Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadə - Mənzər Niyarlı

28-12-2022 [ 14:42 ] [ oxunub:9 ]
printerA+ | A-
102991

Professor, şair, publisist Vüqar Əhmədin “Son nəfəsədək Azərbaycan”  romanı Azərbaycanın istiqlaliyyəti və azadlığı  uğrunda  misilsiz xidmətləri olmuş, hamımızın pərəstiş etdiyimiz siyasi  və ictimai xadim, dahi şəxsiyyət Məhəmməd Əmin Rəsulzadənin ömür yolundan bəhs edir. Bu ölməz insanın həyat hekayəsini vərəqlədikcə onun keşməkeşli həyatı, mübarizliyi, özünü, ailəsini vətəninin müstəqilliyinə qurban verən bir insanın yorulmadan etdiyi fədakarlığı gözümüzün önündən keçir.

Müəllif  bu əsərini M.Ə.Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı hörmətli professor  mərhum Şirməmməd Hüseynovun xatirəsinə həsr etmişdir.

Əsərdə ön sözün müəllifi tanınmış jurnalist, tərcüməçi Ülkər Hüseynova fikirlərini belə ifadə etmişdir. “Əsrin əvvəllərində dövrün tələbilə xalqın istək və arzusu ilə milli istiqlal məfkurəsini yaradan minləri, onminləri bu məfkurə ətrafında  birləşdirən və tariximizin müstəqil cümhuriyyətini yaradanlardan biri də Məhəmməd Əmin Rəsulzadə olmuşdur.”

Məhəmməd Əmin Rəsulzadə ilk təhsilini doğulduğu Novxanı kəndində atası axund Hacı Ələkbərdən alır və ondan fars, ərəb dərslərini mənimsəyir və sonra Bakı şəhərində Sultan Məcid Qənizadənin dərs dediyi məktəbdə davam etdirir.

Məhəmməd Əmin Rəzulzadə  Bakı şəhəri (xüsusən İçəri Şəhəri) öz kəndi kimi sevir, ancaq burda yaşadıqca insanlar arasında rastlaşdığı social bərabərsizliyə, haqsızlığa, yoxsul həyat sürən insanların acı taleyinə acıyır, Azərbaycanda hökm sürən özbaşınalığa, Rusiyanın ölkəmizi müstəmləkəyə çevirdiyini, xalqımızın kölə kimi yaşamaqlarına dözə bilmirdi. O məktəbdə maarifçi, yazıçı vətənin təəssübkeşliyini çəkən müəllimi S.M.Qənizadədən çox şey öyrənərdi. Ona aydın olurdu ki, onun vətəni işğalçı dövlətin-  Çar Rusiyasının əsarəti altındadır.

Rus-tatar, sonra texniki məktəbdə oxuyarkən gənc Məhəmməd Əmin dünyagörüşü, həyata baxışı get-gedə artır.

Məhəmməd Əminin bir amalı vardı. Azərbaycanı Rus imperiyasının boyunduruğundan azad etmək və Azərbaycanın müstəqilliyinə nail olmaq,  xalqımız öz sərvətinə özü  sahib çıxmaq. O inanırdı ki, vaxt gələcək Azərbaycan öz müstəqilliyinə çatacaq. Bunun üçün yorulmadan mübarizəni davam etdirmək lazım idi.

O, texniki məktəbdə oxuduğu vaxtdan milli xarakterli məqalələr yazar və onları ya yığıncaqlarda oxuyar, ya da qəzetlərdə çap etdirərdi. Tələbə vaxtı çıxışlarının birində gənclərin torpaq haqda verdikləri sualı belə cavablandırmışdır. “…Torpaq Uca Yaradanın hökmüylə bizim ömür qaynağımızdır. Bunun üçün də biz torpağı bütün varlığımızla sevməliyik və təkcə sevmək yox, onu qorumağı bacarmalıyıq. Buna görə də lazım gələrsə sinəmizi sipər eləməli, ana qədər dogma və müqəddəs olan torpağımızı kafir tapdağından təmizləmək üçün mübarizə aparmalıyıq.” Və yaxud xeyriyəçi Tağıyevin müsəlman qızları üçün açdığı məktəbə görə təşəkkür üçün  (Sultan Məcid Qənizadənin tələbəsi kimi) Məhəmməd Əminə söz verilir. O, həm Tağıyevə, həm də bu xeyirxah işin təşkilatçısı Həsən bəy Zərdabiyə öz təşəkkürünü  bildirir. Bu gənc oğlan öz  ağıllı çıxışları, məqalələri ilə  tez bir zamanda diqqəti cəlb  edir, xalqının sevimli, vətənpərvər oğlu kimi tanınır .

Müəllif bu sənədli romanında tarixi fakrlara əsaslanaraq o dövrün mənzərəsini, baş verən hadisələri güniş şəkildə qələmə almışdır.

Əsərin ilk səhifəsində Məhəmməd Əmin Rəsulzadə haqqında tanınmış Azərbaycanın və Türkiyənin ictimai xadimlərinin fikirləri yer alıb.

“Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəm.” Mustafa Kamal Atatürk.

“Siz Azərbaycanın ən böhranlı zamanlarında fəal bir mücahid sifətiylə çalışdınız, bir çox mühüm hadisələri yaxından gördünüz, müxtəlif cərəyanlarının içində oldunuz və sərgüzəştlərlə dolu bir həyat yaşadınız.” Əli bəy Hüseynzadə.

“İlk dəfə Azərbaycan  Demokratik Respublikasının yaranmasında onun Rəsulzadənin xidmətləri qarşısında biz böyük minnətdarlıq hissi ilə anırıq”. Heydər Əliyev.

“Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın tarixinin şərəfli salnaməsidir. Məhəmməd Əmin  Rəsulzadə Azərbaycan xalqının böyük öndəri, “yoxdan var edən” bir cəsarət sahibi, tarixin ən ağır sınaqlarından şərəflə çıxmış bir şəxsiyyətdir.” Şirməmməd Hüseynov.

 Bu görkəmli şəxsiyyətlərin onun haqqında deyilən fikirlərlə yanaşı Üzeyir Hacıbəyov da, Mirzəbala Məmmədzadə də və başqaları da. Məhəmməd Əminin böyüklüyündən yazmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin  130 illik yubileyinin keçirilməsi haqda sərəncam verərkən demişdir ki, Məhəmməd Əmin Milli dövlət quruluşunun dirçəlməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmişdir.

Doğrudan da ikicə il azadlığı xalqına dadızdıran Məhəmməd Əmin Rəsulzadənin xidmətləri saysız hesabsızdır. O bütün maneələrə sinə gərərək məsləkdaşları ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri kimi  yaddaşlara həkk olunur.

Əsər fəsillərə bölünmüşdür. Biz “Ermənilər” fəsilində ermənilərin  Azərbaycanlılara qarşı nifrətinin, məkrli əməllərinin “Daşnak –sütyün” partiyasının üzvlərinin  Şaumyanla sıx əlaqələrinin və Şaimyanın Bakıda törətdiyi qanlı soyqırıma başçılıq etdiyinin şahidi oluruq. Şaumyan Bakı Komunnasının sədri olmaqla yanaşı, həm də ermənilər tərəfindən yaradılmış “Daşnak-sütyün terror təşkilatının başçısı idi. O bolşeviklərlə birləşib Rusiyadan, daha doğrusu Lenindən  sinfi mübarizə adıyla silah –sürsat alaraq Bakıda qırğın törətmək üçün bu silahlardan istifadə edirdi.

“Ermənilər” fəslində bir detala da nəzər salaq. Tarix təkrar olunur. Keçən əsrin 90-cı illərində Birinci Qarabağ müharibəsinin başlandığı ərəfədə ermənilərin təzədən öz mənfur niyyətlərini həyata keçirmələri bir daha bunu sübut etdi.

Separatçı düşmən 1905 və 1918-ci illərdə həyata keçirtdikləri soyqırımını əsrin axırlarında da törətdilər.

Onlar Azərbaycanda ixtişaşlar törətməklə yanaşı iyrənc əməllərindən belə çəkinmirdilər. Elə götürək Sumqayıt hadisələrini. Müəllif Sumqayıt hadisələrini əsərində bizə bir daha xatırladır. Sumqayıt hadisələrini, orda baş verən ixtişaşları, məlum oldu ki, ermənilər özləri ediblər. Öz bəd əməllərini həyata keçirməkdən ötürü  qətl hadisələrini Azərbaycanlıların boynuna qoymağa çalışdılar.

Müəllif   real faktlara istinad edərək 1918-ci ildə Bakıda mart ayında “Daşnak-sütyün” partiyasının  üzvlərilə daima əlaqə saxlayan Şaumyanın,  onun kimilərin iç üzünü, mənfur simalarını göstərmişdir.

Əsərdə 1918-ci ildə baş verən bir hadisəni nəzərdən keçirək. Şaumyanın göstərişilə Bakıda soyqırımdan əvvəl erməni məktəblərinin birinə hücum olunur və iyirmiyə yaxın erməni  uşaqları öldürülür. Bu uşaqların qətlə yetirilməsinin də əsas məqsədi onların törətdiyi qətli Azərbaycanlıların boynuna yıxmaq, aranı  qızışdırmaq və Bakı əhalisini bir nəfər kimi məhv etmək idi. Onlar məqsədlərinə çataraq şəhərdə və qəzalarda minlərlə Azərbaycanlıların həyatına qəsd edirlər, qılıncdan keçirirlər. Əsərdə Nuru Paşanın, onun  qoşunlarının Türkiyədən gəlməsinə, Azərbaycanlıların xilas etməsinə, eyni zamanda  türk qardaşlarımızın xidmətlərinə də geniş yer verilib. Erməni daşnakları Azərbaycan torpaqlarını ələ keçirmək üçün proqram da hazırlamışlar. O proqramların bir neçə bəndinə nəzər salaq. “Xəzər dənizindən Aralıq dənizinə, Şimali Qafqazdan İraqa qədər geniş bir ərazidə “Böyük Ermənistan yaratmaq”, “Erməni uşaqlarının türkə nifrət ruhunda böyütmək”, “Süni arxiv materiallarını meydana gətirmək” və s.

Ermənilər arxivlərdəki faktları təhrif edir, tarixi yazıları, qədimi abidələri öz adlarına çıxmaqdan ötrü müxtəlif hiylələrə əl atırdılar. Müəllif onlardan bir faktı kitabın “bədbəxt Babaxan” fəslində göstərmişdir. Şaumyanın göstərişi ilə məzarlıqda eramızın 200-ci illərində Alban knyazının qəbrinin üstündə köhnə yazıları oxumağı bacaran azərbaycanlı Babaxanı çağırıb göstəriş verir ki, yazını erməniyə aid olduğunu desin. Gənc Babaxan etiraz etdiyi üçün elə məzarlığın yanındaca güllələyirlər.

Əsərdə Nəriman Nərimanovun obrazı da diqqət çəkir. N.Nərimanov Şaumyana inandığı halda, Məhəmməd Əmin Rəsulzadə onun Azərbaycana qarşı cinayət əməllərindən xəbərdar idi. Şaumyan isə  M.Ə.Rəsulzadəni aradan götürmək üçün müxtəlif vasitələrə əl atır və rus hərbi prokuroru Lunyakinin vasitəsilə onu həbs etdirir.  Ancaq M.Ə.Rəsulzadənin sadiq dostları Əhməd bəy Ağayevin yaratdığı “Difai” partiyasının üzvləri “Jandermiya”  idarəsinin yüksək rütbəli şəxslərinə hədə-qorxu gələrək M.Ə.Rəsulzadəni həbsxanadan azad edirlər.  

Müəllif  əsərin sonunda  Məhəmməd Əminin ailəsinin  faciəsindən də söz açır və  onların sürgün həyatında  başlarına gələn müsibətlərindən yazır.

Yazıçı-publisist Qumral Sadıqzadə Azərbaycanın  istiqlal  şairəsi Ümgülsüm həyatından yazarkən (Ümgülsün  M.Rəsulzadənin həm əmisi qızı, həm də baldızı idi) Məhəmməd Əminin ailəsənin sürgündə başlarına gələn faciələrə də qısa, səthi şəkildə toxunmuşdur.  

Vüqar Əhməd “Son nəfəsədək Azərbaycan” əsərində isə Məhəmməd Əmin Sadıqzadənin həyatının uşaqlıq illərindən tutmuş dünyasını dəyişənə qədərki dövrünü qələmə almaqla yanaşı, həm də onun Azərbaycanı tərk etdikdən  sonra ailəsinin, övladlarının həyatını, Stalin pejiminin başlarına gətirdikləri faciələri də geniş şəkildə işıqlandırmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Məhəmməd Əminin böyük oğlu Rəsul güllələnir, həyat yoldaşı Ümbülbanu, analığı, qızları, nəvələri Qazaxıstanın soyuq, ayaqdəyməyən yerlərinə sürgün olunurlar. Çox keçmir ki, onun həyat yoldaşı, analığı Maral xala soyuqdan aclıqdan dünyalarını dəyişirlər. Barakların birinə yerləşən qızı Lətifə isə körpəsilə birgə soyuqdan donmuş vəziyyətdə tapılır, o biri qızı isə itkin düşür.

Bu acı taleli ailənin yeganə oğlu Azər və nəvəsi Firuzə sağ qalır.

M.Ə.Rəsulzadə mühacir həyatında da Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini davam etdirir. Qardaş Türkiyəyə sığınan M.Əmin Rəsulzadə işğalçı rus imperiyasını ifşa edir. O ”İnsanlara hürriyyət, millətlərə istiqlal” ruhlu məqalələr yazır. Məhəmməd Əmin Rəsulzadə “Nə vaxt olsa Azərbaycan öz müstəqilliyinə, azadlığına qovuşacaq” ümidilə yaşayırdı. Nahaq yerə söyləməmişdi ki, “Bir kərə yüksələn bayraq, bir daha enməz”.

Kitabda həmçinin Məhəmməd Əminin “Amerikanın səsi” radiosunda son çıxışı, dünyasını dəyişərkən “Azərbaycan” sözünü dilə gətirməyi, üç dəfə “Azərbaycan” deyib əbədi gözlərini yummağı səhnəsi də olduqca təsirlidir.

Müəllif “Son nəfəsədək Azərbaycan”  kitabında  Azərbaycanın böyük şəxsiyyəti olan M.Əmin Rəsulzadənin, onun parlaq simasını yaradaraq, keçdiyi ömür yolundan, ictimai-siyasi fəaliyyətindən həmçinin məsləkdaşları, yaxınları, ailəsi haqda da bizi məlumatlandırır. Deyə bilərik ki, tanınmış şair, publisist, professor Vüqar Əhmədin bu kitabı  oxucular tərəfindən  seviləcək və maraqla qarşılanacaqdır.

         

SİZƏ MARAQLI OLA BİLƏR