Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ulu Öndərin anadan olmasından 101 il ötür

10-05-2024 [ 10:05 ] [ oxunub:36 ]
printerA+ | A-
104546

Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Ulu Öndərin zəngin dövlətçilik irsi xalqımızın əvəzsiz sərvəti, gələcəyə gedən yollarımızda sönməyən mayakdır.

Ulu Öndər bütün həyatını Azərbaycanın inkişafına həsr edib, xilaskarlıq missiyasını sonadək yerinə yetirib. Onun Vətəni və xalqı qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi ilə xatırlanır. Hər il mayın 10-da xalqımız öz Ulu Öndərinin xatirəsini böyük ehtiramla yad edir.

AzərTac-ın arxivində hər birimiz üçün doğma və əziz insan olan Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən minlərlə nadir fotoşəkil qorunur. Bu fotolar əsasında hazırlanmış xüsusi layihəni təqdim edirik.

1923-cü il mayın 10-da Naxçıvanın ucqar kəndində, sadə ailədə dünyaya göz açmış Heydər Əliyev siyasət olimpinin zirvəsinədək yüksəldi. Naxçıvandan başlayan yol Kremlədək gedib çıxdı. Yüksək vəzifələrdə çalışmasına baxmayaraq, Ulu Öndər hər cür dəbdəbədən uzaq bir həyat yaşayırdı. Respublikanın rəhbəri Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli alim Zərifə xanımın ailəsi üçün sadəlik, milli-mənəvi dəyərlər, vətənpərvərlik həyat kredosu idi. Onlar öz övladlarını da bu ruhda tərbiyə edirdilər.

Ulu Öndər Heydər Əliyev 1969-cu ildən başlayaraq çiyinlərində bütün respublikanın yükünü daşıyırdı. İşinin çoxluğuna baxmayaraq ailəsinə də vaxt ayırırdı. Ailə albomundakı bəzi fotolar uzaq keçmişə aiddir. Biz bu fotolarda onu ömür-gün yoldaşı Zərifə xanımın yanında, övladları İlham və Sevilin, gəlini Mehriban xanımın, nəvələri Leyla, Arzu və Heydərin əhatəsində görürük.

Bu tarixi fotolar sanki dilə gələrək Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ata, mehriban baba olduğundan danışır.

Ulu Öndərin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi oğul yetişdirməsidir. Fotoların birində ata və oğul yanaşı dayanaraq uzaq üfüqlərə baxırlar. İllər arxasından sanki bugünkü modern, dinamik inkişaf edən, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Azərbaycanı görürlər.

Ötən əsrin 60-cı illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri idi. Bu xoşagəlməz vəziyyət Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyev birinci katib seçiləndən sonra dəyişməyə başladı, onun hakimiyyətə gəlişi ilə həyat ritmi də büsbütün dəyişdi.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Bakıda o dövr üçün nadir müəssisələr, paytaxtımıza bu gün də yaraşıq verən binalar tikildi, böyük yaşayış massivləri salındı. Kənd təsərrüfatı məhsulları istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı da yaxşılaşdı.

Heydər Əliyev bölgələrə mütəmadi səfərlər edir, zəhmət adamları ilə iş başında görüşür, onların problemləri və qayğıları ilə şəxsən maraqlanırdı. Ulu Öndərin alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri də ənənə halını almışdı. Aşağıdakı fotolar bizi xəyalən həmin illərə qaytarır.

1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Özünün vəzifə səlahiyyətlərindən istifadə edərək, İttifaq əhəmiyyətli bəzi layihələri Bakıya yönəltdi. Coşqun fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı onu bütün ittifaqda məşhurlaşdırdı.

AzərTac-ın arxivində siyasi büronun üzvü, SSRİ hökumətində ikinci şəxs olan Heydər Əliyevin fəaliyyətinin bəzi məqamlarını əks etdirən fotolar da var.

Heydər Əliyevin artan nüfuzu və şöhrəti Kreml rəhbərliyində həsəd və paxıllıq hissləri yaradırdı. Mixail Qorbaçov SSRİ-də siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi. Baş katiblə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdi. Doğma Vətənin başı üzərini qara buludlar alanda Azərbaycana qayıtdı.

Ulu Öndərin xalq arasındakı böyük nüfuzundan qorxuya düşən respublika rəhbərləri onun Bakıya yolunu kəsdi. Bu səbəbdən Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə dahi rəhbərin Naxçıvan həyatının bəzi məqamları əks olunub.

Naxçıvan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Yetmiş ildən sonra ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı ucaltdı.

1990-cı illərdə respublikada xaos və anarxiya hökm sürürdü, müstəqilliyi itirmək təhlükəsi yaranmışdı. Belə ağır bir dönəmdə xalq Ulu Öndəri köməyə çağırdı. 1993-cü il iyunun 9-da onu Bakıya gətirən təyyarə Binə Hava Limanına eniş etdi. Xalq öz xilaskarını böyük ümid və sevgi ilə qarşıladı.

1993-cü il, 15 iyun. Tariximizə Dirçəliş Günü kimi yazılan həmin gün Heydər Əliyev Ali Sovetin sədri seçildi. Xalqın taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. İki dövlət çevrilişi cəhdinin, bir çox təxribatların qarşısını alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi. Ulu Öndərin cəbhə bölgəsində əsgər və zabitlərlə görüşləri ordumuzun döyüş ruhunu daha da artırdı.

1994-cü il sentyabrın 20-də Azərbaycanın sosial-iqtisadi inkişafının başlanğıc nöqtəsi olan “Əsrin müqaviləsi” imzalandı. Ulu Öndərin digər mühüm layihəsi Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Fotoşəkillər həmin tarixi günləri də özündə yaşadır.

Qarabağın düşmən tapdağından azad edilməsi Ulu Öndərin ən böyük arzusu idi. Bu müqəddəs arzu 2020-ci ilin noyabrında gerçəkliyə çevrildi. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli ordumuz 30 il davam edən işğala 44 gündə son qoyuldu. Eləcə də uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam olundu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı. Yaranmış yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi və Qazaxın dörd kəndinin azad olunması düşünülmüş siyasətin effektli nəticələridir. Hazırda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi başlayıb.

Doğurdan da bu gün Ulu Öndərin ruhu şaddır: Düşmənin darmadağın etdiyi yurd yerlərimiz bərpa olunur, Qarabağa həyat yenidən qayıdır.

Azərbaycan Prezidenti quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur. Azad olunmuş torpaqlarda aparılan möhtəşəm bərpa-quruculuq işlərinin təməlində Heydər Əliyevin ideyaları, inkişaf strategiyası dayanır. Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi illər ötdükcə daha aydın görünür.

X X X

Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabandakı möhtəşəm abidəsi əbədiyyət simvoluna və ziyarətgaha çevrilib. Hər il mayın 10-da və dekabrın 12-də Fəxri xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin abidəsi önündən keçərək onun əziz ruhu qarşısında baş əyir.

SİZƏ MARAQLI OLA BİLƏR