Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Xocalı soyqırımının poemalarda ifadəsi - Gülnar Səma

22-02-2023 [ 15:22 ] [ oxunub:169 ]
printerA+ | A-
103112

Xocalıda 31 il əvvəl ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı müstəqillik dövründə yazılmış Azərbaycan poemalarında ən çox müraciət edilən mövzulardandır. Həmin soyqırımının bədii əksi Zəlimxan Yaqubun “O qızın göz yaşları”, Fəridə Hicranın “Xocalı sülh istəyir”, Elbariz Məmmədlinin “Mən savaşa çağırıram”, Ələkbər Salahzadənin “Xocalı xəcilləri”, Ədalət Əsgəroğlunun “Xocam, Xocalı”, Ələmdar Quluzadənin “Şəhid şəhər”, Nurəngiz Günün “Xocalı simfoniyası” və s. poemalarda yaradılıb. Həmin əsərlərdə Çingiz Mustafayevin obrazı, onun xidmətləri xüsusilə diqqət mərkəzindədir. Digər tərəfdən ilk hərfləri eyni olan Xocalı-Xirosima-Xatın şəhərlərinin tale bənzərliyi əksər poemalarda müqayisə edilib. Faciənin başvermə zamanına və məkanına görə Xocalı soyqırımı onlardan müsibətli qətliam kimi təqdim olunub.

Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Xocalı soyqırımının poemalarda ifadəsi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Elbariz Məmmədlinin “Mən savaşa çağırıram” poeması dünya xəritəsinin haqsızlar tərəfindən bölünməsinə etiraz motivləri ilə başlayır. Xocalıda cəsədi donmuş, süngüyə keçirilmiş, alnı soyulmuş uşaqları bütün dünyanın gözü baxa-baxa ermənilərin məhv etdiyinə qəzəb ifadə olunub. Hər tərəfin qarla örtüldüyü bir gündə tökülən qanlara bayram edən Moskva və Yerevan cəlladlarını bir gün bu qanın tutacağına əminlik poemada inam kimi təzahür edib. Əsərdə həmin faciənin kökündə Azərbaycanın ikiyə parçalanması, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi kimi iyrənc siyasətin dayandığı əksini tapıb.

Zəlimxan Yaqubun 2005-ci ildə yazılmış “O qızın göz yaşları” poemasında real Azərbaycan övladı olan Xəzangülün timsalında faciənin qurbanları ümumiləşdirilib. Onun gözünün qabağında atası Təvəkkülün, anası Rayanın, bacısı Yeganənin amansızlıqla öldürülməsinin təsviri ilə şair düşmənin kimliyini canlandırır. Poemanın “O qızın göz yaşları” bölümü o qədər həssaslıqla və ürək yanğısı ilə qələmə alınıb ki, oxuyan mütləq həmin misraların təsiri altına düşərək, Xocalı faciəsinin dəhşətlərini bir daha yaşamalı olur. Xəzangülün əyilməzliyini nümayiş etdirdikdən sonra müəllif müharibə dövrünün gerçəkliklərinin tablosunu yaradıb. Qızın atasının ağaca necə sarınıb balasının gözü qabağında diri-diri yandırılmağını qovrula-qovrula təsvir edib. Atasının işgəncələrinə dözməyən qızcığazın huşunu itirməsi, göz açanda atasından əsər-əlamət qalmadığını görməsi qorxunc səhnə kimi göz önündə canlandırılıb. Bu amansızlıqları görməyə məhkum edilən Azərbaycan qızı sınmır, düşmənə olan nifrətindən daha da güc alır.

Nurəngiz Günün həmin faciədən bəhs edən “Xocalı simfoniyası” rekviyemi ingilis və rus dillərinə tərcümə olunaraq 2006-cı ildə kitabça kimi çap olunub. Əsər müəllifin ritorik sualları şəklində publisistik tonda yazılıb. Müəllif poemada kodlaşdırılmış obrazlardan istifadə edib.

Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poemasında o boyda hay-küyün Avropada, Asiyada, Amerikada, Afrikada sükutla qarşılanması dünyanın “Sus”u yox “SOS”u kimi mənalandırılıb. Bu fəlakəti onlara hayqırmaq istəyən Çingiz Mustafayevin nəticəsiz qalan çabaları əsərin mərkəzi xəttini təşkil edir. Qan naxışlı buz yorğanlar altında susdurulan, anasını çağırıb kiriyən balaların dəhşətli aqibətinə Çingizin hönkürə-hönkürə sarsılması əsərdə son dərəcə təsirlidir. Poemada Xocalı - Çingiz Mustafayev - Səfir üçbucağı xüsusilə nəzərə çarpır. Xocalı vəhşi ədalətsizliyin qurbanı, Çingiz bu vəhşiliyi açıb göstərmək istəyən, Səfir isə ört-basdır etmək istəyən obraz kimi diqqəti çəkir.

Ələmdar Quluzadənin “Şəhid şəhər” poeması 1992-1994-cü illərdə yazılsa da, ayrıca kitabça şəklində 1998-ci ildə işıq üzü görüb. Poemanın bir bölümü “366...” yarımbaşlığı ilə verilib. Həmin rəqəmin mahiyyəti bu misralarla çatdırılıb: “366 - çörəyim ilə Boy atan alçaqdır, piy basan qarın”. Əsərin “Qançiçəyi” bölümündə faciənin real görüntüləri yaradılıb. “Əsirlər, girovlar” bölümündə yazılmış “Dili ipə-sapa yatmayanların Ürəyi, böyrəyi xaricdə dollar...” və ya “Əsir düşənləri düşərgələr yox, Hardasa gözləyir qəssabxanalar” misralarında erməni fürsətcilliyi nümayiş etdirilib. Onların türk insanının cismindən də gəlir əldə etmək üçün vəhşicəsinə istifadə etməyinə hiddətlə etiraz səsi yüksəldilib. Xalqının başına gətirilmiş müsibətdən sarsılmış müəllif öz atasının da həmin gün erməni vandalizminin qurbanı olduğunu daxili iztirabla qələmə alıb. Qoca atasının cəsədini günlərlə dəfn etmək mümkün olmayıb. “Novruz bayramına bir gün qalanda Atamı torpağa tapşıra bildik” sətirləri 26 fevral və 21 mart tarixləri arasındakı zaman kəsiyinin hansı müsibətlərə şahidlik etdiyini göstərir. Poemanın “Çingiz Mustafayev”, “Təlatüm”, “Xatın-Xirosima-Xocalı yolu” bölümlərində düşmənin məkri və amansızlığı bütün çılpaqlığı ilə təsvir edilib.

Bütün poemalarda faciənin tarixi ağrısı əksini tapsa da, bir gün onların qisaslarının alınacağına ümid də ifadə olunub.

SİZƏ MARAQLI OLA BİLƏR