Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Nəsiman Yaqublu: Cümhuriyyət adamı - Bədirxan Əhmədli

01-10-2024 [ 10:21 ] [ oxunub:355 ]
printerA+ | A-

Mənim tanıdığım Nəsiman Yaqublu seçilməyi, qiymətləndirilməyi çox istəyirdi; sözün hər mənasında, buna haqqı da var idi, hüququ da çoxlarından çox çatırdı. Onu tanıdığım zamandan hər seçkidə seçilmək istəyirdi; bu dəfə seçildi də... ancaq seçicilərdən əvvəl onu hər dəfəsində yenidən seçən seçicilərlə görüşdən qayıtdığında Sevdiyi tərəfindən seçildi. Bəlkə bu dəfə də seçiciləri onu seçəcəkdi, ancaq buna imkan olmadı, taleyi onu bu şansdan məhrum etdi. İndi budur, elmi mühiti dərindən kədərə boğduğu, sarsıtdığı ölümündən qırx gün keçir. İndi "keşkə"lər, "ah-vay"lar, "təəssüf"lər geridə qalıb, onsuz da heç nəyi yerinə gətirmək mümkün olmur. Təsəllimiz yalnız yazdıqlarıdır; hər şey keçir, yazılanlar qalır. Mən də gözlərim qarşısında böyüyən, inkişaf edən dostumun bir çox hallarda mənimlə bölüşdüyü, çox zaman öz dediyində qaldığı, sonda elmimizi faktoloji və məzmun cəhətdən zənginləşdirən yazdıqları üzərində dayanmaq istəyirəm...

Nəsiman Yaqublu ixtisasca jurnalist idi, araşdırmaları tarix, ictimai, sosioloji, siyasi prosesləri qapsayırdı. Lakin belə deyərdim; o, bütün sferalarda (ədəbiyyat, siyasət, tarix, jurnalistika, ictimai və s.) bir arxeoloq idi, arxeoloq kimi hərəkət edirdi; hər sahədə tapıntılar dalınca gedir, indiyədək məlum olmayan alt qatlara enir, bəzən qadağan olunmuş zonalarda belə "üzməyi" yaxşı bacarırdı. Onun imzasını məhz ikimizin də bir kitabda yer alan məqaləsindən tanımışdım. O zaman jurnalist Osman Mirzəyev repressiya haqqında yazılan məqalələri toplayaraq "Ağ ləkələr" silinir" adlı bir kitab tərtib etmişdi. Bu kitabda müxtəlif vaxtlarda qəzetlərdə çap olunmuş N.Yaqublunun Salman Mümtazla "Ötən illərin ağrısı", mənim isə Ə.Abidlə bağlı "Aydınlığa doğru..." məqaləmiz yer almışdı. Repressiyadan yazmaq, onun mahiyyətini anlatmaq, sirləri üzə çıxarmaq o zaman ziyalılığın, tədqiqatçılığın müqəddəs görəvlərindən idi. Sonradan yollarımız gah paralel, gah şaquli, gah da ayrı-ayrı davam etdi, ancaq hər zaman yazdıqlarımızı bölüşür, fikir mübadiləsi aparırdıq. Bütün sahələrdə N.Yaqublu mənəviyyatımızın, tariximizin, ədəbiyyatımızın, ictimai-siyasi mühitimizin alt qatında yatan süxurları müxtəlif tərəfləri ilə üzə çıxaran bir arxeoloq kimi hərəkət etdi və bundan sonra bütün şüurlu həyatını həm bu proseslərdə iştirak etməyə, həm də yazıb yaratmağa davam etdi.  "Ağrılı ömürlər" (1991) kitabı da elmi cameəyə az məlum olan repressiya olunmuşların həyat yolunu və repressiya anatomiyasını üzə çıxarmağa, onun alt qatlarını təsvir etməyə yönəlmişdi. Bu zaman çox az adam bu mövzunu özünə tədqiqat obyekti seçirdi. Bunu təsəvvür etmək belə çətindi. Yalnız gələcəyi görənlər, istiqlal ideyasını yaşadanlar bunu edə bilərdi.

Nəsiman Yaqublu çox tələsirdi, indiyədək açılmamış tarixlərin üstünü açmaq, yeni faktoloji materialların üzə çıxmasını istəyirdi. Tarixçi alim professor Nəsib Nəsibzadədən sonra Azərbaycan Cümhuriyyəti haqqında ilk fundamental araşdırma aparanlardan biri idi. Onun ilk araşdırmaları tarixi kontekstdən daha çox, elmi-kütləvi konteksti əhatə edirdi və böyük oxucu auditoriyasına hesablanmışdı. Azərbaycanın birinci müstəqiliyinin  memarlarından biri haqqında - "Məhəmməd Əmin Rəsulzadə" (1991) kitabı çap olundu. Kitabda müəllif, sanki milli ictimai-siyasi fikirdə arxeoloji qazıntı nəticəsində bir çox yeni faktlar üzə çıxarmış, tanış olmadığımız məqamlara aydınlıq gətirmişdi. Bu, milli ictimai fikrinin qurucu lider yaradıcılığına ilk münasibətin ifadəsi idi. Keçilməmiş yol ilə getmək hər zaman çətin olur; bu yolda yalnız gələcəyi görənlər doğru hərəkət edə bilirlər. Sovet düşüncəsindən qurtularaq milli ictimai-siyasi xətti bu qədər tezliklə götürmək hər bir yaradıcı adama qismət olmur. Onun bundan sonrakı yaradıcılığında üç istiqamət başlıca yer tutur: Cümhuriyyət və onun qurucuları, mühacirət tarixi və mühacirlərin həyatı; jurnalistika və onun tədrisi məsələləri. Bu istiqamətlərin hər biri çağdaş ictimai-siyasi həyatımızın fundamental təzahürləridir və tədqiqatçıdan elmi erudisiya, araşdırma, təhlil, gərgin zəhmət tələb edir. Məhz bu erudisiya ilə N.Yaqublu "Müsavat partiyasının tarixi" (1997), "Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" (2001), "Azərbaycan legionerləri" (2002), "Azərbaycan-Polşa əlaqələrində M.Ə.Rəsulzadənin rolu" (2007), "Bakının qurtuluşu" (2008), "Əbdürrəhman bəy Düdənginski" (2008), "Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi" (2009), "Bakının qurtuluşu" (2010) və s. monoqrafiyaları elmi yeniliyi, faktoloji zənginliyi ilə yadda qalır. Olsun ki, gələcək tədqiqatçılar burada bəzi faktların doğru olmadığına da rast gəlsinlər. Bu da təbiidir, bütün dövrlərdə belə olmuşdur, çünki ilkin axtarışlar sonrakı araşdırmalar üçün zəngin material verir, hadisələr aydınlaşır, yeni faktlar və yanaşmalar ortaya çıxır. Ancaq ilkin araşdırmalar elmi qiymətini, əhəmiyyətini və funksionallığını həmişə qoruyub saxlayır.

Nəsiman Yaqublunun ikinci fundamental elmi fəaliyyət sahəsi Azərbaycan mühacirət irsidir. Nə qədər ki, mühacirət irsi tam olaraq araşdırılmayıb, milli tariximizin bütün problemlərini bütöv şəkildə təhlil etmək çətin olacaq. Milli tarixin bu mərhələsi yalnız qarşılıqlı təhlil nəticəsində özünün elmi qiymətini ala bilər. Onun mühacirət tarixi ilə bağlı araşdırmaları da buna xidmət edir. "Azərbaycan mühacirət irsi" (2011), "Azərbaycan mühacirət mətbuatı" (2014), "Azərbaycan legionerləri" (2005), eləcə də M.Ə.Rəsulzadənin mühacirətdəki fəaliyyəti ilə bağlı çoxlu sayda araşdırmaları tariximizin bu boşluğunu doldurmaq yolunda atılan ilk addımlardır.  Bu sahədə aparılan araşdırmalarda ən çox istinad olunan mənbələrdən biri kimi onun tədqiqatlarını görmək mümkündür.

Nəsiman Yaqublu paralel olaraq jurnalistika ilə məşğul olub, təkcə məşğul olmayıb, uzun müddət onun bir çox problemlərini universitet auditoriyalarında tələbələrə tədris edib. Jurnalistika nəzəri və praktik cəhətdən vəhdətdə olanda onun tədrisi daha effektiv olur. Onun universiteti bitirdikdən sonra nəşriyyatda işləməsi və kitablar nəşr etdirməsi mətbuatın problemlərini dərindən öyrənməsinə imkanlar açdı. Xocalı qırğını zamanı tez bir vaxtda bu faciə ilə bağlı materialları toplayaraq "Xocalı qırğını" (1992) kitabını 30 min nüsxə nəşr etdirdi. Bu kitabın hazırlanması prosesində jurnalistikanın bütün janr və formalarından istifadə etmişdi. Az bir zamanda kitab yazıldı və bu gün də ən çox istifadə olunan mənbələrdəndir. Yeni və gənc jurnalist nəslini köhnə təfəkkürlü, sovet düşüncəli proqram və dərs vəsaitləri ilə tədris etmək onu heç cür qane etmirdi. Qarşılıqlı söhbətlərimizdə bu barədə çox gileylənmişdi və buna görə də qolunu çirməyib ilk iş görənlərdən oldu. Onun "Xarici ölkələrin jurnalistikası" (2007), "Kaspi" qəzetinin yaranması və fəaliyyəti" (2011), "Azərbaycan mühacirət mətbuatı" (dərs vəsaiti) (2014), "Azərbaycan mətbuatı, gizli nəşrlər" (2023) və s. dərs vəsaitləri bu məqsədlə yazılıb tələbə və müəllimlərin ixtiyarına verildi. Mühazirələrində, söhbətlərində, bir çox hallarda məqalələrində çox emosional idi; cavabı çətin olan suallar ünvanlayır və ona cavab axtarmağa çalışırdı. Bəzən bu məqalələrində tələskənlik, subyektivizm halları da olurdu; ancaq düşünürdü ki, bu sözü, bu fikri, bu problemi məhz indi qaldırmaq lazımdır, bu gün olmazsa, sabah gec ola bilər. Azərbaycan Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan ordusu" qəzetində o, redaktor, mən isə redaktor müavini kimi kifayət qədər problemlər qaldırır, ordunun keçmişi və bu günü haqqında problematik məqalələr yazılırdı. Hər ikimiz peşəkar hərbi jurnalist olmasaq da, o dövr üçün qəzeti maraqlı və oxunaqlı etməyə çalışırdıq...

Professor Nəsiman Yaqublunun tədqiqatlarının baş mövzusu Məhəmməd Əmin Rəsulzadə idi, hətta deyim ki, bu mövzuda opponentlərinə qarşı qısqanc idi;  bu cür qısqanclıq təkcə onda yox, bizim elmi mühitdə yayğındı. Bu yanaşma olsun ki, problemə ilk müraciət etmələrindən, bir də özünü bu sahədə əvəzedilməz görməsindən doğurdu. Bu barədə özü ilə də söhbətlərim olmuşdu. M.Ə.Rəsulzadə qısqanclığı da buradan irəli gəlirdi. Onun elmi fəaliyyəti M.Ə.Rəsulzadə ilə başlayıb, onunla da bitdi; 1991-ci ildə başlayan bu yol 2024-cü ildə tamamlandı. Bu müddətdə onlarla monoqrafiya, yüzlərlə məqalələr yazdı, çıxışlar etdi. "Məhəmməd Əmin Rəsulzadə" (1991), "Azərbaycan Milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" (2001), "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" (2013), "Məhəmməd Əmin Rəsulzadə" (2014), "Məhəmməd Əmin Rəsulzadə. Biblioqrafiya" (2015), "Nizami Gəncəvi. Unudulmuş nəşrlər" (2022), "Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında" (2024) və s. monoqrafiyaları, tərtibləri bu böyük öndərin həyatının, fəaliyyətinin gələcək nəsillərə daşınmasında etibarlı mənbələrdəndir. Onun hələ ki son kitabı - "Məhəmməd Əmin Rəsulzadənin həyatı və fəaliyyəti" monoqrafiyası bu il çap olunub, necə deyərlər, hələ çox istidir, təqdimatı belə olmayıb. Ancaq yəqin ki, bu, son deyil, hələ onun bilgisayarında nə qədər işıq üzü görməyə tələsən tamamlanmamış əsərləri var...

Nəsiman Yaqublunun bəlkə də fəaliyyətində birinci sırada dayanmalı olan onun vətəndaşlığıdır. Bu xüsusiyyət onu ictimai-siyasi proseslərə gətirdi. Məhz bu proseslər də onu elmə, yaradıcılığa qısqandı, hələ çox elmi əsərlər yazmaq imkanından məhrum etdi. Haqqında çox tədqiqatlar apardığı Cümhuriyyət qurucularının xarakteri, həyatı, düşüncəsi onun xarakterini də bəlirlədi, onların varislik hüququna sonadək sadiq qaldı, ölümü ilə davam və təsdiq etdi. Təsəllimiz yalnız cümhuriyyət ideyaları yaşadıqca, onun da yazdıqlarının sabaha doğru yol getməsində, elm cameəsinin, dostlarının, tələbələrinin əziz xatirəsində  yaşamasındadır...

SİZƏ MARAQLI OLA BİLƏR