Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Elçin hekayəsinin poetikası - Yazıçı haqqında bitməz-tükənməz qeydlərdən - Tehran Əlişanoğlu

14-05-2024 [ 10:56 ] [ oxunub:44 ]
printerA+ | A-

Elçin yaradıcılığında hekayə janrı mühüm, bəlkə də ən mühüm yer tutur; bir yazıda da vurğuladığım kimi, mənimcə Elçin nəsrinin lokomotivi hekayəçilikdir. Uzaq gəncliyində ilk qələm təcrübələrindən janra ürək qızdırmış bugünün Xalq yazıçısı, sevimli yazıçımız Elçin sonra yenə də hekayə yazmaqda, janrın şedevrlərini yaratmaqda davam etmiş və bugün də edir.

Elçin nəsrinin tədqiqatçıları bu məqama həmişə diqqət etmiş, ən müxtəlif aspekt və parametrlərdən Elçin hekayələrinə təhlil və dəyər vermiş; və hətta yaradıcılığının izi ilə bircə-bircə hekayələrini şərh də etmişlər (akademik Nərgiz Paşayevanın "İnsan bədii tədqiq obyekti kimi" (Bakı, 2003), akademik Nizami Cəfərovun "Elçin. Yazıçının yaradıcılıq yolu" (Bakı, 2017) monoqrafiyalarını yada salıram). Zaman-zaman (1998-ci ildə "Absurd hekayələr"dən 2014-cü ildə "Yeni hekayələr"i, 2018-ci ildə son hekayələrinəcən) yazılarımda Elçin hekayəsinin sirrinə mən də varmağa çalışmış, hər dəfə bir az, bu və ya digər tərəfdən poetikasına yaxınlaşmağa cəhdlər etmişəm. Və hər dəfə məni bu hekayənin xronotopunda zamanlı məqamlardan (zamanla dialoq, yaxud polemikadan) çox, zamansızlıq məxrəci (əbədiyyət mənasında) daha da çox cəzb etmiş, düşündürmüşdür. 

Necə olur ki, Elçin hekayələri yazıldığı dövrü, zamanı arxada qoyub, sonra yenə də eyni şövqlə oxunur, oxucu üzərində ecazkar təsirini qoruyub-saxlayır; və necə olur ki, Elçinin sanki zamana, dövrə dəxli olmadan yaranan hər yeni hekayəsi oxucuda  maraq, böyük ajiotaj doğura bilir. "Bu nə sehrdir belə" - Elçin haqqında 56 Söz-yazıdan ibarət kitabı (Bakı, "Elm", 1999) vaxtilə belə adlandırmaqda Vaqif və Cavanşir Yusifli qardaşları heç də yanılmırdılar.

Tədqiqatçılarının ardınca: Elçin nəsrinin hədəfində birbaşa İnsan, İnsan həqiqəti (öz sözü ilə desək:) "İnsan xisləti", sirri, möcüzəsinin durduğunu iqrar etsək, təzə bir söz demiş olmarıq. On il əvvəl elə bu radələrdə etdiyim məruzədən sitat: "Problematikasına görə, biz 1960-1980-ci illər nəsrinə sosial və sosial-psixoloji nəsr də deyirik; ki, hədəfində bilavasitə Fərd, Fərd-Cəmiyyət münasibətləri, İnsanın iç aləmi durur - hansı nasirdə bu vurğu necə, handan hanadırsa. Elçin nəsrində bu, ümumən İnsan haqqında mif şəklindədir: "sosial mif" - doğrudan da mı bir zaman deyildiyi kimi İnsan "ictimai məcmu"dur?; "mənəvi mif" - ... doğrudan da mı İnsan, xislətində gizlənmiş genetik saflıqdan özgə bir şey deyil; yainki - "ekzistensial-fəlsəfi mif": doğuşundan ölümünəcən ətrafıyla bitib-tükənməz psixoloji çabalarında vardır-mövcuddur? Elçin hekayəçiliyi həmin bu əbədiyyət problemləri ətrafında hey dolaşmaqla İnsan haqqında öz mifini qurur, həqiqətini axtarır..." (T.Əlişanoğlu, Elçinin hekayəçiliyi. // Tənqid.net jurnalı, № 10, 2013, s. 301)

Beş il öncəki başqa bir yazı(m)dan sitat: "60-cılardan kimisi toplum həqiqətlərindən gəlir, kimisi millət sevdasından, kimsə də Xalq-xəlqi-mentalitet axtarıcılığından; amma Elçin metafizikası illüziyalardan xali, cavabsız-sorğusuz, birbaşa İnsandan, İnsan fərdindən, İndividdən, Xislətdən başlanır..." (T.Əlişanoğlu, Yazıçının zamanı və zamansızlığı, "Ədəbiyyat qəzeti", 5 may 2018) N.Paşayevanın sözləri ilə təkrarlasaq: İnsan - bədii tədqiq obyekti kimi.

Elçin yaradıcılığında İnsan axtarıcılığının trayektoriyası həyat sevinci, qəhrəmanlarının özünükəşf nikbinliyindən dünyanın faniliyi, dünya kədərinə doğrudur. Son yarım əsrdə olduğumuz-oluşduğumuz-yaşadıqlarımızla identifikasiya etsək, eyniləşdirməli olsaq, Elçinin olduqca zəngin-çoxrəngli-əsrarəngiz yaradıcılıq və təxəyyül dünyası içrə İnsan və həqiqət axtarışlarını bir söz, bir məxrəcə gətirə bilərik: darıxan insanlar, darıxan qəhrəmanlar... Sosial əhatədən, yabançı mühitdən, cəm-iyyətdən, ümumən taledən-tarixdən-zamandan, həyatından darıxan insanlar... Lap ilk əsərlərindən - "Min gecədən biri", "Açıq pəncərə"dən lap son əsərlərinəcən - "Kölgə", "Qəbristanlıq əhvalatı", "Missiya", "Çingiz xanın daşları", "İntihar", "Böcəklər" və s.-cən Elçin yaradıcılığının poetikasını böyük bir dünyəvi darıxqanlığın ifadəsi, başqa sözlə: fəlsəfi dekadans müəyyən edir...

Elçinin tarixi qəhrəmanları Tarixdən bezardır ("Mahmud və Məryəm"i, "Baş"ı, "Ölüm hökmü"nü anaq), müasir qəhrəmanları hər cür sosialçılıqdan (1970-1980-ci illər povest və hekayələrini, "Ağ dəvə"ni yada salaq), "milli" qəhrəmanları mental coğrafiyadan (məşhur "Abşeron hekayələri"ni xatırlayaq)... Hər birisinin də canında eləcə buxovlardan uzaq İnsan olmaq, sevmək-sevilmək, var olduğunu doyunca hiss etmək, yaşamaq çabası-narahatlığı-nigaranlığı; fərdi maraqlar və  Fərdin maraqları. Axı birbaşa İnsan (!), İnsan həqiqəti (!) yanında (ətrafında, fövqündə) nə varsa, cümləsi yalandır!

Hər hansı təsnifat şərti olduğu qədər də əsaslıdır. Tədqiqatçılarının ardınca: Elçin hekayəçiliyinin dinamikasını dəyişən zaman kontekstində mən bir neçə mərhələdə görür və fiksə edirəm. 1960-1970-ci illərin intibah hekayələri ("Sarı pencək", "Qatar. Pikasso. Latur. 1968", "Beş qəpiklik motosikl", "Qırmızı ayı balası", "Gümüşü, narıncı, məxməri", "Bu dünyada qatarlar gedər", "Baladadaşın ilk məhəbbəti" və s.); 1980-cilərin dekadansı ("Bülbülün nağılı", "Baladadaşın toy hamamı", "Ayaqqabı", "Hotel Pristol", "Hönkürtü", "Bozluq içində iki nəfər", "Beş dəqiqə və əbədiyyət", "Gül dedi bülbülə" və s.) və 1990-lardan qlobalizə dövrünün absurdu ("Ordenli yazıçı ilə görüş", "Mehmanxana nömrəsində görüş", "Xüsusi sifariş", "Hövsan soğanı", "Qırmızı qərənfil gülləri Pera palas otelində qaldı", "Sarı gəlin", "Araba", "Qarabağ şikəstəsi" və s.) ...

Beş il öncə yazdığımdan daha bir sitat: "... inqilablar-müharibələr- qlobal kataklizmlərdən yorulmuş XX əsr insanının ən böyük həqiqəti - absurdizmə, absurd həqiqətinə də yazıçılarımızdan ən tez məhz Elçin yetişdi; XX yüzilin sonunda. "Dünya oyunxanədir..." - bir çox maarifçilərin, neomaarifçilərin, realist və romantik azadlıq aşiqlərinin, istiqlal cəfakeşlərinin fikri-düşüncəsi-intibaları olmuşlara-olaylara-olacaqlara qarışdığı dəmdə Elçinin absurd- (hekayə və) pyeslərindən qəfil qabaran həmin mövqe hətta heyrətləndirdi də... Axı yazıçı bütün olmuşları- olayları- Sabahları bizə xəbər verəndir; məhz Elçin bütün müstəqillik illəri uzunu azadlığın-istiqlalın-sərbəstliyin tamını ən nəhayət dada bilmiş milli insanın absurdunu yaza bildi..." (T.Əlişanoğlu, Yazıçının zamanı və zamansızlığı, "Ədəbiyyat qəzeti" , 5 may 2018)

2019-cu ildə Elçin "Seçilmiş hekayələr"indən ibarət "Qırx beş" kitabını (Bakı, "Təhsil", 2019) nəşr etdirdi; və hekayəçiliyinin göstərməyə çalışdığım dinamikasını bu topluda da rahatlıqla izləyə bilərik. Nəşrə yazdığı Önsözündə yazıçının öz hekayələri ilə qürur duyması haqlı və tam yerindədir. Sitat. "Epoxalar dəyişdi, siyasi-ictimai münasibətlər dəyişdi və mən - oxucudan gizlətmirəm - daxili bir qürur hissi keçirirəm ki, bu hekayələrdə bu gün mənim gizlətmək istəyəcəyim, xəcalət çəkəcəyim, unutmağa çalışacağım bircə söz də yoxdur" (s. 5)

Mən Elçinin son on-onbeş ildə yazdığı, böyük hissəsi "Yeni hekayələr" (Bakı, "Təhsil", 2014) kitabında toplanmış əsərlərini hekayəçiliyinin növbəti, zirvə mərhələsi kimi dəyərləndirmiş, müdrik hekayələr adlandırmışam. (Yeri gəlmişkən, kitaba önsöz yazmağı mənə etibar etdiyinə görə sevimli yazıçımıza minnətdaram) Kitaba ənənəvi Elçin üslubunda, çox-eyhamlı realist qələmlə danışan "Kaşeyin taleyi", "Kölgə" hekayələri ilə yanaşı, tamam fərqli, bənzərsiz alleqoriya ilə qələmə alınmış "Canavarlar" hekayəsi; və Elçin hekayəçiliyində təzə hadisə olan həm uşaqlar üçün maraqlı və gərəkli, həm də böyüklər üçün dərin, düşündürücü, ibrətamiz "Nağıllar" silsiləsi də daxildir. Elçin Nağıllarını özlüyümdə mən dünya ədəbiyyatına rəng qatası, dividend gətirəsi mətnlər kimi dəyərləndirmişəm. (bax: T.Əlişanoğlu, Elçin yaradıcılığı akademik Nizami Cəfərovun təfsirində // Tənqid.net jurnalı, № 12, 2016/2017, s. 378)

"Bir yazıçının ahıl-müdrik çağlarında nağıl dünyasına dönüşü, öz məxsusi nağıl dünyasını yaratması təəccüblü olmadığı qədər də, gerçəklərlə, gerçək dünya ilə sövdəsinin-sövdələşməsinin sonucu, nəhayətidir. O da ola üslubuna lap əzəldən nağılçılıq yad olmayan Elçin nəsri. Yazıçının hekayələrinə hər zaman realizmlə yanaşı, həm də bir alleqoriklik, rəmzilik, bu və ya digər altqat mətləblərdən söz açan pritçavarilik xas olmuşdur. İndi budur, "Nağıllar" silsiləsində Elçin yalnız alleqoriyalar söyləyir, pritçalar danışır və bu üslub, bu dil bizə çox yaxın, tanışdır; həmin alleqorizmi, pritçavariliyi biz birbaşa gerçəklər olaraq, həyatın özü kimi qavrayırıq..." (T.Əlişanoğlu, Müdrik hekayələr. // Elçin, Yeni hekayələr. Bakı, "Təhsil", 2014, s. 3-10; s. 7)

  Elçinin son beş ildə qələmə aldığı, "Ədəbiyyat qəzeti"ndə, "525-ci qəzet"də tanış olduğumuz "Çingiz xanın daşları", "İntihar", "Rəssam Muxtar Manaflının həyatı, sənəti və dünyadan qaçışı", "Bu da bir cür həyatdır", "Nadir İbadlı və onun son xəstəsi", "Dördüncü qapı", "N.S.-nın ayaqları" hekayələrini də müdrik hekayələrinə aid etmək lazım gəlir. Bu hekayələrdə yazıçının dünya, həyat, ömür, insan taleyi barəsində bitkin və kədərli qənaətləri təcəssümünü tapıb; həm də yüksək bədii probda, Elçin qələminə xas süjet konkretliyi, realist-psixoloji inandırıcılığın eyni inandırıcılıqla absurdizmə varması, metamorfozu ilə.

Günlərin birində liftə girməsi ilə liftə çevrilməsinin fərqinə varan, həyatda, cəmiyyətdə, bütünlüklə ömürdə eyni metaforik mündəricənin əsiri, dustağı, məhkumu olduğunu dərk edən tarixçi-alim ("Çingiz xanın daşları"); 20 ildir Dəmir yolu vağzalında sanitar işləyən və bir yay günündə ruhu cismindən ayrılaraq özünü, darıxqan həyatını, doğma işi və şəhərini kənardan müşahidə edən "Bu da bu cür həyatdır" hekayəsinin qəhrəmanı; bir payız günündə, yağmaq istəyib yağmayan islaq təbiətin fonunda pəncərədən boylanıb, əvəzində ömür səhifələrinin seyrinə və sehrinə dalan evdar qadın Sona ("Dördüncü qapı. Sonanın həyatı barədə hekayə"); bir qış gecəsi gördüyü dəhşətli yuxunun gerçəklərini bütün həyatı boyu insanlara xidmətdə yaşayıb, ölümü ilə əfsanəyə qovuşan Ağa ("İntihar. Gözəl Kor qız haqqında hekayə") və s. Son hekayələrində Elçin İnsan ömrünün səhifələrini təbiət hadisəsi, təbiətin fəsilləri kimi vərəqləməyi daha çox tərcih edir. Bu hekayələrə zamansızlıq - əbədiyyət miqyası müqabilində dünya həyatının aniliyi və faniliyi ideyası möhkəmcə yer edib, oturuşub.

    Rəssam Muxtar Manaflının həyatı isə bütünlükdə sənətdə keçib. Yeddi yaşında ikən, qatarların getdiyi bu dünyada, atasının dərin həsrət və kədərlə baxdığı idillik bir kənd mənzərəsini yaddaşına hopduran Muxtar, peşəkar rəssam ömrünü bütünlükdə yalnız və yalnız bu mənzərəni tablolara köçürməkdə keçirir; və bir günəşli yay günü sanki nail olduğu əsərlə birgə emalatxanasında qeybə çəkilir ("Rəssam Muxtar Manaflının həyatı, sənəti və dünyadan qaçışı"). İnsan həyatı və əbədiyyəti barəsində gözəl pritçadır.     

Amma olduğumuz-oluşduğumuz dünya barəsində bunu deməzsən; qatarların hələ də getdiyi bu dünyada yazıçının qələmi, çox vaxt müdrikliyin belə dözmədiyi, duruş gətirmədiyi, tükənib getdiyi ərazilərə gəlib-çıxır. Qrotesk alleqoriya üzərində qurulmuş "N.S.-nın ayaqları" hekayəsində ("Ədəbiyyat qəzeti", 15 oktyabr 2022) olduğu kimi. İlyas Əfəndiyevdən "Görəsən, biz hara gedirik?" epiqrafı ilə açılan hekayədə anadan doğularkən ayaqları "bir az yekə olan" uşağın böyüdükcə müasir şou dünyasında heyrət, maraq və şöhrətə tuş gəlməsi, "ayaqları"nın reklam və əyləncə bazarında bahalı əmtəəyə çevrilməsi... - hadisəyə və bu dünyanın tempinə uyğun, yüyrək nağıl dili ilə təsvir olunur. Hekayədə yazıçının soyuq təmkinlə gizlədiyi silkələyici satira və ironiya qatı yer alır. Sitat: "Əziz ata! Mən çox xoşbəxtəm. Bu gün Luvrda Mona Lizanın qarşısında toplaşıb, ona baxan insanlar bir anın içində arxalarını Mona Lizaya çevirib, məni əhatə etdilər. Onlar mənim ayaqlarıma baxırdılar. Artıq Mona Lizaya baxan yox idi". Elçin dünyanın və dünya içrə yaşadığımız "insanlıq şousu"nun bəlirlərini də görür və göstərmək üçün iti qələmini əsirgəmir.

Elçinin son hekayələrində dünyaya kədərlə, amma ki nikbin bir kədərlə baxan mütəfəkkir yazıçını görürük. Elçin hekayələri kədərli olduğu qədər də oxucuya idrak sevinci, yaşamaq eşqi, əbədiyyət yanında həyatın əvəzsizliyi ideyasını aşılayır.

Bizə ali duyğular yaşadan sevimli yazıçımıza uzun-uzun yaradıcılıq ömrü diləyirik.

SİZƏ MARAQLI OLA BİLƏR