Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2023-cü ilin 12 iyul tarixində keçirilən iclasında İraq-türkman ədəbi-mədəni mühitinin, tarixinin, dil xüsusiyyətlərinin, etnoqrafiyasının və folklorunun daha geniş şəkildə öyrənilməsi və sistemləşdirilməsi məsələsi geniş şəkildə müzakirə olunub. İclasda Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Azərbaycanda İraq-Türkman araşdırmaları: yekunlar və vəzifələr” mövzusunda məruzəsi dinlənilib və müzakirələr aparılıb. Həmçinin AMEA Rəyasət Heyətində İraq türkmanları ilə əlaqələrin genişləndirilməsi, bu sahədə fəaliyyətin optimallaşdırılması məqsədilə İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb və tərkibi müəyyən olunub. Şuranın sədrliyinə akademik Teymur Kərimli, sədr müavinliyinə professor Qəzənfər Paşayev, üzvlüyünə isə tanınmış türkoloq alimlər təsdiq olunublar. Əlaqələndirmə Şurasına (akademik Teymur Kərimli) İraq-Türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla Tədbirlər planının hazırlanması və s. barədə müvafiq tapşırıqlar verilib.
Oktyabrın 20-də AMEA-da İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının birinci iclası keçirilib.
Tədbiri Əlaqələndirmə Şurasının sədri, akademik Teymur Kərimli açaraq gündəlikdə qoyulan məsələlər haqqında iclas iştirakçılarına məlumat verib.
Əvvəlcə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Kübra Quliyevanın “İraq-Türkman ləhcəsinin tarixi-dialektoloji təsviri” mövzusunda məruzəsi dinlənilib. Dilçi alim öz çıxışında qeyd edib ki, dialekt və şivələr xalqın yaddaşı, mənəviyyatının hopduğu “daş kitabə”lərdir. Bu gün əcdadımızın kökünü, mövcudiyyətinin tarixini ümumtürk arealında ortaya çıxarmaq üçün Orxon-Yenisey abidələri, Mahmud Kaşğarinin “Divan”ı, “Dədə Qorqud” eposu və s. yazılı abidələrə müraciət ediriksə, milli mənliyimizin də ortaya çıxması üçün də dialekt və şivələrə üz tuturuq.
“Hazırda Azərbaycan dilinin sərhədlərimiz daxilində və xaricində mövcud olan dialekt və sivələrindən dil faktlarını tez bir zamanda toplayıb, onu tədqiq etmək dilçiliyin ən aktual problemi kimi qarşıda durur. Artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən stratejik əhəmiyyətli Naxçıvan, Qarabağ-Zəngəzur bölgələrinin şivələri müasir dövrün tələbləri səviyyəsində tədqiq olunaraq atlaslarda öz əksini tapıb. Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsində Qərbi Azərbaycan şivələrinin toponimlərinin öyrənilməsi və dilçilik atlasının hazırlanması üçün genişmiqyaslı tədqiqatlar aparılır. İraq türkmanlarının isə bilavasitə ağızlarından material yığılmasa da, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin illərlə topladığı, zənginləşdirdiyi və təkmilləşdirdiyi materiallar əsasında neçə-neçə elmi və praktik əsər çap olunub, bu yaxınlarda “İraq-türkman ləhcəsinin leksikası” adlı monoqrafiya işıq üzü görüb”.
Filologiya üzrə fəlsəfə doktoru Kübra Quliyeva İraq türkmanlarının dili, leksik bazası haqqında danışmazdan əvvəl Türkman etnoniminin yaranması, türkmanların kimliyi, Kərkük adının etimologiyası kimi məsələlərə toxunub, tarixə qısa, lakin dolğun bir ekskurs edərək iclas iştirakçılarına maraqlı məlumatlar təqdim edib. İraq türkmanlarının dil xüsusiyyətlərindən danışan alim bu sahədə türkiyəli tədqiqatçı Hidayət Kamal Bayatlı, eləcə də filologiya elmləri doktoru professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Elbrus Əzizov kimi alimlərin əsərlərinə də istinadlar edib.
Dilçi alim bildirib ki, İraq-Türkman ləhcəsinin lüğət tərkibi çox zəngindir. Bu zənginlik sadəcə İraq-Türkman ləhcəsini meydana gətirən şivələrin deyil, həm də əsrlər boyu əhatəsində yaşayıb inkişaf etdiyi ərəb və fars dillərinin, eləcə də, tarixin müəyyən dövrlərində Azərbaycan, Türkiyə və digər türkdilli xalqlar ilə vahid dövlət halında olduğu, yaxud da onlarla əlaqələrin genişlənməsi dövrlərində dilə aid olan minlərlə yeni sözün hesabınadır.
Həmçinin diqqətə çatdırıb ki, İraq-Türkman ləhcəsi Azərbaycan dili üçün xarakterik olan 4 şivə qrupunun hər birinin xüsusiyyətlərini mühafizə edib, yaşadıb. Türkmanca lüğətlərdə ləhcə xüsusiyyətlərinin saxlanılması, yəni sözün sonunda səs əvəzlənmələrinin olması, yəni q samiti yerinə x/ğ samitlərinin işlənməsi türkmanlarda ədəbi dilin hələ formalaşmadığını, dilin hələ müəyyən qrammatik qanunlara əsaslanmadığını, dialekt xüsusiyyətlərinin aktiv olduğunu göstərir.
Filologiya üzrə fəlsəfə doktoru Kübra Quliyeva məruzəsinin sonunda bildirib: “Xalqın tarixi, etiqadı, adət və ənənələri, məişəti, mədəniyyəti, hətta coğrafiyası belə onun dilində yaşayır. Əsrləri adlayaraq günümüzə qədər gələn sözlər xalqın mənəviyyatını, varlığını, ruhunu özündə əks etdirir. Bu mənada həmin materialları özündə daşlaşdıran, dildən-dilə, əsrdən-əsrə ötürən dialekt və şivələrin, eləcə də xalqın daş yaddışına çevrilən folklor materiallarının nə qədər zəngin bir xəzinə olduğunu göstərir. Ona görə də dialektlərin öyrənilməsi dilin tarixi inkişaf prosesini öyrənmək, onun bu və ya digər dialekt əsasında formalaşmasının yollarını araşdırmaq, xalqın tarixi ilə dilin tarixi arasında qarşılıqlı əlaqəni, vəhdəti müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir”.
Sonra məruzə iclas iştirakçılarının geniş müzakirəsinə təqdim edilib. İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının sədr müavini, filologiya elmləri doktoru professor Qəzənfər Paşayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Güllü Yoloğlu, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmanquliyeva və həmin institutun Toponimika şöbəsinin müdiri Elçin İsmayılov və b. öz fikirlərini səsləndiriblər.
Filologiya üzrə fəlsəfə doktoru dosent Kübra Quliyeva İraq ərazisində yaşayan soydaşlarımızın şivə xüsusiyyətlərinin tədqiqinə həsr olunan “İraq-türkman ləhcəsi” (2004), eləcə də İraq türkmanlarının zəngin dil xüsusiyyətlərindən bəhs edən “İraq-türkman ləhcəsinin leksikası” (2022) kitablarının müəllifidir.
Daha sonra Əlaqələndirmə Şurasının sədri, akademik Teymur Kərimli Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının Tədbirlər planının layihəsini iclas iştirakçılarının nəzərinə çatdırıb. 2 hissədən - Tədbirlər və Nəşrlər blokundan ibarət olub 2023-2026-cı illəri əhatə edən Tədbirlər planına dair alimlərin rəyləri nəzərə alınıb, təklifləri əlavə edilib.
AMEA-da İraq-Türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların aparılmasının humanitar və ictimai elmlərin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
İclasın sonunda filologiya elmləri doktoru, professor Elman Quliyev və filologiya üzrə fəlsəfə doktoru Kübra Quliyevanın İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının üzvlüyünə daxil edilməsi barədə müvafiq qərar qəbul edilib.