Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Müstəqillik dövrünün müstəqil mətbuatı: “525-ci qəzet” mövzusunda tədbir keçirilib

18-11-2022 [ 09:46 ] [ oxunub:57 ]
printerA+ | A-
102873

Noyabrın 17-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “525-ci qəzet”in 30 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövrünün müstəqil mətbuatı: “525-ci qəzet” mövzusunda tədbir keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların baş direktorları, əməkdaşları, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin əməkdaşları, Türkiyə və Özbəkistandan qonaqlar, eləcə də “525-ci qəzet”in kollektivi və KİV nümayəndələri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidi Akademiyanın dostu və Azərbaycanın görkəmli ziyalısı adlandırıb və onu Azərbaycan Mətbuat Şurasının sədri seçilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, Rəşad Məcidin bu vəzifəyə seçilməsi geniş mənada Azərbaycan mətbuatının, xüsusilə “525-ci qəzet”in ən böyük nailiyyətlərindən biridir. Onun sözlərinə görə, “525-ci qəzet” müstəqil Azərbaycanın müstəqillik dövrü mətbuatının ən davamlı və uğurlu nümunəsidir.

Azərbaycanın müstəqilliyini bərpasından sonra ölkəmizdə çox sayda mətbuat nümunələrinin meydana çıxdığını deyən AMEA rəhbəri bildirib ki, ötən illər ərzində onlardan bir çoxu fəaliyyətini dayandırsa da, müstəqilliyimizlə yaşıd olan “525-ci qəzet” öz missiyasını aydın şəkildə yerinə yetirməkdədir: “525-ci qəzet” müstəqil mətbuat yaratmaq istəyənlər üçün ən böyük nümunədir. Azərbaycanın dövlətçilik, müstəqillik ideyalarını qoruyan, özünəməxsus siması olan çoxprofilli mətbu orqandır. “525-ci qəzet” Azərbaycan cəmiyyətinin maraqlandığı bütün sahələr üzrə, istər ictimai-siyasi, iqtisadi, istərsə də elmi, ədəbi, mədəni, idman və digər istiqamətlərdə məqalə və xəbərləri peşəkarcasına ictimaiyyətə təqdim edir. Həmçinin müəllifləri də genişprofillidir və bir sözlə, “525-ci qəzet” Azərbaycanın müstəqillik dövrü mətbuatının flaqmanıdır”.

Akademik İsa Həbibbəyli bildirib ki, “525-ci qəzet” yarandığı gündən Azərbaycan alimləri ilə sıx əməkdaşlıq edir və AMEA-nın son 30 ildəki tarixini qəzetin materiallarını oxumaqla tanış olmaq mümkündür. O qeyd edib ki, “525-ci qəzet” daim Azərbaycan cəmiyyətini, oxucusunu dolğun, qərəzsiz informasiya ilə təmin edib və çoxprofilli olub bütün istiqamətlərdə fəaliyyətini peşəkar şəkildə davam etdirməsinin başlıca səbəbi onun baş redaktoru Rəşad Məciddir. Akademikin sözlərinə görə, Rəşad Məcid ictimai-siyasi xadim, görkəmli mətbuat nümayəndəsi kimi özünü sübut edib və Azərbaycan mətbuatı tarixində fərqli jurnalistika məktəbi yaradıb: “525-ci qəzet” həftədə bir dəfə Feysbuk sosial şəbəkəsindən seçmələri çap edir. Bu, Feysbukun qəzet variantıdır. Bir sözlə, Azərbaycan mətbuatında yenilikdir. Rəşad Məcid ədəbi məktəbin sərhədlərini aşaraq müasir, çoxprofilli jurnalistika məktəbi yaradıb. Onun baş redaktoru olduğu “525-ci qəzet” isə sabah gedən yollara rəhbərlik edən, ictimai fikrin formalaşmasında ön cərgələrdə dayanan nümunəvi mətbu orqandır”.

AMEA rəhbəri çıxışının sonunda Rəşad Məcidi və qəzetin kollektivini 30 illik yubileyləri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

AMEA prezidenti üzərində Şuşa qalasının və Xarıbülbülün təsviri olan rəsm əsərini “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə təqdim edib.

Sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Jurnalistikada məktəb yaratmış qəzet: “525-ci qəzet” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə, həmçinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Türkiyədən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayev, həmin müəssisənin şöbə müdiri, professor Şirindil Alışanlı, baş mütəxəssisi Ülkər Hüseynova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov çıxış edərək qəzetin kollektivini və baş redaktor Rəşad Məcidi təbrik edib, nəşrin Azərbaycan mətbuatına və cəmiyyətinə verdiyi töhfələrdən danışıblar.

Daha sonra “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid AMEA rəhbərinə və çıxış edənlərə minnətdarlığını bildirib, həmçinin akademik İsa Həbibbəylini Akademiyanın prezidenti seçilməsi münasibətilə təbrik edib: “30 il bundan qabaq fəaliyyətə başlayanda 17 Noyabr - Milli Dirçəliş Günü idi. 10 illik yubileyimizi Azərbaycanın ictimai fikrini əhatə edən insanlarla keçirmişdik. Biz qürur duyuruq ki, 1998-ci ildə o vaxt Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyevin “Neft bizim üçün məqsəd yox, vasitə olmalıdır” müsahibəsi ilk dəfə Azərbaycan mətbuatında “525-ci qəzet”də çap olunmuşdu. “525-ci qəzet” həm ədəbiyyat, mədəniyyət hadisələrinə, həm də siyasi proseslərə münasibətdə təmkinli mövqeyini qoruyub-saxlayıb. 25 illiyimizi Bakı Dövlət Universitetində keçirdik. Bunun da bir mənası var idi. Bizim əksəriyyətimiz BDU-nun Jurnalistika fakültəsini bitirmişdik. Akademik İsa Həbibbəyli o vaxt da Ədəbiyyat İnstitutunda yubileyimizi keçirmişdi”.

Rəşad Məcid Akademiya prezidentinin iştirakı ilə bir qəzetin yubileyinin keçirilməsini yüksək qiymətləndirib və minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

FOTO QALEREYA