Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Yeni nəslin vətənpərvərlik tərbiyəsinə töhfə - İlhamə Ağazadə

12-02-2024 [ 10:08 ] [ oxunub:232 ]
printerA+ | A-

"MƏNİM BALACA QƏHRƏMANLARIM" ADLI YENİ KİTAB VƏTƏNSEVƏRLİK VƏ QƏHRƏMANLIQ HİSSLƏRİ AŞILAYIR 

İstedadlı gənc yazar Əyyub Türkayın indiyədək nəşr etdirdiyi "Balacaların şeir çələngi", "Sovqat" kitabları artıq balaca oxuculara - uşaqlara tanışdır. Müəllif  bu dəfə "Mənim balaca qəhrəmanlarım" adlı kitaba toplanmış müxtəlif mövzulu şeir, hekayə, nağıl və tapmacalarla oxucularını sevindirir. İxtisasca müəllim olan Ə.Türkay həm də "Cənub" Televiziyasında teleaparıcı-jurnalist vəzifəsində çalışır. Bu da ona uşaqlarla sıx-sıx ünsiyyət qurmağa, tədbirlərdə, ədəbi-bədii gecələrdə yeni əsərlərlə onların kiçik dünyasına nüfuz etməyə şərait yaradır.

"Mənim balaca qəhrəmanlarım" kitabındakı nümunələr müasir ideya və mövzuların uşaq dilində obrazlı ifadəsindən yaranıb. Vətən müharibəsində xalqımızın qazandığı qələbənin bədii tərənnümü son dövrlərdə yaranan əksər əsərlərdə yer almaqdadır.

Rəhbər - ordu - xalq birliyi Qarabağ savaşındakı qələbəyə gedən yolun çətinliyini üstələdi. Ə.Türkayın da uşaq yazarı kimi vaxtaşırı bu mövzuya müraciəti zamanın tələbindən doğur. "Mənim balaca qəhrəmanlarım" kitabı "Zəfər nəğməsi" ilə başlayır. Bu nəğmə şairin Böyük Zəfərimiz haqqında poetik təəssüratlarıdır:

 

Vətənimin başını

Qara bulud almasın.

Düşmənlər torpağıma

Ayaq açıb dolmasın.

 

Uzun illər zəfərin

Həsrətiylə yaşadıq.

Qəlbimizdə nə qədər

Ağrı-acı daşıdıq.

 

İndi yurdun hər yeri

Zəfər nəğməsi çalır.

İgidlərim qürurla

Tarixə izlər salır.

"Zəfər nəğməsi" uşaqlarda milli məfkurə formalaşdırmağın gözəl örnəyidir. Kitabdakı maraqlı poeziya nümunələrindən biri də "Atanın qazi oğluna məktubu"dur. Şeirdə Vətənin bütövlüyü yolunda canını fəda edən, qanıyla adını tarixə yazan igidlərin qürur və iftixarla tərənnümü yer alır. Müəllif müasir uşağa dövrün mühüm məsələlərini onun anlaya biləcəyi tərzdə çatdırmağa çalışıb.

 

Döyüşdüyün vətənin

Daşına qurban, oğul.

Qəlpə yarası alan

Başına qurban, oğul.

 

Şəhidlərçün gözündən

Axan yaşına qurban.

Gözün üstə qanamış

Qara qaşına qurban.

 

Zəfər gətir mənimçün,

Qəhrəmansan bu gündən!

Razıyam, saçlarıma

Qoy zamansız düşsün dən.

 

Sən düşünmə bizləri,

Qoy sağ olsun vətənim!

Başımı uca edən

Sən olacaqsan mənim.

 

Bu cür poetik nümunələrin təsiri uşaqların yaddaşında uzun müddət qalacaq. Ə.Türkay poeziya haqqında söz açarkən yazır: "Şeir də incəsənətdir. Gözəllik, incəlik, nəfislik tələb edir yazardan. Lirik şeirlər xüsusilə yeni fikirlərlə və poetik yüklə dolu olanda oxucunun daha çox ilgisini çəkir. Məhz yeni fikir, fərqli duyğular fonunda cərəyan edən ədəbi əsər oxucunun estetik zövqü ilə həmahəng ola bilir". Həmin fikri müəyyən qədər yazarın özünün uşaq şeirlərinə də aid etmək olar. Ə.Türkay mövzusundan asılı olmayaraq hər kiçik parçaya böyük həssaslıqla yanaşır. Dialoq şəklində qurulmuş "Şəhid kimdir" şeirində olduğu kimi. Vətən, torpaq yolunda canından keçən şəhidlərin fədakarlığı ananın düşüncə və duyğularının ifadəsində bədii əksini tapır.

 

Uşaq:

 

Şəhid kimdir, anacan,

Niyə şəhid olurlar?

Söylə, bu adı kimlər,

Necə, nə cür alırlar?

 

Ana:

 

Torpağı üçün candan

Keçənlərdir şəhidlər.

Vətən üçün ülvi and

İçənlərdir şəhidlər.

 

Milli özünüdərkin formalaşmasında yaddaş mühüm amildir. Hər bir gəncin, uşağın milli ruhda tərbiyəsini formalaşdıran cəhətlər arasında bədii ədəbiyyatın rolu danılmazdır. II Qarabağ savaşında qələbənin qazanılmasında bir az da bədii sözdən güc alan igid oğullar tarixə döndülər, əbədi yaddaşa köçdülər. Ə.Türkayın "Tənha ağac və külək" nağılında oxuyuruq: "-Doğrudur, sən mənim yarpaqlarımı qopara bilərsən, budaqlarımı qıra bilərsən. Amma unutma ki, köküm daim yerin altında qalacaq. Bir vaxt gələcək, yenə torpaqdan boy atıb çıxacağam. Daha sonra böyüyüb qol-budaqlı ağac olacağam". Nağılda deyildiyi kimi, bir vaxt ayaqyalın ana yurdu tərk etməyə məcbur qalmış uşaqlar güc toplayıb düşməni darmadağın etdi. Soy-kökə, vətənə sevgi yaradan əsərdə ideya və maraqların təlqini uğurlu şəkildə təbiətlə ahəngdarlıq yaradır. Bu cür əsərlər dünyanın, həyatın dərk olması baxımından dəyərli nümunələrdir. Öz gözəlliyi və rəngarəngliyi ilə uşağın diqqətini cəlb edən təbiət, ətraf aləm haqqında olan şeirlər balacalarda müəyyən hisslər yaradır. Bu baxımdan Ə.Türkayın "Bağ evimiz", "Hər fəslin öz yeri var" şeirləri diqqəti çəkir. Maraqlı, cəlbedici formada yazılmış kiçik həcmli şeirlərdə təbiət hadisələrini, heyvanlar və bitkilər aləminin xüsusiyyətlərini uşaqlara öyrətməklə bərabər, onların qayğısına qalmaq, sevmək kimi məziyyətlər də aşılanır. Ə.Türkayın şeirləri bəzən düşündürməklə yanaşı, həm də əyləndirir, güldürür. Müəllifin "Yerkökü burun" şeiri bu qəbildən olan maraqlı nümunələrdəndir.

Xalq şairi S.Vurğun deyirdi: "Uşaq üçün yazılmış hər bir əsərin əsasında məna gözəlliyi yaşamalıdır". "Kərtənkələ və Qurbağanın dostluğu", "Alabaşın qəhrəmanlığı" nağıllarında mənəvi dəyərlər önə çıxarılır. Bu nağıllar kiçik oxucuda gözəl duyğular, estetik zövq yaratma gücündədir. Bu baxımdan "Acgöz ağa" nağılını daha uğurlu nümunə hesab etmək olar. Uşaqların mənəvi tərbiyəsinin inkişafına istiqamətlənmiş nağıl axıcılığı ilə də diqqəti çəkir. Bu da azyaşlı oxuculara əsərin ideya və mövzusunu daha rahat şəkildə anlamağa imkan yaradır. Müəllif klassik ədəbiyyatdan bəhrələnməklə ümumbəşəri mövzunu uşaq dərkinə uyğun şəkildə təqdim edir. Nağılın süjetinin qurulmasında folklordan istifadə, gerçək və reallıq arasında qarşıdurma, xeyir və şərin mübarizəsi personajın xarakterinin açılmasına yönəlmişdir. Əksər nağılların əsas cəhəti öyrədici olmasıdır. Təbii ki, nağıllar uşaqlar tərəfindən ən çox sevilən ədəbi növlərdəndir. "Acgöz ağa" nağılı xalq yaradıcılığında olduğu kimi xeyirin qalibiyyəti ilə bitir. Bu yolla uşaqlarda mənfi xüsusiyyətlərə nifrət, gözəl keyfiyyətlərə sevgi hissi aşılanır. "Ağıllı dovşan və yalançı qoca" nağılında da eyni mövzu və ideya davam etdirilir. 

Ə.Türkayın balaca qəhrəmanlarının arasında tez-tez müasir dövrə uyğun uşaq obrazları görünür. Maraqlı süjeti ilə seçilən "Ərköyün oğlan" nağılında hadisələr real həyatla yanaşı, fantastik dünyada cərəyan edir. "Şirin dərman", "Yanlış peşə", "Ata nəsihəti", "Tərəvəz kürüsü" hekayələrindəki qəhrəmanlar gerçək həyatdan tanıdığımız kiçik oğlan və qızlardır. Müəllif  böyüməkdə olan nəslin insani keyfiyyətlərlə tərbiyə olunmasına çalışır. Hekayələrdə maraqlı obrazların olması uşaqların daha çox zövq almasına səbəb olacaq.

Kitaba toplanmış tapmacaların kiçik oxucunun ecazkar fikir dünyasına yeni rəng qatacağına şübhə etmirik. Uşağın düşünməsinə, zəkasının inkişafına yol açan tapmacalar onlara öyrənmək və ətraf aləm haqqında anlayışlarını genişləndirmək imkanı verəcək. Yazarın tez-tez bu janra müraciət etməsinin bir səbəbi də güclü müşahidə qabiliyyətindən soraq verir.

 

İgidlər kürəyimə

Qalxıb cövlana gələr.

Qəhrəmanlıq göstərib

Mənlə meydana gələr.

 

Müasir uşaq kitablarında mətnlə bağlı şəkillərin olması mövzuya marağı daha da artırır və uşaqların diqqətinin kitaba yönəlməsinə, oxuduqlarını anlamağa kömək edir. Bu səbəbdən əksər uşaq kitablarında mənalı illüstrasiyalara geniş yer verilir. İnanıram ki,"Mənim balaca qəhrəmanlarım" da uğurlu təqdimatı ilə uşaqların qəlbində xoş təsir yaradacaq.

SİZƏ MARAQLI OLA BİLƏR