Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib

06-03-2024 [ 11:29 ] [ oxunub:377 ]
printerA+ | A-
104316

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA-nın qadın əməkdaşlarını təbrik edib. Bildirib ki, daim öz parlaq zəkası, geniş dünyagörüşü, intellekti, müdrikliyi ilə seçilən Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizin aparıcı qüvvəsini təşkil edir və respublikanın ictimai-siyasi həyatında aktiv iştirak edirlər.

Ölkəmizdə qadınlara daim yüksək qiymət verildiyini deyən akademik İsa Həbibbəyli bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin idarəetmə təcrübəsi, geniş dünyagörüşü ilə Azərbaycan dövlətinin inkişafına misilsiz töhfələr verdiyini vurğulayıb.

Milli Elmlər Akademiyasının fəaliyyətində də qadınların böyük rolunun olduğunu bildirən akademik İsa Həbibbəyli xanım əməkdaşların öz elmi tədqiqatları ilə Azərbaycan və dünya elmini zənginləşdirdiklərini deyib. Diqqətə çatdırıb ki, AMEA-nın xanım əməkdaşları Qadınlar Şurası adı altında birləşərək geniş təşkilatlanma işləri həyata keçirib və Akademiyada və ölkəmizdə gedən proseslərdə yaxından və yüksək səviyyədə iştirak edirlər.

AMEA rəhbəri Akademiyanın qadın əməkdaşlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı, ailə səadəti, xoşbəxtlik arzulayıb.

Daha sonra AMEA-nın elmi-ictimai həyatında fərqlənən bir sıra qadın alimlər təltif olunublar. Mükafatları AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.

İclasda, müzakirəyə çıxarılan növbəti məsələ Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərcüməsinin AMEA nəşrinin təqdimatı haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, yeni nəşr AMEA-nın Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən ərsəyə gətirilib və kitabın çapında institutun direktoru professor Nadir Məmmədlinin xüsusi xidmətləri var.

Əsərin sovet repressiyasının qurbanına çevrilmiş Xalid Səid Xocayev tərəfindən ilk dəfə olaraq türk dilləri arasında mükəmməl şəkildə Azərbaycan dilinə tərcümə olunduğunu qeyd edən AMEA rəhbəri tərcümənin yüksək səviyyədə həyata keçirildiyini, lakin tərcümənin bu variantının uzun illlər tapılmadığını diqqətə çatdırıb. Qeyd edib ki, Xalid Səidin tərcüməsi nəhayət Dilçilik İnstitutunun arxivindən tapılaraq çapa hazırlanıb və hazırda ictimaiyyətə təqdim olunur.

AMEA rəhbəri yaxın günlərdə Beynəlxalq Türk Akademiyası və TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı ilə birgə kitabın Bakıda geniş təqdimatının keçiriləcəyini vurğulayıb.

Tədbirdə, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli və Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov çıxış edərək Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin nəşrinin dünya türkologiyasına ölkəmizin mühüm töhfəsi olduğunu bildiriblər.

Daha sonra akademik İsa Həbibbəyli 27 Mart - Elm Gününə hazırlığın vəziyyəti haqqında məlumatı diqqətə çatdırıb.

İclasda, o cümlədən AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev AMEA-nın müxbir üzvü Q.İ.Kəlbiyevin, akademik D.B.Tağıyevin və professor S.R.Rəsulovun “Qeyri-Nyuton neftlərinin və neft dispers sistemlərinin reologiyası və mexanikası sahəsində fundamental tədqiqatlar” (Nyu-York və Moskvada nəşr olunmuş iri həcmli monoqrafiya) əsərinin elm üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatı Komissiyasına təqdim edilməsi ilə bağlı çıxış edib. Bundan əlavə, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin bazasında daxili imkanlar hesabına Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin yaradılması haqqında qərar verilib.

Sonda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illiyi münasibətilə müəssisənin bir sıra əməkdaşları təltif olunublar.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR