Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Mir Cəfər Pişəvəri "Azərbaycan" qəzetində - Rəhim Əliyev

05-04-2023 [ 11:13 ] [ oxunub:223 ]
printerA+ | A-
103250

VƏ YA AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ RƏHBƏRİNİN "NOVRUZ" GİZLİ İMZASI HAQQINDA QEYDLƏR

1945-1946-cı illərdə Təbrizdə Azərbaycan Milli Hökumətinin rəsmi orqanı kimi ərəb əlifbası ilə çıxan "Azərbaycan" qəzetinin nəşri bir ildən artıq (5 sentyabr 1945 - 12 dekabr 1946) davam etmişdi. Rəsmən Mir Cəfər (Seyid Cəfər) Pişəvəri qəzetin redaktoru deyildi, o, Azərbaycan Demokrat Firqəsinin (ADF) sədri, sonra isə Milli Hökumətin baş naziri (14 iyun 1946-ya qədər) idi. Hələ 1945-ci il yayın əvvəllərində o, Tehranda "Ajir" adlı antifaşist qəzet buraxırdı. Həm də siyasi həyata gəldiyi ilk addımlardan 1918-1919-cu illərdə Bakıda bolşevik meylli qəzetlərdə çıxış edirdi. S. C. Pişəvəri mətbuatı və jurnalistikanı sevir, onların siyasi potensialını gənc vaxtlarından bilirdi.

Onun siyasi fəaliyyətini qısaca iki dövrə bölmək olar: Bakı gəncliyindən ta 1945-ci ilin sentyabrında Təbrizdə ADF-nın orqanı kimi "Azərbaycan" qəzetini təşkil edənə qədər İran kommunist partiyası "Tudə"nin təşkilatçı və rəhbərlərindən biri olmuşdi. Bu mərhələdə o, Moskvaya daha çox sığınaraq müsavatçılığın və türkçülüyün tənqidçisi idi və ümumiran siyasətçisi olmağa üstünlük verirdi. Yazıçı Mirzə İbrahimov, şübhəsiz ki, Moskvanın sifarişi ilə ADF-nin proqramını yazandan, İ.V. Stalin bu yeganə "milli" kommunist partiyasının proqramını redaktə edəndən sonra, təxminən 1945-ci ilin yayından S. C. Pişəvəri ADF-ni təşkil etməyə və onun proqramını Cənubi Azərbaycanda gerçəkləşdirməyə başlayır. Lakin bu böyük tarixi işi görəndə də onun şəxsiyyətindəki ikilik yox olmadı. Bir tərəfdən Milli Hökuməti təşkil etməklə ən böyük kommunist inqilabçılardan biri kimi ucaldı və özünü təsdiq etdi. İkinci tərəfdən Şeyx Məhəmməd Xiyabaninin davamçısı kimi İranı federallaşdırmağa çalışdı, Azərbaycan xalqının iradəsinə söykənərək Təbrizdə Milli Azərbaycan Hökumətini qurdu. Bu quruculuğu o həm də bir jurnalist kimi etdi və nəticədə Şeyx Xiyabani, N. Nərimanov, M. Ə Rəsulzadə kimi böyük azərbaycançıların sırasında özünə yer aldı.

Yorulmaz ədib S.C.Pişəvəri həm Azərbaycan Demokrat Firqəsinin, həm də Milli Hökumətin başçısı idi, bunlara görə o, hökumətin rəsmi qəzetinin redaktoru ola bilməzdi. Amma bir il müddətində dəyişən dörd redaktoru, şübhəsiz, o təyin edirdi: birinci nömrədən qəzet Əli Şəbüstərinin, sonra Əhməd Musəvinin, sonra Fəthi Xoşginabinin, axırda isə İsmayıl Şəmsin redaktorluğu göstərilməklə çıxıb. Qəzeti vərəqlədikcə  görünür ki, Pişəvəri özü qəzetin fəaliyyətinə rəhbərlik edərək onun çıxmasında çox yaxından iştirak edirdi. Xoşginabi xatirələrində yazırdı ki, qəzet çapa gedəndə Pişəvəri redaksiyaya gəlir, materiallardakı orfoqrafiya və fikir səhvlərini düzəldirdi, qəzet çap olana qədər redaksiyada olur, bəzən burada yatırdı.

Onun Novruz, və sair imzalar ilə çap olunan ictimai-siyasi və ədəbi yazıları qəzetin həcminin 30 faizinə yaxındır. Lakin bu yazıların çoxu indiyə qədər Pişəvərinin əsərləri kimi kitablarına salınmayıb. Bu qədər gizli imzadan istifadənin səbəbi də sadədir. 1945-ci ilin sentyabr-dekabr ayları arasında Demokrat Firqəsinin platformasının təbliği dövrü idi, bu şəraitdə Pişəvəri bir nömrəyə bəzən 2-3 yazı qoyurdi. Əksinqilabla mübarizə, Tehranın ifşası və torpaq islahatından danışanda Növruz imzasından, partiya quruculuğu işlərindən yazanda ikinci, yəni ərəb əlifbası ilə Pe imzasından, digər publisistik mövzularda üçüncü - ərəb əlifbası ilə Ce (Cim) imzasından istifadə edirdi. Güman ki, Pe Pişəvərinin baş hərfi, "Ce isə adı Cəfərin və ya familiyası Cavadzadənin ilk hərfi di.

Ədibin qəzetdə iştirakında birinci şəkli burada dərc olunan rəsmi hökumət sənədləri idi. Bu sənədlərin siyasi qismini Pişəvəri özü yazırdı və onların dərci prosesində də iştirak edir və qəzet çapa imzalanana qədər zəruri redaktələr, təshihlər aparırdı. Təsadüfi deyil ki, SSRİ dağılandan sonra buraxılan kitablarında Pişəvərinin yazdığı bəzi rəsmi və yarımrəsmi dövlət sənədləri də yer alıb. Formal hüquqi baxımdan bu doğru deyildir, amma mahiyyətcə də səhv sayıla bilməz.

Ədibin qəzetdə dərc olunan ikinci qisim əsərləri onun rəsmi çıxışlarının mətni, marksist publisist kimi yazdığı məqalələri idi. Belə yazılar onun imzası göstərilməklə dərc olunurdu və onun silahdaşları müəllimlərinin belə yazılarını tərəddüdsüz onun kitablarına salıblar. Bunu S. C. Pişəvərinin 1961-ci ildə ərəb əlifbası ilə çıxmış "21 Azər" və 1984-cü ildə "kiril"lə buraxılan "Seçilmiş əsərləri"ndə görmək olar. Lakin Pişəvərinin ən iri toplusu onun öz sağlığında, 1946-cı ilin yazında "Qızıl səhifələr" adı, "Azərbaycan xalqının milli Azərbaycan yolunda mübarizə tarixindən" - başlıqaltısıyla çap olunub. Bu faktın özü Moskvanın Pişəvəriyə qarşı ciddi senzura tətbiq etdiyinə ən yaxşı sübutdur. Lakin Pişəvəri və onun silahdaşları da "Novruz" kimi gizli imzaların məxfi qalmasına çalışırdılar. Məsələn, Pişəvərinin "Novruz" imzası ilə "Azərbaycan" qəzetinin 32-ci sayında getmiş "Xain əllər kəsiləcəkdir" yazısı "Qızıl səhifələr" toplusunda elə Novruz imzası saxlanmaqla təkrar verilir. Halbuki "Azərbaycan" qəzetində Pe imzası ilə getmiş iyirmidən çox məqalə "Mir Cəfər Pişəvəri" imzası ilə təqdim olunur. Topluda digər müəlliflərin də bəzi gizli imzaları saxlanır. Bu o deməkdir ki, S. C. Pişəvəri və onun silahdaşları tərəfindən tətbiq olunmuş inqilabi hücumla bağlı yazıların müəllif məxfiliyi qorunurdu. İnqilabi hücumun böyük feodallara yönəldiyini onların bu gün də ölkədə hakim bir sinif olduğunu nəzərə alsaq, "Novruz" imzasının niyə gizli saxlandığı aydın olur. Bur də inqilabi hücumlar Demokrat Firqəsinin proqramında da mübarizə vasitəsi kimi yoxdur və bu da onun tətbiqi ilə bağlı söhbətlərin məxfi saxlanmasını əsaslı edir.

Pişəvərinin "Azərbaycan" qəzetindəki üçüncü qisim yazıları isə onun yuxarıda xatırlanan gizli imzaları ilə çap olunub. Bunlardan biri "Novruz" imzasıdır. Bu məqaləni yazmaqda əsas səbəb də əslində bu imza ilə çap olunmuş "Şeyx Məhəmməd Xiyabani" adlı silsilə məqalələrdir. Səməd Bayramzadə X cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin IX - "Cənub ədəbiyyatı" cildi üçün yazdlğı "Xiyabani" məqaləsində bu adla 10 imzasız yazının olduğunu qeyd etmişdi. Məsələ məni maraqlandırdı və ədəbiyyatşünas Hökumə Allahverdiyeva ilə axtarışa başladıq. Hökumə xanım qəzetin sentyabr-dekabr sayları içində "Novruz" imzası ilə ana dilində 21 "Xiyabani" məqaləsi, farca isə daha 22 məqalə aşkar etdi! Bu, əslində balaca bir monoqrafiya idi Xiyabani haqqında. Bu yazıların çoxu kiçikdir həcmcə. Amma bunlar 1945-ci ilin sentyabr-dekabr aylarında S.C. Pişəvərinin həm də qurulmaqda olan Milli Hökumətin siyasi taktikası haqda intensiv düşüncələrini əks edir. Böyük vətənçi həm də İrandakı inqilabların, azərbaycanlıların milli hərəkatının tarixini, o cümlədən, Xiyabaninin İran tərkibində muxtar Azərbaycan dövləti yaratmaq sahəsindəki siyasi təcrübəsini araşdırır və onun siyasi səhvlərini aşkarlamağa çalışır. Bu səhvləri bilmək o tayda milli muxtar dövlət qurmaq uğrunda gərgin mübarizə aparan Pişəvəri üçün bir zərurət idi.

Biz bu məqalələrdən bir neçəsini nəzərdən keçirən kimi bu imzanın S. C. Pişəvəriyə məxsus olduğunu anladıq. Kim buna şübhə edirsə, desin: Şeyx Xiyabani haqda balaca monoqrafiyanın müəllifi ötən səksən il ərzində niyə üzə çıxmadı? Pişəvərinin müəllifliyi haqda nəticəmizi daha nəylə əsaslandıra bilərik?

1. 1945-ci ilin sentyabr-dekabr ayları Milli Hökumətin qurulmasında ən çətin, necə deyərlər, itin öz yiyəsini tanımadığı vaxtlar idi. Bu vəziyyətdə qəzetin rəsmi kuratoru və faktiki redaktoru olan S. C. Pişəvəridən başqa heç kəs əl boyda qəzetdə 21 məqaləni dərc etdirə bilməzdi.

2. Milli Hökumətin rəhbərləri arasında Pişəvəridən başqa heç kəs Xiyabani hərəkatını məqalələrdə gördüyümüz dərəcədə təfərrüatlı bilə və qələmə ala bilməzdi. Hətta 1920-ci ilin yayında İran Məclisi Müxbirüssəltənəni Azərbaycana, Xiyabaninin Azadistan dövlətinə qaşı vali təsdiq edəndə S. C. Pışəvəri "Həqiqət" qəzetinin müxbiri kimi bu iclasda iştirak etmişdi və özü Şeyxin məzarı üstündə söylədiyi nitqində bunu təsdiqləyir (Say 5).

3. Məqalələrdə Xiyabaninin yaratdığı "Təcəddüd" qəzetinin (1917-1920) siyasi platformasının xırdalıqlarına qədər marksist təhlilini görürük. "Təcəddüd"ün komplekti hərəkat rəhbərinin stolunun üstündə idi, o, komplekti vərəqləyir, Şeyxin çıxışları və qiyamın gedişi haqda yazıları oxuduqca öz qeydlərini yazırdı. Qəzetin nəyə görə farsca çıxdığı, hansı redaktorların hansı nömrələri imzalayıb buraxdığı, Xiyabaninin özünün bu işlərdə iştirakı xırdalıqlarına qədər göstərilir. Bu çözümləri ancaq Pişəvəri kimi peşəkar qəzetçi və hadisələrin ən yaxın müşahidəçisi edə bilərdi. Belə adam da qəzetin və Hökumətin rəhbərliyindən ancaq Pişəvəri özü idi.

4. "Novruz" imzalı bu yazılarda Xiyabaninin siyasi taktikası və proqramı araşdırılır və sərt tənqid edilir. Bu tənqidləri amansız bir inqilab yaşayan Təbriz şəhərində, Xiyabaninin xaincəsinə qətlinin (14.09.1920) 25 illiyi qeyd edildiyi bir vaxtda ancaq Pişəvəri cəsarət edib yaza bilərdi.

5. Nəyə görə Pişəvəri bu gözəl tədqiqat əsərini gizli imza ilə çap etdirib? Birinci, ona görə ki, Milli Hökumətin inqilabi və qismən marksist islahatlarının layihələrini özü yazırdı. "Novruz" imzası ilə isə bu layihələrin və reformaların bütün İran üçün sosial mənası izah edilir və bunlarla dövlətin sosial yönümlü platformasını təbliğ edirdi. Bu, Milli Hökumətin zəhmətkeş təbəqələr tərəfindən müdafiə olunması üçün zəruri təbliğat idi.

Pişəvərinin qəzetdə "Novruz" gizli imzası ilə çıxış etməsinin zəruriliyi ən çox bir məsələdə özünü göstərirdi. Demokrat Firqəsinin yaranması və "Azərbaycan" qəzetinin çıxması Milli Hökumətin elan olunması və Pişəvərinin onun baş naziri seçilməsi ilə bitməli idi. Amma bunu Pişəvəridən başqa heç kəs bilmirdi. Şah xəfiyyələri bunu bilsəydilər Pişəvərini fiziki cəhətdən məhv edərdilər. İkincisi, Milli Hökumətin islahatlarının Şeyx Məhəmməd Xiyabani islahatlarının bərpası və davamı olması ideyası idi. Bu da məxfi bir məsələ idi. Əllinci sayda Pişəvəri xatırladır ki, Şeyx İranın milli maraqlarını öz şəxsi mənafelərinə qurban verən şərəfsiz Məclis deputatlarını ardıcıl ifşa edirdi, onlara bütün ümidlərini itirəndən sonra İran Məclisini Tehrandan Təbrizə köçürməyi təklif etmişdi. Çünki Xiyabanidə möhkəm daxili inam yaranmışdı: ancaq Azərbaycan İran dövlətçiliyini könüllü yarımmüstəmləkə yolundan uzaqlaşdıra və xilas edə bilər.

Üçüncüsü, monarxiya nökərləri Tehran qəzetlərində Azərbaycan Demokrat Firqəsini Rusiyaya və bolşeviklərə bağlayırdı. Pişəvəri isə buna cavab olaraq yaratdığı partiyanın və Milli Hökumətin İranın öz siyasi ənənələri ilə bağlı olduğunu əsaslandırırdı, ən xırda detallarda da Azadistan dövlətinin davamçısı olduğunu təbliğ edirdi. "Novruz" imzası ilə ana dilində Xiyabani haqda yazılan və dərc edilən 21 məqalənin əsas siyasi hədəfi belə böyük və uzaqgörən idi.

(Ardı var)

 

SİZƏ MARAQLI OLA BİLƏR