsində öyrənilməsini aktuallaşdıracaq, işin elmi yeniliyini, mühüm elmi müddəalarını müəyyənləşdirəcəkdir.  

       

                                                                Ədəbiyyat

Yaşar Qarayev. Poeziyanın illəri və yolları./ Seçilmiş əsərləri. 5 cilddə. II cild. Bakı, “Elm”, 2015, 632 s.        

S.Vurğun.Vətən müharibəsi və ədəbiyyatımız (Azərbaycan sovet yazıçılarının ədəbi yaradıcılıq konfransındakı  məruzəsi). ”Ədəbiyyat və incəsənət”.18 iyun 1943-cü il

Yenə orada

Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə). Ensiklopedik məlumat kitabı. ”Nurlar”, Bakı,  2011, 1056 s.

Budaq Budaqov. Ön söz. /Nəbi Xəzri. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı, “Lider”, 2004, 248 s.      

Əlizadə Əsgərli. Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət. Bakı,   

 “Elm və təhsil”, 2023, 456 s.

       7. Nəbi Xəzri Azərbaycan Respubikasının prezidenti zati-aliləri Heydər Əliyevə. 

           “Azərbaycan” qəzeti. 21 oktyabr 1997

        8. “Azərbaycan” qəzeti, 3 aprel 1998

         9. “Azərbaycan” qəzeti, 12 dekabr 1999        

 

SİZƏ MARAQLI OLA BİLƏR