Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Akademik Məmməd Cəfər Cəfərovun “Bədii əsərləri” çapdan çıxıb

17-01-2023 [ 08:34 ] [ oxunub:204 ]
printerA+ | A-
103018

Akademik Məmməd Cəfər Cəfərovun “Bədii əsərləri” çapdan çıxıb[1]. Kitabın tərtibçisi və ön sözün müəllifi akademik İsa Həbibbəyli, redaktoru professor Tahirə Məmməddir.

“Kitabda ilk dəfə görkəmli elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun müxtəlif janrlarda bədii əsərləri oxuculara təqdim olunub” (Annotasiyasından).

       Toplunun nəsr əsərləri, memuarlar, dram əsərləri, səhnəciklər, poeziya və publisistika bölmələrində: 10 hekayə, “Molla Nəsrəddin” guşəsi (yumoristik miniatürlər) adı altında 9 miniatür, 4 novella, 2 povest, “Xatirələr” adlı memuar, 2 dram əsəri, “Bəhlul və Nəsrəddinin söhbəti” adı ilə 10 səhnəcik, 5 şeir, 1 poema və 4 publisistika nümunəsi verilib.

       Akademik İsa Həbibbəyli “Görkəmli elm xadiminin bədii yaradıcılığı” adlı geniş ön sözündə Məmməd Cəfər Cəfərovu humanitar və ictimai elmlərin universal bilicisi,  görkəmli ədəbiyyatşünas-alim və şəxsiyyət kimi təqdim edib. Onun ədəbi irsini xüsusi bölmələr üzrə səciyyələndirib.

      Məmməd Cəfər Cəfərovun elmi yaradıcılığından bəhs edən İ.Həbibbəyli mütəfəkkir şəxsiyyəti ədəbiyyat tarixçisi,  nəzəriyyəsisi və tənqidçisi kimi səciyyələndirib. Vurğulayıb ki, Məmməd Cəfər Cəfərov elmi-ədəbi mühitdə “filosof-tənqidçi”, “Azərbaycan ədəbiyyatşünaslığının Belinskisi” kimi qəbul olunub.

M.C.Cəfərov Azərbaycanda ədəbiyyat nəzəriyyəsi elmi məktəbinin yaradıcısıdır. Məmməd Cəfər Azərbaycan və Şərq romantizminin nəzəriyyəsini işləyib hazırlayıb, romantizm nəzəriyyəçilərinin yetişməsinə ustadlıq edib. Onun 1962-ci ildə “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatında romantizm” adlı monoqrafiyası romantizm estetikasının elmi-nəzəri prinsiplərinə həsr olunub. Problem milli romantizmin estetikası ilə bərabər, poetikası ilə vəhdətdə öyrənilib. Azərbaycan romantizminin tipologiyası və tarixi müqəddəratı dərin nəzəri həllini tapıb. “Azərbaycan ədəbiyyatında romantizm” monoqrafiyası isə Məmməd Cəfər Cəfərovu görkəmli ədəbiyyat nəzəriyyəçisi kimi şərtləndirib.

M.C.Cəfərov 1953-1981-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışıb, uzun müddət Ədəbiyyat nəzəriyyəsi şöbəsinə rəhbərlik edib, nəzəriyyəçi alimlər yetişdirib. M.C.Cəfərov Azərbaycan ədəbiyyatı nəzəriyyəçisi alimlərinin ustadı və müəllimi olub.

İ.Həbibbəyli qiymətləndirib ki, “Azərbaycan elmində ədəbiyyat nəzəriyyəsi istiqamətində romantizm və realizm məsələlərinə, ənənə və müasirliyə, şeirşünaslığa və dram nəzəriyyəsi problemlərinə, bədii metod və üslub məsələlərinə həsr olunmuş bir çox ciddi elmi-tədqiqat əsərləri, monoqrafik tədqiqatlar Ədəbiyyat nəzəriyyəsi şöbəsinin, M.C.Cəfərov dövrünün nailiyyəti kimi meydana çıxıb”[2].

       M.C.Cəfərov “Klassik romantizm ənənələrinə münasibətimiz”, “Həyatda və ədəbiyyatda romantika”, “Cavid yaradıcılığının sənətkarlıq xüsusiyyətləri”, “Səni kim unudar” adlı əsərləri ilə Azərbaycan romantizminin bədii-estetik prinsiplərini müəyyənləşdirib. İ.Həbibbəyli ümumiləşdirib ki, “akademik Məmməd Cəfər Cəfərov romantizmi ilk dəfə... nəzəri səpkidə ... şərh edən” (Y.Qarayev), “Azərbaycan romantizmi elminin binövrəsini qoyan” (Elçin) elm xadimi kimi “Azərbaycan romantizmşünaslığının banisidir”[3].

Məmməd Cəfər Cəfərovun “Yeni həyat, yeni insan, yeni sənət”, “İki qurultay arasında Azərbaycan uşaq ədəbiyyatı”, “Azərbaycan ədəbi-bədii dilinin bəzi məsələləri haqqında”, “Dil və müasirlik”, “Məmməd Arif və onun Sovet ədəbiyyatı haqqında fikirləri”, “Dastanşünaslıq” kimi əsərləri də nəzəri tədqiqatlardır,– İ. Həbibbəyli bu qənaətdədir. Tezisləşdirib ki: “Akademik Məmməd Cəfər Cəfərov Azərbaycanda ədəbiyyat nəzəriyyəçiliyini dərslik mərhələsinin elmi-nəzəri fikir səviyyəsinə qaldırıb”[4].

 Nizami humanizmi, M.Füzuli poetikası, Mirzə Cəlil realizmi, Cavid fəlsəfəsi və romantizmi, S.Vurğun xəlqiliyi haqqında elmi-nəzəri əsərlərin müəllifi olan Məmməd Cəfər sənətkarı epoxası, mühiti, dünyagörüşü, ədəbi cərəyan, sənətin mahiyyəti, poetikası və fərdi üslubu ilə birlikdə təqdim edib.

“M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, M.İbrahimov, Mir Cəlal, İ.Əfəndiyev və başqaları haqqında əsərləri ilə o, Azərbaycan realizminin sanballı tədqiqatçısı, nəzəriyyəçisi olduğunu nümayiş etdirib”[5].

Məmməd Cəfər Orta əsrlərin klassik romantik sənətkarlarına, yaxud XX əsr romantiklərinə fərdi özəlliyində, mənsub olduqları ədəbi cərəyanın ideya-estetik prinsipləri ilə birlikdə diqqət yetirib, klassik romantik poeziyanın ümumi və xüsusi cəhətlərini əsaslandırıb. “M.C.Cəfərov Nizami Gəncəvi yaradıcılığındakı humanizmi və ədaləti, İmadəddin Nəsimi sənətindəki həqiqətpərəstliyi və mənəvi kamilliyi, Məhəmməd Hadi şeirindəki bədii ümumiləşdirməni və ictimai məzmunu, Cəfər Cabbarlıdakı Azərbaycan gerçəkliyinin romantikasını həmin sənətkarların əsərlərinin aparıcı meyarı kimi diqqət mərkəzinə çəkməklə onlara məxsus ideya-sənətkarlıq xüsusiyyətlərini dəqiq müəyyən edib”[6].

Məhəmməd Füzuliyə həsr olunmuş məşhur “Füzuli sevir” silsiləsində M.C.Cəfərov böyük sənətkarın mükəmməl elmi obrazını yaradıb. “Füzuli sevir” silsiləsi ilə qəlb şairinin həm qüdrəti, həm də lirikasının özünəməxsusluğu zərgər dəqiqliyi ilə təhlil edilib müəyyənləşdirilib”[7].

Məmməd Cəfər müəllim həmişə sənətin daxili qanunauyğunluqlarından ədəbiyyata baxıb, onun öz problemləri, istiqamətləri, forma, üslub və struktur fərdiyyətindən çıxış edib.

İsa Həbibbəyli hesab edib ki, M.C.Cəfərov ədəbiyyat tarixi, ədəbi tənqid, folklor və ədəbi əlaqələrdən bəhs edəndə də məsələyə ədəbiyyat nəzəriyyəçisi kimi yanaşıb. Alimə görə, “Nizami yaradıcılığında humanizm”, “Füzuli sevir” silsiləsi, “Səni kim unudar” məqaləsi, “Cabbarlının romantikası”, habelə, Hüseyn Cavidə, Səməd Vurğuna həsr edilmiş məqalələrində üstün mövqe nəzəriyyəçilikdir. İ.Həbibbəyli “Nizami yaradıcılığında humanizm” əsərini Nizamişünaslıqda, Füzuliyə həsr edilmiş silsiləni Füzulişünaslıqda, Cavidə həsr olunanmuş məqalələri Cavidşünaslıqda, “Ünvansız məktub”u Vurğunşünaslıqda, “Əməlpərvər ədib”i  M.İbrahimovşünaslıqda elmi hadisə hesab edib.

Məmməd Cəfər Cəfərov “Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1944). Görkəmli alim M.F.Axundzadəni filosof və tənqidçi kimi səciyyələndirib. 1962-ci ildə isə haqqında  “Mütəfəkkirin şəxsiyyəti” adlı nəzəri tədqiqatını yazıb. M.C.Cəfərov Səməd Vurğun yaradıcılığına da xüsusi münasibət bildirib.

M.C.Cəfərovun Azərbaycan ədəbiyyatı tarixçiliyində mühüm xidmətləri vardır. O, ədəbiyyat tarixçiliyinə xronoloji yox, çoxəsrlik ədəbi prosesin vahid sistemi kimi baxıb. Yaşar Qarayev yazıb: “Azərbaycanda akademik ədəbiyyatşünaslığın inkişafında Məmməd Cəfərin iştirakı, elmi və təşkilati fəaliyyəti əlamətdardır. O, demək olar ki, bütün ədəbiyyat tarixlərinin müəlliflərindən və təşkilatçılarından biridir”[8].

“Hüseyn Cavid” monoqrafiyası XX əsrin 50-ci illərinin axırlarında yazılıb. “Monoqrafiyada Hüseyn Cavidin ömür yolu, əsərlərinin yazılması, nəşri və tamaşaya qoyulması, ideya və məzmunu kimi məsələlər yığcam şəkildə ədəbiyyat tarixçiliyi səpkisində təqdim olunub, ədəbi irsinin mahiyyəti, sənətkarlıq xüsusiyyətləri, poetikası isə ədəbiyyat nəzəriyyəçiliyi baxımından şərh edilib. Bu mənada “Hüseyn Cavid” monoqrafiyası Hüseyn Cavid sənətinin tarixi poetikasına həsr edilmiş orijinal tədqiqat əsəridir. Eyni zamanda Cəlil Məmmədquluzadə barəsində yazılıb bir neçə dildə çap edilmiş elmi əsəri də mirzəcəlilşünaslığın şah əsərindən biri kimi qəbul olunur”[9].  Alimin M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Qəmküsar və E.Sultanova aid əsərləri də onun realizminin əsaslı nümunələrindəndir.

İ.Həbibbəyli Məmməd Cəfər müəllimin“XIX əsr rus ədəbiyyatı” adı 3 cildlik dərsliyini də ədəbiyyat tarixçiliyi ilə nəzəriyyəçiliyinin qovuşduğu ali məktəb dərsliyi hesab edib. Kitabda həm də ədəbi cərəyanlar, dərnəklər, yeni janrlar və üslublar haqqında nəzəri məsələlərdən də bəhs olunub. Alimin “Rus ədəbiyyatı tarixi oçerkləri” (1939), “Aleksey Nikolayeviç Ostrovski” (1948), “A.İ.Gertsen” (1954), “Azərbaycan-rus ədəbi əlaqələri tarixindən” (1964), “Rus klassikləri” (1964), “Taras Şevçenko” (1964), “N.A.Nekrasov” (1971) barəsində kitabları da Azərbaycan-Rusiya ədəbi əlaqələrinin tarixi və ənənəsi, habelə, şəxsiyyətlərinə aid tədqiqatlar kimi dəyərləndirilib.

M.C.Cəfərovun maraq dairəsi humanitar və ictimai elmlərin ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid, ədəbiyyat tarixçiliyi, folklorşünaslıq, dilçilik, estetika, tarix və teatrşünaslıq sahələrini əhatə edib.

 İ.Həbibbəyli ümumiləşdirib ki, “Akademik M.C.Cəfərovun zəngin elmi irsi Azərbaycanda fundamental akademik ədəbiyyatşünaslığın və elmdə universallığın klassik nümunəsidir. M.C.Cəfərovun simasında universallıqla professionallıq bir-birini tamamlayıb”[10].

 

        Məmməd Cəfər Cəfərov bədii yaradıcılıqla da məşğul olub, şeir, yumoristik hekayə, memuar, pyes və publisistik məqalələr yazıb...

Məmməd Cəfər bədii yaradıcılığa məktublarla başlayıb. “Xatirələr” memuarından məlum olur ki, 17 yaşında “İlhamla yazılmış məktublar” (1926)  adlı ilk yazısını yazıb. 1928-ci ildə Ruhulla Axundova yazdığı ərizəsində təhsil almaq arzusunu şeirlə ifadə edib. İstəyi müsbət qarşılanıb, o, pedaqoji texnikuma, sonra Pedaqoji İnstituta qəbul edilib.

Məmməd Cəfər “Kündəgir” imzası ilə şeirlər yazıb, ilk dəfə “İşçi-kəndli müxbiri” məcmuəsində çap etdirib. Şeirlər, əsasən, məhəbbət mövzusunda yazılıb, lirik, romantik mətnlər olub, onlar süjetlidir (“Qız və atlı”, “On üç yaşlı gəlin”...).

Məmməd Cəfərin sevdiyi Ceyran adlı həkim qıza (1936) yazdığı şeiri – mənzum məktubu da olub. Şeirin mətni “Xatirələr” memuarında verilib.

 “Bir mənzum məktuba cavab” poemasını İsa Həbibbəyli arxivindən üzə çıxarıb. “Poema məzuniyyət vaxtı Yaltada istirahətdə olan müəllifə çalışdığı elmi tədqiqat institutundan şeirlə yazılmış mənzum məktuba cavab şəklində qələmə alınıb”[11]. Müəllif bir institutdakı elmi mühitin real mənzərəsini bədiiləşdirib.

Poemanın əsas olan variantı natamamdır. Lakin əldə olunan variant əsərin ideya-məzmunu haqqında ümumi təəssürat yaradır. Müəllifin poemaya romantik baxışı da ifadə olunub.  Poema 30 avqust 1960-cı ildə yazılıb. M.C.Cəfərov, əsasən, çalışdığı, bələd olduğu elmi mühitdən, alimlərin həyatından mövzular alıb. Əsərdə Ədəbiyyat İnstitutu əməkdaşının portreti, onların səciyyəvi cizgiləri canlandırılıb.

Məmməd Cəfər Cəfərov epik və dramatik əsərlər müəllifidir. O, bu mətnlərində yeri gəldikcə lirik şeir parçalarından da istifadə edib.

 Müəllif “Əntiqə adamlar” kitabını 1981-ci ildə çap etdirib. Yazıçının yaradıcılığında nəsr əsərləri davamlı yer tutub. Bunlar, əsasən, 1946-1948-ci illərin yazılarıdır. “Ədəbiyyat qəzeti”ndə işlədiyi illərin.Yazıçı qəzetin “Satira süngüsü”, “Molla Nəsrəddin” guşələrində verdiyi satirik-yumoristik hekayələri, səhnəcikləri bir kitaba yığıb. Bunlar müxtəlif imzalarla olub, 1981-ci ilə qədərki yazıları əhatə edir (“Etiraf”, “Şalvar”, “Qızdır, ya oğlan”, “Hörmət və artıqlaması ilə”, “Metronun əxlaqı” və s.). Kitabda “Müəllifin bir neçə sözü” adlı müqəddiməsi də verilib.

       İsa Həbibbəyli Məmməd Cəfərin nəsr əsərlərini janr baxımından 5 qismə ayırıb: hekayələr, novellalar, yumoristik miniatürlər, povestlər,  xatirələr.O,“Əntiqə adamlar”dakı “Nigarançılıq”, “Şalvar”, “Dəvətnamə”, “Qızdır, ya oğlan” yazılarını novella hesab edib. Hekayə və novellalarda köhnəliklə yeniliyin müqayisəli təqdimi verilib.

M.C.Cəfərov “Qayanın dibində”, “Qeybalının dostuna məktubu”, “Metronun əxlaqı”, “Sehrli palto”, “Zənbillər”, “Bir yüngülvari səhv”, “Dana əti”, “Hörmət və artıqlaması ilə”, “Şalvar”, “Atıcı İlyas” və başqaları, habelə, “Qurban və Mansurov” povestində  başlıca meyar düşündürmək, tərbiyə etmək qənaətidir. Müəllif müraciət etdiyi mövzulara canlılıq, həyatilik, əyanilik məziyyətləri gətirib, daxili dialoq, əlavə haşiyələr kimi bədii vasitələrdən faydalanıb. Yazıların dili sadə və obrazlıdır,  süjeti düşündürücü, bəzən haşiyələrlə olub çoxplanlı təsvirə malikdir, müəllifin portret yaratmaq məziyyəti duyulandır. Hekayələrin həcmi əsasən genişdir, novella yox, povestlərə yaxındır, –deyə İsa Həbibbəyli xatırladıb.

“Atıcı İlyas” sənədli-publisist hekayədir. İlyas İsmayılovun Böyük Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edir. Əsər oçerk təsiri bağışlayır.

Məmməd Cəfərin hekayə və povestləri, əsasən, yumoristik plandadır, bununla belə, bunların satirik-yumoristik səciyyəli olanları da vardır. Bu hekayələr üçün yumoristik gülüş əsasdır. İ. Həbibbəyliyə görə, “Onun “Əntiqə adamlar” kitabındakı “Molla Nəsrəddin” guşəsində verilmiş hekayələr janr baxımından yumoristik miniatürlərdən ibarətdir”[12].

Kitabdakı yumoristik miniatürlər sırasında “Molla Nəsrəddin məsləhətləri” adı ilə mətnlər də verilib. Bu məsləhətlər didaktik ruhlu yox, gülüş doğuran, yumoristik səciyyəli olanlardır (“Zəlzələ”, “Dostum Məstavərliyə”, “İki nəfər və yeddi nəfər” və s.).

İ.Həbibbəyli “Əntiqə adamlar”dakı “Bəhlul və Nəsrəddinin söhbəti” başlığı ilə verilmiş mətnləri hekayə yox, dialoqlara əsaslanan yumoristik səhnəciklər adlandırıb.

Məmməd Cəfər nəsr əsərlərində “Molla Nəsrəddin”, “M.Nəsrəddinov”, “M.N” “M.Zeynaloğlu”, “Zurnaçı”, “Zorən təbib”, “Dəmdəməki” imzalarından istifadə edib.

Məmməd Cəfər Cəfərov uzun müddət xatirələrini yazıb.Vaxtilə İsa müəllimə köhnə bir dəftər göstərib, memuar yazdığını bildirib. İ.Həbibbəyli də görkəmli alimin akademiyada, Naxçıvan universitetində keçirilmiş 70 və 80 illik yubileylərində ustadıyla bağlı xatirələrini yada salıb. O, “Xatirələr”dən seçilmiş parçaları “Azərbaycan”, “525-ci qəzet” və “Ədəbiyyat qəzeti”ində, habelə, 2010-cu ildə tam halda Bakıda “Çaşıoğlu” mətbəəsində çap etdirib.

“Xatirələr” alimin tale romanıdır. Həyatı haqqında romandır. İ.Həbibbəyli yazıb ki, “Xatirələr” memuarı  adi əhvalatlar və yaddaqalan xarakterlər romanıdır”[13].  “Xatirələr” memuarında M.C.Cəfərovun uşaqlıq və gənclik illərinin çətin və məşəqqətli hadisələrindən tutmuş, XX əsrin 50-ci illərinin sonlarına qədərki hadisələr öz əksini tapıb. Sistemli kompozisiyası olan bu əsərdə ailə-məhəllə, bazar-dükan mühitindən məktəb-ali təhsil, elmi-ictimai və ədəbi-mədəni həyat istiqamətlərinə qədər bir çox mühüm hadisələr və mətləblər özünə yer tapıb. Eyni zamanda “Xatirələr”də XX əsrin 30-50-ci illərinin elmi-ədəbi prosesləri də geniş şəkildə işıqlandırılıb”[14]. “Xatirələr”də XX əsrin 20-50-ci illər ictimai və ədəbi-elmi mühitinin bütöv mənzərəsi canlandırılıb.

Əsər M.C.Cəfərovun tərcümeyi-halı, mühiti və müasirləri, həyata, ədəbiyyata baxışı haqqında olub, dərzi, papaqçı, çörəkçi, usta şagirdi, qonşular və qohumların obrazını özündə ehtiva edib. Kitab AYB mühiti, Bəkir Çobanzadə, Əli Nazim, Hənəfi Zeynallı, Səməd Vurğun, Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Süleyman Rəhimov, Heydər Hüseynov, Əli Sultanlı, Hacbaba Nəzərli, Mikayıl Rəfili, Əli Vəliyev, Osman Sarıvəlli, Seyfulla Şamilov və başqalarının həyatını bilmək baxımından da maraqlıdır.

Əsərin I hissəsi “Naxçıvan xəbərləri” adlandırılıb. XX əsrin əvvəllərindən 1931-ci ilə qədərki dövrün hadisələridir. Burada müəllifin “Məktəbi-xeyriyyə”də, savad kurslarında, pedaqoji texnikumda ilk uğurları, dərzi şagirdliyi, baqqal, kündəgir kimi fəaliyyətindən ailə başçısına qədərki yolun təsviri verilib.

Bu hissədə XX əsrin əvvəllərindəki Naxçıvanın real mənzərəsi canlandırılıb. “Xatirələr”də elmilikdən gələn notların ifadəsi xeyli dərəcədə genişdir”[15]. Burada nəslin-şəcərənin tarixi, ailə ənənələri, onun əhatə dairəsi barəsində məlumat  verilib.

II hissə –Bakı xatirələri adlandırılıb. Burada memuaristin ADPİ-dəki təhsil illəri, müəllimləri, tələbə yoldaşları, elm və maarifçilik sahəsində xatirələri, müəllimlik və qəzetçilik fəaliyyəti, “Ədəbiyyat qəzeti”nə  verdiyi yüksək qiymət ifadəsini tapıb. 

       “Xatirələr” alimin sağlığında kitab halında çap edilməyib. İ.Həbibbəyli səbəbini belə aydınlaşdırıb ki, yazılar “AXC-yə, 37-ci il hadisələrinə, repressiya prosesinə, görkəmli alimin müasirləri olan bir sıra tanınmış şəxsiyyətlərə dair bəzi ciddi mətləbləri əhatə etdiyinə görə”[16] müəllif onları çap etdirməkdən ehtiyatlanıb. “Bundan başqa, əsərdə dini məsələlərə ateist deyil, loyal münasibət bəslənilməsi də o zaman, sovet dövründə “Xatirələr”in çapını çətinləşdirib”[17],“Nəhayət, əsərin bitməməsi, yarımçıq qalması da müəllifin çap baxımından addım atmasına imkan verməyib”[18], – deyə İ. Həbibbəyli şərh verib. Məsələn, “Xatirələr”də “Heydər Hüseynov haqqında qeydlər” adlı sonuncu bölmə də yarımçıq qalıb...

İ.Həbibbəyli şərh edib ki, “M.C.Cəfərov “Xatirələr” üzərində XX əsrin 70-ci illərindən çalışıb, sonra bu işi davam etdirməkdən əl çəkib”. Məqalə müəllifinə görə, Məmməd Cəfər müəllim  “Xatirələr”i 1978-1979-cu illərdə yazıya köçürüb.

Akademik İsa Həbibbəyli “Görkəmli elm xadiminin bədii yaradıcılığı” adlı baş məqaləsini xüsusi bölmələrdə verib. Qeyd edib ki, müəllif ilk dramaturji pyesini 1926-1927-ci illərdə yazıb. Pedaqoji texnikuma qəbul ediləndən əvvəl. Müəllif 17-18 yaşlarında 2 pyes yazıb. Birinin 2 pərdəsi yazılıb, yarımçıq qalıb. “Məmməd Cəfər Cəfərovun naməlum ilk pyesində erməni-müsəlman davası zəminində yaşadığı mühitin hadisələri, adamlarının həyat və məişətindən bəhs edilməsi nəzərdə tutulub”[19].  İkinci pyes 5 pərdəli olub.  “Hicran” adlı əsərdə  iki məsumənin qəmli taleyi göstərilib. Yazıçının hər iki pyesi bizə gəlib çatmayıb.

M.C.Cəfərov yumoristik səhnəciklər də yazıb (“Orası doğrudur”, “Bəhlul və Nəsrəddinin söhbəti”, “Yuxu bişirənlərin yol söhbəti, yaxud Tağı və Nağı” və s.).

 İ. Həbibbəyli yə görə, 1965-1991-ci illər M.C.Cəfərovun bədii yaradıcılığının III mərhələsi olub. “Get dolangilən, xainsən hələ” tragikomediyası 1965-ci ilin, “İnsanlar və talelər” kinodramı 1975-1991-ci illərin bədii yaddaşıdır.

Birinci pyes 4 pərdəli, 7 şəkilli olub “Molla Nəsrəddin guşəsində” başlığı ilə verilib. Əsərdə sovet cəmiyyətinin içəridən çürümə prosesi göstərilib. İ.Həbibbəyli yazıb ki, “Get dolangilən, xainsən hələ” sözün əsl mənasında elmi mühitin komediyasını ifadə edən düşündürücü və ibrətamiz dram əsəridir. Pyesdəki əsas konflikt fəaliyyətini yalnız öz vəzifəsini qoruyub saxlamağa həsr edən elmi-tədqiqat institutunun direktoru Əbil Əbilovla yenilikçi baxışlara malik olan elmi katib Fikrət, baş elmi işçi Ağa Əmi və onların tərəfdarları arasında cərəyan edən hadisələr vasitəsilə davam etdirilir”[20].

Yazı müəllifinə görə, Məmməd Cəfər konflikt içində konfliktlər yaradıb, mühitin mürəkkəbliyini göstərmək istəyib. Direktor müavini Məmiş Veysəlli kənardan göndərilib, məkrlidir, direktorla kollektiv arasında gərginliyi artırır. Ə.Əbilov institutda ixtisar aparmaq fikrindədir, bundan isə M.Veysəlli istifadə etmək, adamları öz tərəfinə çəkməyə səy göstərir və hərəkətverici qüvvəyə çevrilir. “Əbilovun şəxsi mənafelərini qorumaq üçün institutun bölünməsi və əməkdaşların 30%-nin ixtisara salınacağı haqda yaratdığı süni vahimə, elmi katib Fikrətin və baş elmi işçi Ağa Əmi Seyidzadənin sağlam qüvvələri ixtisardan qorumaq səyləri açıq və örtülü daxili toqquşmaların, mənəvi böhranın şiddətini daha da artırır”[21]. “M.C.Cəfərov elmi-tədqiqat institutunun imtahan komissiyasını yaşadığı dövrün obıvatel ziyalı cəmiyyətinin ümumiləşmiş obrazı kimi canlandırıb və böyük məharətlə ifşa edib”[22], – deyə Həbibbəyli dəyərləndirib. Alimə görə, əsərin aurasında sovet cəmiyyətini kökündən dəyişdirmək ideyası durur. Cəmiyyət mövcud qaydalarla yaşaya bilmədiyindən dəyişməyə möhtacdır.

İ.Həbibbəyli vurğulayıb ki, “M.C.Cəfərov “Get dolangilən, xainsən hələ” əsərini komediya adlandırsa da, pyesin ideya-məzmunu, konfliktin xarakteri, ictimai mühitin faciəvi hallarının təqdimatına işıq salınması əsərin tragikomediya janrında yazıldığını göstərir. “Get dolangilən, xainsən hələ” pyesi elmi mühitin komediyasını, təsvir edilən dövrün və haqqında danışılan cəmiyyətin faciəsini əks etdirir”[23].

Pyesdə direktor Əbil Əbilov, müavini Məmiş Veysəlli, baş elmi işçi Salavat Misgərli və Cəbi Heydərli, əyri yolla aspiranturaya daxil olmaq istəyən Əlmurad mənfi surətdir, cəmiyyətin cəhalət tərəfini, elmi katib Fikrət, tədqiqatçı Mənsurə, haqq-ədalət üçün çalışan baş elmi işçi Ağa Əmi Seyidzadə, fotoqraf Əli, işlər müdiri Məsumə, aspirant Hörmüz müsbət, işıqlı ideyaların təmsilçiləridir. Romançı-tədqiqatçı Qeysər Almuradoğlu isə qütblər arasında tərəddüd keçirənlərdəndir. Pyesdə hadisələrin cərəyan etdiyi məkan Fəlsəfə İnstitutu göstərilib.

     Tragikomediyada cəmiyyətə dair ittihamlar səsləndirilib, ciddi suallar qoyulub, dərin mühakimələr, elmi problemlər irəli sürülüb, elm adamlarını narahat edən məsələlərdən bəhs edilib, alimlərin həyatı, elmi mühitin qayğıları göstərilib.

Pyesin yazılma tarixi verilməyib. Mətndə işlənmiş “45 il” tatixçəsinə əsasən  İ.Həbibbəyli əsərin 1965-ci ildə yazıldığı qənaətində olub. Pyes sosialist realizminin çərçivələrini qırıb, 1960-cıların başlayacaqları işləri qabaqlayıb, –İ. Həbibbəyli bu qənaətdədir. “Get dolangilən, xainsən hələ” pyesi 2017-ci ildə Ədəbiyyat İnstitutu tərəfindən kitab halında çap edilib.

...İ.Həbibbəyli hesab edib ki, M.C.Cəfərovun “İnsanlar və talelər” kinodramı C.Məmmədquluzadə – “Molla Nəsrəddin” mövzusunda yeni mərhələdir– Mirzə Cəlilin həyatı və mühiti haqqında ilk kinodramdır. İ.Həbibbəyli pyesin dramatik vasitələrindən, ssenarivari əlamətlərindən, onların üzvi sintezindən bəhs edib. Bu barədə yazıb: “Məmməd Cəfər Cəfərov “İnsanlar və talelər” dramının giriş hissəsində və hər pərdədən əvvəl, pərdələr daxilində və finalda rejissoru istiqamətləndirmək, habelə, səhnədə vəziyyətlərin prosesini tənzimləmək üçün ssenari mətnlərində olduğu kimi remarkalar yazıb... Həm də ssenarilərdə olduğu kimi çəkilişi idarə etmək üçün yazılmış remarkalar kinodramı səhnədən ötrü nəzərdə tutulan pyeslərdən fərqləndirməyə xidmət edib”[24]. Alimə görə, “İnsanlar və talelər” kinodramı ssenari mətni, yaxud libretto mətni olmayıb, ssenari ilə dramaturji mətnin üzvi sintezi əsasında yazılmış bənzərsiz sənət əsəri kimi qələmə alınıb”[25].

Əsərdə C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, Ə.Hüseynzadə, F.Köçərli, Ə.Nəzmi, Ə.Qəmküsar, Həmidə xanım Məmmədquluzadə, Əbülfətxan Ələvi və başqalarının obrazı yaradılıb. “Beləliklə, “İnsanlar və talelər” kinodramında XX əsrin əvvəllərində yaşayıb-yaratmış görkəmli Azərbaycan ziyalılarının hərtərəfli şəkildə işlənmiş bədii surətləri yaradılıb”[26].

Pyesdə tarixi epoxa və onun bütün istiqamətləri, axınları və yönləri əhatə olunub. “Əsasən, Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi “Molla Nəsrəddin” ədəbi hərəkatının azadlıq və azərbaycançılıq uğrunda apardığı mübarizə və mollanəsrəddinçilərin idealları əsasında qurulmuş süjetdə dövrün Azərbaycan romantikləri də geniş təmsil olunurlar. Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiqlə bir sırada Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi romantizm ədəbi cərəyanını təmsil edən görkəmli şəxsiyyətlər də taleləri və idealları ilə “İnsanlar və talelər” kinodramına gətirilib”[27].

Kitab 1975-1991-ci illərin yazılarıdır. C.Məmmədquluzadənin həyatı, mübarizəsi, yaradıcılığı və şəxsiyyəti dövrün ideya-siyasi cərəyanları fonunda ifadəsini tapıb. Eyni zamanda kinodramda mollanəsrəddinçilər və romantiklərlə bərabər, Şeyx Məhəmməd Xiyabani, Nəriman Nərimanov, Əliheydər Qarayev, Səməd Ağamalıoğlu, Dadaş Bünyadzadənin obrazı da yaradılıb.

İ.Həbibbəyli yazıb: “Məmməd Cəfər Cəfərova görə, Cəlil Məmmədquluzadə harada (Naxçıvan, Tiflis, Təbriz, Bakı) yaşamasından, hansı ictimai quruluşda, çar hakimiyyəti illərində, İran mütləqiyyəti şəraitində, sovet hakimiyyəti dövründə yaşayıb fəaliyyət göstərməsindən asılı olmayaraq, çətinliklər və məhrumiyyətlər qarşısında heç zaman əqidəsini və mövqeyini dəyişməyib, axıradək vahid ümummilli amala xidmət edib”[28].

Kinodramda XX əsrin əvvəlləri, AXC dövrü, Mirzə Cəlilin Təbriz çağları, Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun vətəni tərk etməsi, M.Ə.Sabirin son günləri, habelə, Cənubi Azərbaycan ziyalıları – Əbülfətxan Ələvi, Fəxrüllətibba, İskəndər Sərxpuş və başqalarının ümidləri, Hüseyn Cavid, Nəcəf bəy Vəzirov, Əli Nəzminin sovet dövrü həyatının çətinlikləri realistcəsinə əks etdirilib.

Əsər Cəlil Məmmədquluzadənin 30 illik həyatının ensiklopediyasıdır. Pyes yazıçının silahdaşı Həmidə xanımın ağır və tənha həyatı, onun yanıqlı taleyinin təsviri ilə başa çatıb. Əsərin sonunda Hüseyn Cavidin “Xəyyam” əsərindən 6 misralıq parça verilib. Pyesin yazılışı zamanı ədəbi-tarixi mənbələrdən, dövri mətbuat materialları və memuar ədəbiyyatından istifadə edilib.

Kinodram 2009-cu ildə Naxçıvanda, “Əcəmi” nəşriyyatında çapdan çıxıb.  2012-ci ildə isə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.

        Məmməd Cəfər Cəfərov XX əsrin 40-cı illərində publisistik fəaliyyətə başlayıb. Yazılarında, əsasən, Böyük Vətən müharibəsi dövrünün hadisə və insanlarını əks etdirib. Onun Həzi Aslanova həsr etdiyi “Vətən qəhrəmanı” (1944) oçerki də müharibə dövrünün yazılarındandır. Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi münasibətilə yazılıb və “Vətən uğrunda” jurnalında çap olunub.“Generalın tabutu önündə” məqaləsi də qəhrəmana, “Bəşəriyyətin ən qorxulu düşmənləri” məqaləsi isə faşizmin ifşasına həsr edilib. “Qələbə bizimdir”, “Səlib yürüşü baş tutmadı”, “Üçüncü imperiyanın səbəbləri”, “Almaniya, geriyə, Almaniya çəkil”, “Xalqların birləşmiş iradəsi” məqalələri də müharibə mövzusundadır.

M.C.Cəfərov bədii publisistikasında siyasi-ideoloji məsələlərə də toxunub (Hitler Almaniyasındakı proseslər, Avropa ölkələri və Rusiyada baş verən hadisələrə münasibət, Azərbaycanda arxa cəbhə hadisələri və s.). O, müharibə publisistikasında sovet ideologiyasını təbliğ etməyib, hadisələr fonunda mövcud siyasətin bədii şərhini verib. Onun faşizmə aid olan düşüncələri elmi-publisistik təhlillərin nəticəsidir.

Məmməd Cəfərin publisistikasına bədiilik keyfiyyəti xasdır. Yazıçının publisist dili obrazlı, təhkiyəsi nağılvaridir, xalq yaradıcılığı nümunələrindən də faydalanıb. Onun publisistikası elmyönlü publisistikadır. Publisistik yazılarında məlumat, zəruri tarixi faktlar, elmi təhlillər özünə yer alıb,–İ. Həbibbəyli bu qənaətdədir.

M.C.Cəfərov elm, ədəbiyyat və incəsənət məsələlərinə aid publisistik yazıların  da müəllifidir (“Tənqidşünas özünün yaradıcılıq planları haqqında”, “Söz ustalarının böyük vəzifələri”, “Müəllimlik mədəniyyəti”, “Mühüm vəzifələr”, “Dissertasiya yazanlara “Molla Nəsrəddin” nəsihəti”, “Bəstəkarın arzuları”, “Yeni il arzuları”, “Qəzet də bir məktəbdir” və s.).

Publisist 1945-1949-cu illərdə “Ədəbiyyat qəzeti”ndə baş redaktor olanda da yazılar yazıb. Belə mətnlər üçün elmilik, bədiilik və həyatilik məziyyətləri səciyyəvi olub. “Ünvansız məktub” isə elmi-publisistik tənqid nümunəsidir. Məmməd Cəfər Cəfərov ədəbi-bədii əsərlərini, əsasən, Böyük Vətən müharibəsindən sonra yazıb.

Akademik İsa Həbibbəyli hesab edib ki, Məmməd Cəfər Cəfərov ədəbiyyatımızda intellektual bədii nəsr və dramaturgiyanın yaradıcısıdır. Alim bədii materialları qoruyub ona çatdırdığına görə, alimin bacısı qızı, professor Ulduz Həşimovaya təşəkkür və minnətdarlığını bildirib.

Məmməd Cəfər Cəfərovun yeni kitabı xeyirxahlıq, qədirşünaslıq nümunəsidir. Akademik İsa Həbibbəylinin ustadına sədaqəti və borcu, bədii fikrin inkişaf tarixinə hörmət və sayğısı, habelə, nüfuzlu Ədəbiyyat İnstitutunun korifeyləri və onun şərəfli ənənlərinə ehtiramının ifadəsidir.

Əlizadə Əsgərli

 baş direktorunun müşaviri, filologiya elmləri doktoru

[1] Məmməd Cəfər Cəfərovun “Bədii əsərləri”. Bakı, “Elm və təhsil,” 2022, 918 s.

[2]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s. 13

[3]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.13

[4]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.11

[5]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.12

[6]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.12

[7]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.12

[8] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.15

[9] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.15

İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.16

 

 

 

 

 

 

 

 

[11] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.31

 

[12] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.43

 

 

 

[13] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.51

 

 

 

[14] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.54-55

 

[15] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.56

 

[16] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.59

 

[17] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.59

 

[18] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.59

 

[19] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.61

 

[20] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.66

 

 

[21] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.66

 

 

[22] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.69

 

 

[23] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.69

 

 

[24]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.81

 

 

 

[25] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.82

 

 

 

[26] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.83

 

 

 

[26]

 

1.İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.83

2.Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, “Elm və təhsil,” 2022, s.85

 

 

 

 

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR