Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Şair, alim, vətəndaş - Şirindil Alışanlı Qasım Qasımzadə haqqında yazır

02-02-2024 [ 11:58 ] [ oxunub:223 ]
printerA+ | A-

İkinci Dünya müharibəsindən sonra Azərbaycan ədəbiyyatına yeni bir nəsil gəldi. Bu nəslin nümayəndələri ədəbi prosesin bütün istiqamətlərini və janrlarını təmsil edirdilər. Görkəmli şair, filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı Qasım Qasımzadə bu nəslin ən istedadlı nümayəndələrindən biri kimi XX yüzilliyin yarım əsrlik tarixi-ədəbi prosesinin fəal iştirakçısı və ictimai fikrinin ifadəçisi olmuşdur. O, ədəbi gedişata bir şair, tənqidçi-ədəbiyyatşünas və publisist kimi gəlmiş və böyük tarixi dövrün ən xarakterik cəhətlərini, onun ideya-bədii axtarışlarını öz əsərləri ilə ehtiva etmişdir. Qasım Qasımzadə şəxsiyyətinin milli yaddaş və dəyərlər müstəvisində boy atıb cəmiyyətdə nüfuz qazanması onun vəzifə kürsülərində də mövqeyini müəyyənləşdirmişdir. Gənc yaşlarından "Ədəbiyyat və incəsənət" qəzetinə rəhbərlik etməsi, uzun illər Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı alimlərindən biri kimi fəaliyyəti zamanı ədəbi-bədii yaradıcılıqla müəllifin vətəndaş mövqeyi bir-birini tamamlayırdı.

Qasım Qasımzadə ilk növbədə görkəmli şairdir. Onun təmsil etdiyi poetik nəsil XX əsr poeziyasının yaşlı nəsli - S.Vurğun, S.Rüstəm, M.Müşfiq, R.Rza, Ə.Cəmil ilə 60-cı illərdə poeziyaya gələn yeni nəsil arasında yaradıcılıq keçidi hazırladılar. Bu şairlərin adı ilə bağlı üslubi təmayüllərin sabitləşməsində, poetik sistem etibarı ilə inkişafında, bir ənənə kimi təsdiq və davamında Q.Qasımzadənin təmsil etdiyi ədəbi nəslin poeziyası ədəbi-tarixi rol oynadı.

Q.Qasımzadənin ədəbi-bədii dünyagörüşü öz nəsildaşları kimi Səməd Vurğun sənət və şəxsiyyət gerçəkliyi zəminində formalaşmışdır. Böyük şairin əsasını qoyduğu və yüksək zirvəyə qaldırdığı poetik meyarlar B.Vahabzadə, H.Arif, N.Xəzri, Qabil və İ.Səfərli ilə yanaşı, Q.Qasımzadə yaradıcılığında da müxtəlif ölçü və biçimdə davam və inkişaf etdirilmişdir. Q.Qasımzadənin poeziyasında ictimai-sosial və vətəndaşlıq şüurunun poetik ifadəsində təbiətdən gələn obrazlara güclü yer verilməsi, süjetli lirikanın önə keçməsi, poetik təhkiyədəki rəngarəng keçidlər bu poeziyanın aparıcı sənətkarlıq elementləridir. Onun yarım əsrə yaxın tarixi olan poeziyası ümumi poetik təsvirdən, tərənnümdən bədii fəlsəfi tutumlu sənətə doğru böyük yol keçmişdir.

İlk şeirlərinin, ilk kitablarının başlıqları yaradıcılığının ikinci mərhələsində həm bədii, həm də milli-mənəvi tutumu baxımından yeni adlarla əvəzlənir: "Bizim kənd" (1951), "Bizim şəhər" (1953), "Bizim dağlar" (1955) - "İnsan min il yaşardı" (1973), "Dağlar buraxmır məni" (1978), "Keçmə namərd körpüsündən" (1975), "Daşdan keçən söz" (1981)... Adlar Q.Qasımzadə poeziyasının lokal poetik bir məkan olan milli tarixi keçmişimizin hüdudlarını və qlobal düşüncə tərzini əhatə edən poetik bir gerçəkliyə doğru inkişafını göstərir. "Bu şeirlər (Q.Qasımzadənin poeziyası nəzərdə tutulur - Ş.A.) hər yeni mərhələdə, hər yeni mövsümdə yenidən dəyişir, lakin onlarda bütün mövsümlərdə dəyişməyən, əbədi və sabit qalan bir cövhər də vardır: Q.Qasımzadə şeiri həmişə və hər yerdə təbiətə, saflığa, mərdliyə inam və etibar poeziyası olaraq qalır. Onların hamısının əsasında təbiətlə, tarixlə şair, yaddaşla vətəndaş arasında ünsiyyətin ən ibrətli və mənalı məqamları dayanır" (Yaşar Qarayev).

Q.Qasımzadənin ilk şeirlərində onun poetik nəfəs genişliyi, romantik vüsət hopmuş bədii intonasiya çalarları dərhal nəzərə çarpır. 1945-ci ildə qələmə aldığı "Laçın qayası" şeirində olduğu kimi:

 

Qabarıq sinəli Laçın qayası,

Nə qorxunc uçurum görünüşün var!

Əlçatmaz qoynunda kəklik yuvası,

Üstündə qıy vuran şahinlər uçar.

 

Onun bütün yaradıcılığında Səməd Vurğun nəfəsi var. Öz böyük ustadına hər məqamda ehtiram göstərən şair ilk şeirlərində Səməd Vurğunun poetik təhkiyəsinin ədaları həndəvərində orijinal lövhələr yaradır:

 

Kükrəyib çağlayan bir çay səslənir

Sıldırım qayalar məngənəsində.

Arxlara çevrilir o çay get-gedə

Sussuz düzənlərin gen sinəsində.

 

Qasım Qasımzadənin poeziyasında onun poetik dünyagörüşünü formalaşdıran amillər - gen yaddaşından qopub gələn ibrətamiz əxlaq dərslərindən, təbiətlə (həm aran, həm dağ mühiti ilə) ünsiyyətindən doğan obrazlar silsiləsi yaradıcılığının ilk dövründə üstünlük qazanır. Bir-birinə bənzəməyən obrazlar silsiləsini bu şeirlərdə poetik təhkiyədəki epik fon təsvirin əyaniliyini, informasiya genişliyini təmin edir. Təbii gözəllik onun poeziyasında həm ömür yoluna verilən dəyərdir, həm əxlaq daşıyıcısıdır. "Papiros kötüyü" şeirində təbii gözəllik sanki insanı imtahana çəkir:

 

Göl necə də dupduru, göl necə də təmizdir,

Ona məhəbbətimiz coşub-daşan dənizdir.

Əyləşibdir qayıqda bir təbiət vurğunu,

Barmağıyla söndürdü papirosun odunu.

Baxdı əzik kötüyə, bir də ki, şəffaf suya,

Əhsən onun qəlbini bürüyən saf duyğuya!

Papirosu atmadı gölün təmiz üzünə,

O qıymadı Göy gölün təravətli hüsnünə.

 

Q.Qasımzadə poeziyasının bədii-fəlsəfi təkamülünü dolğun əks etdirən, şeirsevərlərin əzbər bildiyi "Gəlmişəm" şeirində ənənəvi mövzuya münasibətdə yeni çalar görürük. Dağ obrazı klassik şeirimizdə gördüyümüz təsvir hüdudları çərçivəsində qalmır. Şairin müraciət etdiyi təbiət predmeti - dağlar ömür yoluna verilən fəlsəfi-sosial dəyərin ifadə vasitəsi kimi mənalandırılır:

 

Ömrün zinətini illər alıbdır,

Mahir ovçu kimi bir-bir çalıbdır.

Bircə sən verdiyin vüqar qalıbdır,

Hüzuruna başı uca gəlmişəm!

 

Q.Qasımzadənin şeirlərində peyzajın psixoloji məqamlar müstəvisində təqdimi onun fərdi üslubunu təyin edən poetik daşıyıcılardandır. Təbiət onun poeziyasında canlı varlıq, canlı aləmdir. Onun dağlar qarşısında mənəvi hesabatı məhz bunun təcəssümü kimi diqqət çəkir.

60-70-ci illərdə Q.Qasımzadə poeziyasının üfüqləri genişlənir. Xüsusən xaricə səfərləri zamanı şahidi olduğu hadisələr, real müşahidələr əsasında silsilə şeirlər yazır. Bu poetik nümunələr başlıqları etibarı ilə "xarici mövzu" olsa da, onların mahiyyətində doğma Azərbaycan, onun tarixi və şairin yaşadığı dövrün ictimai-siyasi problemləri dayanır. Şairin qəlbi vətən həsrəti ilə döyünür:

 

Nə yaman olurmuş Vətən həsrəti,

Yetim uşaq kimi kövrəlir insan.

Dərindən duyarsan bu həqiqəti,

Doğma sahilləri tərk edən zaman.

 

Mövzusundan asılı olmayaraq Q.Qasımzadənin yaradıcılığında süjet elementləri aparıcı poetik daşıyıcı, şeirlərin bədii bütövlüyünü tamamlayan, əyaniləşdirən amildir. Müəyyən əhvalatların təsviri və təsvirin poetik yekunu məhəbbət mövzusunda yazdığı süjetlərin bütövlüyünü təmin edir. Bir-birinə bənzəməyən onlarca sevgi şeiri bu gün də mükəmməl sənət nümunələri kimi yaşamaqdadır. Onun sevgi şeirlərini yaddaşlara həkk edən məqam onların konkret həyat hadisəsinin təzahürü olmasıdır. Əhvalatın yığcamlığı, məntiqini əyaniləşdirən süjetlə canlı lövhələr yaradılır. Bəzi şeirlərdə isə lirik süjetin dramatik element xəfif yumor, real insani duyğular, hisslər aləminin təcəssümünü daha təsirli edir. "Həsrətliyəm", "Qonşu olmaq istəmirəm", "Zəhləm getdi... çiçəklərdən", "Eşqimin növrağı", "Olmaz, olmaz deyirsən" və s. XX əsr məhəbbət mövzusunda yazılmış nadir sənət inciləridir.

Bu gün dillər əzbəri olan "Olmaz, olmaz deyirsən" şeirini mahnıya çevirən də poeziyanın bədii vüsətidir. Poetik bir nümunə kimi bu şeir canlı bədii varlıqdır, məsum bir sevginin bədii tablosudur. Böyük bir əsərə sığacaq qədər psixoloji durum zənginliyini şair böyük ustalıqla yaratmışdır. "Qəzəbdənmi alovdan don geyirsən" - bu heyrətin qarşısında ayrılıq dəmi gözlənilməz bədii-psixoloji bir sonluqla yekunlaşır:

 

...Deyəndə ki, çatdı ayrılıq dəmi,

Buraxmayıb əllərimi nədən sən:

- Olmaz, olmaz! - deyirsən.

 

Belə şeir nümunələri hər zaman yaranmır. Burada müəllifin tərcümeyi-hal notları, yüksək əxlaqi sərvətlərə sahib şəxsiyyəti, milli gen yaddaşı konkret məqamda onun poetik istedadı ilə üst-üstə düşür.

Q.Qasımzadənin poeziyası fonunda Azərbaycanda böyük bir dövrün sənət axtarışlarını izləmək mümkündür. O, tarixi-ədəbi prosesi, həmçinin lirik-epik poemaları, uşaqlar üçün yazdığı şeirləri, poetik tərcümələri ilə zənginləşdirdiyi kimi həm də poeziyanın keşiyində duran prinsipial redaktor olmuşdur.

Q.Qasımzadə ədəbi-ictimai fikirdə ədəbiyyatşünas alim, tənqidçi kimi böyük nüfuz qazanmış, respublikada nəşr olunan elmi məcmuələrin, "Ədəbiyyat tarixi" səpkisində yazılmış sanballı əsərlərin məsul redaktor və müəlliflərindən biri olmuşdur. Onun ədəbiyyatşünas-tənqidçi kimi fəaliyyətində də poeziyasında müşahidə etdiyimiz vətəndaşlıq mövqeyi öndə dayanır. Vaxtilə yazdığı məqalələrindən birində qeyd edirdi ki, alim vətəndaş olmasa, onun istedadı öz yerini tapmayacaq.

Ədəbi-nəzəri fikrimizdə Q.Qasımzadəyə bir ədəbiyyatşünas və tənqidçi kimi fərdi mövqe qazandıran da onun məhz bədii fikir tariximizin inkişaf mərhələlərini elmi məzmun və milli poetik ifadə təkamülü fonunda izləməsidir. Ədəbi-ictimai həyatın üst qatına sirayət edən fəal zövq və meyarlar axını Q.Qasımzadənin alim-şair və vətəndaş kimi həyat və sənət haqqında fərdi qənaətlərinin sabitliyinə xələl gətirməmişdir. Onun müxtəlif ədəbi meyarların meydan oxuduğu vaxtlarda yazılmış "Aşıq gördüyünü çağırar" (Bakı, "Gənclik", 1969), "Ədəbiyyatda millilik və beynəlmiləllik" (Bakı, "Elm", 1982) və "Ədəbiyyatımız, mənəviyyatımız" (Bakı, "Yazıçı", 1988) kitablarında cəmlənmiş tədqiqatların, o cümlədən kitablarına daxil edilməmiş onlarca məqaləsinin müasir elmi və vətəndaşlıq tutumunu tədqiqatçının əxlaqi-mənəvi bütövlüyü müəyyən edir.

Q.Qasımzadə folkloru, klassik irsi və müasir ədəbi prosesi, nəzəri-estetik fikir tarixini milli bədii düşüncənin qədimliyi və zənginliyinin elmi tədqiqi baxımından təhlil edir. Milli mədəniyyət, mənəvi dəyər onun tədqiqatlarında hərəkətdə olan "orqanizm" kimi öyrənilir. Q.Qasımzadənin tədqiqatlarında millilik həm də bədii əsərin ideya-poetik özünəməxsusluğunu əyaniləşdirən amil kimi araşdırılır. Ədəbiyyat və mədəniyyətlərin qarşılıqlı zənginləşməsini ehtiva edən müasir gerçəklik bir sıra tarixi, ictimai-fəlsəfi və estetik kateqoriyaların elmi-nəzəri şərhinə yenidən qayıtmaq üçün özündə zəngin fakt, mülahizə, konsepsiya çoxluğu cəmləşdirir ki, Q.Qasımzadənin elmi əsərlərini səciyyələndirən başlıca xüsusiyyət məhz budur.

Millilik və beynəlmiləlçilik ictimai, sosial və estetik məzmun tutumu baxımından elə kateqoriyalardandır ki, elmi-nəzəri fikrin bir çox problemlərinin həllində nəzəri-metodoloji meyara çevrilir. "Ədəbiyyatda millilik və beynəlmiləllik" mövzusunda Q.Qasımzadənin tədqiqatları mühüm siyasi-ideoloji məzmunu olan, məhz ədəbiyyatşünaslıq və estetik düşüncə qəliblərində əyaniləşən orijinal, daxilən bütöv bir konsepsiyanı özündə təcəssüm etdirir. Bu konsepsiyanın müasir fəlsəfi, ideoloji əhəmiyyəti, həmçinin müəllifin bu mövzudakı çoxsaylı tədqiqatlar, mülahizələr içərisində bənzərsiz mövqe seçməsi onun tədqiqat predmetinə yeni münasibəti və bu mövzunu ədəbiyyatşünaslığın və estetik fikrin bir sıra problemlərinin həlli istiqamətinə yönəltməsi ilə bağlıdır. "Millət", "milli xüsusiyyət", "beynəlmiləl və milli mədəniyyət" anlayışlarının müasir elmi-nəzəri fikirdə qoyuluşunu, bu haqdakı mübahisələri sistemli şəkildə araşdıran tədqiqatçı millət məfhumu ilə estetik idealın milliliyi, bu anlayışın ehtiva etdiyi məzmunun yaranmasına qədər bədii fikirdə milli özünəməxsusluğu şərtləndirən cəhətlər üzərində xüsusi dayanır və bunların milli mədəniyyətin müxtəlif tarixi mərhələlərində yeni estetik məna kəsb edərək təkamüldə olduğunu zəngin bədii materialların müqayisəli təhlili ilə sübut edir. O, müasir ədəbiyyatımızın milli müəyyənliyini təyin edən amillərin tarixi qaynaqlarını araşdırmaqla, milli-bədii düşüncəmizin qədimliyi və zənginliyi haqqında dolğun təsəvvür yaratmaqla yanaşı onun dünya ədəbiyyatı ailəsində xüsusi yeri olduğunu estetik cəhətdən əyaniləşdirir. Müəllif tədqiq etdiyi mövzu ilə əlaqədar mövcud nəzəri ədəbiyyatdakı mülahizə və mübahisələri ümumiləşdirməklə uzun illər bu sahədəki elmi müşahidələrini sistemləşdirir, nəzəri və faktik cəhətdən əsaslandırılmış konsepsiya səviyyəsinə qaldırır.

Q.Qasımzadənin irəli sürdüyü konsepsiyanın müasir ədəbiyyatşünaslığımızda böyük ehtiyac hiss olunan bir problemin - milli-bədii fikrin inkişaf qanunauyğunluqlarını və konkret ədəbi hadisənin təhlil və qiymətləndirilməsinin metodoloji prinsiplərini hazırlamaqda ciddi elmi praktik rolu vardır. Onun araşdırmalarında millilik həm də ədəbi əsərin ideya-poetik strukturunun milli özünəməxsusluğunu şərtləndirən amil kimi öz elmi şərhini tapır: "Həqiqətən də hər hansı əsərin təhlili zamanı ən yaxşı halda əksər ideya-bədii komponentlər diqqətdən yayınmır, konflikt və xarakterdən, kompozisiyadan, təbiət təsvirindən, dil və üslubdan, məqsəd və məzmundan lazımi qədər söhbət gedir, lakin çox vaxt bütün bunlar sənətin realizmini şərtləndirən millilik prinsipi nəzərə alınmadan, millilikdən təcrid şəklində təhlilə cəlb olunur". Burada elmi təhlil prosesində adi, sıravi komponentin kənarda qalmasından yox, bədii əsərin bütün estetik komponentlərinin milli səciyyəsini müəyyən edən daha geniş anlayışdan bəhs olunur. Müəllif konkret milli ədəbiyyatın qiymətləndirilməsi məqamlarında onu ümumbəşəri estetik sərvətə çevirən amillərin, milli, bədii düşüncə və onun fərdi ifadə formalarının tədqiqinə xüsusi diqqət ayırır. Millilik və beynəlmiləllik kateqoriyalarının bədii söz sənətində kəsb etdiyi fəlsəfi-estetik məzmunun ifadəsi əsərdə milli folklor ənənələri və milli ədəbiyyatın təşəkkülü, milli şüur və bədii dil, yazıçı şəxsiyyəti və millilik, milli xarakter və s. problemlərin nəzəri şərhində üzə çıxardılır. Müəllif haqlı olaraq belə qənaətə gəlir ki, "milli xüsusiyyət sözün müasir mənasında başa düşdüyümüz millətin yaranmasından hələ əvvəllər meydana gəlmişdir". Tədqiqatçı zəngin klassik ənənələri olan Azərbaycan ədəbiyyatının fərdi milli simasını elmi cəhətdən müəyyənləşdirməyin doğru prinsipini irəli sürür. "Hər bir millətin dünyanı özünəməxsus dərketmə" müddəası ilə klassik ədəbiyyatımıza, xüsusən Nizami poeziyasına yanaşan müəllif onun Azərbaycan təfəkkürünün məhsulu olduğunu elmi şəkildə əsaslandırır. Ayrı-ayrı ədəbi regionlarda meydana çıxmış estetik amillərin konkret milli bədii düşüncə qəlibində yeni xüsusiyyət kəsb etməsinin qarşılıqlı təsir və bəhrələnmənin təzahürü olduğu klassik və müasir ədəbiyyatdan gətirilən tipik nümunələrlə sübut edilir.

Tədqiqatçı dünya ədəbiyyatşünaslığında mövcud olan nəzəri konsepsiyalarla Azərbaycan ədəbiyyatını onun spesifik cəhətlərini nəzərə almadan qiymətləndirməyin nəzəri-metodoloji qüsurlarını və onları meydana çıxaran səbəbləri aydınlaşdırır. Xüsusən postsovet nəzəri fikrində Azərbaycan, eləcə də Şərq bədii təfəkkürünün bəzi cəhətləri haqqındakı bu gün də davam edən yanlış mülahizələr müəllifin obyektiv elmi qənaətləri sayəsində rədd edilir. Q.Qasımzadənin monoqrafiyası Şərq tarixi ədəbi prosesinin (o cümlədən Azərbaycan) inkişaf özünəməxsusluğu ilə ümumi nəzəri təlimlər arasındakı qeyri-mütənasiblikləri aradan götürməklə elmi fikrin inkişafına müəyyən istiqamət verir. Azərbaycan bədii təfəkkürünün məhsulu olan folklor seçmələri, klassik və müasir ədəbiyyatımızdan nümunələrin yeri gəldikcə müxtəlif milli ədəbiyyatların məşhur əsərləri ilə müqayisədə araşdırılması ədəbi fikrimizin böyük bəşəri məzmunu haqqında dolğun təsəvvür yaradır. M.F.Axundov, C.Cabbarlı, S.Vurğun, M.Arif, M.Cəfər, M.İbrahimov, G.Lomidze və K.Talıbzadənin nəzəri görüşlərini təhlil edərkən müəllif ədəbiyyatda millilik haqqında nəzəri konsepsiyanın formalaşmasında tarixi, ədəbi-ictimai kontekstin rolunu obyektiv qiymətləndirməklə yanaşı, Azərbaycanda bədii şüurun hərəkət özünəməxsusluğunu şərtləndirən digər səbəbləri nəzərdən qaçırmır.

C.Cabbarlının aşağıda şərh edilmiş mülahizəsi Q.Qasımzadəyə bədii fikir tariximizin təkamül fərdiliyini doğru elmi-metodoloji əsasda öyrənməyə, bu sahədə rasional fikir yönümü aşılamağa kömək edir. "C.Cabbarlı ədəbi əlaqələrin müsbət və mənfi təsirlərindən danışarkən üsuli-idarənin başında duran hakim millətə məxsus mədəniyyətin məhkum xalqların mədəniyyətinə müdaxiləsini həmin xalqlar üçün "sıxıntı" adlandırmışdır. Bu sıxıntıya qarşı milli ədəbiyyat və mədəniyyətlərin daim daxili müqavimət göstərdiyi və bunun milli xüsusiyyəti saxlamaq üçün zəruri olduğunu qeyd etmişdir". Biz ədəbi əlaqələrin əsasən müsbət təsirindən danışmış, lakin müxtəlif milli mədəniyyət tipləri ilə ünsiyyətimizin digər bir mədəniyyət vasitəsilə baş verdiyi dövrlərin diktə etdiyi stereotip təsəvvürlər sistemini nəzərə almamışıq. Ədəbi təsir haqqında C.Cabbarlının mülahizələrini inkişaf etdirən tədqiqatçı inkişafın müəyyən məqamlarında (fars dilinin Yaxın Şərq ərazisində ədəbi dil kimi çıxış etdiyi vaxtda) mədəniyyətin milli özünəməxsusluğunu bədii dünyagörüşün bütün komponentlərində axtarmağa səy edir. Yazıçı şəxsiyyəti, dünyaduyumu, ədəbi qəhrəman, konflikt və xarakter kateqoriyaları milli bədii düşüncənin daşıyıcıları kimi təhlil edilir. Dünyanı özünəməxsus dərketmə üsulu klassik irsimizin milli bədii simasını müəyyənləşdirməyin doğru elmi prinsipi kimi Q.Qasımzadənin tədqiqatlarında öz səmərəli bəhrəsini verir. Nizami, Xaqani, M.F.Axundov, C.Cabbarlı kimi klassiklərin vahid mədəniyyət tipinə məxsusluqları bədii düşüncənin milli "hərəkəti" fonunda əsaslandırılır. "Yazılı ədəbiyyatın folklorla əlaqəsi" məqaləsində zəngin şifahi xalq yaradıcılığına ədəbi inkişafın hər mərhələsində yenidən qayıtmağın səbəbləri araşdırılır, folklor başlanğıcı öz səlahiyyətini başa vurmuş epiqon təsvir sisteminin çərçivəsini dağıtmağın estetik mənbələrindən biri kimi qiymətləndirilir. Nizami, Füzuli, Xətai, Vaqif, həmçinin C.Cabbarlı, S.Vurğun, S.Rəhimov, M.İbrahimov, İ.Əfəndiyev yaradıcılığı ilə folklor irsi üzərindəki müşahidələr müəllifə belə bir mövqedə durmağa haqq verir. Yazılı ədəbiyyatda folklorun "hərəkəti" milli-mənəvi yaddaşın bədii təsiri kimi sübuta yetirilir.

Q.Qasımzadənin "Ənənəvi obrazların müasir həyatı" məqaləsi ədəbiyyatımızda obraz, süjet təkamülünü izləmək baxımından maraqlı elmi tapıntıdır. Nizaminin "İsgəndərnamə"sindən başlayaraq M.F.Axundovun "Kimyagər", C.Məmmədquluzadənin "Ölülər", S.Rəhmanın "Küləklər" komediyası və XX əsr Azərbaycan ədəbiyyatının bir sıra başqa nümunələrində mövzu, süjet, qəhrəman kimi estetik sistem vahidlərinin inkişaf yolunu izləmək təşəbbüsü ədəbiyyatşünaslığımızda ilk addımlardandır. İctimai formasiyalar tarixinə analoq ədəbiyyat tarixlərini bədii-poetik fikir tarixinə çevirməyin səmərəli tədqiqat üsulu kimi müəllifin bu araşdırması ciddi elmi-metodoloji məzmun kəsb edir. "Klassik poeziya qaynaqları" məqaləsində isə janrların inkişafını təyin edən, onun bədii təsvir sistemini yeni məzmunun ifadəsinə yönəldən yaradıcılıq məsələləri üzərində dayanılır. Füzuli, Vaqif və Sabir kimi klassiklərin ədəbi irsi fonunda qəzəl, qoşma, rübai kimi formaların hər bir epoxada yeni çaları ilə ədəbi prosesə qayıtması səriştəli, müqayisəli təhlillərlə şərh edilir. Müəllif "janrın yaddaşı" (Baxtin) ilə onun poetik hərəkəti arasındakı mənəvi-estetik əlaqənin milli bədii dünyagörüşünə mənsub psixoloji əsaslarını xüsusi qabartmaqla "konservativ" formanın yaşarlığını ehtiva edən yaradıcılıq məsələlərini aydınlaşdırmağa çalışır. Müəllif tarixi gerçəkliklərin qəzəl modelində bədii dərkinin Füzuli, Sabir, S.Rüstəm və R.Rza formalarının həyatiliyi, həm də janrın milli poetik yaddaş meyarları ilə şərtləndiyini qeyd edir.

Ədəbi janrların, şeir şəkillərinin təkamülündə qarşılıqlı təsirin rolu Q.Qasımzadənin tədqiqatlarında formanın milli poetik sistem fərdiliyini aşkarlamaq məqsədi güdür. Müəllif ədəbi təsirin özünü də yazıçının milli üslub fərdiliyini müəyyənləşdirən amillərdən biri kimi götürür. Ədəbiyyatımızın tarixi inkişaf dövrlərinin səciyyəsinə uyğun olaraq ədəbi təmas formalarının da təkamül prosesi keçirdiyi tərcümə, nəzirə, iqtibas, yamsılama faktları əsasında sübut edilir. M.Ə.Sabir, A.Səhhət, A.Şaiq və C.Məmmədquluzadənin yaradıcılığı üzərindəki müşahidələri müəllifdə belə haqlı bir fikir doğurur ki, ədəbi təmas formaları milli bədii düşüncə qəlibində bədii sistem etibarilə irəli gedir, yeni ifadə imkanları qazanır. Qarşılıqlı əlaqənin tipləri və ədəbi proses problemi ədəbiyyatın poetik ifadə təkamülünü öyrənməyin vacib mətləblərindən biri kimi Q.Qasımzadənin tədqiqatlarında mərkəzi yer tutur. O, qarşılıqlı təsiri mexaniki hadisə kimi qiymətləndirən, milli ədəbiyyatın bədii nailiyyətlərini üzə çıxarmağa mane olan nəzəri sxemləri inkar edərək, belə bir mövqedə dayanır ki, hər bir milli ədəbiyyat ədəbi təsiri müxtəlif mahiyyətdə qəbul edir. Müəllif belə bir məntiqlə Azərbaycan ədəbiyyatının regional və milli-ədəbi ənənəyə söykənən xüsusiyyətlərini nəzərə almadan qiymətləndirməyin qüsurları üzərində xüsusi dayanır. O, milli-ədəbi təcrübənin nailiyyətləri ilə ümumittifaq ədəbi-nəzəri fikri arasındakı "anlaşılmazlıqların" səbəbini də burada axtarır. O, bədii metod nəzəriyyəsində millilik komponentinin kölgədə qalmasını nəzəri fikrin ciddi qüsuru kimi qeyd etməkdə haqlıdır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıq yolunu əhatə edən portret oçerklərdə də estetik idealın, obraz və xarakterlərin milli mahiyyətini araşdırmaq meyli təhlil üsulunda aparıcı yer tutur. C.Cabbarlı, S.Vurğun, S.Rəhimov, M.İbrahimov və İ.Əfəndiyevin qəhrəmanlarının mənəvi qohumluğu məhz bu aspektdə üzə çıxardılır.

Q.Qasımzadə tənqidçi və ədəbiyyatşünas kimi elə nəzəri mübahisələrə, hadisə və faktlara müdaxilə edir ki, bunların arxasında yaradıcı şəxsiyyətin, yaxud ədəbi inkişafın taleyi dayanır. Konservativ ədəbi təsəvvür və zövqlərə uyuşmayan bədii hadisələrə subyektiv münasibətlərin hökm sürdüyü məqamlarda o, cəsarətlə polemikaya girir, ədəbiyyatın vətəndaşlıq tutumunu, xalqın əsrlər boyu formalaşmış bədii yaddaşını, əxlaqi-mənəvi dəyərlərini öz elmi-nəzəri arqumentlərinin təməlinə çevirir. "Aygün" və onun poeziyamızda mövqeyi", "Tarixə müasir baxışın yeniliyi", "Ədəbiyyat fədaisi", "Cürətə səsləyən sənət" məqalələri, S.Vurğun, M.Hüseyn, R.Rza və İ.Əfəndiyev haqqında yazılmış əsərləri onunla fərqlənir ki, müəllif yazıçı şəxsiyyəti ilə yaradıcılıq axtarışı, ənənə və yenilik, lirik qəhrəman və müəllif özünüifadəsi kimi məsələləri şərh edərkən həm də bu sənətkarlarla ünsiyyətindən yadda qalan ibrətamiz faktları, xatirələri də tədqiqatın ümumi gedişi ilə əlaqələndirir. Bu, müəllifin elmi mülahizələrinə canlılıq, inandırıcılıq keyfiyyəti aşılamaqla yanaşı, onun mübahisəli məsələlərə münasibətində səmimi mövqe tutduğuna dəlalət edir.

Q.Qasımzadə şəxsi yaradıcılıq təcrübəsində sınaqdan keçirmədiyi nəzəri metod və təhlil üsullarını dərhal, mexaniki qəbul edən tədqiqatçılardan olmamışdır. Onun tənqidi qiymətlərinin sabitliyi də buradan irəli gəlir. Mövcud nəzəri konsepsiya ədəbi fikrin milli ləyaqətini dünya elmi fikrinə qovuşdurmağın səmərəli yolu kimi onu təmin etdikdə müəllifin tədqiqatçılıq təcrübəsi ikiqat bəhrə verir. Q.Qasımzadənin uzun illərdən bəri millilik və beynəlmiləllik sahəsindəki araşdırmalarının misilsiz elmi dəyəri xalqın və vətənin sınaq günlərində özünü təsdiq etdi, ona ədəbi-ictimai həyatda fəal mövqe qazandırdı, təmkinli, müdrik vətəndaşlıq nümunəsi göstərməyə yardımçı oldu.

Ömrünün son illərində yazılmış və kitab şəklində çap olunmamış məqalələri Q.Qasımzadənin tənqidçi-ədəbiyyatşünas və publisist kimi yaradıcılığının vətəndaşlıq məzmununu daha da zənginləşdirirdi. Xalqımızın dar günlərində böyük vətənpərvərlik mövqeyindən yazdığı əsərlərin nəşri onun yaradıcılıq yolu haqqında təsəvvürünü də genişləndirirdi.

Bu gün Qasım Qasımzadənin sənəti və əxlaq dərsləri qoşa yaşayır. Onun kişilik, mərdlik simvoluna çevrilmiş şəxsiyyətinin poeziyasında gördüyümüz təcəssümünü yeni ədəbi nəsillərin mənəvi-estetik yaddaşının alt qatlarında da müşahidə edirik. Belə kişilərin əxlaq, mənəviyyat meyarları özlərindən sonra yaşayan qələmdaşlarının, tələbələrinin simasında davam edir. Cəmiyyətin əxlaq meyarları adətən belə formalaşır.

Qasım müəllim orta boylu, qartal baxışlı nurani bir kişi idi. Ancaq gələndə elə bilirdik əzəmətli qaya parçasıdır. Hələ tələbəlik illərindən onun yaradıcılığını ardıcıl izləyirdim. Qardaşım Hüseyn Kürdoğlu ilə dost idilər. "Ədəbiyyat və incəsənət" qəzetinə redaktorluğu vaxtı Şəhriyarın "Heydərbabaya salam" poemasını çap etməsi ədəbi-ictimai aləmdə böyük əks-səda doğurmuşdu. Elə Hüseynin də məşhur "Araz" şeirini Qasım müəllim çap etmişdi. Onun bir redaktor kimi cəsarəti çoxlarına örnək oldu.

1975-ci ildə Bakı Dövlət Universitetini bitirdim. Fakültə Elmi Şurasının aspiranturaya məsləhət bildiyi zəmanəti rektor nədənsə imzalamadı. "Məmməd Cəfərin ədəbi-nəzəri görüşləri" haqqında yazdığım diplom işi elmi rəhbərim prof. Qulu Xəlilov və fakültənin müəllimləri tərəfindən yaxşı qarşılanmışdı. Qulu müəllim ədəbi-tənqid kurslarının əsas aparıcılarından biri kimi bizə üç il dərs demişdi, mənə də xüsusi rəğbəti vardı. İşsiz günlərimin mənəvi ağrılarını unuda bilmirəm. Yeganə Qulu müəllim böyük ərklə Qasım müəllimdən məni Ədəbiyyat İnstitutuna işə götürməyi tələb edirdi. Qasım müəllimlə görüşdük. Məni İnstitutun direktoru prof. Mirzağa Quluzadəyə təqdim etdi, müəllimlərimizin rəyini də ona çatdırdı. Mirzağa müəllim çox mədəni şəkildə bildirdi ki, hələ yerimiz yoxdur. Doğrudan da, o zaman bir ştat vahidi almaq böyük problem idi. Bir müddət radioda rəhmətlik İbrahim Göyçaylının rəhbərlik etdiyi şöbə ilə əməkdaşlıq etdim. Radio verlişləri üçün yazdığım oçerkləri bəyənirdilər. Lakin hiss edirdim ki, bu işlər mənlik deyil və az qala əlçatmaz bir ümidlə yaşayırdım. 1976-cı ilin may ayında Akademiyanın həyətində Qasım müəllimlə rastlaşdıq. İlk sözü bu oldu: Harda işləyirsən? Cavabımı "Vay dədəm vay" deyə qarşıladı.

İki gün sonra evimizə zəng etdirdi ki, İnstituta gəl. Məni xoş bir ovqatla qarşıladı. Dedi ki, direktorun razılığını almışam. Məndən çox o sevinirdi. Mirzağa müəllim bizi başqa bir ovqatla qarşıladı. O, Şərq qiyafəli, Avropa mədəniyyətinə sahib nurlu bir ziyalı idi. Onu da deyim ki, mənim təmsil olduğum nəslin nümayəndələrini Ədəbiyyat İnstitutuna məhz Mirzağa müəllim gətirmişdi. Təmənnasız, filansız. Söhbətimiz uzun çəkmədi. Mənim uşaq vaxtından tanıdığım Yaşar Qarayev də Mirzağa müəllimin kabinetində idi. Qasım müəllim məni təqdim edərkən Mirzağa müəllimə bildirdi ki, bu oğlanı Yaşar da yaxşı tanıyır. Yaşar müəllimin susqunluğu müqabilində Mirzağa müəllim ondan soruşdu:

- Yaşar, bu oğlanı tanıyırsan?

Yaşar müəllim dodaqlarını irəli verib başı ilə məni tanıdığını təsdiq etdi. Biz otaqdan çıxanda Qasım müəllimin təəccüb dolu bir intonasiya ilə dediyi sözü indi də xatırlayıram: - "Ə, bu niyə səsini çıxartmadı?". Xatirələri mənə əziz olan üç böyük ziyalı Qulu Xəlilov, Qasım Qasımzadə və Mirzağa Quluzadə mənim taleyimi həll etdilər. 1976-cı il iyunun 1-dən Qasım müəllimin rəhbərlik etdiyi şöbədə işə başladım. Şöbə böyük Səməd Vurğunun 70 illik yubileyinə hazırlaşırdı. Əksər əməkdaşlar məzuniyyətdə idilər. Bir çox texniki işləri səliqəli yerinə yetirirdim. Üç ay müddətində özümə qarşı Qasım müəllimlə yanaşı, Mirzağa müəllimin də rəğbətini hiss edirdim. Yubileylə bağlı bütün yayı gördüyüm işləri yüksək dəyərləndirdilər. Bakıdan Qazaxa gedən "Səməd Vurğun" qatarının sərnişinlərindən biri oldum. Məmməd Cəfər müəllimlə bir kupedə idik. Məni bir an da sıxılmağa qoymadılar. Bu yubiley tədbiri möhtəşəm idi və mənim Səməd Vurğunun şahidi olduğum sanballı yubileyi idi. İlk məqalələrim çıxandan sonra Yaşar müəllim məni yenidən tanıdı və Qasım müəllimin saqqızını oğurlayıb məni "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinə köçürtdü. Ayrı-ayrı şöbələrdə işləməyimizə baxmayaraq, Qasım müəllim mənim üçün böyük qardaş, müdrik yol göstərənim oldu. Aramızdakı yaş fərqinə baxmayaraq qarşıma çıxan məişət və yaradıcılıq problemlərinin həllində onun məsləhətləri mənə yardımçı idi.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu o zaman respublikada nəinki filoloji fikrin, həm də milli-ictimai düşüncənin mərkəzi idi. Bu işdə Qasım müəllimin şəxsiyyəti və poeziyasının, elmi tədqiqatlarının da rolu vardı .Uzun illər İnstitutun "partkomu" olan Qasım müəllim əslində bu kollektivin müdrik ağsaqqalı idi. Direktorluq onun rəyi ilə hesablaşır, istedadlı kadrların instituta cəlb olunmasında onun təkliflərinə əməl edirdilər. Qasım müəllimə kollektivin ehtiramı, sevgisi onun 60 illik yubiley tədbirlərində özünü göstərdi. İnstitutun direktoru Əziz Mirəhmədovun Elmi Şurada dediyi aşağıdakı sözlər olanın təsdiqi idi: "Bu institutun çox əməkdaşının yubileyi olub, o cümlədən mənim də. Ancaq Qasım müəllimin yubileyi hamının ürəyindən gələn ehtiramın ifadəsi idi".

Yubiley tədbirində şeirini oxumaq üçün Hüseyn Kürdoğluya vaxt çatmadı. Az sonra Mərdəkandakı "Arzu" restoranında yubileyin bədii hissəsində oxuduğu şeir əsil sənət nümunəsi idi:

 

Vətənin boynuna sarılar sözün

 

Şair Qasım Qasımzadəyə

 

Axar ürəyindən qızıl qan kimi,

Damar qələmindən, durular sözün.

Ətrini çəkmisən mor bənövşənin,

Gözəllər telinə vurular sözün.

 

Vüqarın "qəzəbli bir dağa" bənzər,

İlhamın mərcanlı bulağa bənzər.

Qəlbin bir səfalı yaylağa bənzər,

Alaçıq-alaçıq qurular sözün.

 

Qırov öz vaxtından əzəl düşəndə,

Çeşmənin gözünə xəzəl düşəndə,

Yadına bir qəmli gözəl düşəndə

Nədəndir kövrələr, qırılar sözün?!

 

Payın var Qoşqarın sərinliyindən,

Göy gölün, Xəzərin dərinliyindən.

Misra "budaqlarda" şirinliyindən

Nar kimi çatlayıb yarılar sözün.

 

Eşqini dünyaya sən bir də göstər,

Yaxına gəlməsin qocalıq müstər.

Nakəsi, namərdi qərq etmək istər,

Kürün girdabıtək burular sözün.

 

Hərdən sərt qayasan, hərdən də ipək,

Açıq xəzinədir sinəndə ürək.

Vətən bir çinardır, sətirlər tənək,

Vətənin boynuna sarılar sözün.

 

1983

           

Qasım müəllim buz baltası kimi sağlam idi. Lakin oğlu Fəxrəddinin faciəsi onu da, onu sevənləri də sarsıtdı. Aşağıdakı misraların müəllifi için-için ağlayır. "Taleyi kəm oğlunun" ağır dərdi onu didib parçalayırdı.

 

Qəfil söndü yanan şamım,

Bürcü töküldü qalamın.

Qızlar, gəlinlər ağlasın,

Bacısı yoxdu balamın.

 

Belə ağıların müəllifi nə qədər təmkinli, dözümlü görünsə də, gözlərinin dərinliyində bir kədər vardı. 1992-ci ilin dekabrında İranda birgə səfərdə olduq. Qasım müəllim Şəhriyarın yenicə açılışı olmuş abidə kompleksində təşkil olunan tədbirdə şeirlərini oxudu. Burada söz deməyə ən çox onun haqqı vardı. Tədbirin çərçivəsində bizi Elbrus dağına apardılar. Qasım müəllim sozalmışdı. Mənə elə gəldi ki, bu havanın soyuqluğundan idi. Sən demə...

Qasım müəllimin 70 illiyini onsuz keçirdik. Bir gözümüz gülür, biri ağlayırdı. Onun yubiley iştirakçılarına yazdığı məktub onu sevənlərə həm vida idi, həm də təsəlli:

 

"Yaşadığım bu yetmiş il

Az da deyil, çox da deyil.

"Çox da deyil" dedim niyə?

Əl açmışam mən Rəbbimə

Bir az möhlət versin deyə.

Təmənnam yox taleyimdən,

Az deyildir dedim yaşım -

İstəmirən neçə nisgil

Olsun mənim yol yoldaşım:

Oğurlanıb nə müddətdir

Topdağıtmaz qoşa qalam,

Laçın qalam, Şuşa qalam.

Millətimə çəkilibdir

Xaçdan neçə sinə dağı.

Şelləniblər, şəlləniblər

Aparıblar Dəli dağı.

Məğrur Gəncə tora düşüb,

Haraylayır Cavad xanı,

Rusiyaya boy göstərən

Torpaq içir qardaş qanı.

Belə dursa, belə qalsa,

Bu dərdə kim çarə qılar,

Belə dursa, belə qalsa,

Məzarım od tutub yanar.

Yaşadığım bu yetmiş il

Az da deyil, çox da deyil.

"Çox da deyil" dedim niyə?

Əl açmışam mən Rəbbimə

Yenə bir az möhlət deyə.

Yetərincə qohum-qardaş

Səmtə məhəl qoymamışam.

Nəvələrlə danışmaqdan,

Oynamaqdan doymamışam.

İllacım yox arzuların

Arxasını bir-bir yazım,

Kökdən düşüb daha sazım..."

 

İyirmi ildən artıqdır ki, Qasım müəllimin rəhbərlik etdiyi şöbə mənə tapşırılıb. Vaxtı ilə oturduğu otaqda asılmış portreti önündə dərdimizi-sərimizi bölüşürük. Onun bizə yadigar qoyduğu idarəçilik ənənələrini, əxlaq dərslərini yaşatmağa çalışırıq. Ruhun şad olsun unudulmaz ustadımız, Sizin sənətiniz, elminiz kimi şəxsiyyətiniz də həmişə bizimlədir.

SİZƏ MARAQLI OLA BİLƏR