Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Azadəlik carçısı - Safurə Quliyeva və Aygün Bağırlı Azadə Rüstəmova haqqında yazır

24-10-2023 [ 12:32 ] [ oxunub:177 ]
printerA+ | A-
103857

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Orta əsrlər Azərbaycan ədəbiyyatının korifey tədqiqatçılarından olan Azadə Rüstəmovanın 90 illik yubileyi münasibətilə nəşr olunmuş məqalələr toplusu (B., 2023) ədəbiyyatşünaslıq elmimizin bugünkü çağında əhəmiyyətli bir hadisədir. Kitabda beynəlxalq nüfuzlu nizamişünas alimin yaradıcılığı haqqında yarım əsrdən bəri yazılmış məqalələrdə onun çoxşaxəli ədəbi elmi irsi, fenomenal alimlik missiyası barədə zəngin məlumat verilmiş, xatirələrdə yaşayan zərif və kübar şəxsiyyəti təqdim edilmişdir. Kitabın tərtibçisi və elmi redaktoru filologiya elmləri doktoru Fəridə Əzizova professor Azadə Rüstəmovaya həsr olunmuş yüzədək məqalə, müsahibə, esse, şeir və görkəmli elm xadimlərinin alim haqqında fikirlərindən seçmələri böyük zəhmət və qədirbilənliklə ilk çap mənbələrindən toplayıb xronoloji ardıcıllıqla sıralamaqla orijinal bir ideyasını gerçəkləşdirib. Belə ki, kitabda Azadə xanımı yaxından tanıyan insanların düşüncələri vasitəsilə onun həyatı və yaradıcılıq yolu, şəxsiyyəti və alimliyi haqqında bütöv bir monoqrafik biliklər əldə olunur. Bu prinsip alimin yaradıcılıq inkişafını izləməklə yanaşı, eləcə də orta əsrlər klassik Azərbaycan ədəbiyyatının yeni elmi-nəzəri araşdırmalar mərhələsinin öyrənilməsi, üslubi novatorluq və beynəlxalq şərqşünaslıqda qərəzli polemik məsələlərin cavablandırılması sahəsində də məlumatlılıq imkanı yaradır.

Haqqında bəhs edəcəyimiz kitab "Azadəlik carçısı" adlanır. Bu sözün yaranma tarixçəsi fil.e.d. Fəridə Əzizovanın məqaləsində belə şərh olunur: "Məşhur alim, istedadlı linqvist, professor Cahangir Qəhrəmanov onun ismi kimi səslənən sözün məğzindən istifadə edərək xarakterinin mənalı şərhini vermişdir. O, xüsusi isim olan "Azadə" sözünə "lik" şəkilçisi artırmaqla özlüyündə bir növ neologizm olan, bu şəxsiyyətin malik olduğu bütün ən yaxşı insani keyfiyyətləri ehtiva edən "azadəlik" ümumi ismini yaratmışdır. Cahangir Qəhrəmanovun anlayışına görə "azadəlik" - həm alicənablığın, həm ziyalılığın, qəlbin xeyirxahlıq və comərdliyinin, istedadın, ədalətin, mühakimə sərbəstliyinin - bir sözlə, insanda təcəssüm edə bilən ən yaxşı keyfiyyətlərin göstəricisidir". (24) Biz bu şərhə onu əlavə edək ki, öz alim etikası, alicənablığı, işgüzarlığı və milli dəyərə çevrilmiş klassik irsin lazimi məqamlarda cəsarətlə müdafiəsinə qalxmaqla Azadə Rüstəmova elmi həqiqətə sadiq Azadəlik mərtəbəsi yarada bilmişdir. Azadə xanımın obrazı onu tanıyanların yaddaşında məhz bu keyfiyyətləri ilə qalmışdır.

"Ön söz"ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli öz giriş yazısını "Azərbaycan Nizamişünaslığının Azadə Rüstəmova mərhələsi" adlandırır və göstərir ki, "Nizami Gəncəvi, Əfzələddin Xaqani, Qətran Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mövlana Cəlaləddin Rumi və başqaları kimi görkəmli sənətkarların həyatı və yaradıcılığına həsr edilmiş əhəmiyyətli tədqiqatları olan Azadə Rüstəmova İntibah dövrü və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi sahəsində mühüm bir elmi mərhələ yaratmışdır. O, ədəbiyyatşünaslıqdakı böyük sələflərinin təqdimatını yeni əlavələrlə zənginləşdirərək, ilk növbədə boş qalmış xanaları doldurmaq sahəsində ciddi tədqiqatçılıq işi aparmışdır..."   

Qeyd edək ki, Azadə Rüstəmova 1953-56-cı illərdə keçmiş SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda təhsil almış və "M.Füzulinin "Leyli və Məcnun" poeması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri görkəmli şərqşünas alim Y.E.Bertelsin işə yazdığı rəydə belə bir qeyd var: "Əvvəlindən sonuna kimi hamısı çox xoşuma gəldi. Ancaq Nizamidən bəhs olunan səhifələr almaz içərisinə səpələnmiş brilyantlardır..." Sonralar Azadə xanımın dahi Nizami Gəncəvi haqqında olan tədqiqatları, doğrudan da, Nizamişünaslığı zinətləndirmişdir. Görünür ki, Bertels bu zinətin ilk rüşeymlərini həssaslıqla duymuş və zamanında yüksək qiymət vermis, tələbəsinə gələcək tədqiqatlar üçün stimul vermişdir.

A.Rüstəmovanın "Azərbaycan epik şeirinin inkişaf yolları" adlı doktorluq işi də elm xadimləri tərəfindən ətraflı təhlil olunmuş, onun orta əsrlər ədəbiyyatının hərtərəfli tədqiqi və təhlilində yeni nəzəri aspektlərinə dəyər verilmişdir. Akademik Mirzə İbrahimov qeyd edirdi ki, "əsər materialın çoxluğu, tədqiqat mənbələrinin genişliyi, istifadə olunmuş ədəbiyyatın zənginliyi, söylənilən fikirlərin, çıxarılan nəticələrin yetkinliyi və dərinliyi ilə qiymətlidir..." (35) Tədqiqatçı böyük zəhmət və səy nəticəsində təqribən 500 illik bir dövrdə yazıb yaratmış çoxlu şairlərin epik əsərlərini müəyyən prinsiplərlə gözdən keçirərək qiymətli elmi nəticələr çıxara bilmişdir. Bütün əsər boyu orta əsrlər Azərbaycan poeziyasının mütərəqqi estetik keyfiyyətləri, yaradıcılıq xüsusiyyətləri, realizm və romantizm məsələləri tədqiq olunur". (40)

Nəzəriyyəçi alim, AMEA-nın həqiqi üzvü Məmməd Cəfər Cəfərov A.Rüstəmovanın bu mükəmməl əsərdəki tədqiqatçılıq prinsiplərini açıqlayaraq dünya epik şeirinin inkişaf yolları, milli folklor bağları, əsatir, nağıl və dastanların, Şərq xalqlarının poeziyası ilə çoxcəhətli bədii, estetik əlaqələrinə diqqət yetirilməsini təqdir edir. Alim epik şeirin yaradıcılıq metodu, forma, üslub məsələləri, janr növləri, eləcə də Nizami yaradıcılığında həyat fəlsəfəsi, demokratik ideyalar, adil hökmdar, ictimai bərabərlik və s. kimi məsələlərin ardıcıl və əhatəli tədqiq olunduğunu vurğulamaqla bərabər xüsusi qeyd edir ki, həmçinin yüksək mənada polemik ruh əsərin yaxşı cəhətlərindəndir. Bir vaxt Qərbdə Baxer, Rizzi, Horn, Ethe kimi tədqiqatçılar Nizamini tərki-dünya bir şair kimi qiymətləndirirdilər. Son illərdə sovet tədqiqatlarında da Nizami irsinə münasibətdə bir sıra qeyri-dəqiq fikirlərə rast gəlmək mümkündür. Müəllif elmi dəlillərə istinad edərək bu müddəa və fikirlərin kökündən yanlış olduğunu sübut edir. Bu baxımdan Ş.Nutsubidze, A.Bertels kimi müəlliflərə də R.Azadənin cavabları oxucunu tamamilə qane edir (53). Məqalənin sonunda akademikin ümumiləşdirdiyi nəticə əsərin ədəbiyyatşünaslığımızdakı həmişəyaşar əhəmiyyətliliyini bir daha təsdiqləməkdədir. O yazırdı: "R.Azadənin Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XVII əsrlər)" əsəri nəinki orta əsrlər epik şeirinin, ümumiyyətlə, bu əsrlər Azərbaycan ədəbiyyatının tarixi inkişaf yolunun ideya-bədii, estetik xüsusiyətlərinin, fəlsəfi fikir axarının düzgün dərkinə kömək edən, yeni ədəbi faktlar, yeni fikirlər, yeni problemlərlə zəngin qiymətli tədqiqat əsəridir (56).

Azadə Rüstəmovanın orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində çox bilikli, məsuliyyətli, orijinal üslublu, tədqiqat obyektini hərtərəfli öyrənib, düzgün elmi nəticələr çıxarmaq bacarığını istisnasız olaraq hər kəs etiraf etmişdir. Onun "Nizami Gəncəvi. Həyatı və sənəti" (1979), "Klassik Azərbaycan poeziyasında qəzəl janrının tarixi və poetikası" (1990), "Nizami və onun poeziya sələfləri" (2001) və s. əsərlərindən bəhs olunan məqalələrdə də alimin fərdi üslubuna və qədirşünaslığına dəfələrlə diqqət yetirilir. AMEA-nın müxbir üzvü Nüşabə Araslı, fil.f.d. Çingiz Sasani, fil.f.d. Vəcihə Feyzullayeva, fil.f.d. Roza Eyvazovanın məqalələrində, eləcə də görkəmli alimin yaradıcılığına həsr olunmuş üç beynəlxalq elmi konfransın materiallarında (2013, 2014, 2017) orta əsrlər ədəbiyyatşünaslığının bu sanballı, səlahiyyətli təmsilçisinə dair məruzə və çıxışlarda da onun elmi fəaliyyətinin novatorluq mahiyyətinə nəzər salınır, öyrəniləsi, təqdir olunası cəhətlər diqqətə çatdırılır. İstedadlı nəzəriyyəçi alim fil.e.d. Gülrux Əlibəyovanın fikrincə: "...onun elminin başqa bir xüsusiyyəti, özünəməxsusluğu da var ki, bu da onun xüsusi emosiyalarla, ilhamla, psixoloji faktorlarla yoğrulmasıdır. Bu xüsusiyyət, məncə, təkrarsız və cazibədar elmi ifadə tərzi yaradıb, elmimizə Azadə elmi üslubu gətirib".                                

"Azadəlik carçısı" kitabında dərc olunan yazılarda görkəmli alimin fədakarcasına işini sevən, daim arayıb araşdıran, alim şəxsiyyətindən dərin rəğbətlə danışılır. Azadə xanım haqqında qələmə alınan elmi, publisist, bədii yazıların hər birində ümumi bir üslubi nüans müşahidə olunur: Onun mənəvi-əxlaqi gözəlliyinə, insani mükəmməlliyinə heyranlıq, vurğunluq, emosional nidaların bolluğu. İstər onilliklərlə bir söbədə işlədiyi həmkarları olsun, istər elmi rəhbəri və məsləhətçisi olduğu aspirantlar, dissertantlar, istərsə də ölkənin bu beynəlxalq nüfuzlu alim xanımından verilişlər hazırlayan, müsahibələr alan, məqalə yazan jurnalistlər, yaxud öz duyğularını klassik şeir vəznində, şəklində məcazlandıran bir qisim pərəstişkarları olsun, - hər birinin yazısında səmimiyyət və ehtiram duyulmaqdadır. Onu "alicənablığın və xanımlığın simvolu", "Azərbaycan nizamişünaslığının birinci ledisi", "nuranə xanım", "elmimizin təəssübkeşi", "gözəllik və idrakın nadir və kamil təcəssümü" kimi ibarələrlə xarakterizə edirlər. Bəzi məqalələrin isə artıq sərlövhələrindən mətnin məzmununun aurasına nəfəslik açılır: "Azadəlik sevgisinin sirri" (Fəridə Əzizova), "Poeziyada keçən ömür" (Arif Məmmədov), "Kölgədə bəslənmiş quzey qarı" (Şirindil Alışanlı), "Azadələrin yeri ədəmdir" (Teymur Kərimli), "Azad ruhlu, ağ işıqlı alim" (Firudin Qurbansoy), "Şair dühası və alim əməyinin gülçin dühası" (Aslan Bayramoğlu), "Alimlik və xanımlıq vəhdəti" (Aida Qasımova), "Poetik göy qübbəsində sönməyən ulduzun işığı" (Sara Osmanova), "Alimin dünya şöhrəti" (Firudin Qurbansoy), "Nəcibliyin, xeyirxahlığın və zəkanın canlı mücəssəməsi" (Qürbət Mirzəzadə) və s... "Onu sevənlər, ondan heyranlıqla danışanlar arasında elələri də olurdu ki, onunla ünsiyyətdə olarkən sakitcə bu zərif qadının adi insanlara bənzəməyən daxili mahiyyətinə varır və yalnız bir səbəbdən onun qarşısında olduqları kimi görünməkdən ehtiyat edirdilər, çünki bu heyrətamiz şəxsiyyət insanın ən yaxşı cəhətlərini hiss edib, ona məhz həmin yöndən yanaşmaq kimi inanılmaz bir qabiliyyətə malik idi. Bəlkə, buna görə də hər kəs onunla görüşəndən sonra özünə onun gözləri ilə baxmağa çalışır, daha başqa cür görünmək istəmirdi. Onu hamı sevirdi ... O saf insanın təbii aqilanə təsiri ünsiyyət zamanı insanda bütün gərəksiz, onun yaxşı olmasına əngəl törədən nə varsa, onlardan aralanıb qopmağa və özünün hələ gizli, aşkar etmədiyi, ancaq bundan sonra xasiyyətinin əsas dominant cəhətinə çevrilə biləcək bu potensial imkanlarına doğru meyilləndirmək qabiliyyətinə malik idi". (Fəridə Əzizova). Professor Şirindil Alışanlının da səmimiyyətlə yazılmış məqaləsində Azadə xanımın xarakterindəki saflığın onunla ünsiyyətdə olan hər kəsə sirayət etdiyi deyilir: "Böyük söz ustadı Qurbaninin XVI əsrdə poeziya tariximizə bəxş etdiyi "kölgədə bəslənmiş quzey qarısan" misrası zərifliyin, gözəlliyin, poeziya tarixində heç kimə nəsib olmayan təbiətdəki bənzərini əks etdirir. Böyük ehtiram bəslədiyim Azadə xanımın obrazı mənim yaddaşımda Qurbaninin poetik təsvirindəki nəcibliyi, zərifliyi xatırladır. Mənə elə gəlirdi ki, Azadə xanım, kölgədəki quzey qarıdır. Onunla ünsiyyətdə olanlar özləri də bilmədən bu zərifliyin aurası qarşısında mənən təmizlənirdilər".

Jurnalist Mətanət Əzimova Orta əsrlər Azərbaycan ədəbiyyatının bu görkəmli tədqiqatçısı ilə müsahibəsindən aldığı təəssüratını belə ifadə edir: "Azadə xanımın saf, ülvi hisslərinin qanadlarında Nizami, Füzuli dünyasının ucalığına pərvazlanırsan. Sözünü, söhbətini elə kökləyib nizamlayır ki, sanki titrək tellərin üstündə həzin bir nəğmə ötür" (92). Həmkarı, onu yaxından tanıyan Gülrux Əlibəyova isə yazır: "Təvazökar insan, həmişə özünü kölgədə saxlamağa cəhd edən, amma daim ictimaiyyətin diqqət mərkəzində işıqlanan, nəhəng işlər görən, misilsiz işgüzarlığı ilə hamımızdan seçilən, lirik təbiətli, göyçək simalı, baxışı mənalı, təbəssümü sirli R.Azadə xanım respublikamızın ən parlaq şəxsiyyətlərindəndir".

Azadə xanımdan tələbələri, yetirmələri də eyni səmimiyyətlə söz açır, onun xeyirxahlıq və təəssübkeşliyindən ürəkdolusu danışırlar: "Azadə xanım sözün əsl mənasında elm fədaisi idi; ömrünü, gözlərinin nurunu elm yolunda qoymuşdu. Bütün varlığı ilə elmə bağlı idi; ürəyi elmlə döyünürdü. Azadə Rüstəmova klassik irsimizin Leylisi, ədəbiyyatşünaslıq elmimizin yorulmaq bilmədən çalışan fədakar, zəhmətkeş bir xanımı idi". (Ataəmi Mirzəyev) "Azadə xanım gənc alimlərin ən adi uğurlarından vəcdlə danışıb, onları elmi axtarışa həvəsləndirən, gözə nur verən alimdir. Xeyirxahlığı, xanım davranışı, mehribanlığı ilə hamıya numunədir. Elmin yolunda kövrək qədəmləri ilə ilk addımlar atmaq istəyənlərin ana nəvazişi ilə qolundan tutur, onlara qol-qanad verib pərvazlandırır". (Firudin Qurbansoy)

Azadə Rüstəmovanın hər hansı tədqiqat əsərinə müraciət edilərsə, orada insan xisləti, insan taleyi və insanı səadətdən məhrum edən problemlərə geniş yer verilir. Nəcib təbiətli humanist alimin qədim və orta əsrlərə aid zəngin bədii irsimizin tədqiqində "düzlük və həqiqət hökm sürən" eynihüquqlu, bərabər vətəndaşlardan ibarət ali insan cəmiyyəti dəfələrlə vurğuladığı problemlərdən idi. Elmi fəaliyyəti ilə süsləndirdiyi iç dünyasında o, özünün kiçicik ideal cəmiyyətini quraraq, ətrafındakı böyüklü-kiçikli insanlara doğma, səmimi münasibət bəsləyir, qarşılıq görməsə belə, onları da yetkin mənəviyyatlı insanlar kimi qəbul edirdi. Böyük Nizaminin yüzilliklər öncə xəyalən yaratdığı ideal cəmiyyətin nəhayətdə reallaşacağına qəlbən inanırdı... Onun büllur dünyasında mənəvi saflıq, duyğusallıq, insansevərlik atmosferində anlaşma, qayğı, sevgi, ab-havası həyatın əvvəl-axır yaxşılığa doğru dəyişəcəyinə böyük inam yaradırdı. Insan kimi nə qədər zərif, həssas, nəcabətli, gözəl xanım olsa da, bir o qədər dərin bilikli, zəngin, məlumatlı, bənzərsiz elmi üslubu olan həqiqi alim idi. O, öz qənirsiz xanım mənəviyyatı və misilsiz elmi varisliyi ilə xalqımızın tarixində əbədi məskən salmışdır.

90 illik yubileyini qeyd etdiyimiz, bütün gözəl təşbeh və təyinlərin yaraşdığı, ömrünün 50 ilini Ədəbiyyat İnstitutunda keçirən, onun inkişafına xidmət edən, dəyərli tədqiqatları ilə ədəbiyyatşünaslığımızı zənginləşdirən Azadə xanım haqqındakı bu kitabda təqdim olunan məqalələr onun işıqlı şəxsiyyətini həyatda görməyən həm bugünkü nəslə, həm gələcəyin tədqiqatçılarına bütün yönləri ilə tanıda biləcək. Azadə xanımla canlı ünsiyyətdə olan biz nəsil isə: nə yaxşı ki, Ədəbiyyat İnstitutunun, ədəbiyyatşünaslığımızın rəngli tablosunda "Azadəlik" rəngində bir naxış var, deyirik! Şöləsi hələ neçə nəsillərə bəs edəcək naxış!

Ədəbiyyat qəzeti. - 10 oktyabr. - 2023.

SİZƏ MARAQLI OLA BİLƏR