Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan Elmlər Akademiyasının Nizamnamələri - Akademik İsa Həbibbəyli

21-05-2024 [ 10:43 ] [ oxunub:48 ]
printerA+ | A-
104577

Azərbaycan Milli Elmlər Akademiyası-80

Ölkəmizdə elmi fəaliyyətin təşkilatlandırılması işinin 1923-cü ildə yaradılmış Azərbaycan Tədqiq və Təböbbə Cəmiyyətinin (Azərbaycan Tədqiq və Öyrənmə cCəmiyyətinin - İ.H.) yaradılması ilə başlanmışdır. Azərbaycanı Tədiqiq və Öyrənmə Cəmiyyəti Milli Elmlər Akademiyasının sələfidir. Diyarşünaslıq missiyasının həyata keçirilməsi ilə fəaliyyətə başlayan bu  Cəmiyyətə qısa müdətdə işini genişləndirərək elmin bütün əsas sahələrini əhatə etmiş, dövrün elmi qüvvələrini öz ətrafınada birləşdirmişdir. Az sonra, 29 dekabr 1932-ci ildə yaradılmış SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi və onun davamı kimi təsis edilmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Tədqiq və Təböbbə Cəmiyyətinin varisi kimi meydana çıxmışdır. Bu mənada Maarif Komissarı Mustafa Quliyevin və Komissarlığın katibi Calalbəyovanın 5 aprel 1924-cü il tarixdə imzaladıqları Tədqiq və Təböbbə Cəmiyyətinin Nizamnaməsi ölkəmizdə elmi qurumların ilk akademik Anayasasıdır. "Ümumi müddəalar", "Cəmiyyətin məqsədi", "Cəmiyyətin idarə olunması", "Cəmiyyətin yerləşdiyi məkan və onun fəaliyyəti", "Cəmiyyətin maliyyə vəsaiti", "Təftiş komissiyası və Cəmiyyətin və 33 maddədən ibarət olan bu Nizamnamə" sonrakı dövrlərdə AzTAN-la yanaşı, Azərbaycan SSR Elmlər Akademiyasının da Nizamnamələrinin işlənib hazırlanmasında ilkin model və hüquqi baza rolunu oynamışdır.

Elmlər Akademiyasının Nizamnaməsi bu ali dövlət elmi təşkilatının fəaliyyətini tənzimləyən və istiqamətləndirən əsas sənəddir. Sovet hakimiyyəti illərində müttəfiq respublikaların Elmlər Akademiyalarının, o cümlədən, Azərbaycan Elmlər Akademiyasının Nizamnaməsi bir qayda olaraq mərkəzi elmi təşkilatın, yəni SSRİ Elmlər Akademiyasının Nizamnaməsinə uyğun şəkildə hazırlanılmışdır. Bu baxımdan Azərbaycan SSR Elmlər Akademiyasının Nizamnaməsində öz əksini tapmış müddəaların əksəriyyətinin mərkəzi elmi təşkilatla "razılaşdırmaqla" həyata keçirilməsinin nəzərdə tutulması sovet hakimiyyətində totalitar rejimin əsaslandığı idarəetmə üsulundan irəli gələn prinsip idi. Bundan başqa, digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycan SSR Elmlər Akademiyasının Nizamnamələrində də xarici əlaqələr ümumi sözlərlə ifadə edilmiş, bu sahədəki fəaliyyətin mərkəz vasitəsilə icra olunması nəzərdə tutulmuşdur. Eyni zamanda, Elmlər Akademiyasının sovet dövründə qəbul edilmiş Nizamnamələrində konkret elmi-təşkilati fəaliyyətdən çox, ideoloji vəzifələrə dair müddəalar özünə yer almışdır. Bəzən isə Nizamnamədə yazılmış siyasi-ideoloji xarakterli müddəalar dekorativ xarakter daşımış, Elmlər Akademiyasında idarəetmə mərkəz tərəfindən müəyyən edilmiş ənənəvi qaydalar əsasında həyata keçirilmişdir.

Azərbaycan SSR Elmlər Akademiyasının ilk Nizamnaməsi 23 yanvar 1945-ci ildə bu ali elmi təşkilatın təsis olunması ilə əlaqədar olaraq, SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Xalq Komissarları Sovetinin təqdimatı əsasında SSRİ Nazirlər Soveti tərəfindən təsdiq edilmişdir. Bu Nizamnamədə ümumi müddəalardan və ideoloji vəzifələrdən, Akademiyasının struktur bölmələrinin yaradılması və funksiyalarının müəyyən edilməsindən başqa, daha çox Elmlər Akademiyasına yüksək  idarəetmə orqanlarının və elmi-tədqiqat institutlarının rəhbər vəzifəli şəxslərinin, həmçinin Akademiyanın həqiqi və müxbir üzvlərinin seçilmə prosedurlarına dair əsasnamələrə xas olan və Akademiyanın təsis edilmiş prosedurlarını həyata keçirmək üçün zəruri hesab edilən müddəalar öz əksini tapmışdır. Azərbaycan SSR Elmlər Akademiyasının 27 mart 1945-ci il Nizamnaməsi həmin prinsiplər əsasında müəyyən edilmişdir. Akademiyanın 31 mart 1945-ci il tarixdə keçirilmiş Birinci Ümumi Yığıncağında 27 mart 1945-ci il tarixli Nizamnamənin tələbləri əsas kimi qəbul edilməklə həm Azərbaycan SSR Elmlər Akademiyasının rəhbər heyəti və həm də ilk akademikləri seçilmişdir. Məlum olduğu kimi, Akademiyanın 31 mart 1945-ci il tarixli Ümumi Yığıncağında akademik Mir Əsədulla Mirqasımov Akademiyanın prezidenti, akademik Şamil Əzizbəyov və Heydər Hüseynov vitse-prezidentlər, akademik Mirəli Qaşqay akademik-katib seçilmişlər.

.

Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının ilk strukturu da 1945-ci il Nizamnaməsi ilə müəyyən edilmiş və bu əsasda müvafiq elmi bölmələr yaradılmış, həmin elmi bölmələrin tərkibi təsdiq olunmuşdur. Bu, Elmlər Akademiyalarının, o cümlədən Azərbaycan SSRİ Elmlər Akademiyasının tarixinə Stalin Nizamnaməsi kimi daxil olmuşdur. Qeyd edək ki, Azərbaycan SSR Elmlər Akademiyası uzun illər həmin Nizamnamə ilə idarə olunmuşdur.

Sovet hakimiyyəti illərində Azərbaycan SSR Ellər Akademiyasının Nizamnaməsində nisbətən əsaslı dəyişiklik 2 iyun 1963-cü ildə baş vermişdir. Sovet İttifaqı Kommunist Partiyasının 14 fevral 1956-cı ildə keçirilmiş XX Qurultayında şəxsiyyətə pərəstişinin aradan qaldırılması və ölkədə "Xruşov mülayimləşməsi" prosesinin başlanması Elmlər Akademiyasının idarə olunmasında da müəyyən dəyişikliklərə yol açmışdır. Xüsusən, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin "SSRİ  Elmlər Akademiyası və müttəfiq respublikaların Elmlər Akademiyalarının fəaliyyətinin yaxşılaşdırılması tədbirləri haqqında"kı 11 aprel 1963-cü il tarixdə qəbul etdiyi qərardan sonra Azərbaycan SSR Elmlər Akademiyasının 1963-cü ildə qəbul edilmiş Nizamnaməsində Sovet dövlətinin Stalin mərhələsinin inzibati-ideoloji prinsipləri aradan qaldırılmış, elmə partiya nəzarəti nisbətən yumşaldılmış, struktur elmi bölmələrin rolu bir qədər artırılmışdır. Bu, SSRİ elmi məkanında, o cümlədən, Azərbaycan SSR Elmlər Akademiyasının idarə olunmasında yeni bir mərhələnin başlanması demək idi. Bu Nizamnamə Azərbaycan Elmlər Akademiyasının tarixinə Xruşov Nizamnaməsi kimi yer almışdır. Nizamnamənin qəbul edildiyi dövrdə Azərbaycan SSR Elmlər Akademiyasına akademik Zahid Xəlilov rəhbərlik etmişdir.

Elmlər Akademiyasının Nizamnaməsində növbəti dəfə sovet hakimiyyətinin mövqelərinin zəiflədiyi şəraitdə, ölkəmizdə dövlət müstəqilliyi ərəfəsində Ümumi yığıncağın 20 iyun 1990-cı il tarixli iclasında bəzi dəyişikliklər olunmuş, müəyyən ideoloji xarakterli tezislər ixtisar edilərək mətndən çıxarılmışdır. Bundan sonra Azərbaycan Elmlər Akademiyasının Ümumi yığıncağının 20 aprel 1994-cü il tarixli iclasında müstəqillik dövründə "Azərbaycan Elmlər Akademiyasının inkişaf konsepsiyası" müzakirə edilərək qəbul edilmiş, ölkə elminin istiqamətlərinin müstəqil dövlətimizin inkişafına doğru istiqamətləndirilməsi zəruri hesab olunmuşdur. Bu, Elmlər Akademiyası sistemində keçmiş sovet ideologiyasından imtina edilməsi, elmi fəaliyyətin ölkəmizin milli və dövlətçilik maraqlarına uyğunlaşdırılması prosesinin başlanğıcı idi. Ümumi Yığıncaq eyni zamanda 20 aprel 1994-cü il tarixdə keçirilmiş iclasında Azərbaycan Elmlər Akademiyasının Nizamnaməsinin yeni mətnini də təsdiq etmişdir. Nizamnamədə  əvvəlki mətnlərdəki "Azərbaycan SSR Elmlər Akademiyası" ifadəsindən "SSR" sözləri ixtisar olunmuş, mətndə sovet, partiya kimi sözlər redaktə edilərək çıxarılmışdır. Nizamnamənin müddəalarından keçmiş sovet dövrünə aid sözlər və ifadələr çıxarılsa da, Elmlər Akademiyasının idarə olunmasının keçmiş modelinə ciddi şəkildə toxunulmamışdır. Bununla belə, Azərbaycan Elmlər Akademiyasının 20 aprel 1994-cü il tarixdə Ümumi yığıncağında qəbul edilmiş Nizamnaməsi ölkə elminin müstəqil dövlətin maraqlarına doğru istiqamətinin zəruriliyini irəli sürmək baxımından ilk addım kimi mühüm əhəmiyyətə malikdir. Bununla belə, bu Akademiyanın keçid dövrünün nizamnaməsi kimi elm tarixinə daxil olmuşdur.

Azərbaycan Elmlər Akademiyasının həyatında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 may 2001-ci il tarixli Fərmanı ilə "Azərbaycan Elmlər Akademiyasının statusu haqqında" qərarının qəbul edilməsi yeni bir mühüm mərhələ başlanmışdır. Məhz bu Fərmanla ilk dəfə olaraq ölkəmizin ali dövlət elmi təşkilatına "Azərbaycan Milli Elmlər Akademiyası" statusu verilmişdir. Akademiyanın yeni statusunda ifadə olunmuş "Milli Elmlər Akademiyası" anlayışı ölkə elminin Azərbaycan xalqının milli maraqlarına və müstəqil dövlətçilik prinsiplərinə istiqamətləndirilməsi vəzifələrinin ön mövqeyə çəkilməsini müəyyən etmişdir. Qeyd olunduğu kimi, bu Fərman "Akademiyanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının, mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, respublika ictimaiyyəti arasında olan nüfuzunu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləmişdir".

Ölkə elminin baş qərargahına "Azərbaycan Milli Elmlər Akademiyası" statusunun verilməsi öz növbəsində Nizamnamənin də həmin statusa uyğun olaraq yenidən hazırlanması zərurətini meydana çıxarmışdır. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası sistemində elmi müəssisələrin fəaliyyətinin ölkə maraqlarına doğru yenidən qurulması sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında Humanitar və İctimai Elmlər Bölməsinin yenidən təşkili, dövlət başçısının 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə Naxçıvan Bölməsinin təsis edilməsi, Fəlsəfə və Hüquq, Milli Münasibətlər, İctimai-Siyasi Tədqiqatlar və İnformasiya institutlarının bazasında Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun yaradılması ali elmi qurumun tərkibində ölkə maraqları əsasında aparılmış yenidənqurma tədbirlərindən idi. Nəhayət, 4 yanvar 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında"  yeni Fərman imzalaması ilə Akademiyada əsaslı dəyişikliklərin aparılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2003-cü il tarixli Fərmanı Milli Elmlər Akademiyasının nüfuzunun, səlahiyyətlərinin və funksiyalarının artırılması sahəsində atılmış ən ciddi addım idi. İlk dəfə olaraq bu Fərmanla Milli Elmlər Akademiyasına ölkə üzrə elmi tədqiqatları əlaqələndirmək səlahiyyəti verilmişdir. Fərmanda öz əksini tapmış aşağıdakı müddəalar Elmlər Akademiyasının bütün tarixi inkişaf prosesləri müddətində qazandığı ən böyük statusun ifadəsi idi: "Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır".

Mövcud qanunvericilik qaydalarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində də Fərmanda ifadə olunan səlahiyyətlər və funksiyalar öz əksini tapmalıdır. Lakin Milli Elmlər Akademiyası Nizamnaməsinin yeni redaksiyada mətni də Akademiyanın statusu haqqında imzalanmış Fərmanla eyni gündə, 4 yanvar 2003-cü ildə təsdiq olunduğu üçün həmin genişləndirilmiş funksiya və səlahiyyətlərin bəziləri bir qədər əvvəl hazırlanmış Nizamnamədə özünə tam yer ala bilməmişdir. Bununla belə, Milli Elmlər Akademiyasının 20 aprel 1994-cü il tarixli Nizamnaməsi ilə müqayisədə 4 yanvar 2003-cü ildə təsdiq olunmuş Nizamnamə ölkədə elmi fəaliyyətin azərbaycançılıq prinsipləri əsasında yenidən qurulması və müstəqillik dövrünün tələblərinə istiqamətləndirilməsi baxımından irəliyə doğru atılmış mühüm hadisə idi. Xüsusən, Milli Elmlər Akademiyasındakı elmi bölmələrin və elmi tədqiqat institutlarının işinin yenidən təşkil edilməsi və Akademiyaya seçkilərin keçirilməsi haqqında Nizamnamədə öz əksini tapmış müddəalar ali elmi qurumda təşkilati vəzifələrin həyata keçirilməsinə lazımi imkanların yaradılmasına xidmət etmişdir. Bütün bunlara görə Azərbaycan Elmlər Akademiyasının 4 yanvar 2003-cü il tarixdə təsdiq edilmiş yeni Nizamnaməsi elm tariximizdə müstəqillik dövrünün Nizamnaməsi kimi səciyyələnir. Bu yeni Nizamnamə haqlı olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının tarixində Heydər Əliyev Nizamnaməsi kimi də adlandırıla bilər. Yeni Nizamnamə və onun hüdudların genişləndirən "Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında" 4 yanvar 2003-cü il tarixli Fərman Elmlər Akademiyanın tarixində bu elmi quruma ən çox və ən geniş imkanlar yaradan hüquqi sənəd kimi mühüm tarixi əhəmiyyətə malikdir. Məhz həmin Fərmandan sonra ölkəmizin ali elmi dövlət təşkilatı Milli Elmlər Akademiyası adlandırılmışd, ölkə üzrə əlaqələndirilmə funksiyalarını da yerinə yetirmişdir.

Bununla belə, xüsusi Fərmanla Milli Elmlər Akademiyasının statusunun genişləndirilməsi və zamanın meydana çıxardığı yeni çağırışlar bir müddətdən sonra yeni Nizamnamə mətninin hazırlanmasını diqqət mərkəzinə çəkmişdir. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2008-ci il ildə "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" qərarı qəbul edilməsindən sonra Milli Elmlər Akademiyasında nəzərdə tutulan yenidənqurma tədbirlərinin həyata keçirilməsini Nizamnamədə köklü əlavələr və dəyişikliklər etmədən təmin etmək mümkün deyildi. Buna baxmayaraq, Milli Elmlər Akademiyasında Nizamnamə mövzusu yalnız 4 yanvar 2003-cü il tarixdə təsdiq olunmuş Nizamnamədən on il keçdikdən sonra, 2013-cü ildə yenidən gündəmə gəlmişdir.

Milli Elmlər Akademiyasının yeniləşdirilmiş rəhbər heyətinin seçildiyi 24 aprel 2013-cü il tarixli Ümumi Yığıncağında AMEA Nizamnamə Komissiyasının yeni sədri də seçilmişdir. Mövcud qaydaya uyğun olaraq, 15 sentyabr 2013-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Nizamnamə Komissiyasının yeni tərkibi müəyyənləşdirilərək təsdiq olunmuş və yeni Nizamnamə mətninin hazırlanmasına başlanılmışdır. Nizamnamə Komissiyası aşağıdakı tərkibdə müəyyən olunmuşdur. AMEA-nın həqiqi üzvləri: İsa Həbibbəyli (sədr), akademik Asəf Nadirov, akademik Vaqif Fərzəliyev, akademik İsmayıl Hacıyev, müxbir üzv Rasim Əliquliyev və hüquq elmləri namizədi Azər Namazov.

Komissiya Azərbaycan Milli Elmlər Akademiyası Nizamnaməsinin yeni redaksiyada mətnini hazırlamaq vəzifəsini həyata keçirmək üçün fəaliyyətə başlamışdır. İlk növbədə dünya Elmlər Akademiyalarının Nizamnamə təcrübəsi öyrənilmişdir. Rusiya, Çin Xalq Respublikası, Polşa, Almaniya, Ukrayna, Belarus, Macarıstan, Qazaxıstan, Çexiya, Bolqarıstan Elmlər Akademiyalarının Nizamnamələri diqqətlə nəzərdən keçirilərək təhlil edilmişdir. Rusiya Elmlər Akademiyasının Nizamnaməsindəki əvvəlki sovet dövründən qalmış və hazırda da bu böyük ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən Elmlər Akademiyasının çoxsaylı Bölmələrini, filiallarını və bazalarını idarə etmək üçün "əlverişli" olan mərkəzləşdirilmiş, razılaşdırmaqla idarəetmə proseslərinin təmin edilməsinə dair müddəalar Azərbaycan Milli Elmlər Akademiyası üçün faydalı hesab edilməmişdir. Ukrayna və Belorus Elmlər Akademiyalarının Nizamnamələrində hələ də əsaslı dəyişiklər edilmədiyi, sovet dövründəki Nizamnamədən redaktə edilərək istifadə olunduğu nəzərə alınmışdır. Eyni zamanda, məlum olmuşdur ki, Bolqarıstan, Macarıstan və Çexiya ölkələrinin iqtisadi vəziyyəti nəzərə alınmaqla Elmlər Akademiyalarının Nizamnamələrini elmi-tədqiqat institutlarının, digər struktur bölmələrin birləşdirilməsinə, aparılmış ixtisarlara uyğunlaşdırmışdır. Qazaxıstan Elmlər Akademiyası isə dövlət büdcəsindən maliyyələşən təşkilatların sırasından çıxarılaraq, Səhmdar Cəmiyyətə çevrildiyi üçün tamam fərqli bir Nizamnamə sənədi ilə fəaliyyətini tənzimləməli olmuşdur. Nizamnamə axtarışları zamanı Azərbaycan üçün nisbətən yaxın olan Çin Xalq Respublikasının və Polşa Xalq Respublikalarının Elmlər Akademiyalarının Nizamnamələri Azərbaycanda müstəqillik dövrünün yeni islahatlar mərhələsinin Nizamnaməsini hazırlamaq üçün təcrübənin öyrənilməsi baxımından daha əhəmiyyətli olmuşdur. Lakin Çin Elmlər Akademiyasının Nizamnaməsindəki böyük bir dövlətin nəhəng elmi qurumunun və ona bağlı böyük elmi şəbəkənin idarə olunması və istiqamətləndirilməsi üçün aparılmış ümumiləşdirmələr, Polşa Elmlər Akademiyasında elmi-tədqiqat qurumlarındakı parçalanmalar da Azərbaycan üçün olduğu kimi qəbul edilə bilən müddəalar deyildi. Beləliklə, Elmlər Akademiyaları sahəsində dünya təcrübəsini öyrənərkən qarşılaşdığımız fərqli mənzərə bizim üçün Nizamnaməni hazırlayarkən dünya akademiyalarında gedən müsbət meylərdən istifadə etməklə bərabər, ölkəmizin mövcud reallıqlarından çıxış etməyin daha münasib yol olduğu qənaətini irəli sürməyə əsas vermişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi yolun təcrübələrini və müxtəlif vaxtlarda ölkəmizdə qəbul edilmiş Nizamnamələri dərindən təhlil etməklə yanaşı, hazırkı şəraitdə müstəqil Azərbaycan Respublikasının elmdən, akademiyadan nə gözlədiyi və elm adamlarının hansı təşəbbüslərlə çıxış edərək nələri arzu etdikləri də diqqətlə, yaradıcı şəkildə nəzərdən keçirilmişdir. Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyasının 2014-cü ildə qəbul edilmiş Nizamnaməsi dünya təcrübəsini öyrənməklə yanaşı, daha çox ölkə reallıqlarının nəzərə alınması və perspektiv inkişafın nəzərdə tutulması prinsipləri əsasında hazırlanmışdır.

Yeni redaksiyada hazırlanmış Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin mətni bir neçə dəfə AMEA Rəyasət Heyətinin iclaslarında və işçi qrupunun yığıncaqlarında müzakirə olunmuşdur. Müzakirələr zamanı bəzi mübahisəli məqamlar da meydana çıxmışdır. Məsələn, Milli Elmlər Akademiyasının Nizamnaməsindəki "Akademiyanın fəaliyyətinin məqsədi və istiqamətləri" maddəsinin 2.2.8 və 2.2.9-cu bəndlərindəki Akademiyada innovasiya və sahibkarlıqla məşğul olmağa dair yeni salınmış müddəalar elmi mühitdə birmənalı qarşılanmamışdır. Müzakirələr zamanı Nizamnamənin 2.2.9-cu maddəsinin mətnində ifadə olunan "İnnovativ sahibkarlıq və onunla bağlı yeni fəaliyyət növlərinin inkişafı üçün əlverişli mühitin yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlər həyata keçirmək, elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar, innovasiya zonaları, inkubatsiya xidmətləri, texnologiya transferi mərkəzlərinin təşkili barədə təkliflər vermək" müddəalarındakı Akademiyada istehsalat yönümlü müəssisələrin yaradılması və fəaliyyətinin təşkilinə dair məsələlərinin dövlət ali elmi təşkilatının funksiyaları ilə uzlaşmadığına dair mülahizələr də nəzərə çarpdırılmışdır. İddiaçılar öz fikirlərini dövlət sektoruna aid olan Azərbaycan Milli Elmlər Akademiyasında özəl sektorun fəaliyyətinə daha çox aid olan istehsalat obyektlərinin yaradılmasının hüquqi cəhətdən düzgün olmadığı mövqeyində dayanmışlar. Bundan başqa, ənənəyə uyğun olaraq əsasən fundamental tədqiqatlarla məşğul olan Akademiyanın fabrik-zavod yaradıb işlətməsi, məhsul istehsal etmək səviyyəsində istehsalat məsələlərinə cəlb edilməsi də  bəzən o qədər də məqbul sayılmamışdır. Halbuki Azərbaycan Milli Elmlər Akademiyasında hələ sovet dövründə təsərrüfat müqaviləsi ilə işləyən Tərcübə-Konstruktor Büroları və Təcrübə-Sınaq Zavodu kimi struktur bölmələr fəaliyyət göstərmiş və bu elm-istehsalat müəssisələrdən əldə edilən maliyyə vəsaitindən elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, elmi qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə istifadə olunmuşdur. İndi isə dövlət səviyyəsində təsdiq olunan Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində Akademiyanın innovasiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair konkret maddələrin nəzərdə tutulması bu sferanın daha da inkişaf etdirilməsinə hüquqi təminat verirdi. Buna baxmayaraq, Nizamnamənin qəbul edilmək üçün təqdim olunması üçün kompromis variant kimi 2.2.9-cu maddənin axırındakı "təşkil etmək" sözləri "təşkili barədə təkliflər vermək" ifadələri ilə əvəz olunmuşdur. Əslində "təşkili barədə təkliflər" vermək işi də Akademiyaya aid olduğu üçün eyni mənanı ifadə etdiyindən, yəni innovasiya və sahibkarlıq mühiti yaratmağa əsas verdiyindən Nizamnamənin 2.2.9-cu maddəsi qüvvəsində qalmışdır.

Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyasının 2014-cü il Nizamnaməsində ilk dəfə olaraq aşağıdakı bir sıra mühüm müddəalar öz əksini tapmışdır:

l Azərbaycançılıq ideyasının Akademiyanı əsas prioritet istiqamətindən birinə çevirmək ölkəmizin bütün elmi müəssisələri və təşkilatlarında, ali məktəblərdə aparılan elmi tədqiqat işlərinin əlaqələndirmək, istiqamətləndirmək və qiymətləndirmək funksiyalarını həyata keçirmək,  elmi tutumlu təsərrüfat obyektləri yaradıb fəaliyyətinin tərkib etmək, elmdə innovasiya və sahibkarlıq fəaliyyətini həyata keçirmək, ölkə üzrə elmi ekspertizanın təşkilində Akademiya alimlərinin  iştirakını təmin etmək.

l Ölkə üzrə elmi-tədqiqatların təşkili və əlaqələndirilməsinin təmin etmək, beynəlxalq elmi laboratoriyaların yaradılması və fəaliyyətinin təşkil etmək, ödənişli əsaslarla mütəxəssislər hazırlamaq, magistratura pilləsi üzrə mütəxəssislər hazırlamaq.

l Azərbaycan alimlərinin, o cümlədən gənc alimlərin qurultaylarını keçirmək, Akademiyanın fəxri və xarici üzvlərini bir-birindən fərqləndirmək

Yeni Nizamnaməyə əsasən Azərbaycan Milli Elmlər Akademiyası Ümumi yığıncağı və Rəyasət Heyətinin səlahiyyətləri genişləndirilmiş, beynəlxalq əlaqələr yaratmaq sahəsində imkanları genişləndirilmişdir.

Müstəqillik dövrünün reallıqlarını istiqamətləndirən 11 dekabr 2014-cü il Nizamnaməsi Azərbaycan Milli Elmlər Akademiyasının tarixinə İlham Əliyev Nizamnaməsi kimi həkk olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 dekabr 2014-cü ildə 386 saylı Fərmanla Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Nizamnaməsini təsdiq etmişdir. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının azərbaycançılıq prinsipləri əsasında hazırlanmış, müstəqillik dövrünün tələblərinə cavab verən birinci Nizamnaməsi hesab oluna bilər.

Milli Elmlər Akademiyasının Nizamnaməsində öz əksini tapmış yeniliklər, bir qədər sonra, Milli Məclisdə Elm və Təhsil Komitəsində hazırlanmış və Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ildə təsdiq olunmuş "Elm haqqında" Qanunda daha da genişləndirilmiş və möhkəmləndirilmişdir. "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa ayrıca olaraq "Azərbaycan Milli Elmlər Akademiyası" adlı xüsusi maddə daxil edilmiş və həmin maddədə Akademiyanın səlahiyyətləri, funksiyaları və vəzifələri öz əksini tapmışdır. Bundan başqa, "Elm haqqında" Azərbaycan Respublikasının Qanununda elm tarixində ilk dəfə olaraq "Elmdə sahibkarlıq və innovasiya fəaliyyəti"nə aid 16 bənddən ibarət ayrıca 38-ci maddə özünə yer almışdır. "Elm" haqqında Azərbaycan Respublikasının Qanununda və Milli Elmlər Akademiyasının yeni Nizamnaməsindəki müddəalar ölkə elmi mühitində, xüsusən də Elmlər Akademiyasında islahatların aparılmasına imkan yaratmışdır. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının statusunun artırılması, Milli Elmlər Akademiyasında Təcrübə-Sənaye zavodunun Neft-Kimya Prosesləri İnstitutundan çıxarılaraq ümumakademiya elmi-istehsalat qurumuna çevrilərək fəaliyyətini davam etdirməsi, Akademiyada ilk dəfə olaraq magistratura təhsilinin təşkili, birgə beynəlxalq laboratoriyalarının yaradılması kimi məsələlərin müsbət həlli 2014-cü il Nizamnaməsinin müddəaları əsasında baş tutmuşdur.

Bununla belə, daim yeniləşmə proseslərinin həyata keçirilməsini tələb edən Akademiya mühitində ölkəmizdə gedən ictimai-siyasi proseslərə uyğun olaraq daha dərin islahatlara yaranmış tələbat öz növbəsində Nizamnaməyə əsaslı əlavələrin və yeniliklərin daxil edilməsi zərurətini meydana çıxarmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Ümumi Yığıncağında Nizamnamə Komissiyasının yeni tərkibi seçilmiş və Akademiyanın fəaliyyətini tənzimləyən və istiqamətləndirən Nizamnaməyə müasir dövrün çağırışlarını əks etdirən müddəaların daxil edilməsi qərara alınmışdır. AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəylinin rəhbərliyi və komissiyanın üzvləri akademiklər Vaqif Fərzəliyev, Rasim Əliquliyev, İsmayıl Hacıyev, müxbir üzv Bəxtiyar Məmmədov hüquq elmləri doktoru Nazim Cəfərlinin iştirakı ilə AMEA Nizamnaməsinin müasir mərhələnin prinsiplərinə uyğun surətdə yeniləşdirilməsi vəzifəsi həyata keçirilmişdir. Hazırlanan yeniləşdirilmiş Nizamnamədə Milli Elmlər Akademiyasında müstəqil dövlətçilik və azərbaycançılıq ideallarının daha da dərinləşdirilməsi, alimlərin ölkəmizdəki dövlət quruculuğu proseslərində daha yaxından iştirakının təmin edilməsi məsələləri dərinləşdirilərək möhkəmləndirilmişdir. Bundan başqa, Milli Elmlər Akademiyasının 2020-ci il Nizamnaməsinə edilmiş əlavələr bu dövlət ali elmi təşkilatında bir sıra zəruri struktur islahatlarının aparılmasına təminat vermişdir.

Nizamnaməyə yeni daxil edilmiş maddələrə əsasən Milli Elmlər Akademiyasının strukturunda mövcud olan, lakin funksiyaları etibarilə vitse-prezidentlik institutu ilə paralellik təşkil edən Bölmələrin akademik katibləri vəzifələri ixtisar olunmuş, vitse-prezidentlərin səlahiyyətləri artırılmışdır. Eyni zamanda, 2020-ci ilədək Elmi Bölmələrin idarəetmə orqanı olan, sovet təfəkkürünü əks etdirən "Büro" anlayışının ləğv edilməsi və əvəzində Bölmələrin Elmi Şuralarının yaradılması üçün hüquqi əsasları formalaşdırmışdır.

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 aprel 2020-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının 11 dekabr 2014-cü ildə təsdiq edilmiş Nizamnaməsində dəyişiklik edilməsi haqqında Fərman ilə tənzimləndirilmişdir.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsilin idarə edilməsinin təkmilləşdirilməsinin bəzi məsələləri haqqında" 28 iyul 2022-ci il tarixli Fərmanı ölkəmizdə elm və təhsilin təşkili sahəsində yeni reallığı gündəmə gətirmişdir. Bu Fərmana əsasən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərmiş dəqiq və texniki elmləri, təbiət elmlərini əhatə edən elmi-tədqiqat institutları yeni yaradılmış Elm və Təhsil Nazirliyinin tərkibinə daxil edilmişdir. Bundan başqa, Akademiyanın tərkibində olan Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavid Muzeyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin idarəçiliyinə verilmişdir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölmələrinin tabeliyində olan elmi-tədqiqat institutlarını, Milli Ensiklopediya Mərkəzini, Naxçıvan və Gəncə Bölmələrini, Şəki,  Lənkəran və Quba Elmi Mərkəzlərini, Seysmologiya Mərkəzini, Mərkəzi Elmi Kitabxananı və "Elm" nəşriyyatını özündə birləşdirir. Elm və ali təhsilin inteqrasiyasına geniş imkan yaradan bu reallıq eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin hazırlanması zərurətini meydana çıxarmışdır. AMEA Nizamnamə Komissiyası Akademiyanın rəhbərliyi ilə AMEA-nın mövcud reallıqları və perspektiv inkişafı əks etdirən yeni Nizamnamə layihəsi üzərində geniş iş aparmış və nəticədə Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyətlərini tənzimləyən hüquqi sənəd imzalanmışdır. Yeni Nizamnamə layihəsi əlaqədar qurumlarla müzakirə edildikdən sonra Nizamnamənin tələblərinə uyğun olaraq AMEA Ümumi Yığıncağının 1 may 2023-cü il tarixli qərarı ilə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 noyabr 2023-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsini təsdiq etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi sosial-iqtisadi inkişaf strategiyasının və milli prioritetlərin əsas kimi qəbul edilməsi AMEA-nın yeni Nizamnaməsində dünya elminə inteqrasiya ilə yanaşı, ölkəmizin tərəqqisinə və yeniləşdirilməsinə xidmət edən yeni Nizamnamənin hazırlanması zərurətini meydana çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2023-cü il tarixdə təsdiq etdiyi Milli Elmlər Akademiyasının Nizamnaməsi ölkəmizdə elmin təşkili və idarə olunmasında meydana çıxmış yeni reallıqların hüquqi cəhətdən tənzimlənməsinə və istiqamətləndirilməsinə xidmət edir. Tərkibində əsasən humanitar və ictimai elmlərə dair elmi müəssisələrinin mövcud olduğu nəzərə alınmaqla, yeni Nizamnamədə bu sfera üçün prioritet olan Azərbaycançılıq və milli dövlətçilik ideologiyasının, Azərbaycan dilinin, milli ədəbi-ictimai fikrin, tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, inkişaf etdirilməsinə və möhkəmləndərilməsinə xidmət edən elmi-tədqiqatların aparılması və fəaliyyətlərin həyata keçirilməsi, bu sahələr üzrə elmi məktəblərin formalaşdırılması ilə əlaqədar müddəaları ön mövqeyə çıxarılmışdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının idarə olunması və Akademiyanın tərkibində təmsil olunan humanitar və ictimai elmləri əhatə edən elmi tədqiqat institutlarının və Seysmoloji Xidmət Mərkəzinin işinin təşkili, fəaliyyətinin tənzimlənməsi yeni Nizamnamənin ana xətlərini müəyyən edir. Məsələnin ölkə reallıqları ilə əlaqədar müddəalar vaxtilə sovet hakimiyyəti dövründə Elmlər Akademiyalarının fəaliyyətində əsas yer tutmuş keçmiş SSRİ-nin hərbi-sənaye kompleksinin inkişaf etdirilməsinə istiqamətləndirilmiş elmi tədqiqatlardan nəhayət ki, konkret olaraq müstəqil Azərbaycan Respublikasının dövlətçilik mənafelərinə və xalqımızın milli maraqlarına xidmət edən elmi fəaliyyətə keçmək üçün hüquqi təminat yaradır. Nizamnamədəki Akademiyanın inkişafı fondu yaratmaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq problem şuralar, komitələr, komissiyalar, mərkəzlər təşkil etmək, ekspertizalar keçirmək, monitorinqlər aparmaq, xaricdə yaşayan elmi diaspora ilə əlaqə qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və sair kimi müddəalar da hazırkı mərhələdə AMEA-nın adında ifadə olunan "Milli" anlayışı istiqamətindəki fəaliyyətin müasir səviyyədə təşkilinə imkan verir. Bu isə öz növbəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə, 3 yanvar 2003-cü il tarixdə imzaladığı Sərəncamla Akademik qurumun "Azərbaycan Milli Elmlər Akademiyası" adlandırılması haqqında qəbul etdiyi qərarın nə qədər böyük uzaqgörənliklə verildiyini əyani şəkildə nümayiş etdirir.

Bundan başqa, yeni Nizamnamədə Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələri və əməkdaşlığına dair də əhəmiyyətli maddələr öz əksini tapmışdır. Nizamnamənin "Akademiyanın hüquqları" bölməsindəki elm sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqinə, beynəlxalq elmi təşkilatlara, digər ölkələrin Akademiyaların üzvlüyünə seçilmək, birgə elmi tədqiqat işləri aparmaq, beynəlxalq laboratoriyalar yaratmaq və sair kimi maddələr akademik qurumun dünya elminə inteqrasiyasına şərait yaradır. Bu, müstəqillik dövrünün indiki mərhələsində Azərbaycan elminin beynəlxalq miqyasda baş verən ən yeni proseslərin, müasir trendlərin ölkə elmi ilə əlaqələndirilməsi üçün zəruri addımların atılmasına meydan açır. Son vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyasının tarixində ilk dəfə olaraq, akademik qurumun dünyanın ən böyük beynəlxalq elmi təşkilatı olan Beynəlxalq Elmi Şuranın, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının, Avrasiya Universitetlər Birliyinin səsvermə hüququna malik olan üzvləri sırasına qəbul edilməsi AMEA-nın yeni Nizamnaməsindəki müddəaların həyata keçirilməsi sahəsində irəliyə doğru atılmış real addımlardır.

Azərbaycan Milli Elmlər Akademiyasının Strukturunun dəyişməsi ilə əlaqədar olaraq bundan sonrakı mərhələdə Akademiyanın elmi Bölmələrinin funksiyalarının müəyyən edilməsi məqsədilə də ilk dəfə olaraq yeni Nizamnaməyə müvafiq müddəalar əlavə edilmişdir. Bu baxımdan yeni Nizamnamə Akademiyada müasir dövrün çağırışlarına uyğun olaraq zəruri struktur islahatlarının aparılmasına hüquqi təminat verən mühüm dövlət sənədi kimi xüsusi əhəmiyyətə malikdir. AMEA-nın Nizamnaməsindəki tərkibində elmi müəssisələri olan Bölmələrin və elmi müəssisələri olmayan Bölmələrin funksiyalarını tənzimləyən ayrıca maddələrin yer alması müasir şəraitdə bütün elm sahələrini əhatə edən Bölmələrin qorunub saxlanılmasına və fəaliyyətinin yenidən təşkilinə əsas verir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında ölkə üzrə il ərzində aparılan elmi tədqiqatlar sahəsində əldə edilmiş mühüm elmi nəticələrə dair hesabatların geniş müzakirələrinin təşkili və elmin daha da inkişaf etdirilməsi haqqında təkliflərin və tövsiyələrin qəbul edilməsi yeni Nizamnamədə öz əksini tapmış qarşılıqlı elmi fəaliyyətin tənzimlənməsi və idarə olunması barədəki hüquqların və vəzifələrin açdığı imkanların reallıqlarıdır.

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2023-cü il tarixdə imzaladığı Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi yeni tarixi mərhələdə elmin xalqımızın milli maraqları və ölkəmizin dövlətçilik mənafeyi istiqamətində inkişaf etdirilməsinə, beynəlxalq elmi əməkdaşlığa, bəşəri dəyərlərin tədqiq edilib ümumiləşdirilməsinə, zəruri struktur islahatlarının aparılmasına təminat verir. Yeni Nizamnamənin qəbul edilməsindən keçən qısa müddət ərzində aparılan elmi tədqiqatlarda Azərbaycançılıq ideallarının aparıcı istiqamətə çevrilməsi, xalqımızın tarixində və taleyində mühüm rol oynamış ədəbi-tarixi şəxsiyyətlərin araşdırılıb tədqiq olunmasının meydanının genişləndirilməsi, Azərbaycan tarixinin ədəbiyyatı və mədəniyyətinin dövrləşdirilmə konsepsiyasının hazırlanması və inkişaf mərhələlərinin müəyyən edilməsi, milli fəlsəfi təfəkkürün formalaşdırılması, arxeologiya, etnoqrafiya, antropologiya, folklorşünaslıq istiqamətlərində qəbul edilmiş qərarlar və atılmış əməli addımlar Akademiyanın müasir dövrün çağırışlarının işığında inkişaf etməkdə olduğunu nümayiş etdirir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə mövcud Tarix İnstitutunun bazasında A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əsasında Arxeologiya və Antropologiya İnstitutunun yaradılması, ölkəmizin reallıqlarına uyğun olaraq "Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı", "Xəzərin arxeologiyası", "Qərbi Azərbaycan tarixi", "Qərbi Azərbaycan folkloru", "Məhkəmə arxeologiyası", "Elektron Akademiya", "Musiqi folkloru", "Toponimika" şöbələrinin təsis edilməsi yeni qəbul edilmiş Nizamnamənin struktur islahatlarının aparılması sahəsində verdiyi imkanların nəticələridir.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2023-cü il tarixdə təsdiq etdiyi Milli Elmlər Akademiyasının Nizamnaməsi akademik təşkilatımızın yeni tarixi dövrünün Nizamnaməsi kimi elmimizin bundan sonrakı inkişafına istiqamətverici sənədi kimi mühüm əhəmiyyətə malikdir.

Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 16 may 2023-cü il tarixli iclasında qəbul edilmiş yeni loqotipi-emblemi də elmin yeni tarixi dövrdəki hədəflərini və vəzifələrini rəmzləşdirir.

Azərbaycan Milli Elmlər Akademiyası davamlı elmi ənənələrin qorunub yaşadılması və yeniləşmə proseslərinin daha da genişləndirilməsi yollarında inamlı addımlar atmaqla davam edir. Əldə olunmuş mühüm elmi nəticələr, aparılmış məqsədyönlü islahatlar, başlanmasına start verilmiş layihələr yeniləşmə hərəkatının Azərbaycan elminin yeni hədəflərə doğru inkişafına təkan verir. Azərbaycan Milli Elmlər Akademiyası qarşıdan gələn 80 illik yubileyinə müstəqil Azərbaycan dövlətinin hərtərəfli və sürətli inkişaf etdirilməsinə mühüm elmi töhfələr vermək əzmi ilə gedir.  

8 may 2024-cü il

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR