Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

21 Azər Hərəkatı Güney Azərbaycan ədəbiyyatında - Esmira Fuad

07-12-2022 [ 11:42 ] [ oxunub:99 ]
printerA+ | A-
102915

Hələ 21 Azər Hərəkatına hazırlıq getdiyi, hərəkatın baş verdiyi və məğlubiyyətinə qədərki mühüm Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazıldığı dövrdə Güneydə ədəbiyyatın inkişafında böyük canlanma yaranmışdı, görünməmiş sürətlə tərəqqi etməyə başlamışdı. Bir sözlə, tədqiqatçılar 1940-50-ci illər Güney Azərbaycan ədəbiyyatını çiçəklənmə dövrü kimi dəyərləndirirlər. Görkəmli ədib və alim Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: "Elmi fikri, sağlam düşüncəsi, zamanın qabaqcıl ideallarını, insan ürəyinin və xalqın mənəvi aləminin uca hisslərini, ali məqsədlərini təsvir və tərənnüm Cənubi Azərbaycan ədəbiyyatında geniş yer tutur. Şairi, yazıçını belə əsərlər yazmağa ruhlandıran nədir? Hər şeydən əvvəl xalqa, həqiqətə məhəbbətdir, təmiz, saf insanlıq duyğusudur, vətənpərvərlik hissləridir! Cənub şairlərində bu hisslər, inqilabi yüksəlişlər dövrünün bu sərvətləri sinədən qopan od kimi alovlanır, işıq verir!" Necə də haqlıdır, böyük ədibimiz!

Qeyd edim ki, 21 Azər Hərəkatı - Nehzətinin qələbəsindən sonra İran tarixində ilk dəfə olaraq siyasi hakimiyyət xalqın, onun öndərlərinin yaratdığı Azərbaycan Demokrat Firqəsinin əlinə keçirir, xalqın arzu və istəklərinin, uzun illər buxovlanmış diləklərinin gerçəkləşdirilməsini özünə vəzifə, borc bilən Azərbaycan milli qanunvericilik, milli icra orqanları - Milli Hökumət və Milli məclis təşkil olunur (21 dekabr 1945). Bütün bu mühüm inqilabi əhəmiyyətli işlər həmin zaman kəsiyində Azərbaycan ədəbiyyatının inqilabi publisistika, poeziya, nəsr, dramaturgiya qollarının azad inkişaf dövrünə qədəm qoyması üçün geniş imkanlar açdı.

Milli Azadlıq hərəkatının başçısı, Azərbaycan Demokrat Firqəsinin rəhbəri, azadlıq fədaisi xalqın dərin sevgisini qazanmış S.C.Pişəvəri həm də istedadlı yazıçı, təcrübəli publisist idi və o, müharibədə məhz həqiqət axtarışındaydı. Güney Azərbaycan xalqının illərdən bəri itirdiyi həqiqətin axtarışında. Ona görə də S.C.Pişəvəri bir yazıçı, həm də təcrübəli publisist kimi ölkənin hərtərəfli inkişafına, mədəniyyətin tərəqqisinə rəvac verən "Hürriyyət", "Yoldaş", "Azərbaycan füqərası", bu dövrdə isə "Azərbaycan" qəzeti kimi mühüm mətbuat orqanlarını yaradaraq rəhbərlik etmiş, Güney Azərbaycan mətbuatını formalaşdırmışdır. Elə yüksək səviyyəli mətbuat ki, o azadlıq hərəkatının ideoloji zəminini yarada bilmiş, bu ideologiyanın mahiyyətini, izahat işini kənd və şəhərlərə, əhalinin geniş təbəqəsinə - zəhmətkeşlərə çatdırmağın öhdəsindən layiqincə gəlmişdir.

Şair və yazıçıların döyüş cəbhələrinə gedib müşahidələri əsasında yaratdıqları sənət inciləri bu kimi mətbuat orqanlarında "Azərbaycan", "Cövdət", "Urmiyyə", "Qələbə", "Azad millət", "Azər", "Günəş", "Demokrat", "Fədai", "Azərbaycan ulduzu" adlı qəzet və jurnallarda işıq üzü görür, xalqa çatdırılır, geniş miqyasda maarifçilik, inqilabi təbliğat işi aparılırdı.

Görkəmli söz ustası Mir Mehdi Etimad coşqun vətənpərvərlik duyğularının diktəsi ilə Milli hökumətin dövlət himnini yazmış, qoca Şərqin çırağı Azərbaycanı - möhtəşəm odlar yurdunu tərənnüm etmişdi:

Ey vətənim - Azərbaycan,

Əbədi odlardan nişan.

Adlı-sanlı keçmişin var,

Sən böyütdün qəhrəmanlar.

Qoca Şərqin çırağısan,

Azadlığın bayrağısan.

Tarix boyunca yadigar

İftixarlı asarın var.

Sənsən bizə ana Vətən

Sənsən bizə nemət verən

Sənsən bizə ruhi-rəvan,

Yaşa-yaşa Azərbaycan!

Azərbaycan, Azərbaycan,

Aslanların məkanısan,

Sən qurduğun yeni həyat

Xalqımıza verdi nicat.

Gözəl günlər gətiribsən,

Səttarxanlar yetiribsən.

Qoy yurdumuz cənnət olsun,

Düşmən bağrı qanla dolsun.

Bir ara ölkədə yaranan nisbi azadlıqdan istifadə edən M.M.Etimad 1942-ci ildə "Şairlər məclisi"ni yaratmaq ideyasını irəli sürür. Əli Fitrət, Əbülqasım Kamil, Məhəmməd Biriya və Hilal Nasiri bu işdə ona yaxından kömək edirlər. Beləliklə, 1942-ci ildə Təbrizdə fəaliyyətə baş-layan Azərbaycan yazıçıları və hünərvərləri cəmiyyətinə Mir Mehdi Etimad sədr seçilir. Etimadın rəhbərlik etdiyi "Şairlər məclisi"nin Urmu, Zəncan, Ərdəbil və Astara şəhərlərində də şöbələri yaradılır. "Məclisin aylıq orqanı olan "Şairlər məclisi" jurnalında (bu orqan jurnal formatında olsa da, jurnal deyil, almanax adlanırdı) tezliklə ölkənin bütün şəhərlərində yazıb-yaradan şair və yazıçıların əsərləri çap olunur".

"Şairlər məclisi" Cənubi Azərbaycanda ədəbiyyatın məzmunca zənginləşməsi və ədəbiyyatda ictimai-siyasi gerçəkliyin aktual problemlərinin əks etdirilməsi sahəsində böyük işlər görürdü. Bu dövrdə M.Niknam, Borçalu, F.Məzhzun, M.M.Çavuşi, Y.Şeyda, Nəcati, H.Sahir, M.Biriya, Ə.Fitrət, M.Dirəfşi, C.Kaşif, B.Azəroğlu, H.Nasiri, M.Gülgün, H.Bülluri, Ə.Tudə, H.Tərlan, Savalan, A.Bariz, Qaflantı, M.Zehtabi və başqaları ilə bərabər, M.M.Etimad da zülmə və zorakılığa, əsarət və səfalətə, milli ayrı-seçkiliyə qarşı kəskin məzmunlu əsərlər yaradaraq ədəbi fikrin təzələnməsinə təsir göstərir. O, Vətənin səmasında doğmuş azadıq günəşini, Milli Hökuməti ürəkdən tərənnüm edir, sevinc duyğularını poetik misralara çevirirdi.  Ədəbiyyat böyük vüsətlə inkişaf edir, Cənubi Azərbaycanda ədəbiyyatın, publisistikanın güclü təmsilçiləri, yeni yazarlar ordusu yaranırdı. Quzey Azərbaycandan Güneyə ictimai-siyasi-ədəbi fəaliyyət üçün gəlmiş M.İbrahimov, S.Rüstəm, M.Rahim, Q.Məmmədli, Q.İlkin və b. yaradıcı ziyalılara qoşulan Mir Mehdi Eti-mad öz həmkarları ilə bir sırada addımlayır, dövri-mətbuatda - "Vətən yolu"nda, "Azərbaycan", "Sitareyi-Azərbaycan", "Xavəri-no", "Azad millət", "Urmiyyə", "Cövdət", "Fədai", "Demokrat", "Azərbaycan ulduzu" kimi qəzet və jurnallarda şeir və məqalələri ilə çıxış edirdi. Etimadın xüsusulə uşaq və gənclər, eləcə də böyüklər üçün yazdığı əsərlərdə əxlaqi-didaktik mövqe özünü daha qabarıq göstərir. Ədib gəncləri gələcəyin görən gözü, düşünən beyni sanır, onların Vətənin sabahı üçün hərtərəfli şəxsiyyət, bir vətəndaş kimi yetişmələrində ədəbiyyatın əvəzsiz rol oynadığını düşünürdü.

Təbii ki, ana yurdun şanlı-şövkətli tarixini, səttarxanlar, xiyabanilər, pişəvərilər yetirən əzmli bir xalqın milli-mənəvi dəyərlərini, aslanlar oylağını şirin Azərbaycan türkcəsində vəsf edən Etimadın "Yaşa Azərbaycan!" himnini dinləyən hər bir Vətən oğlu, Vətən qızı mübarizə və qələbə ruhunda köklənirdi. Təbrizdə fəaliyyət göstərən "Şairlər məclisi"nin ilk qurucularından biri, Güney Azərbaycanda dalğalanan azadlıq, milli-demokratik hərəkatlarının fəal iştirakçılarından olmuş Əli Fitrət üçün də Vətən eşqindən, yurd məhəbbətindən ali duyğu yoxdur. Vətən sevgisi ədib üçün bütün məhəbbətlərdən, sevgilərdən yüksəkdə durur, böyük şövqlə elini, dilini, Azəristanı vəsf edir, "min canım olsa, yenə Azərbaycanın adına qurbandır", - deyirdi:

"Şairlər məclisi"ndə birləşən şairlər, qələm sahibləri daha cəsarətli, daha əzmli, daha səmimi və poetik cəhətdən daha mükəmməl misraları ilə Azərbaycan Milli hökumətinin həyata keçirdiyi demokratik islahatları, quruculuq işlərini nəzmə çəkirdilər. 21 Azər Nehzəti misralarından od-alov saçılan, təbi coşqun dağ çayları tək çağlayan, müstəqil fikirli, sərbəst düşüncəli, orijinal yaradıcılığı ilə heç kəsə bənzəməyən Bulud Qaraçurlu Səhəndin də ən böyük sevgisi Vətən, ən böyük istəyi uluyurd, millət, xalq, ən böyük ülfəti doğma ana dili ilə ülfəti, mehri-məhəbbətidir.

Qoyun məhkum olum millətçilikdə,

Dünyada millətin sevməyən kimdir?

Dilin, elin, yurdun talan etsələr,

Acıyıb başına döyməyən kimdir?

Ancaq bir sözüm var: mən də insanam,

Dilim var, xalqım var, yurdum, yuvam var.

Yerdən çıxmamışam göbələk kimi,

Adamam, haqqım var, elim, obam var, -

deyə sonsuz ürək yanğısı ilə xalqının üzləşdiyi milli zülm və milli ayrı-seçkiliyi qələmə alan Səhənd 21 Azər Hərəkatının qələbəsindən çox böyük nəşə və sevinc hissləri yaşayır, ruhu göylərdə pərvaz edir, ilhamı coşub-çağlayır. İnsanları daim bir-birinə qardaş, dost görmək istəyən, ən böyük arzusu humanizm, sülh və azadlıq olan Səhənd inqilab mücahidlərinə, azadlıq fədailərinə müqəddəs amal uğrunda mübarizə apararaq qələbə qazandıqlarına görə onlara alqış deyir, iftixarla, fərəhlə vəsf edir:

Tarixlər boyunca ey böyük vətən,

Yağıya, düşmənə əyilmədin sən.

Bu gün təbiətdən ilham aldım mən,

Keçdi səhər vaxtı bu söz ürəkdən,

İnsana ruh verən dilinə alqış!

Qırdın zəncirləri, yıxdın zindanı,

Zalim düşmənlərə tutdun divanı,

Hər zaman bəslədin bir qəhrəmanı

Xəzanlar görməyən dilinə alqış!

Əzəldən sən oldun sənət ocağı,

Ədiblər məskəni, şair yatağı,

İgidlər beşiyi, gözəllər bağı,

Söyləyir Razi bu maraqlı bağı,

İnsana ruh verən dilinə alqış!

1945-46-cı illər Azərbaycan milli-demokratik hərəkatı B.Q.Səhəndin ruhunda, yaddaşında elə silinməz izlər buraxır ki, hərəkat irticaçı, mürtəce qüvvələr tərəfindən qan gölündə boğulduqdan sonra da onun təsirindən uzun müddət, əslində ömrünün sonunadək çıxa bilmir. Bu illərdə yaşadığı sevinc və kədər duyğuları, acılı-şirinli xatirələri "Araz" və "Xatirə" mənzum əsərlərində qələmə alır və 21 Azər hərəkatının bədii-tarixi, sənədli təsvirini verir:

Qoy səngərlər evim olsun, dağlar başı məskənim,

Zülm əlindən azad olsun, bu müqəddəs vətənim...

Qarapapaq türklərinə məxsus qorxmazlıq, cəsarət, əyilməzlik, mərdlik özəllikləri milli xarakterində birləşdirən Qulu xan Borçalu bütün Azər elinin inqilab işığına bələnməsindən çölün, çəmənin, meşənin, düzün, Ana torpağın azadlıq günəşinin parlaq şəfəqləri altında bəxtinin güldüyündən, Odlar diyarının hər qarışının da gülüstana döndüyündən riqqətə gəlir, sevinc, fərəh duyğularını poetik misralara çevirir!

1945-46-cı illər inqilabı Haşım Tərlanı da ruhlandırır və xalq hərəkatı şövqə gələn ürəyinin əsl ilham mənbəyi olur. "Mən tufanlar qucağında doğulmuşam, Mən üsyanam, əzəlindən budur peşəm" deyən üsyankar şair böyük sevinc hissləri yaşayır, hərəkatın amal və məqsədini tərənnüm edən "Qalibiyyət bayramı", "Vətən", "Şah gedər oldu", "Mənimdir", "Azərbaycan əncüməninə", "Görürəm", "Dədə Qorqud" və sair kimi şeirlər yazır. İrandakı mövcud durumu, yenə də al-qanlar içində çalxalandığını, tufanlar, qasırğalar içində olsa da xalqın taleyinin üzünə gülməsini - Vətən səmasında inqilab günəşinin doğmasını, "Andımız qəhrəmanlıq, vicdanımız tərtəmiz, qanadımız inqilab, məqsədimiz azadlıq" deyərək şahlar məzarlığında azad həyat qurmağa durmadan can atan xalqının çabalarını alqışlayır.

* * *

Qələbə ilə başa çatmış 21 Azər Hərəkatına, milli hökumətə, xalq fədailərinə Güney şairlərinin, demək olar ki, əksəriyyəti söz qoşub, şeir yazıb. Həmin əsərlərin bir qismində qələbənin, istiqlalın doğurduğu fərəh hissləri, sevinc duyğuları ümumbəşəri hisslərlə birləşir, onların ruhunda beynəlmiləlçilik özünü göstərir. "Milli Hökumətin qurulması" şeirində şair Hüseyn Səhhaf dün-yanın bütün millətlərinə sülh, əmin-amanlıq arzulayır, qələbə sevincini əsarətdə olan xalqların da yaşamasını diləyir.

1941-ci ilin avqustunda İranla sərhədlərin açılması, sovet qoşunlarının Cənubi Azərbaycana daxil olması, sovet Azərbaycanından bir qrup elm və mədəniyyət xadiminin Vətənin Güneyinə ezam olunması ədəbi mühitin daha da inkişaf etməsinə, yeni ziyalı ordusunun yaranmasına güclü təkan olmuşdu. Təbrizdə 1941-ci ildən nəşr olunmağa başlayan və az vaxtda xalqın böyük sevgisini qazanmış "Vətən yolunda" qəzetinin redaksiya heyətində M.İbrahimov, C.Xəndan, Ə.Məmmədxanlı, Q.Məmmədli, M.Rahim, Q.Musayev-İlkin, H.Şahgəldiyev, R.Quliyev, Ə.Sadıqov, İ.Nəzərov kimi görkəmli alim və yazıçılar fəaliyyət göstərirdilər. "Vətən yolunda" qəzetinin günaşırı nəşrini təşkil edən bu ziyalılar yerli ədəbi qüvvələrin, sənət ustalarının daha mütəşəkkil formada fəallaşması, ədəbi bilik səviyyəsinin yüksəlməsinə öz töhfələrini vermişlər.

Bu dövrdə yazıb-yaradan Güney şairlərinin yaradıcılığına başlıca olaraq Vətən mövzusu, xalqın azadlıq, istiqlal arzularının ifadəsi, Ana torpağa məhəbbət, ana dili uğrunda mübarizə motivləri xas olsa da, eşqi, məhəbbəti və gözəlliyi tərənnüm edən şeirləri də az yaranmırdı. Həyatın mənası, yaşamaq, gəlimli-gedimli dünyanın mahiyyətinə varmaq cəhdindən doğan və dərin məna kəsb edən fikirlər, fəlsəfi düşüncələrin hakim olduğu poeziya nümunələri Güney ədəbiyyatını rövnəqləndirir.

Akademik Mirzə İbrahimovun təbirincə desək, hətta elə şeirlər var ki, satirik ruhdadır, onlarda bədii ümumiləşdirmə, obrazlı təfəkkür güclüdür.

Şair Sabit Manafzadə "Nə imiş" şeirində zəmanənin, dünyada baş verən proseslərin çox təzadlı vəziyyətini əks etdirir. Qatı şovinizmə, dini fanatizmə gətirib çıxaran "milliyyətçiliyə" və mövhumi etiqadlara kor-koranə pərəstişkarlığı o, "Nə imiş" şeirində belə tənqid atəşinə tutur:

 

...Məzhəb üstündə qopan bir belə qovğa nə imiş?!

Xilqətin bu işə göstərdiyi məna nə imiş?!

 

Fikir azadlığı, işıqlı insan şüur və düşüncəsinin dini xürafatın ağlasığmaz mövhumi uydurmalarına qarşı etiraz səsi duyulan bu şeirdə sağlam şüur və humanizm insanları bir-birinə düşmən edən, arasına nifaq toxumu səpən əsassız çürük, məhdud, qatı millətçiliyə qarşı qoyur.

Hüseyn Cavan kimi el aşıqları milli-demokratik hərəkat təlatümə gəldiyi zaman səngərdən səngərə gəzir, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırır, eyni zamanda, "Vətən yolunda" qəzeti ilə əməkdaşlıq edirdi. sazını sinəsinə basıb xalq arasına çıxır, doğma türkcədə şirin-şirin çalıb-oxuyur, əməkçi xalq kütləsini azadlıq uğrunda mübarizəyə səsləyirdilər. Aşıq Hüseynin 1941-46-cı illərdə millilik, azadlıq ruhlu ictimai-siyasi motivli, həyatın, dövrün tələbin-dən doğan şeirləri - "Ellərin sənəti var", "Görməduz", "Ay seyid", "Dosta aşiqəm", "Təzə gül, təzə", "Mən də əsgərəm" müxtəlif mətbuat orqanlarında çap olunur, rəğbətlə qarşılanırdı. Aşıq Hüseyn mürtəce hakim dairələrinin, ər-babların, din xadimlərinin riyakar, ikiüzlü siyasətinə, özba-şınalığına və satqınlığına qarşı çıxır, Görməduzun mərd, igid oğullarını silaha sarılmağa, yadelliləri ana torpaqdan qovmağa səsləyən əsərlər yaradır, döyüş meydanlarında azadlığa çağırış ruhlu mahnılar, siyasi məzmunlu şeirlər oxuyaraq döyüşçüləri ruhlandırır, xalqa baş verən hadisələrdən baş çıxarmaqda, qətiyyətli və dözümlü, cəsur olmaqda yardımçı olurdu.

O, "Mən də əsgərəm" qoşmasında hər kəsin artıq vətəndaşlıq borcunu qeyrətlə yerinə yetirməyin vaxtı çatdığını, məqamı olduğunu yazırdı:

 

Qabağı tutulmaz qaynar bulağın,

Nuru sönməz el yandıran çırağın

Keşiyində durmaq ana torpağın

Böyük vəzifədir hər bir insana.

 

Aşıq şeirinin bütün növlərində əsərlər yaradan Aşıq Cavan əsasən gəraylı və qoşmalara üstünlük verib, Vətənin gözəlliklərini, əmək qəhrəmanlarını öz şeirlərində vəsf edib. Yüksək insani keyfiyyətə, fitri istedada malik Hüseyn Cavan hər zaman sevilib, el şənliklərinin bəzəyi olub. Onlarla gənc aşığın yetişməsində böyük əməyi olan, üç dastan yaradan H.Cavanın bir-birinin ardınca çap olunan "Azadlıq mahnıları", "Sədəfli saz", "Danış telli sazım", "El aşığı" kimi 10-a yaxın şeirlər kitabı ona ümumxalq məhəbbəti qazandırıb. Cənubi Azərbaycanın ozan oğlu ömrünün böyük bir hissəsini Şimali Azərbaycanda yaşadı. Amma heç vaxt oğulluq borcunu unutmadı.

 

Təbriz bir anadır, sən də oğlusan,

El bilir, ürəkdən ona bağlısan,

Oğlun Səttarxandan sinə dağlısan,

Onuncün ağarıb başın Qaradağ.

 

Sarılıb boynuna bir körpə sayaq,

Doyunca hüsnünə baxaydım, Təbriz!

Sən bir dağ olaydın, mən də bir bulaq,

Şırhaşır sinəndən axaydım, Təbriz!

 

Onun sazı-sözü Azərbaycanın hər iki tayında azadlıq simvoluna çevirilib. Çoxlu sayda şagirdlər yetişdirən aşığı Milli hökumət - Azərbaycan Demokratik Firqəsi "21 Azər" medalı ilə təltif edir. 1946-cı ilin martında Təbrizdə dövlət dram teatrı təşkil olunarkən H.Cavan direktor müavini vəzifəsində çalışıb, inqilabi ruhlu nəğmələrilə çıxış edir. Burada aşıqlar ansamblı yaradır. Azərbaycan Demokrat firqəsi və milli hökumət ona Xalq artisti fəxri adını verir.

Bu dövrdə Azərbaycan publisistikası da keçmişin zəngin ənənələri əsasında müasir dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilirdi. Mətbuat və nəşriyyatın ana dilində, geniş miqyasda yayılması, ilk dəfə olaraq kəndlərə yol açması, kənd və şəhərlərdə zəhmətkeş kütləyə keçmiş və gələcəyi, gündəlik təsərrüfat qayğıları haqqında məhz doğma Azərbaycan türkcəsində söz açması çox mühüm hadisə idi. Bu işdə "Azərbaycan" qəzetinin rolu, xidmətləri daha geniş miqyas alırdı.

Bu dövrün poeziyasının, qeyd etdiyimiz kimi, aparıcı mövzusu Vətən eşqi, Ana torpağın, Azərbay-canın tərənnümü, vətənpərvərlik motivləri idi və Mir Tağı Milani, Əli Fitrət, M.Etimad, İbrahim Zakir, Mir Mehdi Çavuşi, Hüseyn Səhhaf, Cəfər Kaşif, Mədinə Gülgün, H.Bülluri, Ə.Tudə, Məhəmməd Bağır Ninnam, Səhənd, SöhrabTahir, B.Azəroğlu, Y.Şeyda, Həbib Sahir, Coşqun, Həsrət-Ə.Hüseyni, Əli Kəmali, Huşyar, Musa Tahiri və başqaları yeni-yeni əsərlər yaradaraq Güney poeziyasını nə qədər sürətlə inkişaf etdirirdilər, ancaq nəsr və dramaturgiyanın gəlişməsi ləngiyirdi.

M.F.Axundovun povestləri, fars dilinə tərcümə edilmiş Əbdürrəhim bəy Talıbzadənin "Kitabi-Əhməd", "Məsalün-əl-Möhsünin" adlı əsərləri yayılaraq Azərbaycanın, eləcə də İranın müasir realist nəsrinin ilk nümunələri kimi qəbul edilir.

Cəfər Müciri yazır ki, Həmzə Fəthi Xoşginabinin "Azərbaycan" qəzetində (12 avqust 1946-cı il sayında) dərc olunmuş "Məsum Məsumə", İslam Sərrafinin "Toy paltarı", Qəhrəman Qəhrəmanzadənin "Medal", "Dərmansız dərd" hekayələrində, Hüseyn Səlimülnəfsin "Dirilər mədfəni" xatirə hekayəsi, "Ləyaqətli bir töhfə" hekayələrində Azərbaycan kəndlərində hökm sürən hüquqsuzluq və hakim siniflərin özbaşınalıqları, zəhmətkeşlərin işsizliyə və məhrumiyyətlərə qarşı mübarizəsi, iqtisadi çətinliklər üzündən Azərbaycan türklərinin ana yurdunu tərk etməsi, səmimi və təbii kənd həyatı, nakam məhəbbət motivləri, adət-ənənələr, milli-azadlıq hərəkatının qələbəsi, xalq həyatında onun izləri və sair məsələlər qoyulmuş və həmin məsələlərin bədii həllinə çalışılmışdı.

Bütün dediklərimiz bizə möhkəm əsas verir deyək ki, 21 Azər Nehzəti Güney Azərbaycan ədəbiyyatının inkişafında mühüm təkan olmuş, münbit şərait yaratmış, ədəbiyyat-poeziya çiçəklənmə dövrünü yaşamışdı.

Sonda professor Rafiq İmraninin Azərbaycan Milli Hökuməti dövründə incəsənətin inkişafına həsr etdiyi məqaləsindən bir fikri xatırlatmaq istərdim: "Milli Hökuməti olmayan xalq anasız-atasız böyüyən yetim uşağa bənzəyir. Allah heç bir xalqı, xüsusən də sayı 30 milyonu keçmiş Cənubi Azərbaycan xalqını anasız-atasız qoymasın!"

Azərbaycan Milli Hökuməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər qeyd olunmalıdır. Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı, inqilab günəşi qətlə yetirilən minlərlə soydaşımızın günahsız axıdılan qanlarının yaratdığı qan gölündə boğduruldu. Min təəssüf ki, İran mərkəzi höküməti bir qədər öncə Azərbaycan Milli Höküməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanımış olsa belə, eyni ildə Pəhləvi fars dövləti ordusu xarici havadarlarının köməyi ilə Azərbaycana hücum etdi və Milli Hökumətin mövcudluğuna son qoydu. Güney Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkü qətl edildi, dar ağaclarından asıldı və sürgünə göndərildi. Seyid Cəfər Pişəvəri başda olmaqla, Azərbaycan Milli hökumətinin qurucularına ağır işgəncələr verildi. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak oldu. Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə dar ağacından asıldı, maarif naziri Məhəmməd Biriya sovet siyasi rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlandı. Milli Hökumətin digər qurucuları da həbs və sürgünlərə göndərildi, ağır mühacirət həyatı yaşamağa məcbur olundular.

Azərbaycan Milli Hökumətinin ömrü uzun olmadı, bir il yaşadı. Lakin "bu hökumətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan verdi... (Əslində İranda baş verən son etiraz dalğasının, qanlı olaylar da həmin inqilab zəncirinin növbəti halqası, davamıdır...)" Milli Hökumət dövründə bulaq tək çağlayan ədəbiyyatın kökləndiyi nikbin notlar hökümətin süqutundan sonra bədbin notlarla əvəzləndi. Güney və Quzey Azərbaycanı Araz çayı boyunca ayıran sərhədlər daha da möhkəmləndi, bütöv xalq amansızcasına iki yerə parçalandı. Sərhədlərin qəfil bağlanması sonucunda balasından, ata-anasından, bacı-qardaşlarından ayrı salınan başıbəlalı soydaşlarımızın gözlərində həsrət yaşları gilələndi. Və o taylı-bu taylı Azərbaycan ədəbiyyatında yeni bir qol - Həsrət ədəbiyyatı yarandı...

SİZƏ MARAQLI OLA BİLƏR