Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Əli Tudənin 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

30-04-2024 [ 19:05 ] [ oxunub:45 ]
printerA+ | A-
104529

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Əli Tudənin 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbirdə şairin ailə üzvləri, AYB-nin nümayəndələri, media mənsubları və başqaları iştirak ediblər.
Əvvəlcə şairin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli bildirib ki, konfransın keçirilməsində məqsəd XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Əli Tudənin yaradıcılığını yenidən Azərbaycan cəmiyyətinə təqdim etməkdir. Qeyd edib ki, görkəmli Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Əli Tudə ölkəmizdə Cənubi Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biri olmuş və Azərbaycanın milli-mənəvi bütövlüyünün təmin edilməsi, eləcə də azadlıq, vətənpərvərlik ruhunda mükəmməl lirik əsərlər meydana gətirmişdir.
Əli Tudə yaradıcılığının ideya-mövzu və bədii sənətkarlıq cəhətdən zəngin olduğunu deyən akademik İsa Həbibbəyli ədibin vətəndaş şair kimi özünün ictimai-siyasi baxışlarını dövrünün çətinliklərinə baxmayaraq cəsarətlə lirik əsərlərində tərənnüm etdiyini bildirib. “Əli Tudənin bütün yaradıcılığı çoxcəhətli lirikasından ibarətdir. Onun poeziyasında süjet xətti və qəhrəmanlar var. Həmçinin publisistikasında lirik notlar müşahidə edilir və özünəməxsus bədii keyfiyyətlərə malikdir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.
Əli Tudənin keşməkeşli həyatının yeni nəsillər üçün bir nümunə olduğunu deyən AMEA rəhbəri Ədəbiyyat İnstitutunda şairin həyat və yaradıcılığının tədqiq edildiyini, kitablarının işıq üzü gördüyünü, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov tərəfindən Əli Tudənin yaradıcılığına dair dissertasiya işinin müdafiə olunduğunu vurğulayıb. Qeyd edib ki, Ədəbiyyat İnstitutunda hazırlanan “Azərbaycan ədəbiyyatı tarixi”nin Cənubi Azərbaycan bölməsi qısa müddət ərzində İnstitutun Cənubi Azərbaycan şöbəsi tərəfindən yazılaraq yekunlaşdırılıb və həmin bölmədə Əli Tudəyə dair ayrıca oçerkə yer verilib.

Bu gün şairin azadlıq ruhlu şeirlərinin cənublu soydaşlarımızın ana dilində təhsil və mədəniyyət uğrunda mübarizələrinin carçısına çevrildiyini deyən akademik İsa Həbibbəyli elmi sessiyanın ədəbiyyatşünas alimlərin Əli Tudənin yaradıcılığına göstərdiyi diqqət və ehtiramının ifadəsi olduğunu söyləyib.
Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu Əli Tudənin 100 illiyinin 44 günlük Vətən Müharibəsindən sonra keçirilməsinin rəmzi məna daşıdığını deyib.
2020-ci il Vətən Müharibəsindən əvvəl bir şeir yazıldı və 24 il sonra həqiqətə çevrildi, şair öncədən gələcyi duymuşdu. Əli Tudə 50 poemanın, 60 kitabın müəllifidir, şeirləri müxtəlif dillərdə, müxtəlif ölkələrdə çap olunub. Şairin poetik ideallarını daha yaxından duymaq üçün onun əsərlərindən seçmələrə nəzər salmaq yerinə düşər. Yubileyin akademiyada keçirilməsini yüksək qiymətləndirən AYB təmsilçisi bu cür tədbirləri qədirbilənlik adlandırıb.
Elmi sessiyada filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov “Əli Tudənin yaradıcılıq yolu”, filologiya elmləri doktoru, dosent Esmira Fuad “Əli Tudənin yaradıcılığında folklor”, filologiya elmləri doktoru, dosent Pərvanə Məmmədli Əli Tudənin yaradıcılığında həsrət mövzusu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Mahmizər Mehdibəyova “Əli Tudənin nəsri” və böyük elmi işçi Lətifə Mirzəyeva “Səməd Vurğun və Əli Tudənin ünsiyyət dünyası” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda ailəsi adından şairin oğlu Natiq Cavadzadə çıxış edərək atasının şeirlərindən nümunələr səsləndirib və tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib. Atası haqqında əlavə məlumat verərək Əli Tudənin 2 dəfə sürgün olunduğunu, vətənindən ayrı düşdüyünü diqqətə çatdırıb. Əli Tudənin həmişə Şimali və Cənubi Azərbaycanın birləşəcəyinə olan inamından söz salıb. 

Əsasən vətənpərvər şair kimi qəbul olunsa da, başqa mövzularda da gözəl əsərləri oludğunu deyib. Atasının Savalan dağının ətəyində yerləşən Çomaqbulaq kəndində doğulduğunu, həmişə oranın həsrətini çəkdiyini vurğulayıb. Bildirib ki, vaxtilə onunla gələn Cənubi Azərbaycan şairləri Cənuba getsələr də, o, doğma torpağına gedə bilməyib. Bunun da əsas səbəbi onun siyasi mühacir pasportu daşımağı olub.
Həmçinin bildirib ki, atasının əsərlərini toplayaraq 20 cildliyini çap etdirib. 

 

FOTO QALEREYA