Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Doktor N. - zamanın və yaddaşın faciəsi - Nərimanovçuluq və antinərimanovçuluq diskursu üzərinə tezislər - Bədirxan Əhmədli

18-04-2023 [ 10:41 ] [ oxunub:493 ]
printerA+ | A-
103284

Nəriman Nərimanovun heykəlinin götürülməsi onun Azərbaycan tarixindəki yerini artıq neçənci dəfədir ictimai müzakirəyə çıxarır. Bizdə həmişə belədi; əvvəl işi görürlər, sonra onu müzakirə edirlər. Dartışmaların olması təbiidi; zaman və ictimai sistemlər dəyişdikcə bu cür müzakirələr həmişə gedir və gedəcək. Müstəqillikdən sonra cəmiyyətdə gizli şəkildə gedən bu diskurs ilk dəfədir ki, açıq müstəviyə çıxarılır, mübahisə ətrafında cəbhələr formalaşır, tezis qarşısına antitezis çıxarılır, tərəflər bir-birini ittiham etmək dərəcəsinə çatır, çox zaman da nəticəsiz bitir...

Nərimanov son yüzillikdə bir neçə dəfə bu cür siyasi-ictimai silkələnmədən (turbilans) keçib, ancaq hələ yerindədi, tarixdəki yerini və mövqeyini necə var, eləcə də qoruyur, hətta onun bu gün heykəlini götürsələr belə. Çünki bunu bir yazıçı, fikir adamı, siyasətçi kimi onun tarixdə qalmasını şərtləndirən obyektiv amillər yaradır. Hər hansı bir fikir adamına, siyasətçiyə, şair və yazıçıya bir fikrinə və ya bir əməlinə görə deyil, bütöv yaradıcılığı və fəaliyyəti kontekstində qiymət vermək lazım gəlir.

Nərimanov diskursunda ən böyük səhv metodoloji yanaşmadadır; yanlışlıq orasındadır ki, 1918-20-ci illər dövrü onun bütün ömürlüyündən ayrılaraq təhlil edilir və kəskin tənqid olunur, cümhuriyyətçilərlə qarşılaşdırılır, ondan mümkün olmayanlar istənilir və s.

Nərimanov çox gənc ikən Millətin dərdləri ilə maraqlanır, ona dərman olmağa çalışır. Seminariya təhsilindən sonra onda cəmiyyət, azadlıq, bərabərlik kimi fikirlər formalaşır və bu fikirlərini istər ilk əsərlərində, istərsə də həftəlik köşə yazılarında daim irəli sürür. Cəmiyyətdə islahatçı mövqeyini və sosioloji fikirlərini "Bahadır və Sona" əsərində yayır. Vətən, Xalq, Millətlə bağlı fikirlərində nə qədər Vətənçi, Milliyyətçi və Xalqçı olduğunu görməmək mümkün deyil.

Azərbaycanda ilk qiraətxana yaradan, proqram və dərsliklər tərtib edən, ilk Azərbaycan dilinin qrammatikası kitabı yazan, tərcümələr edən Nərimanov idi. Təkcə maarifçilik istiqamətindəki xidmətlərinə görə Nərimanov xalqın qəlbində həmişəlik özünə taxt qurub. Maarifçilik bəlkə də bu gün kimlərəsə zəif bir arqument görünsün, lakin Cümhuriyyətə gələn Xalqın aydınlanması hava və su kimi lazım idi. Həftənin bir gününü imkansız xəstələri pulsuz müalicə etməsi cəmiyyətdə sosial ədalət prinsipinə əməl etməsi ilə yanaşı, böyük bir fədakarlıq nümunəsi idi. Nərimanov bir ziyalı kimi xalqın ədəbi, mədəni, ictimai-siyasi formalaşmasında böyük xidmətlər göstərdi.

Nərimanovun bütün fikri, zikri, düşüncəsi Xalqın aydınlanması, təhsili ilə bağlı idi; sonrakı proseslərdə isə bu istiqamət Xalqın istiqlalı və azadlığına, 20-ci ildən başlayaraq idarəedilməsinə yönəldi.

Xalq milli istiqlal düşüncəsinə birdən-birə gəlmədi; bu düşüncə müxtəlif mərhələlərdən keçərək şəkilləndi. Hələ ictimai-siyasi fikrin formalaşması üçün mətbuatın belə olmadığı bir zamanda Xalq Nərimanovun bədii düşüncəsi ilə formalaşdı. Hər zaman cəmiyyəti içindən didib-parçalayan nadanlıq problemi ilə mənəvi-əxlaqi deqradasiyanın mahiyyətini açdı. Nərimanovun nadanlıq ("Nadanlıq") fəlsəfəsi bir qədər sonra M.Cəlildə ölüləşmə ("Ölülər") konsepsiyası ilə davam etdi. Hər ikisi qaranlıq cəmiyyəti mədəniyyətə, inkişafa, işığa səsləyirdi.

"Nadir şah" əsərində dövlətçilik və hakimiyyət, siyasi idarəetmə məsələlərini qoyur, tarixi hadisələrdən çıxış edərək Dövlət, Xalq, Hakimiyyət haqqında ciddi mesajlar verir, Despotizm, Xudbinlik, Şöhrət hissinin hakimiyyətə böyük zərərini göstərirdi. Nadirin "...Vətən səlamət qalsın fikrində olarkən canımı vətənin və millətin yolunda sərf etmişəm... Oğlumun gözlərini vətənə qurban etmişəm. Pərvərdigara, özün kömək ol bu başsız millətə", - sözləri həm də öz taleyinin ifadəsi idi.

Nərimanov ilk mərhələdə böyük maarifçilik işi görür, aktyor dəstələrinə rəhbərlik edir, tamaşalar göstərməkdə onlara köməklik edirdi. Azərbaycan cəmiyyəti ilə yaxın təmasları onun kütlə ilə intensiv əlaqə yaratmasına imkan verir və öz çıxışlarında onları ədəbi, mədəni, ictimai-siyasi proseslərə yönəldir. Xalqla bu ünsiyyət onun sonrakı fəaliyyətində köməyinə çatır.

Nərimanov siyasi düşüncə etibarilə sosial-demokrat idi. Xalqların və İnsanların birlik-bərabərliyini əsas tuturdu və siyasi fəaliyyətini bu istiqamət üzərində qurmuşdu. Odessada təhsil alarkən ictimai proseslərə qoşulması onu formalaşdırır və Bakıya sosial-demokrat kimi qayıdır. Güney Azərbaycan fəhlələrinin həyatı ilə yaxından maraqlanması onun sosial-demokratların rəhbəri kimi 7 ay Tiflisdə Metex qalasında yatmasına, daha sonra isə Həştərxana iki illik sürgünə göndərilməsinə səbəb olur. Həştərxanda da bir həkim və siyasətçi kimi məşhurlaşır və şəhər dumasına üzv seçilir. Lakin o, sonadək sosial-demokrat donunda qalmır, ömrünün sonlarında millətçi-sosial demokrat köynəyini geyinir.

Bir müddət zorən sosialist ideyalarına rəğmən, mahiyyət baxımından heç zaman bolşeviklərlə bir yerdə olmayıb, bolşeviklərlə işbirliyi onun üçün bir vasitə rolunu oynayıb, bolşevizmi bir ideologiya olaraq keçici hesab edib. Bolşeviklər də heç zaman onu özlərininki hesab etməyib və ona güvənməyib. Oğluna məktubunda "Bəlkə sən bu məktubu oxuduqda bolşevizm heç olmayacaq", - deyə bolşevizmin ömrünün bu qədər yaxın olacağına inanıb. Bolşeviklərin Nərimanova münasibəti çar məmurlarının A.Bakıxanova və M.F.Axundzadəyə münasibətindən irəli getməyib.

Nərimanova ictimai münasibət Cümhuriyyət, postcümhuriyyət və postsovet dövründə fərqli mərhələlərdən keçib və birmənalı olmayıb; 20-ci illərdə yaranan nərimanovçuluq onun milli mövqeyini ifadə edirdi. Bunun sultanqaliyevçiliyə, xanbudaqovçuluğa, cəmiyyətin milli qoluna təsiri ona və tərəfdarlarına qarşı repressiyalara səbəb olub. Ona qarşı cəbhə erməni-rus birliyindən formalaşmışdı. Zamanındakı antinərimanovçuluq onu millətçi, bugünkü antinərimanovçuluq isə bolşevik və anticümhuriyyətçi kimi təqdim edir. Sovetlər zamanı qırx il adı repressiyaya məruz qalmış, yalnız 60-cı illərdə bəraət almışdı. Həmin dövrdə M.Ə.Rəsulzadəyə də sovet Azərbaycanında eyni münasibət sərgilənirdi. Mövcud rejimin bu yanaşması həm də onları birləşdirən ümumi cəhətə çevrilir. Yəni mövcud rejim belə onların hər ikisinin eyni mövqedə olduğunu qəbul edir: "...kommunist və keçmiş eser olmaq daha yaxşıdır, nəinki Nərimanov kimi müsavatçı olmaq" (R.Axundov); "Mən əlbəttə, fiikirləşmirəm ki, Nərimanovun Rəsulzadə ilə əlaqəsi var. O, Rəsulzadənin dəlillərini sözbəsöz təkrar edir" (M.Hüseynov).

Çağdaş antinərimanovçuluq onun Cümhuriyyətə və M.Ə.Rəsulzadəyə əks qütbdə dayandığı qənaətindədir. Əslində, yolları ayrı olsa da, hər ikisinin amalı eyni idi; Azərbaycanı müstəqil görmək! Bunu Nərimanovun "Əziz Vladimir İliç! Məgər "Müstəqil Azərbaycan" sizin dilinizdən çıxmamışdırmı?", - fikri də sübut edir. Nərimanov Azərbaycan istiqlalına və azadlığına yox, hakimiyyətə müxalifətdə idi.

Nərimanova qədər və ondan sonra da Rusiya Qafqazda var idi və varlığını sürdürürdü. I Dünya savaşından sonra özünü toparlayan kimi əvvəlki sərhədlərini genişləndirdi və Qafqazı yenidən öz təsir dairəsinə saldı.           

Nərimanovun Sovet Azərbaycanının rəhbəri olduğu zaman fəaliyyətini yetərsiz sayanlar o zamankı Azərbaycan ilə bugünkü Azərbaycanı qarışdırırlar; o zaman Azərbaycan, xüsusilə Bakı və onun siyasi hakimiyyətində yer tutanlar onu hər zaman parçalamağa hazır olan qeyri millətlərdən ibarət idi.

Məsələ metodoloji yanaşmanın yanlışlığı, həm də tarixi şəraitin nəzərə alınmamasındadı. Bu yanlışlıq M.Ə.Rəsulzadə ilə Nərimanovun siyasi fəaliyyətinin qarşılaşdırılmasında, bəzən də yan-yana qoyulmasında və eyniləşdirilməsində, Cümhuriyyətin yıxılmasında Nərimanovun günahlandırılmasındadı...

Nərimanovun bolşevik ideologiyasının daşıyıcısı kimi göstərilməsi də məsələyə düzgün yanaşmamanın nəticəsidir. Bu ayrı məsələdir ki, tarix Nərimanovun Azərbaycanın gələcəyini Rusiyasız təsəvvür etmədiyini haqlı çıxarmadı. Ancaq bu da aydındır; Nərimanovdan keçən son yüz ildə Rusiya da (bunun otuz ili ikinci müstəqillik dövrüdü) bizdən əl çəkmir (belə görünür ki, bu hələ davam edəcək), bizim "xoşbəxtliyimizi" Qərbdə yox, zorən Rusiyada görür, necə deyərlər, "Səni sevəcəyəm, sən sevməsən də" mahnısını oxuyur və oxudur. Bu mənada N.Nərimanovun "Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır" fikrinin hansı kontekstdə meydana gəldiyi, bu fikrin mövcud reallıqdan çıxış edilərək, bəlkə də məcburən və siyasi referans olaraq deyildiyi aydın olur.

Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını saxlayan, Türkiyənin istiqlal və qurtuluş savaşına dəstək göstərən N.Nərimanovu necə antimilli hesab etmək olar? Nərimanov mahiyyət etibarilə sosial demokrat, millətçi və respublikaçı idi və sosial, ədalətli cəmiyyətin qurulmasını istəyirdi. Nərimanov Rusiya işğalını dəstəkləmirdi, Rusiyadakı sosializm ictimai quruluşunu dəstəkləyirdi: "...Rusiyadakı indiki quruluş mənim ruhi aləmimə hər şeydən daha çox uyğundur".

Nərimanovu kommunist və bütün kommunistləri düşmən elan etmək özü neobolşevizmin yeni formada təzahürüdür.

Müstəqil Azərbaycanın antinərimanovçuları müstəqil Azərbaycan uğrunda mücadilə verən Nərimanovun heykəlinin mövcudluğunu qəbul etmək istəmirlər. Antinərimanovçuların arqumentləri elmi, tarixi, əxlaqi, siyasi arqumentlərə yox, ideoloji cəbhədən ifadə edilir. Heykəl götürülsə belə, Nərimanov bir publisist, tərcüməçi, yazıçı, dramaturq, siyasi xadim olaraq xalqın qəlbində yaşamaq haqqını özündə saxlayır. Onu yaşadan fikirləri, ideyaları və müstəqil Azərbaycan mücadiləsidir...

Antinərimanovçular tarixi şərait deyilən bir əlahəzrət faktı nəzərə almırlar; ondan istəklərinin bir çoxu belə dövr, zaman dəyişməsinə rəğmən, hələ də reallaşmayıb. Halbuki bu gün dünya düzəni yüz il əvvəlkindən fərqli bir yerdədi. Rusiya bu gün də Puşkinin "Qafqaz altımdadır..." poetik ideyasını hərbi reallıqda sınayır...

Doktor N. siyasi faciə qəhrəmanıdır, ancaq onun faciəsi təkcə 20-ci illər fəaliyyətində deyil, həm də çağdaş antinərimanovçuların ona haqsız hücumlarındadı. Təkcə Nərimanovunmu?!..

P.S. Tarixə münasibət zamanla dəyişir, yeniləşir, bir qədər də durulaşır. Biz bu gün Nərimanova yaxından baxırıq, Nərimanov bizdən uzaqlaşdıqca ona qiymət də dəyişəcək, İdeyası və İdealı Xalq və Millət olan Nərimanovun şəxsiyyəti Zaman dəyirmanından üzüağ çıxacaq...

P.S. Bir tədqiqatçı kimi adətən mən mənbələrlə çıxış edirəm. Ancaq burada baxışlar sistemini ümumiləşdirməyə üstünlük verdim. Şifahi də olsa bir hadisəni olmayan yerdə mənbə kimi də xatırlamaq olar. Bu hadisəni akademik Kamal Talıbzadəyə istinadla yazıram. K.Talıbzadə Müsavatın himnini yazan atası Abdulla Şaiqə istinadən danışırdı ki, 1922-ci ildə müttəfiq respublikalar sənədi imzalayandan sonra getdim doktorgilə (Nərimanovgilə). Qapını açan kimi doktorun boynuna sarıldım, onu müstəqil respublika olmağımız münasibətilə təbrik etdim. Gördüm heç keyfi yoxdur; dedim, doktor müstəqil olmuşuq, niyə sevinmirsən. Dedi, Mirzə, hər şey heç də sənin bildiyin kimi deyil. Bu hadisə həm də onu göstərir ki, Azərbaycanın müstəqilliyi nəinki Nərimanovun, A.Şaiqin, həm də XI Qızıl ordu çəkmələri altında əzilən bütöv bir xalqın arzusu, istəyi olsa da, işğala qarşı çıxa bilməmişdi. Rusiya son iki yüz ildə olduğu kimi, o gün də "Qafqaz altımdadır..." nəğməsini oxumuşdu...

SİZƏ MARAQLI OLA BİLƏR