Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

2023 - forum, sərgi və yubileylər ili - Elnarə Akimova

18-07-2024 [ 11:20 ] [ oxunub:109 ]
printerA+ | A-

2023-cü il ölkə başçısının sərəncamı - "Heydər Əliyev ili"nin elanı ilə başladı. "Şuşa ili"ndən "Heydər Əliyev ili"nə keçid - "Heydər Əliyev ili" ilə bağlı dövlət başçısının müvafiq sərəncamı özündə Azərbaycan xalqının bu günü və gələcəyi üçün xüsusi əhəmiyyət daşıyan məsələlərin həllini ehtiva etmiş oldu. Bilirik ki, Şuşanın azad olunması Ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi. Dörd  il əvvəl Azərbaycan xalqı bir millət, bir ölkə olaraq özünü Heydər Əliyevin 100 illiyini alın açıqlığı ilə qarşılamağa səfərbər etdi. Ölkə başçısı cənab İlham Əliyev də ilk növbədə Ali Baş Komandan, daha sonra oğul olaraq ata qarşısında öz missiyasını layiqincə yerinə yetirdi. Ümummilli liderin 100 illiyinə bundan böyük töhfə ola bilməzdi. Heydər Əliyev sovet dövründə Şuşanın qorunmasında, ona mədəniyyət məkanı kimi ali status qazandırılmasında müstəsna xidmətləri olan şəxsiyyətdir. 1982-ci ildə Şuşada Vaqif məqbərəsini tikdirməsi, daha sonra ardıcıl şəkildə Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı təşəbbüsü, Azərbaycanın bütün mədəniyyət sferalarının diqqətinin bu hadisəyə cəmləyə bilməsi sovet dövrünün özündə epoxal hadisələr idi. Artıq dörd ilə yaxındır ki, biz Şuşa ilə bağlı müxtəlif mədəni tədbirlər, səfərlər gerçəkləşdiririk. 2022-ci il prezidentin sərəncamı ilə "Şuşa ili" elan olunmuşdur. Bu sərəncamdan irəli gələn mühüm mədəni tədbirlərin şahidi, iştirakçısı olduq. Ardınca isə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edildi. Bunlardan sonra yeni sərəncamın "Heydər Əliyev ili" olması eyni milli-mənəvi hərəkat daxilində davam tapan proses idi. Diqqət etsək görərik ki, prezidentin imzaladığı son sərəncamlar öz ətrafında ümummilli məfkurə ruhunu, azərbaycançılıq ideologiyasının prinsiplərini  birləşdirir. Bu sərəncam da ümumxalq səviyyəsində diqqətləri Heydər Əliyev şəxsiyyətinə, onun siyasi fəaliyyətinin bütün tərəflərinə, zəngin idarəedicilik irsinə cəmləyərək daha fundamental işlər görməyə, daha konseptual məsələləri həyata keçirməyə bir növ vasitə oldu. Və biz bununla əslində, yenə də azərbaycançılıq amalının, vətən, millət sevgisinin bir liderin tərcümeyi-halında necə bütöv şəkildə ehtiva olunduğunun bütün çalarlarını görmüş olduq.

"Heydər Əliyev ili" hər bir instansiyanın qarşısında ilk növbədə müəyyən missiya qoydu, hədəfləri müəyyənləşdirdi. Bu mənada, ötən il bütün fəaliyyət sahələri üçün həm də mənəvi-siyasi hesabat mərhələsi oldu, - desək yanılmarıq. Ümumilikdə XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyevin irsi bu vaxta qədər də layiqincə öyrənilən predmet olub. Bunu meydanda olan çoxsaylı nümunələr sübut edir. Amma ölkə başçısının sərəncamı Ulu Öndərin irsinin öyrənilməsində daha geniş hüdudlara varmaq üçün böyük imkanlar qazandırdı. Ölkədəki bütün tədbirlər Heydər Əliyevin siyasi xadim kimi obrazının açılmasına, gördüyü işlərin miqyas və vüsətini sərgiləməyə yönəldi. Amma "Heydər Əliyev ili"nə ən böyük töhfəni ölkə başçısı İlham Əliyev verdi. 20 sentyabrda 23 saat davam edən antiterror siyasəti nəticəsində Azərbaycanın bütün işğal altında qalan ərazilərində, Xocalıda, Xankəndində bayrağımız ucaldıldı. Ölkəmizin bütün əraziləri ermənilərdən azad edildi.  Qarabağa böyük qayıdış başladı, ermənilərin köçü, separatçıların həbsi gerçəkləşdi. Cəmiyyətimizin üçün 2023-cü il daha çox elə  bu mühüm proseslərlə əlamətdar sayılır:  Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində erməni separatizminin kökünün kəsilməsi, qondarma "Artsağın liderləri" nin həbs olunaraq Bakıya gətirilməsi, azərbaycanın suverenliyinin bərpa olunması, prezidentin Xankəndində azərbaycan bayrağını qaldırması və s. Bu proseslərlə son otuz ili deyil, 270 illik bir dönəmi çevrələyən Qarabağ problemi həllini tapdı. Bu, bizim xalq, millət olaraq Heydər Əliyev ruhu qarşısında bir vicdan hesabatı idi və simvolikdir ki, bu hesabat məhz "Heydər Əliyev ili"ndə onun ruhuna ərmağan olundu.

Ötən ilin ən böyük mədəni hadisələrindən biri Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumunun keçirilməsi oldu. Sentyabrın 2-4-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən bu forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutdu. Tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak etdiyi forum sentyabrın 2-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində başladı, sentyabrın 3-4-də isə Bakı şəhərində davam etdi. Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparıldığı bu forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği,  teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar baş tutdu. 

Noyabr ayının 9-15-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən  IX Bakı Beynəlxalq Kitab sərgisini də ilin mühüm ədəbi-mədəni prossesləri sırasında almalıyıq. Hər il keçirilən bu kitab sərgiləri həm kitab sənayesinin, poliqrafiya işinin inkişafında, mütaliəyə marağın qorunmasında, bir çox digər ölkə nəşriyyatlarında gedən proseslərlə tanışlıqda vacib rol oynayır.

Ümumiyyətlə, ötən ili kitab sərgiləri və festivallarla xarakterizə etmək olar. Aprelin 8-11-də "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən II Uşaq festivalı, 27 may-4 iyun tarixlərində İçərişəhər Qoşa Qala meydanında keçiirlən V Milli Kitab Sərgisi, 5-11 iyun tarixlərində Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə təşkil olunan İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı - hər biri müxtəlif təqdimatlar, panel müzakirələri, yerli və xarici müəlliflərlə görüşlər, imza günləri, poeziya axşamları ilə yadda qaldı.

Qeyd edim ki, bəhs etdiyim bütün bu sərgi və festivallar, eləcə də forum Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur. İstər forum, istərsə də sərgilərdə əsas məsələlərdən biri həm də Heydər Əliyevin azərbaycan dili və ədəbiyyatı qarşısında gördüyü müstəsna əhəmiyyətli işləri üzə çıxarmaq, onları elmi və bədii düşüncənin predmetinə çevirmək idi.  Xüsusilə, IX Bakı Beynəlxalq Kitab sərgisi Ulu Öndər haqqında yazılmış kitabların həm beynəlxalq aləmdə, həm də ölkədə tanınması üçün böyük imkan yaratdı.

Heydər Əliyevin ədəbiyyat, sənət qarşısında gördüyü işlərin çəkisi əlbəttə ki, böyük araşdırma tələb edir. İstər hakimiyyətinin birinci dövründə, istərsə də yenidən hakimiyyətə qayıtdığı 90-cı illərdə azərbaycançılıq kitabının ən gözəl səhifələrini yazan Heydər Əliyevin milli düşüncənin intibahında rolu böyükdür. Ötən il Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyi münasibətilə çap etdiyi "Əbədi ömrün 100 ili" kitabında Heydər Əliyevin ədəbiyyatla bağlı gördüyü işlər, əməllər sırası bir çox yazıçı və şairlərimizin, elm adamlarının məqalələrində əksini tapdı. Eləcə də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı "Vətən və dövlətçilik məfkurəsinin intibahı - Heydər Əliyevdən İlham Əliyevə" kitabı (müəlliflər: İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Elnarə Akimova, Əlizadə Əsgərli, Aygün Bağırlı, Lalə Həsənova) Heydər Əliyevin ədəbiyyatdakı obrazını özündə ehtiva edən dərin araşdırma hesab olunmalıdır. Bütünlükdə, Ümummilli liderin ədəbiyyatla bağlı gördüyü işlər il boyu - akademik İsa Həbibbəyli, Vilayət Quliyev, Nizami Cəfərov, Rafael Hüseynov, Azər Turanın ard-arda çap olunan məqalələrində tədqiqat predmetinə çevrildi. Görkəmli ədəbiyyatşünas alim Vilayət Quliyevin Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev. Böyük insan haqqında xatirələr" kitabı Heydər Əliyevin həm siyasi xadim, həm də şəxsiyyət, insan olaraq cizgilərini uğurla işarələyir. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun Ulu Öndər Heydər Əliyevin gerçəkləşən arzusuna - Qarabağ savaşında Azərbaycanın Zəfərinə ithaf etdiyi "İkinci olmayacaq" kitabında Heydər Əliyevin uşaqlıq illərindən sovet zamanında Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrün sonuna qədər həyat və fəaliyyəti əks olunur.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun ötən il Ümummilli liderin 100 illiyinə həsr etdiyi üç kitab işıq üzü gördü: "Mənim Prezidentim (Ulu Öndər Heydər Əliyevin 100 Yaşına)", "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Heydər Əliyev" və "Azərbaycançılıq oçerkləri. Ulu öndər Heydər Əliyevin 100 illiyinə" kitabları.

Hər üç kitab Ulu Öndər Heydər Əliyev və ədəbiyyat mövzusunu geniş kontekstdə və bütün çalarları, əhatəliyi ilə tədqiq predmetinə çevirir. Ümummilli liderin kolossal zəhmət qoyduğu işlər dövlətçiliyin simasını müəyyən edən tarixi xidmət olaraq araşdırılır, onun yeni Azərbaycan dövlətinin qurucusu, bu yolda milli məfkurəyə istinadı bütün yönləri ilə araşdırılır. Bununla müəllif həm tarixi yaddaşın bərpasına xidmət edir, həm də bu böyük liderin misilsiz xidmətlərinə dəyər qazandırmaq, onu yeni epoxanın düşüncə kontekstindən incələməyə imkan yaratmaq, ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək niyyəti daşıyır.

Ötən il peşəkar Azərbaycan teatrının yaranmasının 150 illiyi kimi də yadda qaldı. İlin ən əlamətdar mədəni hadisəsi kimi müstəqillik tarixində ilk dəfə "Teatr və Kino" forumu reallaşdı. Burada Azərbaycan teatrının gələcək inkişaf strategiyası, onun problemləri və qarşısında dayanan məqsədlərlə bağlı ard-arda panel iclaslar keçirildi. Bundan başqa TÜRKSOY-un 30 illiyi münasibəti ilə  Birinci Bakı TÜRKSOY teatr festivalı baş tutdu. Bu festival çərçivəsində türkdilli ölkələrin teatr nümayəndələri bir araya toplaşdılar. Həmçinin ötən il Azərbaycan yazarlarından ibarət nümayəndə heyəti bu ilin noyabrında Ankarada keçirilən 5-ci Türk Dünyası Yazarları Qurultayında iştirak etdilər.

Qeyd etdiyim kimi, Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi bu münasibətlə çoxsaylı tədbirlərin keçirilməsini şərtləndirdi. Ənənəvi "Xarı bülbül" beynəlxalq musiqi festivalı, iyulun 14-15-ində baş tutan "Vaqif Poeziya Günləri" Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı həyata keçirilən mədəni tədbirlər sırasında qeyd olunmalıdır. İşğaldan azad olunmuş ərazilərdə yeni muzeylərin yaradılması, işğal və zəfər muzeylərinin qurulması xəbərləri birbaşa mədəni dünyamızla bağlı xəbər olaraq günü-gündən dirçələn Qarabağın yeni obrazını simvolizə edir.

 

***

Yubileylər baxımından da 2023-cü il əlamətdar tədbirlərlə yadda qaldı.  Ötən il qardaş Türkiyə Cümhuriyyətinin 100, Türk dünyasının ən böyük mədəniyyət təşkilatlarından olan TÜRKSOY-un 30, ölkə başçısı, cənab Prezident İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20, akademik Zərifə Əliyevanın 100, Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyləri qeyd olundu. Ədəbiyyat aləmində də mühüm yubileylərə şahidlik elədik. Akademik Kamal Talıbzadənin 100 illiyi "Ədəbiyyat qəzeti"nin ona həsr etdiyi "Xüsusi buraxılış" və silsilə tədbirlərlə yad olundu. Xalq yazıçıları Anarın 85, Elçinin 80, eləcə də Vaqif Yusiflinin 75, Teymur Kərimlinin 70, Azər Turanın 60 illik yubileyləri onların yaradıcılığını əhatələyən analiz yazılarla, iclas və çıxışlarla xarakterizə olundu. Anarın 85 illiyi münasibətilə Türkiyənin ədəbiyyat təşkilatı olan Türk Ədəbiyyatı Vaqfında "Tedev" Yayınlarından Xalq yazıçısı Anar haqqında İmdat Avşarın tərtibatı ilə məqalələr toplusu - "İki əsrin qovşağında bir yazar: Anar" və Pərvin Nurəliyevanın müəllifi olduğu "Çağının önündə bir yazar: Anar" adlı iki yeni kitab işıq üzü gördü.

Elçinin 80 illik yubileyi münasibətilə Rusiyada "Beş dəqiqə və əbədiyyət" adlı hekayələr toplusu çap olundu. Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş kitab Rusiyanın zəngin ənənəli Rudomino Kitab Mərkəzi nəşriyyatında çap olundu.

Şairə Nurəngiz Günün 85 illik yubileyi və filologiya elmlər doktoru Vaqif Yusiflinin onun haqqında yazdığı "Poeziyamızın ağ çiçəyi - Nurəngiz Gün" kitabının təqdimatı ötən il AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirildi. Azərbaycan Yazıçılar Birliyində isə Nurəngiz Günün 85 illiyi münasibətilə "Nurəngiz Gün 85 - Ədibin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı" adlı tədbir təşkil olundu və bu tədbirdə şair-publisist Elçin İskəndərzadənin Nurəngiz Günə həsr etdiyi "Günəşin elçisi" esse-monoqrafiyası, şair-tərcüməçi Səlim Babullaoğlunun rəhbəri olduğu Tərcümə Mərkəzinin və Türkiyənin məşhur ədəbiyyat-sənət toplusu olan "Temrin" jurnalının birgə təşəbbüsləri ilə şairəyə həsr etdikləri xüsusi nömrəsi, Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis etdiyi "Nurəngiz Gün Beynəlxalq Ödül" yarışmasının qaliblərinin, eyni zamanda Nurəngiz Günün xarici ölkələrdə yayınlanan şeirlərindən ibarət Antologiyanın və şair Maşallah Məftunun Nurəngiz Gün haqqında qələmə aldığı "Güllərin soyqırımı" kitabları geniş oxucu kütləsinə təqdim edildi.

Azər Turanın yubileyi sentyabrın 21-də Azərbaycan Yazıçılar Birliyində, noyabrın 30-da isə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda keçirildi. Hər iki tədbirdə görkəmli elm və ədəbiyyat xadimləri iştirak edərək Azər Turan yaradıcılığının və şəxsiyyətinin ən əhəmiyyətli məqamlarından bəhs etdilər.

 

***

Ötən il bir sıra mükafatlar, təltiflərlə da yadda qaldı. 2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatı  norveçli yazıçı Yun Fosseyə verildi. O, bu mükafata innovativ pyesləri və sözsüzlərə səs verən nəsrinə görə layiq görüldü. Dünyanın nüfuzlu ədəbiyyat mükafatı olan "Buker"in (" Booker Prize") 2023-cü il üzrə qalibi "Prophet Song" əsəri ilə İrlandiyalı yazıçı Paul Lynch oldu.

Ölkə həyatında da ötən il bir sıra yaradıcı şəxslər mükafatlara layiq görüldü. Prezident İlham Əliyevin martın 15-də imzaladığı sərəncamla Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edildi. Ötən il Anara daha bir mükafat - Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin sərəncamı ilə "Dostluq" ordeni də təqdim olundu. Mərhum yazıçımız Mövlud Süleymanlı iyul ayında Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdir. Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə II dərəcəli "Dostluq" ordeni ilə təltif edildi.

Gənc şair Ulucay Akif Gənclər üçün Prezident mükafatına layiq görüldü.

Şair-tərcüməçi Səlim Babullaoğlu  "Yangi ovoz" Mərkəzi Asiya Tarixçi Yazarlar Birliyi və "Əmir Teymur" Beynəlxalq Xeyriyyə Fondu tərəfindən "Turan Birliyi" medalı ilə təltif edildi.

17-21 iyun tarixlərində Ruminiyanın Krayova şəhərində keçirilən "Mihay Eminesku" Dünya Poeziya Festivalına qatılan şairlər Səlim Babullaoğlu və Jalə İsmayıl  Beynəlxalq Mihay Eminesku Akademiyasının "Tərcümə mükafatı" və akademiyanın "Mihay Eminesku" medalı ilə təltif edildilər. Eyni zamanda, hər iki şair Avropa Mihay Eminesku Fondu və  Beynəlxalq Mihay Eminesku Akademiyasının "Mədəniyyət Səfiri" adına da layiq görüldü.

 

***

2023-cü ili AMEA-da başlanğıcı qoyulan yeni islahatlar mərhələsi kimi də xarakterizə edə bilərik. Ötən il - "Heydər Əliyev İli" çərçivəsində Akademiyada geniş elmi tədqiqatlar aparıldı, bir sıra mühüm tədbirlər həyata keçirildi. Xüsusilə, Humanitar Elmlər Bölməsi və onun elmi tədqiqat müəssisələrinin əməkdaşları Heydər Əliyev irsinin daha əhatəli öyrənilməsi üçün fundamental tədqiqatlar apararaq 30-a yaxın kitab, monoqrafiya, konfrans  materialı və jurnalların xüsusi buraxılışını nəşr etdirdilər.

Akademiyada aparılan islahatlar nəticəsində elektron hərəkat geniş vüsət aldı, ilk dəfə olaraq "Türk Dilinə Xidmət" mükafatları türkologiya sahəsində mühüm xidmətləri olan görkəmli alimlərlə yanaşı, Türk dünyasında önəmli yeri ilə fərqlənən dövlət təşkilatlarına və elmi qurumlara da verildi. Azərbaycan Milli Elmlər Akademiyası Türkiyə Cümhuriyyətinin Atatürk, Kültür, Dil və Tarix Yüksək Qurumunun "Türk Dilinə Xidmət" mükafatı ilə təltif edildi. Bu mükafat akademiya prezidenti İsa Həbibbəyliyə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazqı tərəfindən təqdim edildi. Qeyd edək ki, "Türk Dilinə Xidmət" mükafatı Azərbaycan Milli Elmlər Akademiyasının müstəqillik illərində təltif olunduğu ilk beynəlxalq mükafatdır.

Ümumiyyətlə, 2023-cü ili Akademiyanın beynəlxalq elmi əməkdaşlıqlarını gücləndirməsinin ən mühüm mərhələsi kimi səciyyələndirmək olar. Məsələn, ötən ilin noyabrında AMEA-da "Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" mövzusunda keçirilən beynəlxalq elmi konfrans bu baxımdan əhəmiyyətli hadisə sayılmalıdır. Nobel mükafatına gedən yolun təcrübəsinin və dərslərinin öyrənilməsini və yaradıcı yanaşmaları vacib sayan bu konfransın məqsədi alimlərimizi, yazıçılarımızı Nobel mükafatının təqdim etdiyi elmi istiqamətlərə doğru yönləndirməkdən ibarət idi. Bu sıradan, həmin ay reallaşan daha bir hadisəni də yeniləşmə, beynəlxalq aləmlə dərin təmas və ünsiyyət baxımından başlanan dalğanın davamı kimi almalıyıq. AMEA prezidenti, akademik İsa Həbibbəyli Akademiyada elmi prioritetlərin müəyyənləşdirilməsinə və Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlığının gücləndirilməsinə verə biləcəyi töhfələri nəzərə alaraq, dünya miqyasında tanınmış elm xadimi, türk dünyasının elm sahəsində ilk Nobel mükafatı laureatı, professor Aziz Sancarın AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı təşəbbüs irəli sürdü və səsvermənin nəticələrinə əsasən, Nobel mükafatı laureatı Aziz Sancar AMEA-nın fəxri üzvü seçildü.

Bu kontekstdə daha bir faktı - Xalq yazıçısı Kamal Abdulla və professor Rafiq Əliyevin birgə yazdığı "Kitabı Dədə Qorqud və qeyri-səlis məntiq" kitabını filoloji düşüncəmizin inkişafı üçün yeni perspektivlər açan nümunələr sırasında qeyd etməliyik. Bu araşdırma qeyri-səlis məntiqin yaradıcısı, görkəmli Azərbaycan-amerikan alimi Lütfi Zadənin xatirəsinə həsr olunub. Ötən il yanvarın 13-də "525-ci qəzet" tərəfindən nəşr edilən "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabının M.F.Axundov adına Milli Kitabxanada təqdimat-müzakirəsi keçirildi, dekabrın 6-da isə Libraff kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında imza günü gerçəkləşdi.

Beləliklə, 2023-cü ili daha çox forum, sərgi və yubileylər ili kimi səciyyələndirə bilərik. Əlbəttə, bunların heç biri ədəbiyyat demək deyil. Çünki ədəbiyyat ilk növbədə, əsərlər deməkdir. Bu kontektdə ötən il nə qədər uğurlu mətnlər meydana qoyulub, - yəqin ki, bunu hər ədəbi sahə üzrə səsləndiriləcək məruzələr diqqətə çatdıracaq. Hər halda qeyd etdiyimiz bu təzahürlər də ədəbi mühitdə müəyyən dinamikanın yaranması, insan amilinin inkişafında ədəbiyyatın, estetik başlanğıcın rolunun nə qədər önəmli olması ilə bağlı müəyyən bir missiya yerinə yetirmişdir.

SİZƏ MARAQLI OLA BİLƏR