Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Antiterror tədbirləri-dünya hərb tarixinin mükəmməl örnəyi

19-09-2024 [ 14:42 ] [ oxunub:368 ]
printerA+ | A-
104812

      Bir il öncə sentyabrın 19-da Müdafiə Nazirliyi kədərli bir xəbər paylaşdı- Qarabağda erməni təxribatı nəticəsində 9 hərbçimiz şəhid olmuşdu.  Bu xəbər hamını sarsıtmaqla yanaşı, Qarabağda o zaman mövcud olan qanunsuz erməni hərbi və siyasi qruplaşmalarına həlledici əməliyyatın keçirilməsini labüd edirdi. Bu hadisədən öncə də ermənilər Qarabağda, Azərbaycanla Ermənistanın şərti sərhəddində müxtəlif təxribatlara əl atmışdılar. Hər dəfə müzəffər ordumuz ermənilərə qarşı qisas əməliyyatları keçirmiş və düşmən layiqli cəzasını almışdı. Lakin görünən o idi ki, tarixən aldıqları cəzalardan dərs götürməyən ermənilər öz mənfur, xəyanətkar əməllərindən əl çəkmək fikrində deyillər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cənab İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan Bayrağı altında, qanunlarımızın himayəsi ilə yaşamağı qəbul etməyə çağırmışdı. Əks təqdirdə isə “Dəmir yumruq yerindədir və əvvəlkindən də güclüdür” deyərək xəbərdar etmişdi. Təəssüf ki, ermənilər əməllərindən əl çəkmədilər. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər.

     Müdafiə Nazirliyi sanki “qisas nəinki məhşərə heç sabaha da qalmasın” deyərək bir-neçə saat sonra Qarabağda qanunsuz erməni qruplaşmalarına qarşı antiterror tədbirlərinin başlandığını elan etdi. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Düşmən ağ bayraq qaldıraraq tam təslim oldu və intiqamı qədər əfvi də böyük olan xalqımızdan aman dilədi. Antiterror tədbirlərində ordumuzun ələ keçirdiyi hərbi qənimətlərinin statistikası düşmənin arsenalında çoxlu sayda  silah-sürsatın olduğunu göstərirdi. Ələ keçirilən silahların bəziləri Bakıdakı Hərbi Qənimətlər Parkının yeni eksponatlarına çevrildi. Antiterror tədbirləri nəticəsində  Qarabağdakı xunta rejimi, bu rejimə rəhbərlik edən və imkan düşən kimi xalqımıza qarşı hədə-qorxular səsləndirən, müharibə olacağı təqdirdə Bakıya qədər gələcəklərini deyən  sözdə “prezidentlər”, “nazirlər” və “generallar” bir-bir həbs edildi. Azərbaycan oğullarının müşayiəti ilə onların qolları bağlı vəziyyətdə həbsxana kameralarına salınması isə dünya xəbər agentliklərinin ən çox tirajladığı xəbərlərinə çevrildi. İmperialist siyasətindən əl çəkməyən bəzi dövlətlərin, kökləri islamafob fəaliyyətlərə dayanan müxtəlif beynəlxalq qurumların dəstəkləndiyi bu ermənilərin həbs edilməsi dövlətimizin iradəsinin, gücünün və prinsipiallığının növbəti göstəricisi idi.

        24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi hesab etmək olar.  Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi.  Antiterror tədbirləri ilə torpaqlarımızın işğal altında qalmasına son nöqtə qoyuldu. Düzdür, buna qədər 44 günlük müharibədə işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olunmuşdu. Lakin bu tarixi missiyanın tam yekunlaşması məhz antiterror əməliyyatı ilə baş tutdu.

        Xalqımızın tarixində 19 və 20 rəqəmlərinin qəribə yaddaşı var. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edib. Yaşadığımız ən faciəvi günlərdən biri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verib və 2023-cü ilin 19-20 sentyabrında  Qarabağda həyata keçirilən antiterror tədbirləri. Əgər qeyd edilən ilk iki tarixi hadisə faciəvi məna daşıyırdısa, sonuncu bizə qələbə sevinci yaşatdı. İnanırıq ki,  bununla həm də yaşadığımız faciələr dövrü sona çatmış oldu. Həmin gündən  sonra qalib Azərbaycanımız yeni tarixi eraya qədəm qoydu. Bir il ərzində ölkəmizin bir çox sahələrdə əldə etdiyi uğurlar bunu deməyə imkan verir. Bu sevinci, uğur və qələbələri bizə yaşadan isə canını Vətən yolunda fəda edən şəhidimizdir. Bu fakt bəzi xalqların öz tarixlərini masada mürəkkəblə, bizim kimi mərd və döyüşkən xalqın isə döyüş meydanında qanla yazmasının bariz nümunəsidir. Beləliklə, 19-20 sentyabrda müstəqil Azərbaycanın yeni  tarixi yeni səhifədən yazılmağa başladı.

 

Nizami Vəliyev

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

Mülki müdafiə qərargahının rəisi

SİZƏ MARAQLI OLA BİLƏR