Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Kamal Abdulla Şaiq oğlu Talıbzadə: sabahların xeyir, məmləkətim... - Cavanşir Yusifli

04-09-2023 [ 13:26 ] [ oxunub:21 ]
printerA+ | A-
103630

1

Kamal müəllim qəribə insan idi, zahirən ayıq, çevik, sürətlə yol gedən (gözlərinin parıltısı, baxışının itiliyi mənasında...), daxilən bəlkə də, dərdli, içinin dənizində batmış qayıq...  Kamal müəllim mərhəmətliydi, hər bir hərəkət və jestində dünyanın, əzab və iztirabın qocaltdığı Abdulla Şaiqin "həpimiz bir günəşin zərrəsiyik" nidası dalğalanırdı. Bir dəfə aspirant olduğum institutda "Axundov qiraəti" günləri keçirilirdi. Mən də nələrsə danışdım. Sonradan akademik olan bir alimnüma məni tənqid elədi və deyək ki, Hacı Qaranı (həm personaji, həm də pyesi) öz təbirincə yozmağa başladı.  Onun yozumu o qədər "elmi" və enli idi ki, Kamal müəllim çıxışında üzünü mənə tutub, "oğlum, özün gördün, bu adamın işi-gücü mənasız yozmalardı" dedi.  Kiçik bir müdaxilə mənimçün işıq yandırdı. Kamal müəllimdə bir qarşısıalınmaz şövq vardı. Hər hansı elmi mübahisə kontekstində, xüsusən gənc bir araşdırmaçı qeyri-adi və orijinal nəsə deyərdisə, Kamal müəllim bunu bütün qəlbiylə təqdir edərdi, amma... o baxışlardan bunu da oxumaq çətin deyildi: kaş bunu mən yazaydım...

Hərdən bu reaksiya yadıma düşəndə düşünürəm: görəsən indiyəcən mən elə bir yazı yaza bildimmi?

2

Kristofer Nolanın "İnception" adlı filmi var, filmin lap başlanğıcında belə bir sual verilir: sizcə, ən dəhşətli və sağalmaz infeksiya hansıdır, filan, filan, filan... Cavab belə olur, beyninə yerləşdirə bildiyin, ürəyində yaşada bildiyin ideya heç zaman səni rahat qoymaz. Bəli, bu, doğrudan, belədir. Ancaq o film məndə başqa bir hiss də yaratdı, film sistemi etibarıyla ənənəvi deyil, bu səbəbdən ona adi süjetli mətn kimi baxa, oxuya bilməzsən. Bu səbəbdən həmin filmin alt qatını, bütün süjet, kompozisiya stixiyasını anlayana qədər, ona qədər baxıb anladıqlarıma yazığım gəldi. Film baxdıqca qum kimi, su kimi barmaqlarının arasından axıb gedir. Biz yatanda yuxu süjetlərindən çox möhtəşəm və realdan real olan bir dünya yaradırıq: iztirablı, sevincli, ürəkləri yandıran dərəcədə gözəl (bunu "anladığımız" anda həmin dünya yanıb külə dönür...).

Köhnə, unudulmuş süjetlərdən böyük bir dünya yaratmaq: işıqlı, gözəl və unudulmaz... Həm də çox qorxulu, çaşdırıcı, amma yüzdə yüz real... Nolan bu ideyanı bizim beynimizə yeridir.

Tənqid də belədi, onun məqsədi oxuduğu mətnə bir vergi müfəttişi kimi möhür vurmaq deyil, özü də hər səhifəsinə, reallığın fantastika, təxəyyül qanadını, fantaziyanın gerçəklikdən qopan sonuncu kərpicinin materialından, bir sözlə həmin qızıl kərpicin içindəki bütün süjetləri bir araya gətirən, bizim dünyanı çalın-çarpaz kəsən bir dünya yaratmalıdır, əsərə, bədii mətnə paralel olan onun davamı kimi uzanan tənqid mətni mənaları göstərə, onlara işarə edə bilməz.

Kamal müəllim bunu bilirdi, amma bizdən fərqli olaraq bunu yazmırdı, bunu şərh etmirdi, yalnız lazım gəldikdə sözü meydana göndərirdi. Mesaj kimi. Həmin söz meydanın, ədəbi prosesin bütün duyğusunu, düşüncəsini, daxili dünyasını əzbər bilirdi. Və bilirdi ki, İbrahim Kalının dediyi kimi, düşüncənin də duyğusu, hissiyyatı var, belə olmasaydı doğulduğu yerdə qalar, kiminsə qəlbinə sarılmazdı. Və bu söz bəzən maqnit sahəsi yaradırdı, oxucu hardansa bulaq kimi çağlayan, səsi qulaqları oxşayan gözəlliyi hiss edirdi. Ömrü boyu Abbas Səhhətdən, romantizmdən, tənqid tarixindən, tənqid və tənqidçilərdən, Qorkidən yazan alimin gənc şair Rasətin şeirlərindən yazması, nələrə səbəb olmadı?! Demək olar hamı bu şeirləri əzbərləmişdi, bizim ruhumuzdansa o çox uzaqlardan axan bulağın gizli pıçıltıları keçirdi...

Bu səs nə deyir, deyir ki, sabahın xeyir, məmləkətim...

SİZƏ MARAQLI OLA BİLƏR