Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Cəmo bəy Cəbrayılbəyli: imperiyanın imperativ maarifçisi - Asif Rüstəmli

11-09-2024 [ 10:31 ] [ oxunub:491 ]
printerA+ | A-
104789

 

Medianın İnkişafı Agentliyi layihəsi
Görkəmli maarif xadimi, Əməkdar müəllim, peşəkar publisist, yazıçı, istedadlı şair, dramaturq, tərcüməçi, fədakar elm adamı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Cəmo bəy Cəbrayılbəyli Azərbaycanda milli təhsilin təşəkkülündə və tərəqqisində müstəsna xidmətləri olan, gənclərin vətənpərvərlik ruhunda böyüməsində böyük əmək sərf edən, məşhur pedaqoqlardan Mahmud bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla Şaiq, Səməd bəy Hacıəliyev (Acalov), Pənah Qasımov, Abdulla bəy Əfəndizadə, Nurməmməd bəy Şahsuvarov və digərləri ilə ön sırada, çiyin-çiyinə ləyaqətlə dayanan təhsil üzrə təcrübəli mütəxəssis, parlaq şəxsiyyət idi. Onun mənalı həyatı, zəngin yaradıcılığı, dəyərli elmi və bədii irsi uzun onilliklərdən bəri elmi araşdırmalardan, ərəb, kirill qiyafəli yazı daşıyıcılarında diqqətdən, qayğıdan və nəşrlərdən kənarda qalıb.

Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci il yanvar ayının 29-da Şamaxı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Cəmo bəyin atası Adil bəy Cəbrayılbəyli Şamaxıda Quberniya Məclisinin Ruhani İdarəsində mirzə vəzifəsində işləyirdi. Onun bir oğlu, beş nəfər qızı var idi.

Cəmo bəyin yazdığı "Tərcümeyi-hal"ına əsasən o, 1898-ci ildə - 11 yaşında Şamaxı şəhər ali-ibtidai məktəbinə daxil olur. Bu məktəbdə Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər Seyidzadə Cəmo bəyin ana dili və şəriət müəllimi olub. Həqiqətən Mir Cəfər müəllim Cəmo bəyin təhsil almasında və ödənişdən azad edilməsində mühüm rol oynayıb, məktəbdən kənarlaşdırılmasına imkan verməyib.

C.Cəbrayılbəyli hələ 10-12 yaşından xalq musiqisini, muğamları çox sevirdi, o qeyd edirdi ki, "tar çalmağı və muğamatı da mənə ilk dəfə Naseh öyrətmişdir". O sonralar məşhur şamaxılı xanəndə Mirzə Məmmədhəsəni toylarda, məclislərdə dinləməkdən yorulmazdı. Cəmo bəy Şamaxı şəhər 6 sinifli ali-ibtidai məktəbində rus dilini mükəmməl öyrənir, tanınmış tarzən Mehdiqulunun dəstəyilə tar çalmaq sahəsində təcrübəsini təkmilləşdirir, musiqi müəllimi Avtandil Qriqoryeviçin köməkliyi ilə musiqi alətlərindən skripka, gitara və mandolinada Azərbaycan, rus və Avropa musiqilərini  ifa etməyi çox sevirdi. Təhsil illəri şəhər məktəbində görkəmli maarif xadimi Qafur Rəşad Mirzəzadə (1884-1943) ilə bərabər keçir, yaxından dostluq edirlər. Hər iki gənc oxuyub müəllim olmaq, maarif işinə töhfələr vermək arzusu ilə çalışırdılar. Qafur Rəşadla Cəmo bəy 1902-ci ildən müəllimlik təcrübəsinə, tədris metodikasının sirlərinə dərindən bələd olmaq üçün Şamaxı Realnı məktəbinə bərabər gedib-gələrdilər...

Cəmo bəy 1902-ci il 31 yanvar tarixində günorta "İmamzadə" pirinin yaxınlığında yerləşən evlərində məşhur Şamaxı zəlzələsinin dəhşətini yaşamışdı. Xoşbəxtlikdən Cəbrayılbəyli ailəsinin üzvlərindən heç kəs dağıdıcı zəlzələnin şiddətindən ciddi zədə almamış, amma evləri tamamilə dağılmışdı. 15 yaşlı Cəmo bəy böyük şücaət göstərərək bu dəhşətli zəlzələ vaxtı iki nəfəri dağıntıların altından xilas etmişdi: onlardan biri öz nənəsi, digəri isə öz əmisi oğlu Əli Əşrəfin qızı, 3 yaşlı Şəfiqə Cəbrayılbəyli idi (Sonralar Şəfiqə xanımla Cəmo bəy ailə həyatı qurublar - A.R.). Dağıdıcı zəlzələ Şamaxının iqtisadi, ictimai və mədəni həyatına sağalmaz yaralar vurmuş, insanları evlərindən, doğma yurdlarından didərgin saldı. Şamaxıda tarixi abidələrin, mədəni-maarif ocaqlarının bərpasına, insanlarda qorxu, həyəcan stixiyasının dəf edilməsinə uzun illər vaxt tələb olunurdu.

C.Cəbrayılbəyli şəhər ali-ibtidai məktəbini bitirdikdən sonra - 1904-cü ildən fərdi təcrübəsi əsasında "üç-dörd şagirdin" repetitorluğu ilə məşğul olmağa başlayır. O 1907-1908-ci illərdə müvafiq fənlər üzrə ciddi hazırlaşır və Şamaxı Realnı məktəbində imtahanları verərək ibtidai məktəb müəllimi dərəcəsi alır. Təxminən bir ildən sonra, 1909-cu ilin oktyabr ayında Cəmo bəyi vaxtilə təhsil aldığı Şamaxı şəhər ali-ibtidai məktəbinin əlifba sinfinə müəllim təyin edirlər. Onun sevincli günləri yenə də uzun sürmür. Bir ay sonra C.Cəbrayılbəylinin əvəzinə Nikolayev soyadlı bir müəllimi dərs demək üçün Şamaxıya göndərirlər. Cəmo bəy əlacsız qalıb bir müddət repetitorluq fəaliyyətini davam etdirdikdən sonra yenidən sevimli məktəbinə qayıdır və müəllimlik işinə bərpa olunur. O şəhər ali-ibtidai məktəbində 1912-ci ilədək böyük həvəs və səy göstərərək işləməklə yanaşı, Şamaxının ictimai-mədəni həyatında da fəal iştirak edir. Xüsusilə, 1907-ci ildə Şamaxıda kitabxana və qiraətxananın açılışında, savad kurslarının yaradılmasında, teatr səhnəciklərinin göstərilməsində Cəmo bəyin müstəsna xidmətləri olmuşdur. 1907-ci il iyul ayında Şamaxıda kitabxana və qiraətxananın təntənəli açılışı ilə bağlı Cəmo bəy Cəbrayılbəyli yazırdı: "Teymur ağa Xudaverdiyev (Bələdiyyə sədri - A.R.) Şamaxının tarixindən, kitabxana və qiraətxananın mədəni ocaq olduğundan, əhəmiyyətindən danışdı. Əziz şairimiz Abbas Səhhət söz alıb qismən nəsr, qismən də nəzm ilə gözəl çıxış etdi. Sonra da söz mərhum Mirzə Ələkbər Sabirə verildi. Şair utana-utana, əli əsə-əsə, cibindən uzun lent şəkilli kağızını çıxartdı. Həmin kağıza yazmış olduğu "Elm" adlı şeirini oxudu...

O zamanlar qəza rəisi Fyodorov familiyalı, nisbətən maarifpərvər bir şəxs idi. O da çıxış etdi və qısa təbrik sözündən sonra dedi: "Ümidvaram ki, burası ancaq mədəniyyət ocağı olacaq və başqa təşəbbüslərə burada meydan verilməyəcək. Abbas Minasazov, Nəcəf Sadıqov, Əli İsmayılov və mən çıxış edib kitabxananın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz verdik" (C.Cəbrayılbəyli. "Xatirələrim", Bakı, Azərnəşr, 1966, səh.66).

Cəmo bəy söz verdiyi kimi həqiqətən də əlindən gələni əsirgəmədi, kitabxananın kitab və qəzet fondunun zənginləşdirilməsində, oxucuların cəlb olunmasında, mətbuat orqanlarına, xüsusilə "Molla Nəsrəddin" jurnalına abunə yazılışında şövqlə çalışır və şəhərdə mədəni-maarif işinin tərəqqisinə əmək sərf edirdi. Onun həmin dövrdə xeyriyyə cəmiyyətləri ilə isti fəaliyyəti, mesenatlarla, ziyalılarla mehriban şəxsi əlaqəsi, ictimaiyyət arasında nüfuz qazanması təlim və tədris sahəsində də uğurlarını şərtləndirirdi. Görkəmli şairlərimizdən Mirzə Ələkbər Sabir, Abbas Səhhət Cəmo bəyə hər zaman diqqət və qayğı göstərirdi. Onlar saf, möhkəm təməl üzərində dayanan əməl, əqidə dostları idi. Bu sarsılmaz dostluq barədə görkəmli maarif xadimi, ədib Abdulla Şaiq xatirələrində rəğbət hissi ilə yazmışdı: "Sabir və Səhhəti uşaq ədəbiyyatı ilə də maraqlandıran Mahmud əmi (Mahmud bəy Mahmudbəyov - A.R.) olmuşdur. Mahmud əmi hər iki şairin uşaqlar üçün yazdıqları əsərləri və tərcümələrini öz dərsliklərində çap etdirirdi. Mahmud əmidən başqa Sabirin və Səhhətin Əlicabbar Orucəliyev, Cəmo Cəbrayılbəyli və Firidun bəy Köçərli ilə də dostluq əlaqələri var idi" (Abdulla Şaiq. Əsərləri, V cild, Bakı, "Yazıçı", 1978, səh. 201).

Şair, qəzəl ustası Ağaəli Naseh isə Cəmo bəy Cəbrayılbəylinin yeznəsi, böyük bacısı Sultanxanımın həyat yoldaşı, yaxın məsləkdaşı və dostu kimi ondan diqqət və qayğısını heç vaxt əsirgəməzdi.

Sabir Şamaxıda "Ümid" məktəbini açanda ora dəvət etdiyi ilk müəllimlərdən biri gənc Cəmo bəy olur, ona sinif otaqlarını, "parta"ları, yazı taxtasını göstərmiş, "Məktəb, məktəb nə dilguşəsən" misraları ilə başlayan şeirini burada Cəbrayılbəyliyə oxumuşdu. Cəmo bəylə Sabirin yaxın dostluq əlaqələri 6 il - böyük satrik şairin vəfatına qədər davam edib. Bu ünsiyyətlərdən, təmaslardan, qonaqlıq məclislərindən Sabirin görüşlərinə, məclislərinə can atan gənc müəllim, təbii ki, daha çox faydalanıb.

C.Cəbrayılbəyli 1912-ci ilin oktyabr ayında şəhər ali-ibtidai məktəbindən azad olunur və Şamaxıda ilk dəfə yaradılan Birinci rus-tatar məktəbinə (Bu məktəblərə bəzən "Müsəlmani və rusi məktəbi" də deyilirdi - A.R.) müdir təyin edilir. Həmin il Azərbaycanda yeni tədris üsulu ilə tanınan "rus-tatar" məktəblərinin yaradılmasının 25 illik yubileyi keçirilirdi. Bakı şəhərində keçirilən yubiley tədbirlərinə Cəmo bəy Şamaxıdan nümayəndə olaraq göndərilmişdi. Yubiley haqqında Firidun bəy Köçərlinin məzmunlu, tutumlu bir məqaləsi "Məktəb" jurnalında dərc edilib. 25 illik yubiley Şamaxı şəhərində də təşkil edilmiş, məktəbin yaradıcılarından biri, Bakı quberniyası və Dağıstan vilayəti məktəblərinin müfəttişi Sultan Məcid Qənizadə də tədbirə dəvət olunub. Yubiley 1912-ci il iyul ayının bir bazar günü şəhər klubunda 50 nəfərə qədər qonağın iştirakı ilə keçirilmişdi. Yubiley tədbirində S.M.Qənizadə, Şamaxı realnı məktəbinin direktoru, general Sizemski çıxış etmiş, Cəmo bəy məclisdə məktəbin yaradıcıları Sultan Məcid Qənizadəyə və Həbib bəy Mahmudbəyova həsr etdiyi şeirini oxumuşdu:

Biri Sultan Məciddir eydə səbəb,

Digəri Həbib bəy ali nəsəb.

Çünki siz Şirvanın fəxarətisiz,

O solğun günəşin şətarətisiz.

Əhli-Şirvan edir sizi təbrik,

Qəlbən olmuş bu ehtirama şərik.

Cəmo bəyin rus-tatar məktəblərinin 25 illiyinə həsr etdiyi mənzuməsindən bir parça onu deməyə əsas verir ki, müəllifin şeiri duymaq və səriştəli yazmaq təcrübəsi var idi. Onun Sabir, Səhhət, Naseh kimi ünlü şamaxılı şairlərlə səmimi dostluq əlaqələri təsadüfi deyildi. Cəmo bəyin sonlar mətbuat orqanlarında mütəmadi dərc edilən ədəbi-bədii əsərləri də bu düşüncəni təsdiqləyir.

Cəmo bəy Cəbrayılbəylinin həmin dövrdə zəmanədən şikayət ruhlu ilk mənzum məktubu əziz dostu və yaxın həmdəmi dövrün və insanlığın səhhəti olan Abbas Səhhətə ünvanlanıb. A.Səhhət də dostunu cavabsız qoymamışdı. Mənzum məktub “Bir məktuba cavab” (Cəmo bəy Cəbrayılbəyli Acizə) adlanırdı:

Mən bu cahan içrə vəfa görmədim,

Seyri-sülukunda səfa görmədim.

Aciz, yazıq bəşərlərə rəhm etməyən qəza...

Səndən məni ayırmağı da etmiş iqtiza.

        

...Dünyadə hiss eylədigim ibtilaların,

Ən cangüdazdır bu təmamən bəlaların.

Amalü arzularımız qaldı natamam,

Zalımdən adil Allah özü alsun intiqam!

(Abbas Səhhət. “Sınıq saz”.

Bakı, 1912, səh. 17).

Abbas Səhhətin Bakıda Orucov qardaşlarının elektrik mətbəəsində 1912-ci ildə nəşr edilən “Sınıq saz” adlı “Əşar məcmuəsi”ndə çaplanan “Bir məktuba cavab” mənzum məktubunda, Cəmo bəy Acizə müraciətində dövrün, mühitin özbaşınalığı, ədalətsizliyi, qəddarlığı öz əksini tapıb.

Bu şeirdə eyni zamanda Səhhətin həssas qəlbini, dostluqda səmimiyyətini və etibarlılığını, Cəmo bəyə dəyərli insani münasibətini görürük. Məlumdur ki, müəllif Abdulla Şaiqə, Firidun bəy Köçərliyə və başqalarına da mənzum məktublar yazıb. Cəmo bəy Acizə yazdığı əsərdə “Mən bu cahan içrə vəfa görmədim” -  deyən Səhhət Acizə müraciətində “Tək bir səninlə Haqq mənə qılmışdı mərhəmət” düşüncəsiylə fəna, vəfasız dünyada təsəlli tapdığını bildirməklə yanaşı, cahanda yaxşı insanların çox az olduğunu təəssüf hissi ilə qeyd edirdi. Şairlər yurdu olan Şamaxıda Abbas Səhhət kimi məşhur ədibin gənc Cəmo bəyə şeir həsr etməsi yaddaqalan hadisə idi. Dövrün, zamanın eybəcərlikləri haqqında düşüncələrini yaxın dostu ilə bölüşmək şairin içindən, daxilindən gəlirdi. Çünki onun gənc dostu sözün geniş mənasında hal əhli idi. Ona üz tutub söz demək olardı.

Gənc Cəmo bəy Cəbrayılbəylinin Şamaxı şəhər Birinci rusi-müsəlmani məktəbinə müdir təyin edilməsi dövrün maarifpərvər insanları, ziyalıları arasında müsbət hadisə kimi qarşılandı. Dünyəvi elmlərin tədrisi səviyyəsi yüksəldildi, dərslərdə nizam-intizam artırıldı, şagirdlərin kitabxanadan və qiraətxanadan sərbəst istifadəsi üçün xüsusi şərait yaradıldı, Şərq, rus və Avropa klassiklərinin əsərlərinin öyrənilməsinə maraq artırıldı.

Cəmo bəyin məktəbində əlifba, hesab, ana dili, ədəbiyyat, təbiyyat, rus dili dərslərinə xüsusi diqqət yetirilirdi. Yaz, yay aylarının gözəl vaxtlarında sinif otağı təbiətin dilbər guşələri ilə əvəzlənirdi. Xüsusilə təbiyyat, botanika, zoologiya dərsləri açıq havada təcrübi xarakter daşıyırdı. Bayram və yubileylərdə Cəmo bəyin rəhbərliyi ilə şagirdlər şeirlər əzbərləyir, mahnılar oxuyur və səhnəciklər hazırlayırdılar. O dövrün mətbuat səhifərərində mədəniyyət yönümlü xəbərlərdə bu barədə məlumatlar tez-tez yer alırdı. Onlardan birində yazılırdı: “1912, 8 mart Şamaxı. Ziyalıların iştirakı ilə məktəb şagirdləri üçün birinci şəhər məktəbi zalında biletsiz, pulsuz dörd pərdəli tamaşa verilmişdir. Müəssislər: Cəmo bəy Cəbrayılbəyli və Məmmədhəsən Atamalıbəyov” (“Azərbaycan teatrının salnaməsi”, tərtibçi Qulam Məmmədli, Bakı, Azərnəşr, 1975, səh. 361).

XX yüzilliyin əvvəllərində imperiyanın ikili, şovinist siyasətinə rəğmən, teatr insanların bir yerə toplaşması üçün mövcud olan yeganə, birləşdirici mədəni-kütləvi məkan idi və bu imkandan ziyalılar yetərincə, səmərəli faydalanmağı bacarırdılar.

Şamaxıda “Xonça bayramı” milli ruhlu ziyalıların, qəlbindən qara qanlar axan xalqın sevgi və sayğısı ilə qarşılansa da, şəhərin qeyri-milli inzibati qurum məmurlarının süngü və sünbəsinə tuş gəldi. Şamaxı qəza rəisi Jupranski qəddarlığı ilə tanınır, yerli ziyalıları təqib edir, onları yerli-yersiz təhqir etməkdən çəkinmir, bəzən də işdən çıxartmağa, doğma yurdlarından sürgün etməyə nail olurdu. Jupranskinin ilk qurbanlarından biri, Şamaxı qəza məhkəməsində katib işləyən, “Naseh” təxəllüsü ilə şeirlər yazan Ağaəli Hacı Məhəmməd oğlu Əfəndizadə (1856-1914) olmuşdur. Dövrün haqsızlıqlarını əsərlərində tənqid edən, “Basıb aləmləri bidadü, ədalət yoxdur” - deyə hayqıran mübariz sənətkar Ağaəli Naseh 1914-cü ildə əsassız olaraq Jupranski tərəfindən təhqir olunaraq xidmətdən kənarlaşdırılmış və çox keçmir ki, şair ağır xəstəlik taparaq vəfat etmişdir.

   Qəza rəisinin təqib etdiyi gənc mütəxəssislərdən biri də, Birinci rusi-müsəlmani məktəbinin müdiri C.Cəbrayılbəyli idi. Şamaxıda polis özbaşınalığı haqqında Cəmo bəy yazırdı: “Polis gəncləri ciddi surətdə təqib edirdi. “Şübhəli” görünən bəzi adamların, o cümlədən, mənim Şamaxıdan sürgün edilməm haqqında məsələ qaldırdı və buna nail oldu... Lakin xoşbəxtlikdən mən uzaqlara deyil, vicdanlı, namuslu və insanpərvər olan xalq məktəbləri inspektoru Yevqraf Rozinin köməyi ilə 1914-cü ildə Bakıya təyin olundum” (C.Cəbrayılbəyli. “Xatirələrim”, Bakı, Azərnəşr, 1966, səh. 95).

Cəmo bəy qəza rəisi Jupranskinin təzyiqi və təpkiləri ilə 1914-cü ilin oktyabr ayında Şamaxı Birinci rusi-müsəlmani məktəbinin müdirliyindən azad edildi və elə həmin vaxt o doğma yurdu Şamaxı şəhərindən uzaqlaşdırıldı.

Doqquzuncu rusi-müsəlmani məktəbi Bakıda yeni yaradılsa da, kollektiv məşhur və təcrübəli pedaqoqlardan ibarət idi. Məktəbə Mirzə Məhəmməd Tağı Atakişiyev müdirlik edirdi. Məşhur pedaqoqlardan Süleyman Sani Axundov, Mahmud bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyov, Əbdüləli bəy Vəlibəyov və b. 9-cu rusi-müsəlmani məktəbində çalışırdı. Cəmo bəy bu məktəbin kollektivinə az müddət içərisində qaynayıb-qarışır, həmkarlarının təcrübəsindən faydalandı və onlar ilə sıx dostluq əlaqələri yaradır.

Cəmo bəy “Məktəb” jurnalı ilə də əlaqələrini intensivləşdirirdi. Yaxın dostları Abbas Səhhət, Ağa Həsən Mirzəzadə, Abid Mütəllibzadə, Əli Rai Yusifzadə və b. ilə didaktik mahiyyət daşıyan, əsasən yeniyetmələr, məktəblilər üçün nəzərdə tutulan əsərlərini dövrün mətbuat orqanlarında, xüsusilə də “Məktəb” jurnalında nəşr etdirirdilər. Abbas Səhhətin “Vətən”, Cəmo bəy “Aciz” Şirvaninin “Qənbər və Heydər”, “Nəğmə”, Ağa Həsən Mirzəzadənin “Gülməli nağıllar”, “Allah düz adamı sevər”, “Midhət”, “Ayının səhvi”, Əli Rai Yusifzadənin “Son nəğmə”  və b. əsərlər həmin dövrün dəyərli ədəbi nümunələri idi.

...1915-ci ilin yayında Cəmo bəy Zülfüqar bəy Hacıbəyli ilə Şamaxıda “Nicat” maarif cəmiyyətinin şöbəsini açmaq və “Arşın mal alan” operettasını tamaşaya qoymaq qərarına gəlirlər. Üzeyir bəy və “Nicat”ın sədri Mehdi bəy Hacınski təşəbbüsü dəstəkləyir. İyul ayının əvvəlləri Zülfüqar bəy ailəsi və oğlu Niyazi ilə Şamaxıya gəlir. İki-üç gün Cəmo bəyin qonağı olur və sonra isə ev kirayələyərək ora köçür. “Arşın mal alan”ı hazırlamaq üçün Realnı məktəbin müəllim və şagirdlərinə müraciət olunur. Tamaşaya ümumi rəhbərliyi Zülfüqar bəy öz üzərinə götürür. Tar çalan gənclərdən ibarət musiqi dəstəsi yaradılır. Soltan bəy rolu - Cəmo bəyə, Telli rolu - Cəmo bəyin bacısı oğlu Ağa İsa Əbdürrəhmanova, Gülçöhrə rolu - gənc müğənni Hüseynağa Hacıbababəyova, Əsgərin rolu - Məmmədhəsən Atamalıbəyova, Süleymanın rolu - Məmmədbağır Mutuquluya həvalə edilir. İki həftə ciddi məşq gedir. Son məşq klubun binasında aparılır. Tamaşa anşlaqla keçir və böyük uğur qazanır. Bu əsərin uğurla nümayiş etdirilməsi Zülfüqar bəy Hacıbəyli və Cəmo bəy Cəbrayılbəyli əməkdaşlığının, birliyinin, həmrəyliyinin, dostluğunun bariz və danılmaz təzahürü idi.

   Cəmo bəy müəllimlik fəaliyyətini Bakıda davam etdirdiyi dönəmdə Üzeyir bəy Hacıbəyli ilə də yaxından tanış olur. Bu işdə ona Şəfiqə Cəbrayılbəylinin şagird yoldaşı, Üzeyir bəyin bacısı qızı Sehrən vasitəçi olur. Bir gün o, Sehrənlə Üzeyir bəyin evinə gəlir və onunla ilk görüş haqqında söz açaraq yazırdı: “...Üzeyirgilə gəldik. Onlar indiki Kamo küçəsində (hazırda Süleyman Rəhimov küçəsi - A.R.) yaşayırdılar. Qapını gülərüzlü bir qadın açıb bizi içəri buraxdı. Sonradan öyrəndim ki, bu, Üzeyir bəyin anası imiş. Otağa daxil olduqda Üzeyir bəyin pianino qarşısında əyləşdiyini və klavişlərin üzərində barmaq gəzdirdiyini gördüm. Məni çox mehriban qarşıladı, əl verib yanında oturtdu. Məleykə xanım da mənimlə çox səmimi görüşdü. ...Üzeyirlə söhbətimiz xeyli uzandı. Söhbətarası mən Seyid Şuşinskinin Şamaxıdakı hörmət və şöhrətindən danışdım. Muğamatdan az-çox xəbərdar olduğumu bildikdə çox sevindi. Məni ötürərkən: “Cəmo bəy, arabir gəl, həmsöhbət olaq, yaxınlaşaq” - dedi.

Beləliklə, qızların vasitəsilə biz ailəvi tanış və dost olduq. Bundan sonra daha tez-tez görüşürdük” (C.Cəbrayılbəyli. “Xatirələrim”, Bakı, Azərnəşr, 1966, səh. 131-132).

Üzeyir bəyin həmsöhbət olmaq istəyi Cəmo bəy tərəfindən hər zaman dəstəkləndi və bu yaxınlaşma tədricən yaxın dostluğa çevrilirdi...

Cəmo bəyin yaxın dostu, “Məktəb” jurnalından yaxşı tanıdığı Ağa Həsən Mirzəzadə 1916-cı il 1 sentyabr tarixindən “siyasi, ədəbi, ictimai və iqtisadi gündəlik türk qəzetəsi” olan “Sovqat”ın müdir və sahibi imtiyaz (redaktoru və naşiri) vəzifəsini icra etməyə başladı. Dövrün görkəmli ziyalılarından Məhəmməd Hadi, Abbas Səhhət, Məhəmməd Əli Sidqi və b. bu qəzetdə əsərlərini dərc etdirirdi. Qafur Rəşad və Ağa Həsən Mirzəzadələr 1917-ci ildə “...mərhum Haşım bəy Vəzirovun “Səda” mətbəəsini təmam və kəmal al” araq (bax: “Sovqat” qəz., Bakı, 1917, №103) “Sovqat”ın basıldığı “Məktəb” mətbəəsinin texniki imkanlarını genişləndirmiş, çap məhsullarının çeşidini çoxaltmış, keyfiyyətini  və sürətini yüksəltmişdir.

Poliqrafik səviyyəsi ilə seçilən “Sovqat” qəzetinin 1917-ci il 3 mart sayında Cəmo bəy Cəbrayılbəylinin dram əsərləri haqqında yığcam məlumat vermişdir. Mədəniyyət xəbərlərində deyilirdi: “Tazə dram və məzhəkələr. Bakı şəhər Rusi - müsəlmani məktəblərinin müəllimlərindən Cəmo bəy Cəbrayılbəyli cənablarının yazmış olduğu (5) pərdəli “Şərarət qurbanları” və bir pərdədən ibarət olan “Qramofon”, “Vəhşi”, “Kəmsüxən” və “Tiryakilər” adlı məzhəkələri və bundan əlavə, tərcümə etdigi, bəylər və kəndlilər məişətindən götürülmüş “Monna və Anna” adlı bir drama səhnəmizdə oynanılmaq üçün senzora getmişdir. Məzkur əsərlərə izn verildikdən sonra səhnəmizdə oynanılmağa başlanılacaqdır” (Tazə dram və məzhəkələr. “Sovqat” qəz., 1917. 03. mart. №151).

“Sovqat”ın Cəmo bəy Cəbrayılbəylinin dram əsərləri və onların səhnələsdirilməsinə icazə (lisenziya) alınması üçün senzura idarəsinə göndərilməsi xəbəri Rusiya imperiyasının dağılması dönəminə təsadüf etdiyinə görə əsərlərin lisenziyalaşdırılması ilə əlaqədar sonrakı taleyi barədə səhih məlumat əldə etmək müşkül məsələyə çevrildi.

(Ardı var)

 

SİZƏ MARAQLI OLA BİLƏR