Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

26-10-2023 [ 09:32 ] [ oxunub:144 ]
printerA+ | A-
103876

Oktyabrın 25-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransın keçirilməsində başlıca məqsədin Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin XX əsrdə Azərbaycan elminin təşəkkülündəki rolunu qiymətləndirmək, araşdırmaçılar tərəfindən tədqiq olunmayan istiqamətlərini gündəmə gətirməklə yenidən tədqiqata cəlb etmək və çoxşaxəli fəaliyyətinin ictimaiyyətə təqdim edilməsi olduğunu bildirib. Qeyd edib ki, 1923-cü il noyabr ayının 2-də təsis edilmiş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Azərbaycan elminin təşkilatmasında və dövrün ziyalılarının bir qurum altında toplanması istiqamətində ölkəmizin yaranmış ilk ali elmi təşkilatıdır.

Cəmiyyətin qısa bir müddət ərzində fəaliyyəti ilə öz dövrünün qabaqladığını, bütün elm sahələri üzrə təşkilatlandığını, Azərbaycanı, onun dilini, tarixini, folklorunu, adət-ənənələrini, təbiətini, geologiyasını öyrəndiyini deyən akademik İsa Həbibbəyli həmin dövr ərzində görülmüş işləri yüksək qiymətləndirib, atılmış bu addımların sonrakı illərdə Akademiyanın yaranması üçün münbit zəmin formalaşdırdığını söyləyib.

AMEA prezidenti Cəmiyyətin yaranması ilə həm də elmi potensialın üzə çıxması və qorunması kimi mühüm bir vəzifəni yerinə yetirdiyini, Naxçıvan və digər rayonlarda bölmələrinin formalaşması ilə regionlarda da elmin inkişafına öz töhfəsini verdiyini bildirib.

Akademik İsa Həbibbəyli bugünkü tədbirin başlıca məruzəçiləri professor Asif Rüstəmli və filologiya elmləri doktoru Həmidə Əliyevanın ölkəmizdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əsas tədqiqatçıları olduqlarını, sözügedən alimlərin həmmüəllifliyi ilə Cəmiyyətin fəaliyyətinin bütün sahələrini əks etdirən kitabın ərsəyə gətirilməsini təklif edib və nəşrin çapı üçün zəruri dəstəyi verəcəyini söyləyib. Qeyd edib ki, hazırlanacaq bu kitab, eyni zamanda AMEA-nın 2025-ci ildə keçiriləcək 80 illiyinə başlıca hədiyyə olacaq.

Akademik İsa Həbibbəyli çıxışının sonunda Cəmiyyətin 100 illiyinin Akademiya və respublika səviyyəsində qeyd olunduğunu, bununla əlaqədar AMEA-nın Rəyasət Heyəti tərəfindən Tədbirlər planı hazırlandığını diqqətə çatdırıb.

Filologiya elmləri doktoru, professor Asif Rüstəmli isə “Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində ədəbiyyat məsələləri” adlı məruzəsində qeyd edib ki, Cəmiyyətin təsis tarixi müxtəlif elmi araşdırmalarda 1923-cü il noyabr ayının 2-si göstərilsə də, yeni üzə çıxarılmış faktlar iddia olunan tarixdən fərqlidir: “Mövcud arxiv sənədlərinə əsasən qeyd etməliyik ki, həmin ilin oktyabr ayında təsis üçün Təşkilat komissiyası yaradılmış, “Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyev Komissiyanın sədri, V.A.Ryumin isə katib seçilmişdir. Təşkilat komissiyasının 26 oktyabr 1923-cü ildə keçirilən iclasında Xalq Maarif Komissarının müavini Tağı Şahbazi və Başpeşətəhsilin müdir müavini Əhməd Pepinov Komissiyaya üzv qəbul olunmuş, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (öncədən 44 nəfərlik tərkibi nəzərdə tutulsa da) 29 nəfərlik təsisçilərinin ilk siyahısı təsdiqlənmişdir. Həmin iclasda Cəmiyyətin müvəqqəti fəaliyyət göstərəcəyi ünvan və məkan da müəyyən edilmiş, yeni qurum indiki Əbdülkərim Əlizadə və Tərlan Əliyarbəyov küçələrinin kəsişdiyi tində yerləşən 5 saylı binada, mülki mühəndislərdən A.Kalgin və Q.Termikelovun layihəsi əsasında 1901-ci ildə tikilmiş, sovet dönəminə qədər “Tiflis Ticarət Bankı” kimi tanınan, Maarif Evində (sonralar bu bina Bilik Cəmiyyətinə də verilib) fəaliyyətə başlamışdır”.

Azərbaycan Dillər Universitetinin əməkdaşı, filologiya elmləri doktoru Həmidə Əliyeva isə “Azərbaycanda Tədqiq və Tətəbbö Cəmiyyətinin öyrənilmə tarixi” adlı məruzəsində 90-cı illərin ortalarından etibarən bu istiqamətdə tədqiqatlar apardığını, 1999-cu ildə monoqrafiya çap etdirdiyini söyləyib.

Tədbirdə, həmçinin Ədəbiyyat İnstitutunun əməkdaşları - filologiya elmləri doktorları Gülər Abdullabəyova, Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva və Ülkər Hüseynova çıxış edərək Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin hansı tarixi zərurətdən yarandığını və Azərbaycan elminin inkişafındakı tarixi xidmətlərinə toxunublar.

FOTO QALEREYA