Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb

09-05-2023 [ 20:10 ] [ oxunub:203 ]
printerA+ | A-
103345

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb. Festivalın proqramına uyğun olaraq səhər saatlarında tamaşaların, iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı olub.

AzərTac xəbər verir ki, “Qarabağ” otelinin qarşısında təşkil olunan tədbirdə altı Türk dövlətinin mətbəx və sənətkarlıq nümunələri sərgilənir.

Dövlət rəsmilərinin, respublikanın tanınmış mədəniyyət, incəsənət və elm xadimlərinin ziyarət etdikləri təqdimat hər kəsdə xoş təəssürat yaradıb.

Əməkdar artist Emil Əfrasiyab Şuşada ilk dəfə olmaqdan məmnunluq duyduğunu ifadə edib: “İlk dəfədir ki, Azərbaycanın dilbər guşəsi, mədəniyyət paytaxtımız Şuşadayam. Çox unudulmaz hisslər keçirirəm. Sanki yuxudayam. Bu günləri bizlərə, Azərbaycan xalqına yaşatdığı üçün Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, çox önəmli, unudulmaz günlərdir. “Heydər Əliyev İli”ndə təşkil olunan tədbirin Şuşada keçirilməsi də olduqca əlamətdardır. Belə möhtəşəm konsertdə iştirak etmək biz musiqiçilər üçün olduqca böyük şərəfdir”.

Şuşaya dördüncü dəfədir gəldiyini söyləyən Xalq artisti Ənvər Sadıqov hamı kimi gözəl əhval-ruhiyyədə olduğunu qeyd edib: “Hər dəfə elə bilirəm ki, bu müqəddəs torpağa ilk dəfə ayaq basıram. Bu Qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandana və rəşadətli Ordumuza minnətdarıq. Qarabağın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirik və xalqımız heç vaxt onları unutmayacaq. İnanıram ki, Zəfərimiz əbədi olacaq. Cıdır düzünə ilk dəfə qalxanda keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Şuşada olmağın özü elə bir duyğudur ki, gərək onu yaşayasan, hiss edəsən. Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təbliğ etmişik, tanıtmışıq, lakin Şuşada konsert vermək, çıxış etmək başqa bir aləmdir. Çox qürurluyam ki, bu gün Şuşadayam, belə möhtəşəm bir konsertdə iştirak edirəm”.

Türkiyəli aşpaz Ahmet Yetimova da Azərbaycanda olmaqdan qürur hissi keçirdiyini deyib. “Şuşaya gəldikdən sonra çox duyğulandım. Azərbaycan bizim ana Vətənimizdir. Bu torpaqların işğaldan azad olunması bizlərə də qürur hissi yaşatdı. Azərbaycana ilk dəfədir gəlirəm. Şuşanı bizim Qara dəniz bölgəsi ilə müqayisə edirəm. İnanırıq ki, Qarabağın çox böyük gələcəyi var. Tədbir başlayandan müşahidə edirəm ki, gələn hər kəs gözəl əhval-ruhiyyədədir. Türk xalqlarının təamlarının və sənətkarlıq məhsullarının festival çərçivəsində nümayiş olunması bir ayrı gözəllikdir”, - deyə türk qonaq bildirib.

Sonra Xan qızı Natəvanın evinin həyətində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı “Dəli Domrul” tamaşasının premyerası olub. “Dəli Domrul” tamaşası Altay Məmmədovun “Kitabi–Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyesi əsasında hazırlanıb. Meydan üslubunda səhnələşdirilmiş tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Qeyd edək ki, Festival günlərində müxtəlif məkanlarda “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstəriləcək.

Eləcə də Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında keçiriləcək tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, sərgilər və film nümayişləri olacaq.

Xatırladaq ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələrin, regionun türkdilli ölkələrinin və xalqlarının yaradıcı kollektivləri iştirak edirlər.

Üç gün davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR