Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” mövzusunda beynəlxalq konfrans

15-07-2022 [ 17:30 ] [ oxunub:474 ]
A+ | A-

İyulun 15-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

İyulun 18-dək davam edəcək konfrans çərçivəsində Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Pakistan Ədəbiyyat Mərkəzi ilə də tanışlıq olub.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Pakistan əlaqələrinin 30 illiyinə töhfə olan konfransın Lahor Dövlət Kollec Universiteti ilə birgə təşkil edildiyini bildirib. Akademik bu münasibətlə Pakistandan 11 nəfərlik heyətin gəldiyini və artıq müəyyən tədbirlərin keçirildiyini xatırladıb. Qeyd edib ki, ötən gün Pakistan heyəti AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovla görüşüb, Nizami Gəncəvinin heykəli önündə xatirə şəkilləri çəkdirib, AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub və Azərbaycan Milli Tarix Muzeyini ziyarət ediblər.

Natiq Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyətinin ölkəmizə və Akademiyaya ilk səfərinin qurumlar arasında imzalanmış anlaşma memorandumunun icrasına yeni şərait yaradacağından bəhs edib. Azərbaycan-Pakistan dostluq, qardaşlıq əlaqələrinin inkişafından danışan akademik İsa Həbibbəyli elmi əlaqələrin tarixindən və bu günündən də söz açıb. O, konfransın gedişində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Pakistan guşəsinin açılacağını, Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin, Azərbaycan Yazıçılar Birliyinin “Dünya ədəbiyyatı” jurnalının Pakistan ədəbiyyatına həsr olunmuş xüsusi buraxılışının təqdimatının baş tutacağını, Quba Soyqırımı Memorial Kompleksinə, bir sıra muzeylərə səfərlərin təşkil ediləcəyini bildirib.

Konfransın açılış mərasimində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müavini Müəzzəm Əli, Lahor Dövlət Kollec Universitetinin Urdu dili kafedrasının müdiri, professor Saima İram və həmin kafedranın dosenti Almaz Xanum çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Eynulla Mədətli “Azərbaycan-Pakistan: dostluq və qardaşlığın tarixi kökləri”, Lahor Dövlət Kollec Universitetinin Ərəbşünaslıq və İslamşünaslıq kafedrasının müdiri, Dr. Hafiz Məhəmməd Nayem “Azərbaycan: multikulturalizm və dinlərarası harmoniya modeli kimi”, Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov “Azərbaycan-Pakistan ədəbi əlaqələri: tarix və bu gün” və Lahor Dövlət Kollec Universitetinin Fars dili kafedrasının dosenti, Dr. Babar Naseem Assi “Nizami Gəncəvi: “Xəmsə”nin yaradıcı şairi” mövzularında məruzə ediblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR