Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

"Öz adı, əməli xoş təsəllidir..." - Solmaz Həyatova

22-12-2022 [ 12:22 ] [ oxunub:149 ]
printerA+ | A-
102963

GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS PROFESSOR KAMRAN MƏMMƏDOV ƏSƏRLƏRİ VƏ ƏMƏLLƏRİ İLƏ ƏBƏDİYAŞAR ŞƏXSİYYƏTƏ ÇEVRİLİB

O adam xoşbəxtdir ki, sözünü, əməlini, qəlbini və amalını xalqının tərəqqisinə, onun hərtərəfli inkişafına həsr edir. Belə  insan, yüz illərlə nəsillərin, vətən övladlarının xatirəsində yaşayır.

Kamran Məmmədov (Dadaşovoğlu) yarım əsrə yaxın zaman daxilində çox zəngin və mürəkkəb yaradıcılıq yolu keçən, ictimai-siyasi həyatla, ədəbi mühitlə, müxtəlif sənət adamları ilə sıx təmasda olan, XX əsr ədəbiyyatının tədqiqində, ədəbiyyatşünaslığın inkişafında xüsusi və önəmli yeri olan vətənpərvər ziyalılardan biri kimi unudulmazlıq qazanıb. Şuşada göz açan fədakar alim, mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi və elmi yaradıcılığı  xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyətçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdi. O, həm də Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan simalardandır.

Kamran Məmmədov  uzun illər Nizami adına  Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin  böyük bir kollektivinə rəhbərlik etmişdi.  Bu müddət ərzində ədəbiyyatşünaslıq elminə dair yüzlərlə elmi məqalələrin və elmi monoqrafiyaların, hekayə kitablarının müəllifi olmuşdu. İşlədiyi müddətdə onlarla elmlər namizədləri və elmlər  doktorları yetişdirmişdi. Kamran müəllim, əslində layiq olduğu titulları almışdı və hər şeydən uca olan insanlıq titulunu bütün adlardan üstün tutmuşdu.

Kamran müəllim, məhdud, dar çərçivəli  alim deyildi. Çünki ədəbiyyatşünaslıq elminin hansı sahəsi olursa olsun, o sahədə yüksək səviyyədə fikir söyləmək, müzakirələrdə iştirak etmək iqtidarında idi.

Ədəbiyyatşünaslıqda önəmli yer tutan Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Cəmənzəminli, Qasımbəy Zakir,  Üzeyir Hacıbəyov kimi yüksək sənət adamlarından ürəklə yazdığı, həvəslə nəşr etdirdiyi kitablarında, bir çox elmi məqalələrində yazıçıların həyat və yaradıcılıqları,  onlar haqqında xatirələri Kamran müəllimin qələmində öz dolğunluğu ilə əksini tapıb.

Yazıçıya yaraşan sənətkar mədəniyyəti, dərin bilik, həyat təcrübəsi, gözəl və təsirli qələm, zəngin müşahidə qabiliyyəti, sözün əsl mənasında, sadə və əlvan bədii dil, şəxsi nəzakət, mehribanlıq, həssaslıq-bütün bunların hamısı, onun şəxsiyyətində cəmlənmişdi. Bütün bunlar onun özünü də, yaradıcılığını da nurlandıran dəyərlər idi.

Yüzlərlə sanballı məqalədə, irihəcmli dəyərli tədqiqat əsərlərində də elmi-nəzəri fikirlərlə yanaşı, həssas bir alim dəqiqliyinin, alim məhəbbətinin əlamətləri açıq-aydın görünür.

Kamran müəllim başqasının dərdini özünün dərdi hesab edirdi. Buna görə də o, həmişə narahat görünür, onunla danışanda, söhbət edəndə, gözlərindəki, çöhrəsindəki qəm-qüssə özünü büruzə verirdi. Təsadüfi deyil ki, Ədəbiyyat İnstitutunda hamı onu sevirdi və alimə dərin hörmət göstərirdi. Bir sözlə, Kamran müəllim başqalarının halına yanan, onların problemlərini həll etməyi özünə borc bilən insanlardan idi. Heç yadımdan çıxmaz, xeyriyyəçi milyoner Zeynalabdin Tağıyevin qızı Sara xanım, həmişə olduğu kimi, bir gün yenə İnstitutun XX əsr ədəbiyyatı şöbəsinə gəlmişdi. Sara xanım Kamran müəllimin yaxın dostu, sirdaşı idi. Kamran müəllim həmişə ona yardım da edərdi. Günlərin bir günü bizim şöbəyə gələndə ayaqqabısının altı açılmışdı. Kamran müəllim bunu gördükdə çox pis oldu və elmi işçilərdən birinə pul verib yaxınlıqdakı mağazaya göndərdi. Bir zamanlar hamıya yardım edən, köməklik göstərən milyoner Zeynalabdin Tağıyevin indi doğma qızının çox böyük ehtiyacı var idi. Sakit-sakit bizim otağa gələn Sara xanım çox qürurlu bir qadın idi. Bir  stəkan çayı da ona içirdə bilməzdik.

Ayaqqabını alıb gətirəndə Kamran müəllim onu Sara xanıma verib çox nəzakətlə dedi: "Sara xanım, bunu sənin ad gününə hədiyyə edirəm. Çox xahiş edirəm, əlimi geri qaytarma".  Sara xanım duruxdu və bir qədər düşündükdən sonra hədiyyəni  qəbul edib razılığını bildirdi.

Bir gün Zori Balayanın "Ocaq" kitabını şöbədə müzakirə edirdik. Kamran müəllim qəlbinin yanğısını gizlədə bilməyərək hətta Balayan haqqında ziyalı leksikonuna uyğun olmayan cümlələr işlətdi. "Azərbaycanın çörəyini yeyən bu kimi alçaqlar vətənimizə xəyanət edirlər" dedi.

Kamran müəllim xalq  yaradıcılığını, müsiqini, aşıq ədəbiyyatını, sazı, sözü çox sevərdi. Yazmış olduğu hekayələrdə də özünəməxsus tərzdə bu sevgini əks etdirirdi. Buna səbəb isə onun vətənə, torpağına bağlı olması idi.

Gənclərə eyni məhəbbət və qayğı ilə yanaşır, onların elmi yazılarına böyük həssaslıq göstərir, məsləhət və köməyini heç vaxt əsirgəmirdi.

Uzun illər Azərbaycan ədəbiyyatı tarixindən dediyi dərin məzmunlu elmi mühazirələrdən məlum olur ki,  bu həlim təbiətli, qayğıkeş, görkəmli, həssas alim gəncliyimizin keşiyində hər an ayıq-sayıq dururdu.

Kamran müəllim, mənən, ruhən çox zəngin bir insan idi. Bu zənginliyi o, damla-damla,  zərrə-zərrə qazanmışdı. O, Qarabağın işğalına yönələn düşmən cəhdlərinə görə çox narahat idi. İçindəki narahatlığı, gözlərindəki qayğını belə ifadə edirdi:

"Qarabağ gözəldir. Onun keçilməz dağlarını, qayalarını, qalın və ayaq dəyməmiş meşələrini, dağ çaylarını və şəffaf bulaqlarını Azərbaycan şairləri öz şeirlərində az tərənnüm etməmişlər. Uca dağların döşündə Şuşa şəhəri yerləşmişdi. Şuşa nəinki özünün gözəl təbiəti, həm də yüksək poeziya aləmi və qabaqcıl mədəniyyəti ilə şöhrət tapmışdır. Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmırlar. Demək olar ki, Azərbaycanın bütün məşhur oxuyanları və  çalanları, Cabbar Qaryağdı oğlu, bəstəkar Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski,  məşhur tarzən Qurban Pirimov və bir çox başqaları Şuşada doğulmuşlar...

Bu dünya həmən dünyadı. Lakin insanlar dəyişib. Vətən həmin vətəndi. Lakin bütövlüyü pozulub.

Mənim üzümdəki və qəlbimdəki ağrı-acı da bununla bağlıdır. Qarabağım bu gün mahnı əvəzinə ağı deyib ağlayır. Bizim üçün qəribsəyib. Üzeyirin, Bülbülün, Seyid əminin, Xan Şuşinskinin ruhları bizdən inciyib... Ancaq mən inanıram ki, Vətən bir gün bütövləşəcək. Mən buna bütün varlığımla əminəm və bir gün Azərbaycan bayrağı öz yurd-yuvasında, öz torpağında erməninin gözünü çıxara-çıxara Şuşa qalasında dalğalanacaq.

 

Kamran Dadaşoğlu peşiman deyil,

Ümidi sabahdı, ah-aman deyil,

Dünyada şan-şöhrət, ad iman deyil,

Öz adı, əməli xoş təsəllidir..."

 

Nəhayət, unudulmaz  alimin arzusu çin oldu. Azərbaycan bayrağı  Şuşa qalasında dalğalandı. Çox təəssüf olsun ki, Kamran müəllim bu günü görə bilmədi. 

Kamran müəllimin yaşadığı ömrə nəzər salanda belə qənaətə gəlmək olar ki, hamımızın sevdiyi, hörmət və məhəbbət bəslədiyimiz bu böyük insanın həyat və yaradıcılığı indiki və gələcək nəsillər üçün bir həyat məktəbi, bir örnəkdir. O, rəhmətə gedəndə ömrünün müdrik çağını yaşayırdı. Müdrik insanlar isə həmişə üzünü Allah-Təalaya tutur. Kamran müəllim Allahın kəramət və bəsirət bağışladığı insanlardan idi.

İnsanlara həm mənəvi, həm də zahiri cəhətdən qayğı göstərən bu insanın həyat yolu gözlərimizin önündəcə kitab kimi vərəqlənir. Bu zaman onun yardımçısı başı üzərində səcdə etdiyi Allahı olurdu. Allah isə hər şeyi insana bəyan edir. İnsan mərhəmət hissi ilə ucalır. Yerlərdə mərhəmət edənlərə göylərdən müjdə gəlir. Ruhaniyyətə  qapısı açıq olan şəxslərin imanı, inamı ilə yanaşı insafı da yetərincə idi. İnamlı, imanlı olanlardan olan Kamran müəllim insafı ilə ad çıxarmışdı. Yanına pənah gətirənlərə insaf gözü ilə baxan o gözəl insan hələ heç kəsi qapısından naümid qaytarmamışdı.

İlahinin ən sevimli bəndələrindən olan alim, xeyirxah əməllər sahibi haqqında nə qədər xoş söz deyilsə, yazılsa azdır. Kamran müəllim böyük şəxsiyyət idi. O, sağlığında özü üçün insanlığın heykəlini ucaltdı.         

Uzun  illər mən Kamran müəllimlə bir yerdə işləmişəm. Bu isə bir ömür deməkdir. O mənə həmişə "yaxşı qız" deyə müraciət edərdi. Elmi iş götürəndə mənə rəhbər də olmuşdu. Lakin son vaxtlar xəstəliyi ilə əlaqədar rəhbərliyi Əflatun Məmmədova tapşırdı. O təkcə mənə deyil, başqa işçilərinə də həmişə qayğı ilə yanaşırdı.

Mən heç vaxt bu insanın kiməsə pislik etdiyini görmədim. Hər bir işi hövsələ və təmkinlə görərdi. Qəlbində hələ neçə-neçə arzuları vardı.

Kamran müəllimin ölümü hamımızı sarsıtdı. O, ağır xəstəlikdən sonra dünyasını dəyişdi. Təsəllimiz budur ki, onun həyatda etdikləri etmədiklərindən çoxdur.

Allah Kamran müəllimə rəhmət eləsin! Etdiyi xeyirxah əməllər övladlarının yardımçısı olsun! Qəbri nurla dolsun!

SİZƏ MARAQLI OLA BİLƏR