Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Mir Cəlalın nəsr yaradıcılığı: aktual mövzular, ali ideyalar - Dilarə Adilgil

16-05-2023 [ 20:42 ] [ oxunub:381 ]
printerA+ | A-
103357

Nasir, publisist, alim, nəzəriyyəçi, pedaqoq, tənqidçi, ictimai xadim... Bu qədər sahəni özündə uğurla cəmləşdirən, ədəbiyyat və filoloji fikir tarixində qiymətli iz qoyub getmiş görkəmli yazıçımız Mir Cəlal Paşayev bu gün də sağlığında olduğu kimi çap olunur, maraqla oxunur, yaradıcılığı tədqiqata cəlb edilir.

Mir Cəlal mənsub olduğu XX əsri "Azərbaycan ədəbiyyatında yeni bir intibah dövrünün başlanğıcı" hesab edirdi. Yazıçı öz əsərləri ilə, təzəcə ayaq tutan Azərbaycan nəsrinin təşəkkülündə, bizə yad roman janrının doğmalaşıb formalaşmasında, mütləq, əhəmiyyəti rol oynamışdı. Eposun müasir forması olan roman epik nəqletmənin aparıçı janrı kimi geniş həyat materialı tələb edirdi. İkinci dərəcəli janr məfhumu olmasa da, yazıçının yaradıcılığının böyük hissəsi onun romanlarından ibarətdir. Ədibin altı romanı sanki bölgü üzrə iki hissəyə ayrılmışdı: üç əsər keçmişi, üçü isə müasir dövrü əks etdirirdi.

Mir Cəlal nəsri dedikdə, əlbəttə ki, ilk düşündüyümüz "Bir gəncin manifesti" olur. Məlumatsız oxucu əsərin cavan müəllif tərəfindən yazıldığını ağlına belə gətirməz. Erkən Mir Cəlal bu əsəri ilə adını klassiklər sırasına yazdı. O, ilk növbədə realist yazıçı idi. Rus yazıçısı K.Paustovski deyirdi ki, əsl yazıçı olmaq üçün ətrafı "eşitmək", qavramaq vacibdir. Sadə desək, yaxşı yazmaq üçün yazıçının da musiqiçi kimi özünəməxsus həssaslığı olmalıdır. Sosializm realizmi mühitində yazıb-yaradan Mir Cəlalın əsərləri "sosializm" olmadan da, tək realizm istilahı ilə tam yerindədir. Bu da realizmin köklərinin antik ədəbiyyatdan su içdiyi səbəbindəndir. Baxmayaraq ki, sovet dövründə yanına sosializm qoşulduğundan realizm XIX-XX əsrlərə aid edilirdi.

Tanınmış ədəbiyyatşünas J.Rıkaçev Mir Cəlal haqqında yazırdı: "Onun romanının hər bir sözü öz avtobioqrafiyasının bir hissəsi kimi görünür, canlı və səmimi həyəcanı dərhal oxucuya təsir edir". Mir Cəlalın əsərlərinə bir romantizm də hakimdir. Poetik istedadı onun prozasını mükəmməlləşdirməklə bərabər, həm də gözəlləşdirib. "Manifest"ə müraciət edək: romanın fəsillərinə Hötedən, Heynedən, Lev Tolstoydan seçdiyi epiqraflar, Baharın ölüm səhnəsinə hakim olan dərin kədər, "Göz yaşı romanı" fəslinin "lirik-patetik ruhda yazılmış mənsur poema təsiri bağışlaması" (akad. B.Nəbiyev) dediyimizə nümunədir. Yazıçı sözlə körpə Baharın matəmini tutur, oxucunu hönkür-hönkür ağladır. Bahar öz faciəsi ilə nəsrimizin unudulmaz obrazlarındandır, bir hadisədir, onu heç kimlə səhv salmaq olmaz, ikinci belə surət yoxdur... Adı çəkilən kimi "yenicə çiçəklənən, qışın cəngəlində məhv olan, donmuş, taxtaya dönmüş, buzlaşmış saçları üzünə yapışan" uşaq yada düşür. Elə bu qış, soyuğun iliyə işlədiyi bir gündə içəri girən bir həmkarım dedi: "Hər belə soyuqda hamamçı Kəblə Qurbana min təsbeh lənət yağdırıram". Klassika klassikadır, həmişə zamanı qabaqlayır, müəllifindən öndə gedir. Xüsusən indi, vaxtın sürətinin daha çox artdığı dövrdə... Bir də, soyuq yalnız hava ilə assosiasiya olunmur, həm də ruh halıdır ki, o da biz humanitarların qismətidir.

Mir Cəlal bir hekayəçidir. Klassiklərimiz tərəfindən yaşamına "vəsiqə" alan hekayə janrı həm də Mir Cəlalın sayəsində yerini daha da möhkəmlətmiş, nəsrimizi zənginləşdi. Yazıçının çoxcəhətli yaradıcılığının əhəmiyyətli hissəsini hekayə yaradıcılığı təşkil edir. Onun hekayələri özünəməxsusluğu, dəqiqliyi, mövzu rəngarəngliyi, koloriti, müasirliyi ilə seçilir. Ən əsası isə az sözlə çox şey söyləmək bacarığı hekayəçi üçün əvəzsiz xüsusiyyətdir. O, artıq bir söz işlətməkdənsə, bir cümlə az demək yolunu tutmuşdu. Mir Cəlalın qısa hekayəçi kimi uğuru da elə bunda idi, sözə "qənaət"də. Yazıçının məqalələrində tez-tez adını çəkdiyi, yaradıcılığına müraciət etdiyi M.Qorki yazırdı: "Bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik olmalıdır". "Bir gəncin manifesti" kimi hekayələri də Əziz Şərif tərəfindən rus dilinə tərcümə olunub. Ən yaddaqalan hekayələrindən olan "Kəmtərovlar..." bir ailə-məişət dramıdır. Səhifələri çevirirsən və düşünürsən ki, insan var-dövlət hərisliyindən necə özünü bu qədər natamam hiss edə bilər? "Niyə ovdan ayaq çəkdim?" hekayəsi həm göz yaşı doğurur, həm də çiçəkləyən iydələrin, boy verən sünbülün ətri ilə nəfəs alırsan. "Gülbəsləyən qız" "Xatirə hekayələri" silsiləsindəndir. Bir çiçək diqqət əlamətidirsə, böyük bir dəstə artıq hörmətdən, ehtiramdan xəbər verir. Müəllifin gülbəsləyən qız üçün qənirsiz güllərdən toplayıb, xalçaya vurulan naxışlar kimi süslədiyi dəmət kimi. Hekayə gül qoxuyur. Bəs yazıçı öz qəhrəmanına hansı keyfiyyətlər bəxş etmişdi? Təbiəti duymaq, incə zövq, həssas qəlb, ləyaqət... Bu hekayəyə illüstrasiya kimi R.O.Renuarın "Gülsulayan qız" rəsmi necə də uyğun gəlir! Tablo Klod Monenin məşhur bağında çəkilmiş və alqışlandığından mövzu dünya "səyahətinə" çıxmışdı. İkinci "Gülsulayan qız" Polşa rəssamı və dizayneri Natalia Rakındır. Möhtəşəm zəfərimizdən sonra o qız bizim tərəflərə də təşrif gətirdi. İsmayıllı rayonunda şəhid ailələri yaşayan binanın fasadına boyaboy həmin qızın şəkli vurulmuşdur. Hər 3 əsərdə fərqi tapın soruşulsa, cavab belə olar: qız öz gülbəsləyənimiz, suladığı isə xarıbülbülümüzdür. Əsərlər belə uzlaşır, belə dostlaşır, yaddaşlarda, əməllərdə yaşayır.

"Ərəb qızı" da qadın mövzusundadır. Yazıçı başlayır Məcnunun Leylisindən. Adı sevgi ilə qoşa çəkildiyindən "Şərqin hansı ölkəsinə getsən, Leyli adına rast gələrsən". Hekayədə klassik olduğu qədər müasir qadın adları çəkilir... "Fransa imperialistlərini necə heyrətə, dəhşətə gətirən əlcəzairli qəhrəman Cəmilədən", ərəb ədəbiyyatı tarixi üzrə doktor qahirəli Ayişədən danışır, "bədii sözü gülləyə bərabər tutmağı öyrədir". Şərq qadınının Leylidən Ayişəyə uzanan məşəqqətli yolunu təsvir edir.

"Düşünmək istəyirəm" düşündürür. Bu, bir "mətləb" hekayəsi olub, çox mətləblərə aydınlıq gətirir. "Gözəllik ondur, doqquzu dondur" mövzusunda qəbul imtahanında inşa yazan Əfzəl Balacayevin atalar sözünə müasir yanaşması, cəsarətli təhlili professorun xoşuna gəlir, özünü risk altına alaraq abituriyenti yüksək qiymətləndirir. Əsərdən duyulan Stalin xofu, repressiya qorxusu hekayənin sonunda duman kimi dağılır. Rəhbərin ağır xəbəri bu insidenti unutdurur. "Qılaflı adam"ı xatırladan "Anket Anketov" stalinizmin tüğyan etdiyi 1937-ci ildə yazılıb çap edilmişdi. Hekayədə güclü sarkazm, açıq ələsalma var ki, bu da o zaman üçün "şir ürəyi yeyib" anlamına gəlir. Anketovlar 37-də hər addımda idilər, "azacıq sərbəst iradə nümayiş etdirən hər kəsi anket məlumatları əsasında şantaj edib zərərsizləşdirə bilirdilər". Əgər statistika belə fantastik acı rəqəm göstərməsəydi, bu iddialar gülməli də görünə bilərdi (Bu gün elə də görünür). Necə yəni sərbəst mövzuda inşa yazan gənc öz fikrini bildirəndə "sovet elminə zidd iddialar" edir, "kosmopolitlərin havasını çalır?" Partadan dünən ayrılan uşaq nə vaxt kosmopolit olmağa macal tapdı? Hamamlar idarəsinin rəisi nə haqla xalqın anketlərini incələyir? Hampanın heyvanını nalladığı üçün nalbəndin ictimai həyatdan təcrid edilməsinə nə ad vermək olar? Belə mövzuları "otuz yeddi" mühitində cəsarətlə gündəmə gətirmək, bununla da vətəndaş mövqeyini ortaya qoymaq gedər-gəlməzə daim açıq olan qapını öz yumruğunla döyməyə bərabər idi. Ancaq Mir Cəlal bu baxımdan da əsl yazıçı idi: əsl yazıçı həmişə şimşəkləri üzərinə çəkəndir, elə sağlığında mənən itirdiklərimiz deyil...

525-ci qəzet, 2023, 1m6ay

 (Ardı var)

SİZƏ MARAQLI OLA BİLƏR