Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi şura

Ədəbiyyat İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib

03-06-2023 [ 12:32 ] [ oxunub:607 ]
printerA+ | A-
103444

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasda şuranın üzvləri, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, AMEA Rəyasət heyətinin “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, “Elektron Akademiya” şöbəsinin Vikipedia üzrə məsul şəxsi Elnur Hüseynov və başqaları  iştirak ediblər.

Elmi şuranı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərdən bəhs edib. Akademik İsa Həbibbəyli yubileyləri olan alimləri təbrik edərək, onların fəaliyyətlərini yüksək qiymətləndirib. Filologiya elmləri doktorları Vaqif Yusifliyə 75, Vüqar Əhmədə 60, filologiya üzrə fəlsəfə doktorları Əflatun Baxşəliyev və Rasim Qurbanova 70, elmi işçi Zəminə Zeynalovaya 70 illik yubileyləri münasibəti ilə Fəxri Fərman təqdim edib.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəşr etdiyi biblioqrafik göstəricilərin Ədəbiyyat İnstitutuna təqdim edilməsi münasibətilə akademiya rəhbəri kitabxananın direktoruna minnətdarlığını ifadə edib. Professor Kərim Tahirov da öz növbəsində bu cür əməkdaşlığın elmə böyük töhfələr verəcəyini bildirib.

         Akademik İsa Həbibbəyli gündəlikdəki “Ədəbi-tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin tədqiq edilməsi vəziyyəti və müstəqillik dövrü Azərbaycan elminin vəzifələri haqqında”, “II Türk dünyası Ədəbiyyat və kitab festivalına hazırlığın vəziyyəti haqqında”, “Görkəmli ədəbiyyatşünas alim Kamal Talıbzadənin 100 illik yubileyinin keçirilməsi haqqında”, “Şair, ədəbiyyatşünas Qasım Qasımzadənin 100 illik yubileyinin keçirilməsi” ilə bağlı məsələlər haqqında fikirlərini bölüşüb.

İnstitut əməkdaşlarından filologiya elmləri doktorları, professorlar Asif Rüstəmli və Almaz Ülvi Binnətova, filologiya elmləri doktorları Abid Tahirli və Mərziyyə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva xarici ezamiyyələri haqqında məlumat veriblər.

Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli “Elektron Ədəbiyyat İnstitutu: Reallıqlar və vəzifələr” mövzusunda məruzə edib.

Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı gündəlikdəki çap, müsabiqə və digər məsələrdən danışıb.

 

FOTO QALEREYA