Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

"Dördüncü Sənaye İnqilabı və ədəbiyyat" adlı yazını təqdim edirik

31-10-2023 [ 13:40 ] [ oxunub:232 ]
printerA+ | A-
103916

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır” qətiyyəti ölkəmizdə elektronlaşma, rəqəmsallaşma, elmi-texniki tərrəqidə sürətli nailiyyətlərə doğru atılan addımların qətiyyəti deməkdir.  Azərbaycan ədəbi-elmi mühitində, o cümlədən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda da Dördüncü Sənaye İnqilabı mövzusu gündəmdədir. Ədəbiyyatşünaslarımız elektron informasiya mühiti səviyyəsində və onun tələblərinə uyğun tədqiqat işləri aparmaqla yanaşı ədəbi mühitdə baş verən yaradıcılıq proseslərini diqqətlə izləməkdə, təhlil  və tədqiq etməkdədir. Bu aspektdə gənc şair, esseist Rəvan Cavidin  "Dördüncü Sənaye İnqilabı və ədəbiyyat" adlı yazısını paylaşmaq istədik.  Rəvan Cavid dövri mətbuatda, ədəbi qəzet və jurnallarda, saytlarda şeirləri, esseləri, publisistik yazıları ilə çıxış etməkdədir.  O,  Azərbaycan Mədəniyyət Nazirliyi və üzvü olduğu Yazıçılar Birliyinin birgə layihəsi olan "III Gənc Ədiblər Məktəbi"ndə yaradıcılıq təhsili alıb. "7",  "Mavi boyalı ev" adlı şeir kitabları, Türkiyədə "Absürt menü" adlı esselər kitabı çap olunub. 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin "Uğur" mükafatını qazanıb. 2022-cı ildə  isə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi "Prezident Təqaüdü"nə layiq görülüb.

 

Dördüncü Sənaye İnqilabı və ədəbiyyat - Rəvan Cavid yazır

Bu günə qədər baş vermiş böyük sənaye inqilabları təkcə ölkələrin iqtisadiyyatını, siyasətini şəkilləndirməyib, həm də ciddi şəkildə mədəniyyətə, xüsusilə ədəbiyyata təsir edib. Mövzuları, obrazları, hətta üslubları dəyişib. İkinci Dünya müharibəsindən sonra bu proses sürətləndi. Elə ki, sivilizasiya robotlarla tanış oldu, hər şey öz məcrasını sözlərdən rəqəmlərə doğru qazdı. İndi müqəddəs sayılan sözlər deyildi, rəqəmlər idi.

1760-1830-cu illər arasında baş vermiş Birinci Sənaye İnqilabı çəhrayı həyatlar, mülklər, malikanələr vəd edirdi. İnsanlar "cansız enerji"ni (buxar enerjisi) kəşf etdikdən sonra şəhərləşmə, mədəniləşmə sürətlə artmağa başladı. Həmin dövrün ədəbiyyatı isə realizm cərəyanında qovrulurdu. Romanlar, şeirlər insan əzablarından, əziyyətlərindən, məziyyətlərindən bəhs edirdi. Bəs çəhrayı dünya? Yox idi. Drayzerin "Kerri bacı" əsərinin Amerikada qadağan olunma səbəbləri yadıma düşür. Həmin dövrdə qəzetlərdən birində roman haqqında belə bir cümlə yazılmışdı:

"Amerikanın gələcəyinə ümidsiz obrazlarla dolu olan romanları... amerikalıların çəhrayı yuxularını boz, kir-pas içində təsvir etdiyinə görə..."

Ədəbiyyat baş verən böyük inqilabın pərdə arxasına baxırdı. Siniflənmiş cəmiyyətlər, işçilər, haqqını ala bilməyən kəndlilər, kəsilmiş meşələr, neft tullantıları ilə dolu olan dənizlər, çaylar. Drayzer həmin romanı yazanda Birinci Sənaye İnqilabından əsər əlamət qalmasa da, izləri və yaraları dərin idi. Və onun ölkəsi ikinci böyük inqilaba başlayırdı. Dünya bundan sonra iki qütbə bölünəcəkdi. Elə ədəbiyyatda.

1930-cu ildə dünyanın nəhəng firmalarının iqtisadçıları elektrik enerjisindən daha çox istifadə etməklə istehsal sürətinin artırılması haqqında qərarlar qəbul etdi və 1970-ci ilə qədər davam edən İkinci Sənaye İnqilabı dövrü başladı. Dünya siyasəti isə sosialist rejimə qucaq açmışdı. 1946-cı ildən sonra isə hər şey başqa cür olacaqdı. İnsanların balaca dünyası demokratiya carçıları ilə sosialist zəhmətkeşlər arasındakı soyuq müharibənin ağrılarını yaşayacaqdı.

Ədəbiyyat modernizm dövrünü yaşayır bu inqilab dövründə. Realizm, romantizm boş bir xəyala dönür. Üslublar ciddiləşir və radikallaşır. Müharibə sonrası işçi sinfin əziyyətləri yox, əlil uşaqların, didərgin qocaların, gözlərindən alov püskürən diktatorların romanları yazır.

1970-ci ildə Stiv Cobs və dostu Stiv Voznek Üçüncü Sənaye İnqilabının baş verdiyini açıqlayırlar. "Apple" və "PLC" şirkətləri qurulur. Dünya robotlarla tanış olur. İşsizlik səviyyəsi artır, üzən məzənnə anlayışı təzə-təzə xəbər büllütenlərinin manşetini bəzəyir.

Ədəbiyyatın postmodern dövrü başlayır. Təbii ki, Qərbdə. Sosialist ölkələr həmin dövrdə hələ də çəkic və oraqdan, şanlı pioner qalstuklarından poemalar yazırdı. Köhnə Dünya isə keçmişlə gələcəyi bir-birinə qatıb iblisanə qəhqəhələrlə, ümidsiz bir xaos yaradırdı. Ədəbiyyat üçün müqəddəs heç nə qalmamışdı. Çünki müqəddəs bilib oxuculara sırıdığı hər şey, bütün əxlaq kodeksləri zavod maşınlarının dişləri arasında paramparça olub zibilliyə atılmışdı. Heç nəyə ciddi yanaşmayan ədəbiyyatın dövrü idi.

2011-ci ildə Almaniyada hər il təşkil olunan dünyanın ən böyük texnologiya festivallarından biri "Hannover"də "BOSH" firmasının mühasibi Henninq Kacerman "Economic 4" layihəsini təqdim edir. Qısaca, layihə bundan ibarət idi ki, robotları insanların idarə etməsinə ehtiyac yoxdur, süni intellekt bu işi görə bilər, yəni iki robot arasında ünsiyyət proqramı hazırlana bilər. Təqvim 2013-cü göstərəndə eyni festivalda dünyanın ən məşhur iqtisadçıları dördüncü sənaye inqilabını elan etdilər və həmin festivalda iştirak edən şirkətlərin əksəriyyəti 2013-cü ildən etibarən süni intellektlə istehsal səviyyəsini artırmağa başladılar.

Kacermanın layihəsindən bir il qabaq, 2010-cu ildə Madriddəki bir mətbuat konfransında Bill Qeyts kağızsız və kitabsız dünyadan danışırdı. Ağacların kəsilməsi Billi narahat etdiyi üçün elektron kitabların nəşrinə başlamağı zəruri hesab edirdi. Nobel mükafatçısı Lyosanın məşhur "Ədəbiyyatsız dünya" essesi Madrid konfransına bir cavab idi.

Ədəbiyyat dördüncü sənaye inqilabı dövründə metamodern təhkiyə çağına keçdi. Təəssüf ki, Azərbaycan ədəbiyyatının hələ bundan xəbəri yoxdur.

Bəs süni intellekt ədəbiyyat yarada bilərmi? Bütün işləri 99 faiz xətasız hesablayan robotlar roman yaza biləcəkmi?

Alan Turinqin 1950-ci ildə verdiyi "Maşınlar düşünə bilərmi?" sualının cavabı 1997-ci ildə bir şahmat oyununda tapıldı: Kasparov süni intellektə uduzdu. 2011-ci ildə isə kompüter oyunlarının kütləvi istehsalına başlandı. Alqoritmi quran bir nəfər bəs edirdi, digər bütün işləri süni intellek həll edirdi. 2015-ci ildə isə Benjamin adlı bir robot "Günbatımı" ("Sunspring") adlı film ssenarisi yazdı və onu ekranlaşdırdı (YouTube-dan izləyə bilərsiniz). Deməli, süni intellekt roman da yaza bilər, film də çəkə bilər, musiqi də bəstələyə bilər.

Şəkil redaktorlarında, instaqram və digər foto-video platformalarında fotolarımızı istədiyimiz səviyyədə rəngləyə, korrektə edə bilirik. Bu zaman proqramların beyni bizim şəkillərimizdəki pikselləri əzbərləyir və növbəti redaktə işlərində bizim də piksellərdən istifadə edir. Proqramı hazırlamaq üçün sadəcə bir foto kifayət edir, ondan sonra hər saniyə proqram yeni üz cizgiləri, yeni rənglər tanıyır. Və beləliklə, şəkillərimizin orijinaldan fərqli nümunələrini bizə təqdim edir. Qeyd edim ki, həmin nümunələrdə üz cizgilərinin konturları insandan daha çox ev heyvanlarının anatomiyasına uyğun gəlir. Niyəsi mənim üçün də məchuldu.

Dünyaca məşhur bir neçə əsər məhz bu cür yarandı. Üstəlik, tendensiyalar dadaist, sürreal sənətin inkişafına gətirib çıxardı. Dizayn proqramları vasitəsi ilə süni zəkanın yaddaşındakı konturlardan yeni animasiyalar hazırlandı. Bu gün baxdığımız filmlərin əksəriyyəti bu cür effektlərlə işlənir.

Ancaq süni zəka orijinal sənət yarada bilmir, səbəbi isə duyğu neyronlarıdır. Bu neyronlar bizə təbiətin (yaradıcı gücün) harmonik şərtləridir. Ona görə yaşayırıq ki, bizim beyin hüceyrələrimizdən başqa duyğu reflekslərimiz də mövcuddur. Yazıya biologiya terminləri ilə davam edib yorucu olmaq istəmirəm. Qısası budur ki, sənət yaratmaq üçün sadəcə düşünmək lazım deyil, hətta ilk şərt belə deyil. Hiss etmək vacibdir və bunu süni zəka edə bilməyəcək. Yaddaş transplantasiyasının düşünüldüyü bir zamanda belə insan hisslərinin başqa birinin yaddaşı ilə yaşamaq cəhdləri mümkünsüz qiymətləndirilir. Vizual olaraq hər şey mümkündür, insanı ruhsuz təsəvvür edə bilsək.

Buna görə də, Benjaminin yazdığı ssenari gerçək ədəbiyyat hadisəsi, sənət deyil. Benjamin yuxarıda qeyd etdiyim foto redaktorlar kimi öz yaddaşındakı (Google, YouTube) mətnlərin sintezini təqdim edir. Süni zəka düşünə bilir, hiss edə bilmir. Hələ ki...

Və hələ ki Lyosanın Bill Qeytsə verdiyi cavab öz həqiqət payını saxlayır.

https://525.az/news/240793

 

SİZƏ MARAQLI OLA BİLƏR