Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib

11-11-2023 [ 21:01 ] [ oxunub:240 ]
printerA+ | A-
103937

Noyabrın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin istənilən dövrlərində mütaliəyə böyük önəm verdiyini bildirib.

“Kitab oxumaq mədəniyyətimizin əsas təməlidir. Bu gün Azərbaycan dövləti kitab sənayesinin inkişafına və oxu mədəniyyətinin fəaliyyətinə geniş şəkildə önəm verir. Nəşriyyat və poliqrafiya işinin inkişafında çox yaxından iştirak edir. Azərbaycan dövləti tərəfindən kitab sənayesinin inkişafına xüsusi diqqət yetirilir”, - deyə nazir diqqətə çatdırıb.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman)  Səbinə Əliyeva təsisatın fəaliyyətə başladığı dövrdən hüquq elminin inkişaf etdirilməsi, əhalinin hüquqi maarifləndirilməsi, onların bu sahədə yeni biliklər əldə etməsi məqsədilə insan hüquqları üzrə ilk ixtisaslaşdırılmış kitabxana olan İnsan Hüquqları Kitabxanasının yaradıldığını qeyd edib.

Ombudsman vurğulayıb ki, kitabxana fondunun əsasını yerli və xarici mənbələrdən alınmış 11 mindən artıq ədəbiyyat təşkil edir. Builki sərgidə Ombudsman təsisatının Azərbaycan, rus və ingilis dillərində 240 adda nəşri sərgilənir.

“Azərbaycan torpaqlarının otuz illik işğalı dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntuları, nifrət nitqi və nifrət cinayətləri, Vətən müharibəsi zamanı mülki əhalinin məskunlaşdığı ərazilərə edilmiş raket hücumlarının tələfatları və dağıntılarla əlaqədar və azərbaycanlılara məxsus dağıdılmış qəbiristanlıqlarda, aşkarlanmış kütləvi məzarlıqlarda həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələri ilə bağlı hesabatlar da yer almışdır. Bütün bu nəşrlər cəmiyyətin hüquqi maarifləndirilməsində, həmçinin ölkəmizə və xalqımıza qarşı törədilmiş hüquq pozuntuları barədə məlumatların daha geniş yayılmasında mühüm rol oynayır”, - deyə S.Əliyeva vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Kitab Sərgisinin çağdaş inkişaf mərhələsinin göstəricisi olduğunu qeyd edib. O bildirib ki, keçirilən kitab sərgisi Ulu Öndər haqqında yazılmış kitabların həm beynəlxalq aləmdə, həm də ölkədə dərindən tanınması üçün böyük imkan yaradır.

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov bildirib ki, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi Cənubi Qafqazda ən böyük ədəbi tədbirdir.

“Bu il ilk dəfə fəxri qonaq kimi çıxış edirik və bunun üçün Azərbaycan Mədəniyyət Nazirliyinə baş təşkilatçı kimi təşəkkür edirik. Təxminən 100 kvadratmetr sahəsi olan Rusiya stendinin rəflərində klassik, müasir əsərlər, bədii ədəbiyyat və s. təqdim olunub. Burada 30 rus nəşriyyatı təmsil olunur. Əminəm ki, Bakı Beynəlxalq Kitab Sərgisi Rusiya ilə Azərbaycan arasında mədəni-təhsil əlaqələrinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək”, - deyə səfir qeyd edib.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Nizami Cəfərov və Fazil Mustafa çıxış ediblər.

Bildirilib ki, Beynəlxalq Kitab Sərgisində ardıcıl keçirilən beş günün ab-havası nəinki digər ölkələr, ən əsası Azərbaycanın gələcək həyatına böyük töhfə verəcək.

Qeyd edilib ki, kitab sərgisinin yaranması başqa ölkələrdə də tətbiq olunur. Bu gün 11 ölkədən olan, 30-dan artıq qonağın iştirakı ilə təşkil olunan bu tədbir Zəfər Günündə Azərbaycanın Qələbəsini dünyaya bir daha çatdıracaq.

Açılış mərasimindən sonra tədbir iştirakçıları sərgidə nümayiş olunan stendlərlə tanış olublar.

Sərginin fəxri qonaq ölkəsi olan Rusiyanın kitab sənətinin və ədəbi-mədəni irsinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrində müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Eyni zamanda, Rusiyanın tanınmış yazarları, tarixçiləri və elm adamlarının da sərgidə iştirak edəcəyi gözlənilir.

Həmçinin Türkiyənin görkəmli yazarları, elm adamları, tanınmış aktyorları və xüsusi tədbirlər proqramı ilə sərgidə təmsil olunur.

Sərginin tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə iştirak edir.

Sərgi noyabrın 15-nə kimi davam edəcək.

AzərTac

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR