Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Unudulmayan tənqidçi - Tənqidçi-ədəbiyyatşünas Şamil Salmanovun 90 illiyinə - Vaqif Yusifli

01-09-2023 [ 11:09 ] [ oxunub:299 ]
printerA+ | A-
103629

O, yetmiş üç il yaşadı. Ömrünün əlli üç ilini sevdiyi söz sənətinə - ədəbi tənqidə həsr elədi.

1933-cü ildə Bakının Yeni Suraxanı qəsəbəsində fəhlə ailəsində dünyaya göz açan Şamil Məmməd oğlu Salmanov Bülbülədə orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinə daxil oldu.

1953-1958-ci illər - tələbəlik həyatı...

Azərbaycanın ən görkəmli ədəbiyyatşünasları və dilçiləri onun müəllimləri oldular: görün kimlər - Əli Sultanlı, Həmid Araslı, Cəfər Xəndan, Məmməd Cəfər, Mir Cəlal, Muxtar Hüseynzadə, Səlim Cəfərov, Bəxtiyar Vahabzadə...

Bir faktı da nəzərinizə çatdırıram: Şamil Salmanov gələcəkdə - Azərbaycan cəmiyyətində sayılan-seçilən bir sıra görkəmli elm və sənət adamları ilə eyni fakültədə, eyni kursda təhsil alırdı. Görün kimlərlə: XX əsr Azərbaycan ədəbi tənqidinin sonuncu böyük zirvəsi - Yaşar Qarayevlə, görkəmli dilçi-türkoloq Tofiq Hacıyevlə, tanınmış şair-şərqşünas - Hüseyn Kürdoğlu ilə, müasir Azərbaycan poeziyasının kifayət qədər tanınmış nümayəndələri - Ağcavad Əlizadə, İbrahim Göyçaylı və Vaqif Hüseynovla, gözəl nəsr əsərlərinin müəllifi Firudun Ağayevlə, Azərbaycan dramaturgiyasının son yetmiş illik mənzərəsini gözlərimiz qarşısında canlandıran Arif Səfiyevlə... Çox təəssüf ki, indi bu "durna qatarı"ndan yalnız biri - Arif Səfiyev qalıb. Allah onun ömrünü uzun eləsin! Dünyadan köçənlərin isə ruhu şad olsun!

Mən bu adlarını çəkdiyim ustadların sağlığında bir-birilə gözəl insani münasibətlərinin şahidi olmuşam. Nizami adına Ədəbiyyat İnstitutunda aspirant və kiçik elmi işçi kimi fəaliyyət göstərdiyim 1975-1979-cu illərdə Yaşar Qarayev, Şamil Salmanov və Arif Səfiyev üçlüyünün (buna Birlik də demək olar) institutun elmi həyatında necə böyük rol oynadığını hiss etmişəm, görmüşəm. Yaşar müəllim qocalı-cavanlı bütün institutun sevimlisiydi, o, estafeti Məmməd Cəfər müəllimdən qəbul edib "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinə rəhbərlik edirdi, burada müasir ədəbiyyatı tədqiq edən "Ədəbi proses" qrupu yaratmışdı, Şamil müəllim institut həmkarlar komitəsinin sədriydi, həm də institutda sözü keçən bir alim idi, Arif Səfiyev isə elmi katib işləyirdi. Şəxsən mən namizədlik dissertasiyamın müdafiəsi zamanı bu üç insanın qayğısını hiss etdim.

Arif Səfiyev Şamil müəllimin "Poeziya və tənqid" kitabına ("Yazıçı", 1987) yazdığı ön sözdə deyir: "Tədqiqat dairəsi çox geniş olsa da, yəni ədəbiyyatın bütün janrlarından və müxtəlif məsələlərindən yazsa da, tənqidçinin öz mövzusu var: şeir və tənqid. Şamil ədəbiyyata da şeirlə gəlmişdir. Hətta "Sabahınız xeyir, insanlar" adlı şeir kitabı da çap etdirmişdir. Sonralar janrı dəyişsə də, ruhu dəyişmədi, şeir ruhu tənqiddə davam etdi. Bu, özünü həm şeiri duymaq və təhlil etmək bacarığında, həm də təhlil üslubunda büruzə verir; təhlildə emosionallıqla elmiliyin vəhdəti də, görünür, buradan doğmuşdur və bu, onun tənqidçi "mən"inin özünəməxsusluğunu müəyyənləşdirən əlamətlərdən biridir".

Arif Səfiyev tamamilə doğru deyir və bu fikri isbat etmək üçün yalnız və yalnız Şamil Salmanovun müxtəlif illərdə poeziyaya həsr olunmuş məqalələrini, icmallarını, resenziyalarını oxumaq lazımdır.

Amma lap öncə Şamil Salmanovun şairliyi barədə. Bütün ömrü boyu onun yalnız bircə şeir kitabı çıxdı: "Sabahınız xeyir, insanlar!" (1966). Sonralar o, heç bir şeir kitabı çap etdirmədi, hətta deyərdim ki, aylarla, illərlə şeir də yazmadı, ömrünün son illərində yenə şeirə qayıtmışdı, o şeirləri çap etdirməsə də, müdiri olduğu Ədəbiyyat nəzəriyyəsi şöbəsində bizə oxuyurdu, hətta ölümünü bir gün əvvəl duyurmuş kimi "Vəsiyyət" adlı şeir də yazmışdı və o şeiri institutumuzun o zamankı direktoru, akademik Bəkir Nəbiyev onun məzarı başında oxudu. Niyə yazmadı və şairliyini tənqidçiliyə dəyişdi? Bu suala özü cavab verib deyirdi ki, elmi işlə şeir bir araya sığmadı. Baxıb gördüm ki, mənim təfəkkürüm, düşüncələr aləmim elmə doğru yol alıb.

Sizi inandırıram ki, o, şeir yolunu davam etdirsəydi, bir şair kimi də tanınacaqdı. Böyük şairimiz, altmışıncı illər ədəbi gəncliyinin qayğıkeş hamisi Rəsul Rza 1961-ci ildə "Yolun çətinliyi səni qorxutmasın!" adlı çox geniş bir məqalə yazmışdı və bu məqalənin çox hissəsi Şamil Salmanovun şeirlərinə həsr olunmuşdu. R.Rza Ş.Salmanovun şeirlərini təhlilə çəkməklə əslində, üzünü Şamil yaşda olan cavanlara tuturdu, onlara xeyir-dua verirdi, yol göstərirdi. Rəsul müəllim yazırdı ki: "Şeirlərindən aldığım ümumi təsir budur ki, səndə poetik istedad vardır. Sən yaxşı şair ola bilərsən. Bəlkə də bu cümləyə bir də qayıdıb "ola bilərsən" sözünü təkrar-təkrar oxuyacaqsan. Demək, bu yazdıqlarım şeir deyil? - deyə soruşacaqsan. Yox, əzizim! Sən şair olmaq istəyirsənsə, bunun üçün bir neçə şeir yazmaq azdır. Şairlik çətin sənətdir. O, insan qəlbinin bir hissəsini deyil, hamısını tələb edir, həris bir varlıq kimi əqlin, zehnin, hissin töhfələrindən doymaq bilmir. Onun sevincləri qədər iztirabı da vardır. Şeir yalnız vəzn ölçüsündən, cümlənin ahəngindən, qafiyələrin musiqisindən, bənzətmələr, mübaliğələr, təzadlar, eyhamlar və sairədən ibarət deyil, o, fikir, məna; fikrin poetikliyini, orijinallığını tələb edir".

Rəsul Rzanın bu poeziya dərslərinin həm Şamilin şeir yaradıcılığında, həm də bir tənqidçi kimi formalaşmasında mühüm rol oynadığı danılmazdır.

Şamil Salmanovun bir tənqidçi kimi özünəməxsusluğundan söz açmamışdan əvvəl iki mühüm məsələyə də toxunmaq istəyirəm. Birincisi; Şamil Salmanovun yaradıcılıq dünyasında - elmi-tənqidi fəaliyyətində bir sıra böyük sənətkarların təsiri və rolu olmamış deyil, amma iki böyük sənətkarı burada xüsusi qeyd etmək lazımdır. Onlardan biri Mikayıl Rəfili, digəri isə Rəsul Rzadır.

Mikayıl Rəfili otuzuncu illərdə sərbəst şeir hərəkatının önündə gedən, bu prosesdə həm bir eksperimentçi şair, həm də nəzəriyyəçi alim kimi fəallığı ilə seçilən bir söz adamı idi. Şamil Salmanovun bir neçə məqaləsi Mikayıl Rəfilinin yaradıcılığına həsr olunub; o yazılarda Mikayıl Rəfili həm şair, həm də görkəmli alim kimi tədqiq olunur və bunu deməyə tam qətiyyətliyəm ki, Azərbaycanda Rəfilini öz həqiqi, layiq olduğu sferada qiymətləndirən, həm də səhvləri və yanlışlıqları ilə təhlil hədəfinə çevirən bir neçə tədqiqatçı varsa, Şamil müəllim, heç şübhəsiz, birincidir. O, "Azərbaycan sovet şeirinin ənənə və novatorluq problemi" (1980) monoqrafiyasının böyük bir fəslini Rəfilinin sərbəst şeirlə bağlı fikir və mülahizələrinə həsr edib. Rəfilinin ölümündən sonra çap olunan kitablarını nəşrə hazırlayan, redaktor və tərtibçi də Ş.Salmanov olmuşdur.

O ki qaldı Şamil Salmanov-Rəsul Rza münasibətlərinə, burada ustad-tələbə münasibətindən daha çox, böyük poeziyaya böyük məhəbbətin ifadəsindən söz açmaq daha məqsədəuyğundur..

Şamil Salmanovun müasir poeziyaya, onun müxtəlif inkişaf meyilləri və tendensiyalarına münasibətini Rəsul Rza poeziyasına münasibəti kimi də səciyyələndirmək olar. Tənqidçi müasir poeziyaya aid yazdığı onlarla məqalələrində iki problemi xüsusilə diqqət mərkəzinə çəkirdi, biri novatorluq, digəri isə müasirlik. Və onun fikrincə, Rəsul Rza poeziyası həmişə öz müasirliyi və novatorluğu ilə seçilmiş, təkcə milli poeziyanın yox, dünya poeziyasının da öncüllərindən olmuşdur: "Rəsul Rzanın şeiri hər cəhətdən müasirdir: mövzusuna, həyati-fəlsəfi problemlərinə görə, varlığa, zəmanəyə, insana münasibətinə görə, lirik qəhrəmanın mənəvi sifətlərinə, axtarışlarına görə müasirdir. Lakin bu da azdır. Rəsul Rza şeiri bir də formasına, bədii imkanları və vasitələrinə görə müasirdir və bu mənada mütərəqqi Azərbaycan şeirinin böyük ənənələrinə bağlıdır. Rəsul Rzanın yaradıcılığı novator-poetik amillərdən qidalanır".

İkinci mühüm məsələ ondan ibarətdir ki, Şamil Salmanov məktəb görmüş, məktəb keçmiş tənqidçi-ədəbiyyatşünasdır. Biz onu XX əsrin iki böyük tənqidçisinin - Məmməd Arifin və Məmməd Cəfərin layiqli varislərindən biri hesab edirik. Şamil Salmanov müasiri olduğu bu ustad tənqidçilərdən həqiqəti, obyektivliyi, prinsipiallığı, nəzəriyyəçi alim kimi dərinliklərə baş vurmağı, həssaslığı, humanizmi və Azərbaycan ədəbiyyatına sonsuz sevgini əxz etmişdir.

Ədəbi tənqiddə fərdi üslubun böyük önəmi var və bu o deməkdir ki, tənqidçi də yaradıcı adamdır, öz fərdi, bənzərsiz dəst-xəttini, yazı manerasını və fərqli düşüncə tərzini ortaya qoymuş olur. Bu xüsusiyyəti biz Azərbaycan ədəbi tənqidinin tanınmış üzvlərinin yaradıcılığı timsalında izləyə bilərik. Deyə bilərik ki, güclü, potensial imkanlara və ənənəyə, özünəməxsus fərdi estetik simaya malik Azərbaycan ədəbi tənqidində Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Əkbər Ağayev, Asif Əfəndiyev, Qulu Xəlilov, Yaşar Qarayev, Akif Hüseynov, Şamil Salmanov, Elçin Əfəndiyev öz fərdi tənqidçi üslubu ilə seçilmiş, fərqlənmişlər. 

Şamil Salmanovun tənqidçi-ədəbiyyatşünas obrazında bu iki sahənin vəhdəti o dərəcədə aydın hiss olunur ki, onları bir-birindən ayırmaq qətiyyən mümkün deyil. Yəni müəyyən yazılarına görə onu tənqidçi, digər yazılarına görə isə ədəbiyyatşünas adlandırmaq doğru olmazdı. "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin ikicildliyində (1967) Şamil müəllimin ayrı-ayrı ədəbi dövrlərlə bağlı bir neçə "Poeziya" icmalı var. Bundan başqa "Ədəbi proses" kitablarında da "Tənqid və ədəbiyyatşünaslıq" və "Poeziya" icmallarını da o yazmışdır. Bu icmallarda tənqidçi təfəkkürü ilə ədəbiyyatşünas düşüncəsi vəhdət halındadır. Bu cəhəti biz əksər tənqidçilərdə görə bilmirik.

Onun təhlilləri öz aydınlığı və konkret səciyyəsi ilə diqqəti cəlb edirdi. Xüsusilə Ş.Salmanovun poeziya təhlilləri ən azı görüb-götürmək, öyrənmək üçün bir nümunə idi. Hiss olunurdu ki, tənqidçi, haqqında söz açdığı, şeirlərini təhlil etdiyi şairlərin ruhuna, şair dünyasına yaxşı bələddir. İki kiçik misal gətirək.

Birinci misal - Rəsul Rza haqqında: "Diqqətəlayiq hadisədir ki, təhkiyə, təsvir Rəsul Rza şeirlərinin lirik hərarətini heç vaxt azaltmır. Çünki şair nədən danışırsa, nəyi təsvir edirsə - fərqi yoxdur, bu onun həyatı, taleyi, düşüncəsi ilə, həyata və insanlara inamı ilə bilavasitə bağlıdır. Elə bunun üçündür ki, onun şeirlərində daha çox ictimai səslənən motivlər eyni zamanda şəxsi motivlər təsiri bağışlayır. Belə motivləri poeziya faktına çevirərkən Rəsul Rza müəllif "mən"inə üstünlük verməkdən qorxmur".

İkinci misal - Vaqif Səmədoğlu haqqında: "Vaqif Səmədoğlunun qəhrəmanı ilk baxışda tək-tənha görünə bilər. Ancaq bu ilk baxışda belə görünür. Əslində o, bu dünyada tamam tək-tənha deyildir; şam ağacının kölgəsi altında nə vaxtsa oturmuş müdrik, nurlu atanın obrazı, qəlbin kövrək yaddaşı, səhər quşları, köhnə məktublar, uşaq gülüşü, yağışdan sonrakı park, gecə coşmuş dəniz və s. bu qəhrəmanın dünyasında qərar tutubdur. Bəli, V.Səmədoğlunun şeirlərində bir hüzn vardır, çünki bu silsilədə o, həyatın elə anlarını yaşayır ki, bunları hüznsüz təsəvvür etmək olmur...".

Şamil Salmanovu bir poeziya tədqiqatçısı kimi tanıyırdıq (qeyd edim ki, onun nəsrlə, dramaturgiya ilə bağlı yazıları da az deyil), onun mətbuatda dərc olunan hər bir məqaləsi, yaxud resenziyası bizim intizarla gözlədiyimiz yazılar idi. Son altmış ildə yazıb-yaradan elə bir şair yoxdur ki, poeziya tənqidçisi Şamil Salmanov onun yaradıcılığından söz açmasın.

Ancaq onu təkcə poeziya tənqidçisi kimi qələmə vermək və bütün uğurlarını burada arayıb-axtarmaq doğru olmazdı. Onun ədəbi tənqidlə bağlı araşdırmaları da kifayət qədərdir, həm də tənqid tariximizin tədqiqində bu yazıların rolu danılmazdır. "Ədəbi proses-77", "Ədəbi proses-81", "Ədəbi proses-82", "Ədəbi proses-83", "Ədəbi proses-84" məcmuələrindəki "Tənqid və ədəbiyyatşünaslıq" icmallarının müəllifi Şamil Salmanov idi. Bundan əlavə, onun ayrı-ayrı görkəmli tənqidçilərin yaradıcılığına həsr olunmuş məqalələri, həmçinin çoxlu sayda tənqid və ədəbiyyatşünaslıq kitabları barədə resenziyaları da diqqətdən yayınmamalıdır.

Şamil Salmanovun tənqidi irsindən faydalanmaq, öyrənmək, görüb-götürmək olar və ədəbi tənqidlə məşğul olmağa başlayan hər bir gəncin bu irsə sevgiylə-sayğıyla yanaşmasını arzulayardıq. Şəxsən bir tənqidçi kimi mən Şamil müəllimin yazılarından indinin özündə də faydalanıram.

Nəhayət, bu yazıda görkəmli tənqidçinin şəxsiyyəti haqda da söz açmaq yerinə düşər. O, dünyasını dəyişərkən Nizami adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri idi. Şamil müəllimin bundan böyük vəzifəsi olmayıb. Amma fikrimizcə, onun ən böyük vəzifəsi tənqidçi idi. Xoşbəxtlikdən mən də həmin şöbənin əməkdaşı olmuşam və bu əməkdaşlıq indi də davam edir. Şamil müəllim çox xeyirxah adam idi.

Bizim ayda iki dəfə "Poeziya məclisi"miz olurdu, elə otağın özündəcə Şamil müəllimin rəhbərliyilə müasir poeziyadan, ayrı-ayrı şeir kitablarından söhbətlər aparardıq, bu məclisin "bədii hissəsi" də olardı.

Çox qəribədir. Ölümündən bir gün əvvəl o, sanki öləcəyini duyurmuş kimi "Vəsiyyət" adlı bir şeir yazmış (öncə bu haqda söz açdım), onu bir neçə nüsxədə şöbənin bir-iki əməkdaşına da paylamışdı. O şeir heç də bədbinlik saçmırdı, işıqlı misralar da çox idi o şeirdə. Deyirdi ki, bu dünyadan gedirəmsə, yaddaşlarda yaşayacağıma əminəm...

Elə də oldu. Biz görkəmli tənqidçi-ədəbiyyatşünas Şamil Salmanovu - bu elm fədaisini, xeyirxah və gözəl insanı heç vaxt unutmamışıq...

SİZƏ MARAQLI OLA BİLƏR