Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Elmimizin elitası və ya Zirvədən görünən bənövşəlik... - Dilarə Adilgil

10-10-2023 [ 16:11 ] [ oxunub:99 ]
printerA+ | A-
103768

Fəridə xanımın gözlənilməz vəfatından sonra elmi katibimiz Aygün Bağırlı onun haqqında vida sözü yazmağımı tövsiyə edəndə pandemiya dövrünü xatırladım. Yubileyi qapanmaya düşdüyündən qeyd edə bilməsək də, məqalə ilə təbrik etmişdim. Çox bəyənmişdi, çox da xoşbəxt olmuşdu. Hamıya göstərirdi, oxuyurdu. "Məni necə tanıyırmışsan", - deyirdi. Ümumiyyətlə, Fəridə xanım kiçicik şeylərə sevinməyi bacaran insan idi. Bu da, onun böyük nəzakətindən, alicənablığından irəli gəldiyi kimi, həm də uşaq təbiətinin göstəricisi idi. Geniş götürəndə, Fəridə Vəlixanovanın şəxsiyyətinin məzmunu, elminin mahiyyəti neçə-neçə məqaləyə mövzu ola bilərdi. Aygün xanım ideyası ilə pərakəndə düşüncələrimi bir yerə yığmağa kömək etdi...        

İnsanlar fərd olaraq doğulurlar, şəxs kimi yetişib formalaşırlar, özlərini realizə edib şəxsiyyət olurlar.

Hamı yox, əlbəttə...

Fəridə - fərd sözündəndir, tək, yeganə, misilsiz, günəş parıltısı mənalarını verir. Bu yazı 5 sentyabr 2023-cü ildə dünyasını dəyişmiş filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Fəridə xanım Vəlixanova haqqındadır. (Burada mən alimin əsas reqaliyalarını sadaladım). Fəridə xanımla tanışlığım 20 dolu il olmasa da, "uzun, incə yolunu" görmüş kimiydim. Əlbəttə ki, onun öz söz-söhbətlərindən, xatirələrindən, yaxın bilib bölüşdüklərindən, səsini yavaşıdıb dərdləşdiklərindən. Fəridə xanım xatirimdə bütün həyatını özü ilə daşıyan bir insan kimi qalacaq. Daşıdığı ona yük deyildi, ara-sıra ruhuna yaxın bildiklərinə içini boşalda-boşalda qəlbini yüngülləşdirirdi. Keçmiş Poluxin küçəsindəki böyük evlərindən nostaljiylə, məşum repressiya illərindən pıçıltıyla, cəmi 27 il ömür sürmüş atası Ağalidən həsrətlə, Universitetdə neçə nəsil məzun yola salmış anası Nisəxanım müəllimədən pərəstişlə, hər yada salanda "adına qurban olum, ay Fuad" dediyi yeganə qardaşından həzin bir kövrəkliklə danışırdı.

Orta məktəbi öz dilimizdə oxusa da, daha sonra təhsilini Moskva Dövlət Universitetində davam etdirmişdi. Dil baryeri də olmayıb, çünki babası evdə həmişə ona İ.S.Turgenevdən imla yazdırardı. 132 saylı məktəbi qızıl medalla bitirən (medalını boynunda kulon kimi gəzdirirdi) gənc qız birdən-birə qaynar Moskva mühitinə düşür. Qurunun altıda bir hissəsini əhatə edən keşmiş SSRİ-nin paytaxtına Fəridə xanım "qorod yunosti" deyir, yad kimi gəlib doğması kimi ayrıldığı bu şəhərdən danışmaqdan yorulmur, üstündən uzun illər keçsə də söhbətinin yolunu tez-tez Moskvadan salırdı. "Moskva göz yaşlarına inanmır" filminə hər gözüm sataşanda Fəridə xanımı düşünürəm, tələbəlik illərini, ilk məhəbbətini... Dünyanın 22 mütəfəkkirindən biri sayılan Oljas Süleymanov onun sadəcə müasiri, "bacı" deyib avtoqrafla kitabını bağışladığı gənclik yoldaşı idi. 60-cı illərin məşhur şair və yazıçılarının toplaşdığı əfsanəvi "Dom literatorov", onun bufetindəki ədəbi cameə, Rəsul Həmzətovla stol qonşusu olması da mənə şöbəmizdə zarafatla "poeziya dəqiqələri" adlandırdığımız səhər söhbətlərindən tanış idi. Elmi rəhbəri akademik G.İ.Lomidze, onu evində qızı kimi qəbul edən xanımı, ədəbiyyatımızın tədqiqatçısı və böyük dostu Zoya Kedrina hörmət və məhəbbətlə adını çəkdiyi moskvalı dostlarındandır. Fəridə xanımın harada olmasından asılı olmayaraq, həmişə mükəmməl ətrafı, gözəl mühiti olub. Aybəniz Vəkilova, Turan Cavidlə yaxın rəfiqə, həmdərd, həmsirr olmuşdular. Onları həm də qanlı-qadalı 1937-ci il birləşdirirdi. "Qırmızı terror" Vəlixanovlar ailəsindən də yan keçməmişdi. Fəridə xanımın əmisi - Peterburq təhsilli riyaziyyatçı alim, geniş diapazonlu ziyalı Əliabbas Vəlixanov Sibirə sürgün edilmiş, qayıdandan az sonra vəfat etmişdi. Onu İqtisadiyyat İnstitutunun (hazırda universitetdir) prorektorluğundan aparmışdılar. Sibirdə Hüseyn Cavidi görmüş və bunu Turan xanıma danışmışdı. Anası 21 yaşlı Nisəxanım saatlarla erməni əsilli Sumbatovun istintaqı altında qalmış, ona - "Niyə övladlarına alman dili öyrədirsən?" kimi mənasız ittiham irəli sürülmüşdü. Nisəxanım Vəlixanova bir ömür boyu Azərbaycan Dövlət Universitetində alman dilindən dərs vermiş, ümummilli liderimiz Heydər Əliyevin müəllimi olmuşdu.

Fəridə xanım mənə Moskvada elmi işi üzərində çalışarkən Konstantin Simonovla görüşündən danışmışdı. "Mən heç kimin tanımadığı gənc aspirant, Simonov da Simonov idi! Amma arxamca maşın göndərmişdi. Düşünürəm ki, bu hörmət, iltifat Səməd Vurğunun xatirəsinə olan bir ehtiram idi". Nazim Hikmətin dəfnindən, onu yola salmağa gələn keçmiş həyat yoldaşı gözəl Münəvvər xanımdan və yaddaşımda iz qoyan daha kimlərdən və nələrdən söhbət açırdı. Maraqlanırdım ki, niyə bunları yazmırsınız..? "Hisslərim məndən güclüdür, qızım", - deyirdi.

Fəridə Vəlixanova özünün məktəbi olan alim idi. Azərbaycanda tərcüməşünaslıq elminin ilk tədqiqatçısı olmuşdur. "Səməd Vurğun poeziyasının rus dilinə tərcümələri" mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasından sonra "Səməd Vurğun tərcüməçi dostları arasında" elmi əsərini də tamamlamışdır. Səməd Vurğun Fəridə xanım üçün sakral şəxsiyyət idi. Qədirbilməzlərin şairə etdiyi hücumları ürək ağrısı ilə qarşılayır, "yel qayadan nə aparar" desə də, görməzdən gələ bilmirdi. Necə ki, 90-larda bəzi "millilərin" A.S.Puşkinin şəklinə etdiyi hörmətsizliyə dözə bilməmiş, yerdən qaldıraraq sinəsinə sıxıb hər cür nadanlığa qarşı olduğunu göstərmişdi.

Fəridə Vəlixanova "Tərcümə sənəti", "Azərbaycan tərcümə tarixi", "Azərbaycanın rusdilli nəsri", "Veymarlı dahi Şərqdə", "Vasiliy Vladimiroviç Bartold Azərbaycan mədəniyyəti tarixinin hüdudlarında" və s. kimi neçə-neçə samballı kitabların müəllifidir. Fəridə xanım 1977-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan sovet poeziyası rus dilində" doktorluq dissertasiyasını müdafiə etmişdir. Dissertasiyanın orijinalı Amerika Virciniya Universitetində saxlanılır. Digər əsərləri yenə ABŞ-ın İndiana Universitetində, İngiltərənin, Macarıstanın kitabxanalarında qorunur. Alimin kadr hazırlığı da məhsuldardır. Onun rəhbərliyi altında 16 filologiya üzrə fəlsəfə, 5 elmlər doktoru yetişmişdir.

Fəridə xanım son günlərinə qədər "elm" adlanan nəhayətsiz kitabın səhifələri arasında dolaşır, fikir yürüdür, suallarına cavab axtarırdı... Özü də qələm-kağızla söhbət edirdi: "Sən dur burda, darıxma, indi gəlirəm". Yarızarafat deyirdi də: "Mənim heç kimlə işim yoxdur. Otururam evdə, Samarinimi oxuyuram". (V.Samarin, rus ədəbiyyatşünası və tədqiqatçısı).

Araşdırmalarını onilliklərin vərdişi ilə - həvəs və vəcdlə davam etdirirdi. Sonuncu tədqiqatı romantizmin aparıcı simalarından olan lord Bayron haqqında idi. "Bir damcı mürəkkəb bir milyon insanı düşündürə bilər", - deyən böyük romantikin yaradıcılığından "Bayron və şərq dünyası" mövzusunda monoqrafiya yazırdı. "Elm yolunda tələsmək olmaz, ağır-ağır irəliləməkdə fayda var". Bu da Fəridə Vəlixanovanın dərslərindən idi...

Baharı heç xoşlamır, çox sevdiyi Puşkindən misal gətirib "vesnoy ya bolen", - deyə şikayətlənirdi. Çiçəkləri kolun üstündə sevir, solmuş görəndə pərişan olurdu.

Fəridə xanım nümunə idi, həm ədəbiyyat, həm həyat nümunəsi. "Gördün iki nəfər danışır, başını aşağı sal, keç, salam verib mane olma". Ya da "sevdiyin birinə hədiyyə vermək istəyəndə öz üstündən ver, barmağından üzüyünü, əlindən qələmini..." Heç vaxt heç kimlə mübahisə etməzdi, kimlə isə deyişmək, nəyə isə inandırmaq, ya sübut etməyə çalışmaq - onluq deyildi. Yuxarıdan gülümsünüb "hə, sən düz deyirsən"lə tələsik yekunlaşdırar və tamam başqa şeylərdən söhbət edərdi. Kimsənin arxasınca danışmaz, nə var, üzünə deyər, bizə də tapşırardı: "Öz sözünüzü danışın".

Bu xanımda ətrafdakılar üçün həmişə xoş söz var idi. İstər yeni gələn sıxışdırılmış əməkdaş olsun, ya universitetdən diplomları imzalatmağa gətirən kuryer, ya xadimə. Elə bizi - "duşa moya" deyə çağırıb əzizləyir, qapıdan dua edə-edə girir, elə də çıxırdı. Ümumiyyətlə, heç vaxt, heç kimin bu qədər dua etdiyini eşitməmişəm. Cavanlara "qoşa qəriyəsiz" deyə xeyir-dua verir, şöbə müdirimiz Şirindil müəllimi hər görəndə boynunu qucaqlayır, "Allah səni saxlasın" deyir, əlavə də edirdi ki, Şirindil müəllim Moskva məktəbi görüb. Şirindil müəllim də ona eyni həssaslıqla yanaşırdı. Bir dəfə də narahatlığını bildirdi ki, Fəridə xanım yolu keçəndə ürəyim düşür.

Fəridə xanım alim kimi öz qiymətini bilir, yeri düşəndə qeyd etməkdən də çəkinmirdi: "Mən bu sahədə balaca adam deyiləm". "Öz qədrini bilməmək, özünü yersiz tərifləmək kimi mənasızdır", - deyirdi. Əsl alimə, şəxsiyyətə dəyər verir, qüsurlarına göz yumur, qoruyurdu. "Həyatda ən gözəl şey qəbahətlərinizi bilib də, möhtəşəm olduğunuzu düşünən birinin olmasıdır". Bu - onun güclü tərəflərindən idi.

Prezident təqaüdünə layiq görüləndə "sağlıqla xərcləyəsiz" təbrikimə, "bir yerdə xərcləyərik", - dedi. Bizi restorana da apardı, hər gün də şöbəyə əlidolu gəldi.

Təzə mənzilə köçəndə yığışıb evini görməyə getdik. Əvvəlcə təşəbbüsümüzü bir elə entuziazmla qarşılamasa da, (əziyyət vermək istəmədiyinə görə) əl çəkmədik. Nəticədə çox gözəl bir parti alındı. Mən bir qədər gecikmişdim. İçəri girəndə çaşıb qaldım... Ev qaynayırdı, çay gətirən kim, eyvana çıxan kim, ətrafı ekskursiya edən kim. Bir anlıq harada olduğumu düşünməli oldum. Burada hamı özünü evindəki kimi hiss edirdi, mənzilin sahibi elə hiss etdirirdi.

Mən Fəridə xanımla işdən kənar hər deyəndə danışan, zəng vuran biri deyildim. (Baxmayaraq ki, ehtiyac duyduğum insan idi, şöbəmizə girən kimi ilk onun oturduğu tərəfə baxır, gözüm onu axtarırdı). Həm narahat etmək istəmirdim, həm də o, əhatə dairəsi xaricində olurdu. Elə əməkdaşlar vasitəsilə xəbər tuturdum. Ad günündə, 8 martda mütləq təbrik edirdim. Özü qabaqlayır, sıxılmağa qoymur, kömək edirdi: "Təbrik edirsən? Çox sağ ol!" Uzun intervaldan sonra zəng vuranda isə "ax tı, merzavka" deyə ərklə gileylənirdi. Özü zəng vuranda isə sadəcə "Fəridədi" deyirdi. Elə bir-birimizi uzaqdan sevirdik.

Fəridə xanım çox sadiq insan idi, özünə, böyük və kiçik sevgilərinə, əqidəsinə, ətrafına, hətta məişət alışqanlıqlarına qədər. Müəyyən məsələdə fikrini dəyişə bilərdi, prinsiplərini isə - heç vaxt! Mən ürəyimin ən gizli sirrini ona deyər, utanardım da eyham vuram ki, "Fəridə xanım, öz aramızda..." Bu da qəhrəmanımızın xarakteri haqqında çox söz deyən bir nüans.

İnstitutun keçmişindən danışmağı sevərdi. Akademik Məmməd Arifdən, filologiya elmləri doktoru Araz Dadaşzadədən olmazın sevgi ilə danışardı. Bütün əmək fəaliyyəti bu müqəddəs elm ocağında keçmişdi. Ona Moskvada qalıb işləmək təklif edilsə də, imtina etmiş, vətənə qayıdaraq 1959-cu ildən ömrünün sonuna qədər (64 il!) AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışmışdı. 1968-1982-ci illərdə institutun ixtisaslaşmış müdafiə şurasının ictimai əsaslarla elmi katibi olmuş, "Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi" şöbəsinə rəhbərlik etmişdi. Daha sonra Fəridə Vəlixanova XX əsr Azərbaycan ədəbiyyatı (sovet dövrü) şöbəsində aparıcı elmi işçi kimi davam etmiş, eyni zamanda AAK Ekspertlər Şurasının, bir sıra nüfuzlu jurnal və məcmuələrin redaksiya heyətlərinin üzvü olmuşdur.

Fəridə xanım həm də yüksək zövqə sahib bir xanım idi. Təbii parçalara, şux rənglərə, qabaritli aksessuarlara üstünlük verərək eleqant kompozisiyalarla ətrafının gözünü qamaşdırmaqda davam edirdi.

Fəridə xanım az yaşamayıb. Amma... çox da sayılmaz. Hər halda onun üçün. Sağlamlığı, çevikliyi, enerjisi, ən başlıcası - genetikası daha uzunömürlü olacağından xəbər verirdi. "Cəbhədən-cəbhəyə" romanında belə bir cümlə var: "Müharibə hamını eyni silahla məhv etmir". Pandemiya da... Kimini virusun özü apardı, kimini vaksini... Kimini də Fəridə xanım kimi karantin... O, evə sığan adam deyildi. Çox gəl-getli olmasa da... Evdə qalmağı heç xoşlamırdı.

Yaşadığımız payıza qədər Akademiyamızın parkında zərif bir xanım gəzişirdi... Başında çalması, əlində çantası. Tələsmədən. Ağaclara gülümsəyərək, çiçəkləri sığallayaraq, uşaqları oxşayaraq... Bu AMEA-nın veteranı, institutumuzun korifeyi, şöbəmizin günəşi Fəridə xanım idi. Mənim Fəridə xanımım. Dostluğu ilə fəxr etdiyim, həmişə yeri görünəcək böyük rəfiqəm... Yeriniz cənnət olsun, dəyərli alim, əvəzolunmaz İnsan!

Fəridə xanım...

 

Ədəbiyyat qəzeti. - 10 oktyabr.  2023.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR