Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Gəncədə görkəmli ədəbiyyatşünas alim, akademik Həmid Araslının 115 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

07-03-2024 [ 08:52 ] [ oxunub:17 ]
printerA+ | A-
104336

AMEA-nın Gəncə Bölməsində görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi akademik Həmid Araslının anadan olmasının 115 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

“Akademik Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusundakı elmi-praktik konfrans Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Gəncə Bölməsi tərəfindən təşkil olunub.

Konfransın işində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin başçılığı ilə nümayəndə heyəti iştirak edib. Bakı, Gəncə və respublikanın digər şəhərlərinin elm və təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılarla yanaşı, konfransa Özbəkistanın Daşkənd Dövlət Dil və Ədəbiyyat Universitetinin nümayəndələri də qatılıblar.

Tədbir iştirakçıları Gəncə şəhərinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, müasir dövlətçiliyimizin banisinin xatirəsinə ehtiramlarını bildirib, dahi şəxsiyyətin heykəlinin önünə gül dəstələri qoyublar. Sonra iştirakçılar Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Bəşəriyyətin dahi fikir adamı və şairinin son mənzili, eləcə də onun bu ərazidə dəfn olunan ata-anasının və yaxınlarının qəbirləri ziyarət olunub.

Qonaqlar Nizami Gəncəvi Muzeyində də olub, burada saxlanılan qiymətli eksponatlara baxıblar. AMEA rəhbərliyi tərəfindən Nizami Gəncəvi Muzeyinə akademik Həmid Araslının böyük şairimiz Füzulinin yaradıcılığına həsr olunan tədqiqatlarına dair kitab hədiyyə edilib.

İclasdan əvvəl qonaqlar AMEA-nın Gəncə Bölməsində işıq üzü görmüş elmi nəşrlərdən ibarət sərgiyə baxıblar. Konfrans işinə bölmənin böyük salonunda başlayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransı giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev Azərbaycan, eləcə də Şərq dünyası ədəbiyyatşünaslıq elminin nəhəng simalarından olan akademik Həmid Araslının anadan olmasının 115 illiyinə həsr edilmiş mötəbər elmi forumun iştirakçılarını alimin doğma yurdu Gəncədə salamlamaqdan məmnunluq duyduğunu bildirib. O, konfransın işinə qatıldıqlarına görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə, digər tanınmış alimlərə, eləcə də Özbəkistanlı qonaqlara Gəncənin elmi ictimaiyyəti adından minnətdarlığını bildirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında müasir dövrümüzün ən əhəmiyyətli günlərindən olan 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərinin qalib millətimizin şərəflə başa vurduğu səhifələrindən biri kimi tariximizə yazıldığını qeyd edib. Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışının mahiyyətini ölkəmiz və xalqımız üçün yeni dövrün başlanğıcı kimi xarakterizə edib, AMEA-nın bu dövrdə böyük elmi konfransının Gəncədə keçirildiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli ölkə başçısının Sərəncamı ilə böyük şairimiz Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsinin də məhz Azərbaycançılıq işığında həyata keçirilməsini vurğulayıb. O, akademik Həmid Araslının füzulişünaslığımızın başlanğıcında durduğunu qeyd edib.

Akademik İsa Həbibbəyli Həmid Araslının nizamişünaslığın əsasını qoyduğunu da xatırladıb və qeyd edib ki, Nizaminin Gəncəyə bağlı, Azərbaycan şairi olmasını alim 50 il bundan qabaq yazdığı “Şairin həyatı” kitabında sübut edir və bu əsər müasir tədqiqatlar üçün də mötəbər mənbədir. Həmid Araslının Türk dünyasının böyük şairi Əlişir Nəvai yaradıcılığı ilə bağlı araşdırmalarını nəvaişünaslığın bünövrəsi kimi dəyərləndirib və bu əməyinə görə, alimə Özbəkistanın Əməkdar elm xadimi adı verildiyini xatırladıb.

AMEA rəhbəri Azərbaycan və Özbəkistan alimlərinin bu xüsusda əməkdaşlığını yüksək qiymətləndirib, xüsusən Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Özbəkistandakı həmkarları ilə əlaqələrinin təqdirəlayiq olduğuna diqqət çəkib. O, Gəncə Bölməsində də Əlişir Nəvai Mərkəzinin yaradılmasının məqsədəuyğunluğunu bildirib.

Görkəmli ədəbiyyatşünas alim Həmid Araslının millətimiz üçün ən böyük xidmətlərindən birinin “Kitabi-Dədə Qorqud”u nəşr etdirməsi və bu eposun araşdırması olduğunu xüsusi vurğulayan akademik İsa Həbibbəyli Gəncə Bölməsində akademik Fuad Əliyevin rəhbərliyi ilə aparılan tədqiqatlara, elmi nəşrlərə, keçirilən tədbirlərə görə bölmə əməkdaşlarına təşəkkür edib.

Akademik İsa Həbibbəyli ölkə başçısı tərəfindən görülən tədbirlər sayəsində dahi şəxsiyyətlərimizi yeni baxışla xalqımıza çatdırmağın milli-mənəvi intibaha xidmət etdiyini qeyd edib. Bu xüsusda o, AMEA tərəfindən nəşr edilən Həmid Araslının Füzuli yaradıcılığına dair kitabının da yeni nəşrini yüksək dəyərləndirib və həmin kitabın nüsxələrini Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevə və AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevə və Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarova hədiyyə edib.

AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiya tərəfindən nəşr olunmuş türk millətinin ana kitablarından olan, 11-ci əsrdə yaşamış Mahmud Kaşğarinin “Divanü-lüğat-it-türk” əsərinin azərbaycanca nəşrini Gəncə şəhər İcra Hakimiyyətinə və Gəncə Bölməsinə təqdim edib.

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov çıxışında özbək xalqının Azərbaycana, Nizami yurduna məhəbbətini və salamlarını çatdırıb. O, böyük Nizaminin məqbərəsinin ziyarətindən qürur və təsirli hisslər duyduğunu deyib. Şuxrat Siracəddinov Həmid Araslının adının özbək alimləri üçün də çox əziz olduğunu bildirib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxışında Həmid Araslını böyük Füzuli tədqiqatçısı kimi xarakterizə edib. O, qeyd edib ki, hazırda 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” hazırlanarkən Həmid Araslı da mənən yaşayır və 115 yaşında bir gənc kimi, alimlərimiz üçün örnəkdir.

Tədbirdə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru professor Nozliya Normuradova, Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı fil.ü.f.d., dos. Zəhra Allahverdiyeva, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi filologiya elmləri doktoru Gülbahar Aşurova, Gəncə Dövlət Universitetinin müəllimi Cahan Ağamirov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Hürnisə Bəşirova çıxış edərək böyük ədəbiyyatşünas alim Həmid Araslının Azərbaycan ədəbiyyatşünaslıq məktəbinin formalaşmasındakı rolundan söhbət açıblar.

Böyük alimimizin övladı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Nüşabə Araslı çıxış edərək bildirib ki, ölkə rəhbərinin milli-mədəni dəyərlərimizə diqqəti sayəsində xalqımızın inkişafında rolu olmuş şəxsiyyətlərin irsinə yeni baxış formalaşır. Alimin övladı Həmid Araslının elmi irsinə və şəxsiyyətinə ehtiram və bugünkü dövrün tələbləri baxımından yaradıcı münasibətə görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevə, konfransın iştirakçılarına və qonaqlarına, Gəncə şəhərinin rəhbərliyinə minnətdarlığını bildirib.

Konfransın sonunda bölmə tərəfindən Gəncənin qonaqlarına Həmid Araslıya həsr olunan konfransın materiallarını və bu böyük alim haqqında məşhur elm və ictimai xadimlərin fikirləri toplanmış kitablar, həmçinin bu qədim şəhərin tarixi abidələrini özündə əks etdirən tablolar hədiyyə olunub.

Daşkəndli qonaqlar bölməyə özbək milli rəmzlərinin təsviri olan hədiyyələr təqdim ediblər.

Sonra Gəncə Bölməsində Əlişir Nəvai Mərkəzinin yaradılması haqqında AMEA-nın Gəncə Bölməsi və Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti arasında memorandum imzalanıb. Sənədi AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev və Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov imzalayıblar.

Akademik İsa Həbibbəyli mərkəzin yeni istiqamətlərin müəyyənləşməsinə, birgə tədqiqatların aparılmasına, həmçinin dost ölkələrimiz arasında ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Akademik Şuxrat Siracəddinov Daşkənddə Nizamişünaslıq və Füzulişünaslıq, Bakıda Nəvaişünaslıq mərkəzlərinin fəaliyyət göstərdiyini, indi isə bu yöndə Gəncədə addımlar atıldığını qeyd edib və  sözügedən mərkəzlərin iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafında körpü rolunu oynadığını vurğulayıb.

©  www.science.gov.az 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR