Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Məmməd Araz: açın qapıları, səba yelinə - Cavanşir Yusifli

16-10-2023 [ 10:31 ] [ oxunub:51 ]
printerA+ | A-
103813

Məmməd Araz şeirində onun duruşuyla, səsiylə, təmkini, hamıdan gizlətdiyi kövrəkliyi ilə bağlı nələrsə var, bunlar olmasa, o şeirlərin divarı uçub dağılar. O, Füzulinin "Söz" qəzəlindən gəlir: ver sözə əhya ki tutduqca səni xabi-əcəl, edə hər saət səni ol uyqudan bidar söz...

Onun poetik yaddaşı bu sözlərlə başlayır, davam edir, ürəkləri riqqətə gətirir, onun Füzuli haqqında şeiri var - nə açar kimsə qapım badi-səbadan qeyri, nə yanar kimsə mənə atəşi-dildən özgə, - insan dənizində özünü tək hiss eləmək şeiri və şairi yaradan nəsnələrdəndir, Füzuli şeirinin (tənhalığının) dalğası ruhuyla tanıdığı hər bir şairin qədərindən keçir, - Bənzərəm bir qocaman dağa ki dəryada durar (Sabir) - və bu dediklərimiz kimisə kiməsə tutdu-tutmadı, bənzətmək deyil, Məmməd Arazın sövq-təbii hər vurğusunda Füzuliyə köklənməsinin işarəsidir. Onun ədəbi nəslində Füzuli aşkarlayıcı rol oynayır, həm də katarsis, - dünya səni qocaltdı yaşıdın olsun deyə (Əli Kərim)... Onun ilk şeirlərində Səməd Vurğun havası şəksizdir və bu da təsadüfi deyil, məsələ təkcə S.Vurğunun o dövrdə bütün poetik ərazini "istila" etməsilə bağlı deyil, əsas məsələ budur ki, Vurğun havası dili və nəfəsi etibarı ilə sənin Füzuliyə dönüşünü şərtləndirir... Səməd Vurğunun bir böyük missiyası da, fikrimizcə, bundan ibarət idi. Vurğun Məmməd Arazın Füzuliyə həsr etdiyi şeirdəki qapıları səba yelinə açdı, dil saflaşdıqca qədim əyyamlardakı dil (yaxud dillər - !) də doğmalaşır, müasirliyə qovuşur...

"M.Arazın yaradıcılığında tapıntılar, səmimi vurğunluq, poetik yanğı üstündür, onun əksər şerlərinin leytmotivini təşkil edir." Bir də: "Onun kitabındakı şeirləri bir-bir oxuduqca şairin obrazı göz önündə aydınlaşır." Hər iki fikir Rəsul Rzaya məxsusdur. Şeirdən-şeirə obrazın tamamlanması o deməkdir ki, yaradıcılıqda, hətta kənaraçıxmalar da təsadüfi deyil, müqayisə olmasa və müqayisələrdə ziddiyyət və əksliklər meydana çıxmasa, təbii prosesdən söz açıla bilməz.

Məmməd Araz, həm də üslub hadisəsidir, onu bəyənə, bağrına basa bilərsən, yaxud bəyənməzsən, məsafəli dolanarsan. Üslubu olan şair təfərrüatları yox, böyük istedadları görür, onların dərslərindən öyrənir, Rəsul Rzanın dediyi poetik yanğı isə heç zaman sönmür, misranı misraya calayır, köhnə qafiyələrə də təzəlik, türfəlik aşılayır...

 

Bu il "Sabir günləri"nə

gəlmədi Rəsul.

Hər ocağa bu xəbərin

ayazı yetdi.

Avazıdı qara torpaq,

qaraldı ağ su.

Zaman bir də çətin doğa

o planeti!

 

Yaxud:

 

Keçək dərələrin boğanağından,

Keçək dolayların doğanağından,

Günəşin zirvədə doğan anından

nur alıb, bu yurda səpələməsək,

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Məmməd Arazda nur, işıq, günəş obrazı hər bir şeirində mövcuddur. Əl-günəş, qalan şey günəbaxandır...

M.Araz poeziyasında obraz - metafora sistemi fərqlidir, hər addımda fərq yaratmaq missiyasını daşıyır, daim özünü, bütövlükdə əsaslandığı sistemi yeniləmək yanğısı ilə yaşayır, bu yaradıcılıqda nəfəs "qatı" gərginliyin içindən hasil olur, doğanaq//boğanaq/doğan anından sıralamaları tanış olan bütün ştrixləri kənarlaşdırıb oxucuya yeni söz demək, bu sözün enerjisinə "toxunmaq" həsrəti aşılayır. Ona görə də, fikrimizcə, bu tipli şeirləri sükut içində oxumaq yaxşıdır, mətnə dalmaq yuxarıdakı fikrin davamı kimi, şairin obrazını vizuallaşdırar, onun sükut dilində danışmağa zərurət yaradar.  

 

Söylə, bulud kimi tutulan zaman

Gözündən sel gələn gördünmü onu?

Göy kimi kişnəyən, ney kimi yanan,

Sap kimi incələn gördünmü onu?

 

Günəş də üzündən qəm yağa-yağa

Yazdımı göylərə o ölən günü?

Sözü ürəklərə, özü torpağa,

Səsi küləklərə verilən günü?

 

Qəlbimdə bir nəğmə dil açdı yenə,

Ay ellər, bir sevda nəğməsidir o.

Açın qapıları səba yelinə,

Açın, Füzulinin nəfəsidir o...

16/10 - 2023. - Ədəbiyyat qəzeti.

SİZƏ MARAQLI OLA BİLƏR