Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Naxçıvanın mətbuat tarixinə bir nəzər - Vüqar Əhməd

05-02-2024 [ 15:43 ] [ oxunub:270 ]
printerA+ | A-

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur.

Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir.

Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə, qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar.

Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur.

Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır.

Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika yaşıl enerji zonası elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi geniş qeyd olunsun.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanmasını və həyata keçirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2023-cü il

Naxçıvanın tarixi çox qədimlərə gedib çıxır. Hamıya bəllidir ki, qədim tarixləri bizlərə ötürən folklordur. Folklor isə qədim zamanlarda miflərlə, əfsanələrlə, əsatirlərlə bağlı idi. Çünki səmavi dinlər meydana gəlməmişdən insanlar müxtəlif inanclarla yaşayırdılar ki, bu da öz növbəsində gerçəklikdən uzaq olan miflərin, əsatirlərin, əfsanələrin yaranmasına gətirib çıxardırdı. Lakin buna baxmayaraq bütün bunlar tarixi əks etdirir, folkloru qədimlərə söykənən xalqların qədimliyindən xəbər verirdi.

Azərbaycana və Azərbaycan Türklərinə çox bağlı olan türkiyəli folklorşünas, türkoloq  Hayrettin İlgin Nuh Tufanında “Gəmiyə binmeyen  “Ucubilik”lerle  ilgili mifolojik anlatlar” fəsilinin başlanğıcında yazır:

“Ucubilik motifine, gerek Türk dünyası, gerekse Azerbaycan mifolojik metinlerde rastlaşmakdadır”.

Onu da qeyd edək ki, Hayrettin hocamızın sözlərinə rəğmən deyə bilərik ki, Azərbaycanda Naxçıvan ərazisində “Ucubilik”lər (Azəri türkcəsində (Ucubunuxlar) haqqında bir sıra əsatirlər, əfsanələr vardır. Bu miflərdə Ucubiliklər başları buluda dəyən həddindən artıq uzun boylu nəhəng dev insanlardır.

Təbii ki, bu da öz növbəsində Naxçıvanın çox-çox qədimlərə balı olduğunu bəyan edir, belə ki, Naxçıvandakı “Həzrət Nuh əleyhəssalam”a aid olan qədim ziyarətgah, “Əshabi-Kəyf” (Mağara-əhli) ziyarətgahı, “Duz dağı” və ilaxır ziyarətgahlar bunu təsdiq edir.

Bunu da qeyd edək ki, Naxçıvanın adı Həzrət Nuh əleyhəssalamla bağlıdır (Nuhçevan), mənası da Həzrət Nuh əleyhəssalamın məskən saldığı məkan deməkdir. Bu da Naxçıvanın ən azı 40 min il bundan qabaq  yaşayış bölgəsi olduğunu bəyan edir. Təbii ki, bu da öz növbəsində Naxçıvan  əhalisinin əcdadlarının nə qədər qədim tarixə, zəngin mədəniyyətə,  adət-ənənələrə, milli-mənəvi dəyərlərə malik olduğunu bildirən bir amildir.

Naxçıvan çox-çox qədimlərdən dövrümüzə qədər böyük bir inkişaf dövrü keçmişdir. XIX  əsrin axırlarında, XX əsrin əvvəllərində isə dövrün təlatümləri, ziddiyyətləri, müharibələri ilə üz-üzə qalan Naxçıvan bütün  bunlara baxmayaraq böyük bir sıçrayışla tərəqqi etmişdir. Məsələn; 1883-cü ildə Naxçıvanda ilk dəfə M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyası tamaşaya qoyulmuş və böyük uğur qazanmışdır. Bundan sonra istər M.F.Axundovun, istərsə də Eynəli Sultanovun əsərlərini tamaşaya hazırlayan Naxçıvan teatrı,  rus klassiklərindən  N.V.Solovyovun “İşin başlanğıcında” pyesini, fransız T. Barr və L.Tivnun “Evdə qalmaqal” vodevillərini tamaşaya hazırlayaraq Naxçıvan tamaşaçıları qarşısında nümayiş etdirmişdir.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvan bölgəsinin maarifpərvər ziyalıları təhsillə bağlı; yeni üsullu məktəblərin yaradılması, təlimin ana dilində aparılması, qızların təhsilə cəlb edilməsi, milli müəllim kadrlarının hazırlanması, əlifba islahatı və s. kimi işlərdə inanılmaz şəkildə fəallıq göstərmiş, eyni zamanda  xalqın mədəni inkişafından ötrü əllərndən gələni əsirgəməmişlər.

1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı Azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdur. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi.

Hamı bilir ki, XIX əsrin ikinci arısında Həsən Bəy Zərdabinin yaratdığı Əkinçi” qəzeti öz çevrəsinə Axund Əhməd Hüseynzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani, Məhbus Dərbəndi, Həsən Əlqədari, Məhəmməd Tağı Əlizadə, Möhsün Badukubeyi, Kapitan Sultanov, Həsən Qara və s. kimi tərəqqipərvər ziyalılarını toplayaraq fəaliyyətə başladı. Lakin müsəlmanlara qarşı olan hasızlıqlar səbəbindən iki ildən sonra qəzet öz fəaliyyətini dayandırdı. 1879-cu ildən fəaliyyətə başlayan “Ziya”nın səhifələrində S.Ə.Şirvani, H.Zərdabi, İ.Nazir, M.R.Danış, İ.Nakam, S.Vəlibəyov  və s. kimi qabaqcəl ziyalılar iştirak edirdilər, lakin əfsuslar olsun ki, 1884-cü ildə bu qəzet də öz fəaliyyətini dayandırmağa məcbur oldu. XIX əsrin axırlarından  isə  maarifpərvər insalarımız əvvəlcə rus dilində, sonra isə yəni 1906-cı ildən etibarən bir-birilə yarışa girirmiş kimi heyrətamiz bir sıçrayışla “İttifaq”, “Tərəqqi”, “Səda”, Sədayi-haqq”, “Təzə həyat”, “Hümmət”, “Kaspi”, “Fyuzat”, “Yeni Fyuzat”, “Arı”, “Babayi-Əmir”, “Tuti”, “Məzəli”, “Kəlniyyət”, “Şəlalə”, “İrşad”, “İttifaq”, “Zənbur”, “İqbal” Həyat”, Fyuzat”, “Təkamül” və s. mətbu orqanları yaratmışlar.

 Lakin bu mətbu orqanları Bakıdan çox uzaqda yerləşən Naxçıvanın mətbuat tələbatını kifayət qədər ödəyə bilmirdi. Çünki 1880-ci ildə çəkilən Bakı-Tiflis dəmiryolu Naxçıvanda çox uzaqlardan istiqamət edirdi, yəni Naxçıvandan Bakıya gediş-gəliş çox çətin idi. XX əsrin lap əvvəllərndən Tiflisdə naxçıvanlı Məhəmməd Şaxtaxtinslki “Şərqi-rus” qəzeti buraxsa da, Tiflisin də Naxçıvanla məsafəsi uzaq idi, yəni naxşıvanlı ziyalıların o qəzeti də oxumaları üçün xeyli müddət lazım olurdu. Qəzetin xülasəsini belə teleqrafla yollamaq çox baha başa gəlirdi. Bu səbəbdən də Naxçıvanın qabaqcıl ziyalıları bir yerə toplaşıb belə qərara aldılar ki, Naxçıvan əhalisini maarifləndirməkdən ötrü bir mətbu orqan yaratsınlar.

1921-ci ildən etibarən “Cavanlar həyatı” və “Füqəra səsi” adı altında fəaliyyətə başlayan, daha sonra “Şərq qapısı” adlandırıan qəzeti fəaliyyətə başladığı ilk illərdə ərəb qrafikası əsasında yaradılmış Azərbaycan əlifbası ilə nəşr olunan saylarında Naxçıvanın tarixi və tarix-mədəniyyət abidələri, onların qorunması, tədqiqi və təbliği ilə əlaqədar işıq üzü görən məqalələr bu gün də öz aktuallığını itirməmişdir. Onlar Azərbaycanın tərkib hissəsi olaraq Naxçıvan tarixinin mənbəyi kimi mühüm əhəmiyyət kəsb edirlər. Bu baxımdan xüsusilə dövrün qabaqcıl, savadlı insanları tərəfindən qələmə alınan həmin məqalələrdə haqqında bəhs olunan (məsələn, Ordubad şəhərindəki Came məscidində 1902-ci ildə tapılan hicri 111-ci il, miladi 729-cu il tarixli kitabə kimi), ancaq bu günə qədər gəlib çatmayan mənbələr barədə verilən məlumatlar tarixi baxımdan çox böyük əhəmiyyətə malikdirlər.

Nəzərdən keçirdiyimiz məqalələr əsasında deyə bilərik ki, keçən yüzilliyin 20-ci illərinin ortalarında “Şərq qapısı” qəzetinin səhifələrində tarix-mədəniyyət abidələrimizlə əlaqədar dərc etdirilən məqalələr artıq tarix və mədəniyyətimiz üçün sanballı qaynaqlara çevrilmişlər. Heç təsadüfi deyildir ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamın preambula hissəsində “Şərq qapısı” qəzeti “Naxçıvanın tarixini və keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdıran salnamə” kimi xarakterizə olunmuşdur.

Seyid Səbri (1896-1974) elmi və bədii yaradıcılıqla da məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni mühitində özünəməxsus iz buraxan bir ziyalı və yaradıcı şəxs olmuşdur. “Şərq qapısı” qəzetinin ilk müxbirlərindən biri olan S.Səbri məqalələrini nəinki təkcə bu qəzetdə, həmçinin Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc etdirmişdir. Araşdırmalar nəticəsində S.Səbrinin “Şərq qapısı” qəzetinin 1925-1926-cı illərdəki nömrələrində “S.S.”, “Səbri”, “Seyid Səbri” imzaları ilə çap olunan xeyli məqaləsini aşkara çıxarılmışdır. Həmin illərdə işıq üzü görən “Darülmüəllimində”, “Axşam texnikumu lazımdır”, “Hansı vasitələrlə qəzetəmiz intişar tapar”, “Tazə həkim”, “İt boğuşdurmaq”, “Su işçilərinin yaxşılarından istifadə etməli”, “Oğurluq”, “Məhkəmədə”, “Kooperativ lazımdır”, “Bu gün” məqalələrinin əsas mövzusu maarif və mədəniyyətin təbliği, gerilik, xurafat və nadanlığın tənqidi, bəzi neqativ hallar və şəhər həyatı ilə bağlı problemlər olmuşdur.

“İkinci Dünya müharibəsi illərində “Şərq qapısı” qəzeti xüsusilə faşizmə qarşı ciddi ideoloji mübarizə aparmış, öz oxucularını qələbəyə inama səsləmiş, cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsinə vəsilə olmuşdur. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra ölkəmizin bütün bölgələri kimi Naxçıvan da inkişaf yoluna çıxmış, böyük quruculuq proqramlarının gerçəkləşdirildiyi bir diyara çevrilmişdir. Yeni qəsəbələrin, mikrorayonların, zavod və fabriklərin, elm, məktəb və mədəniyyət ocaqlarının açılışı, kənd təsərrüfatının inkişafı həmin dövrdə qəzetlərin səhifələrini bəzəmişdir. Ulu öndər “Şərq qapısı”nın nəşrinin 50 illiyi münasibətilə qəzeti “Şərəf nişanı” ordeni ilə təltif etmişdir. Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata ideoloji basqılar azalmış, həmin dövrdə “Şərq qapısı” qəzeti də azərbaycançılıq ideo logiyasını təbliğ edən yazılarla çıxış etmişdir.

1920-ci ilin iyul ayında Naxçıvanda sovet hakimiyyəti quruldu və bu hadisə əbədi mühitdə xüsusi mürəkkəbliklə müşahidə olundu. Təqiblər, repressiyalar yüzlərlə ziyalını dərbədər saldı. Sosialist ideologiyasınm şəriksiz hökmranlığı naminə hər cür bəd əməllərə əl atılması, yaradıcı adamlan olduqca çətin şəraitdə işləməyə məcbur edirdi. Qocaman şairlərdən Ə.Məhbus, Məhəmməd Rəsizadə, Molla Mahmud Çakər öz şeirləri ilə yeni quruluşa rəğbətini bildirməyə çalışırdı. Gənclər isə vədlərə inanıb həvəslə yaradı- cılığa başlayırdılar. Quruluşu tərənnüm edən ədəbi qüvvələr üçün münbit şərait yaradılması məqsədilə 1921-ci il noyabrm 11-də Naxçıvanda «CavanIar həyatı» adlı qəzet nəşrə başladı. Bir qədər sonra bu qəzet «Füqara səsi» adı ilə nəşrini davam etdirir (Şura Cümhuriyyətinin orqanı kimi). (Axundlu Y. Naxçıvanm ədəbi mühiti. Qobustan. 1999X2 2 S 48) 1922-ci ilin aprelində isə qəzet «Şərq qapısı» adı ilə nəşr olunur. 1925-26-cı illərdə Əvəz Sadıq, Abbas Gülməmmədov, Eyyub Abbasov, Məşdi Babayevin təşəbbüsü ilə Naxçıvanda «Gənc qələmlər» ədəbiyyat dərnəyi təşkil edilib. Qeyd edək ki, ədəbi gəncliyin inkişafmda «Şərq qapısı» qəzeti də az rol oynamırdı. Lətif Hüseynzadə, Məmməd Əkbər, Seyid Səbri, Nemət Hüseynov, Məmmədəli Tarverdiyev, Məmməd Hüseyn Təhmasib və başqaları maraqlı yazıları ilə mətbıuatda tez-tez çıxış edirdilər.

Naxçıvanda davamlı şəkildə nəşr edilən mətbuat orqanı "Şərq qapısı" qəzetidir. "Cavanlar həyatı" və "Füqəra səsi" qəzetləri diyarda qəzetçilik işinin ilk məşqlərini, təməlini təşkil edir. "Şərq qapısı" isə uzun illər fəaliyyət göstərərək mətbuat sahəsində öz məktəbini yaratmış mətbuat orqanıdır. Bu qəzet 1922-ci ilin aprel ayından etibarən kiçik fasilələrlə bu günədək fəaliyyətini uğurla davam etdirməkdədir. "Şərq qapısı" qəzeti Naxçıvan Xalq Komissarlar Şurasının dəstəyi ilə nəşrə başlamışdır. Bu qəzetə keçən əsrin iyirminci- otuzuncu illərində Həmid Mahmudov və Əhməd Haşımov, Həsən Əlizadə, Əvəz Sadıq, Abbas Gülməmmədov və başqaları redaktorluq etmişlər. Otuzuncu illərin axırlarında ölkədə ictimai-siyasi hadisələrin gərginliyi ilə əlaqədar olaraq "Şərq qapısı" qəzetinin redaktorları tez-tez dəyişməli olmuşdur. 1937-ci il ərzində "Şərq qapısı" qəzetində Hüseyn Mahmudov, Şirəli Şirəliyev, Ə.Hacızadə, Xəlil Əminov, Musa İsmayılovun təyin olunub işdən çıxarılması repressiya dalğasının əks-sədası idi.

Elm, ədəbiyyatşünaslıq və ədəbi tənqid də ədəbiyyat işi ilə yanaşı həmişə "Şərq qapısı" səhifələrində özünə yer tapmışdır. Müəyyən dövr ərzində "Şərq qapısı" qəzetində ədəbiyyatşünaslıq işi yazıçı və şairlərin yubileyləri ilə əlaqədar çap edilən yazılarla məhdudlaşdırılmışdır. Lakin əksər hallarda "Şərq qapısı"nda bu regionda yaşayıb-yaratmış yazıçıların həyatı və yaradıcılığının əhəmiyyətli məqamlarına, açılmamış naməlum səhifələrinə geniş yer ayrılmışdır. "Şərq qapısı" qəzeti Naxçıvanda yaşayıb-yaratmış sənətkarları öyrənmək üçün ən mötəbər mənbədir. Qəzetdə yeni kitablar və tamaşalar haqqında verilən materiallar regionda ədəbi tənqidin inkişafına şərait yaradır. XX yüzillikdə və müasir mərhələdə Naxçıvanda formalaşmış tənqidçi və ədəbiyyatşünaslar da "Şərq qapısı"na borclu və minnətdardırlar. Tanınmış tənqidçi və ədəbiyyatşünaslardan Lətif Hüseynzadə, Yavuz Axundlu, İsa Həbibbəyli, Məhərrəm Cəfərli, Hüseyn Həşimli, Əsgər Qədimov, Elbəyi Maqsudov, Fərman Xəlilov, Yusif Səfərov, Seyid Surə, İman Cəfər, Seyfəddin Eyvazov, Əbülfəz Əzimli, Ramiz Qasımov və başqaları "Şərq qapısı" məktəbinin mühitində yetişib formalaşmışlar. Tanınmış tarixçi və arxeoloq alimlər, dilçilər və təbiət elmlərini təmsil edənlərin də inkişafında "Şərq qapısı" qəzeti xüsusi yer tutur. Akademik İsmayıl Hacıyev, Tariyel Talıbov, Qadir Qədirzadə, Hacı Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Zəhmət Şahverdiyev, Sevindik Vəliyev, Vəli Baxşəliyev, Ağarza Rüstəmov, Musa Quliyev, Emin Arif, Nazim Bababəyli, Qadir Əliyev və onlarla başqaları da "Şərq qapısı"ndan çıxmış, böyük elmə vəsiqə almışlar. Xüsusən, son illərdə Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində elmin müxtəlif sahələrinin inkişafı öz növbəsində "Şərq qapısı" qəzetində elmi materialların və informasiyaların meydanının nəzərə çarpacaq səviyyədə genişlənməsinə təkan vermişdir. Beləliklə, "Şərq qapısı" muxtar respublikada elmi məktəb funksiyalarını da yerinə yetirir”.

“Keçən yüzilliyin 20-ci illərində Naxçıvanın tarixi, tarix-mədəniyyət abidələri haqqında “Şərq qapısı” qəzetində bir sıra müəlliflər müxtəlifməzmunlu məqalələr dərc etdirmişlər. Həmin məqalə müəllifləri, əsasən, 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin şöbəsi kimi yaradılan Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin üzvləri olmuşlar. Həmin insanlar həmin cəmiyyətin üzvü kimi fəaliyyət göstərir, Naxçıvan ərazisindəki tarix-mədəniyyət abidələrini tədqiq edir, tədqiqatlarının nəticələrini qəzet və jurnallarda dərc etdirirdilər. Onlar, həmçinin elmi-tədqiqat məqsədilə Naxçıvana gələn alimlərlə birgə çalışırdılar.

Naxçıvan diyarının maddi mədəniyyət nümunələri ilə əlaqədar “Şərq qapısı” qəzetinin səhifələrində məqalələr dərc etdirən həmin ziyalılardan biri Mirbağır Mirheydərzadə olmuşdur. Ərəb və fars dillərinə dərindən bələd olan, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsi yaradılarkən onun elmi katibi təyin edilən, az sonra Naxçıvan Dövlət Tarix Muzeyinin qurucularından birinə çevrilən Mirbağır Mirheydərzadə “Şərq qapısı” qəzetinin və jurnalların səhifələrində Naxçıvanın tarixi və tarix-mədəniyyət abidələri haqqında məqalələr dərc etdirmişdir. Onun bu sahə ilə əlaqədar ilk məqalələrindən biri qəzetin 8 sentyabr 1925-ci il tarixli nömrəsində işıq üzü görən “İşə başlamalıyız” adlı məqaləsidir. Naxçıvan ziyalılarına müraciət şəklində qələmə alınan məqalədə Mirbağır Mirheydərzadə Naxçıvan ziyalılarını cəmiyyətin işində fəal iştirak etməyə çağırırdı”.

Bunu da qeyd edək ki, AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman  Xəlilov Mirbağır Mirheydərzadəyə “Fədakar ölkəşünas: Hacı Mirbağır Mirheydərzadə” adlı monoqrafiya həsr edib.  Monoqrafiya “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən çap olunub.Əsərin “Mirbağır Mirheydərzadənin elmi yaradıcılığı” başlıqlı sonuncu fəslində vətənpərvər elm xadiminin təxminən 100 il bundan əvvəl ərsəyə gətirdiyi və uzun illər diqqətdən kənarda qalan “Naxçıvan tarixi” adlı monoqrafiyası ilk dəfə olaraq tədqiqata cəlb edilib. Bu fəsildə M.Mirheydərzadənin adı çəkilən monoqrafiyasında Naxçıvan bölgəsinin qədim dövrlərdən başlayaraq 1920-ci ilədək tarixi, etnoqrafiyası, maddi mədəniyyət nümunələri, epiqrafik abidələri, xalq adət-ənənələri ilə bağlı apardığı araşdırmalarının nəticələri sistemli şəkildə tədqiq olunaraq dəyərləndirilib.

XX əsrin 30-cu illəri Azərbaycanın da daxil olduğu keçmiş Sovet İttifaqında kollektivləşmə, kolxoz quruculuğu dövrü kimi xarakterizə olunur. Kollektivləşmə siyasətinin həyata keçirilməsi başlıca məsələlərdən birinə çevrilirdi. Bu dövrdə Naxçıvanın siyasi həyatı daha gərgin keçirdi.Belə bir dövrdə mətbuatın üzərinə xüsusi missiya düşürdü. Məhz bu illərdə rayonlarda da yerli mətbuatın təməli qoyulur. Naxçıvan Muxtar Respublikasının Şərur ("Pambığa doğru", 1931), Ordubad ("Ordubad fəhləsi", 1932), Əbrəqunus ("Zərbəçi heyvandar", 1932), Culfa ("Bolşevik yolu", 1932) və Şahbuz ("Sosializm maldarlığı", 1936),  rayonlarında yerli qəzetlər nəşrə başlayır. 

Qəzet mətbəələrində texniki prosesi yaxşılaşdırmaq məqsədilə 1934-cü ilin yayında Bakı poliqrafiya tresti rayon və siyasi şöbə qəzetlərinin mətbəələri üçün bir illik kurs təşkil etdi. Bu kursu bitirənlər sırasında Naxçıvanın rayon qəzetlərinin əməkdaşları da var idi. Və bununla qəzetlərin normal nəşri təmin olunmağa başlandı.

Sovet dövrü Naxçıvan Muxtar Respublikasının rayon qəzetlərində mətbuatın güclü bir təbliğat-təşviqat vasitəsi olduğu açıq-aşkar hiss edilir. Bu dövrdə zəhmətkeş insanların fəaliyyətini əks etdirən yazılara gen-bol yer verilirdi. “Tərəvəzçi Gülzar”, “Sağıcı Məsmə”, “Qaynaqçı Vəli”, “İpəkçi Elenora”, “Mürəbbə ustası Məhəbbət”, “Çoban Mahmud” və yüzlərlə belə başlıqlı yazılarda kollektivləşmədə zəhmətkeşlərin fəaliyyəti və ayrı-ayrı istehsal sahələrində uğur qazanmış insanların işləri ön plana çəkilirdi.

Rayon qəzetlərinin II Dünya müharibəsi dövründəki fəaliyyəti də maraqlıdır. Həmin dövrdə muxtar respublikanın rayon qəzetlərində (“Pambığa doğru”, “Zərbəçi heyvandar”, “Bolşevik yolu”, “Ordubad işçisi”, “Sosializm maldarlığı”) çalışan müxbirlər öz qələmlərini süngü ilə əvəz etdi. Qəzetlər müxtəlif səpkili yazılarla öz oxucularını qələbəyə ruhlandırır, mübarizəyə səsləyirdi. “Hər şey cəbhə üçün!”, “Qəhrəmanlar ölmürlər!”, “Onun rəşadəti”, “Cəbhə xəbərləri” və başqa rubrikalar altında verilən yazılarda vətən oğullarının döyüş cəbhələrindəki misilsiz hünərindən, iradəsindən söz açılır, döyüşçülərin hünərinə mütəşəkkil səhifələr həsr olunurdu”.

2022-ci ildə “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı nəşr olunub.

Kitabın ilk səhifələrində Ümummilli Lider Heydər Əliyevin qəzet haqqında fikirləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ““Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamı və təsdiq olunmuş Tədbirlər Planının mətnləri verilib. Ulu Öndərin: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”,- sözləri 100 yaşlı söz məbədinin daşıdığı tarixi missiyadan, gənc nəslin vətənpərvər ruhda tərbiyəsindəki mühüm rolundan xəbər verir. Öz profilinə daim sadiq qalan “Şərq qapısı” bu şərəfli missiyanı hələ sovet dönəmindən məsuliyyətlə yerinə yetirmiş, göstərilən təzyiqlərə baxmayaraq uğurla fəaliyyətinə davam etmişdir.

Bu gün muxtar respublikada 8 rayon (şəhər) qəzeti – “Şərurun səsi” (1931 – Şərur), “El həyatı” (1932 – Ordubad), “Arazın səsi” (1932 – Culfa), “Oğuz səsi” (1936 – Şahbuz), “Şərqin səhəri” (1979 – Babək), “Nuh yurdu” (1996 – Naxçıvan şəhəri), “Oğuz yurdu” (2000 – Sədərək) və “Yeni həyat” (2005 – Kəngərli) qəzetləri dərc olunur. Naxçıvanın rayon mətbuatı fikir plüralizmini, əqidə, söz azadlığını, dövlətçilik amalını özünün başlıca meyarları hesab edərək ictimai-siyasi prosesləri operativ və tərəfsiz əks etdirməyə çalışan, milli maraqları üstün tutan mətbuat orqanları kimi fəaliyyət göstərir.

XX əsrin 90-cı illərinin əvvəllərində "Şərq qapısı" qəzeti müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra "Şərq qapısı"nın həyatında yeni dövr başlanmış, 1990–1993-cü illərdə qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görmüş, bu mövzuda yazılarla çıxış etmiş, muxtar respublikanın düşdüyü informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynamışdır.

  Yuxarıda qeyd edildiyi kimi, “Şərq qapısı” qəzeti  ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlsə də, həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək "Füqəra səsi", 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək "Şərq qapısı",adlanmışdır. 1980-ci ildə "Sovet Naxçıvanı" adlanan qəzet rus  dilində "Советская  Нахчеван»" adlı dubilkatı ilə birlikdə buraxılmışdır.

"Şərq qapısı" qəzetinin 1923-1926-cı illərdə böyük oxucu kütləsi qazanmağında  Səkinə Rasizadə, Siddiqə Bağırova, Qəşəng Kəngərli, Rübaba Sadıqova, Məmurə Rəhmiyeva, Xanım Mehdiyeva, Qəmər Nəcəfzadə, Rübaba Nəsirbəyova, Güllər Ənnağıyeva, Tərlan Kazımbəyova, Fatma Rəhimova, Şövkət İskəndərova kimi qadın müxbirlərində müstəsna xidmətləri olmuşdur.

 Nəticə.  Hamının bildiyi kimi Azərbaycan xalqı min ildən yuxarı bir dvrdə ərəb əlifbasıyla yazıb-oxumuşdur. Bu səbəbdən də "Şərq qapısı" 1930-cu ilədək ərəb əlifbası ilə dərc edilmiş, lakin sovetlər birliyinin ilk illərində əlifba dəyişdiyə görə 1930–1940-cı illərdə latın, 1940-cı ildən isə əlifbamız kiril əlifbasına keçdiyinə görə  2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir. 1989-cu ildən qəzet fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir. Qəzetin təşəkkülünə, onun üçün jurnalist kadrların hazırlanmasına xalq yazıçıları M. İbrahimov və Ə. Vəliyev səy göstərmişlər. Ə. Vəliyev 1933–1934-cü illərdə qəzetin redaktoru olmuşdur. "Şərq qapısı" nəşrə başlayandan Naxçıvan MR-in ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatının güzgüsü olmuş, onun tərəqqi və yüksəlişində fəal və mühüm rol oynamışdır. Qəzet 50 illik yubileyində "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. XX əsrin 70–80-ci illərində "Şərq qapısı" qəzetinin gündəlik və böyük formatda nəşri təmin edir.

XX əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda mətbuat müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. Yuxarıda  qeyd olunduğu kimi ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra dövri mətbuat nümunələrinin həyatında yeni dövr başlanmış, çoxsaylı mətbu orqanları ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görmüş, bu mövzuda yazılarla çıxış etmiş, muxtar respublikanın düşdüyü informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynamışlar.

SİZƏ MARAQLI OLA BİLƏR