Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan-Özbəkistan elmi əlaqələrinə həsr olunmuş sessiya keçirilib

08-07-2022 [ 16:50 ] [ oxunub:42 ]
printerA+ | A-
102574

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Humanitar Elmlər Bölməsinin “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistan səfəri və elmi əlaqələrin inkişaf etdirilməsinin yeni mərhələsi” mövzusuna həsr edilmiş elmi sessiyası keçirilib. Elmi sessiyada Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov və akademiyanın bir neçə institutunun direktoru və əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan səfəri və humanitar elmlər sahəsində əlaqələrin inkişaf etdirilməsinin yeni mərhələsi haqqında ətraflı çıxış edib.

Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, “hər il akademiyanın müxtəlif institutlarında Azərbaycan-Özbəkistan münasibətlərinə aid konfranslar keçirilir, kitablar çap edilir. Bugünki görüşümüz isə tamamilə fərqlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin iyun ayında Özbəkistana dövlət səfəri, orada imzalanan sənədlər, təşkil olunan yüksək səviyyəli qarşılanma mərasimləri Azərbaycan və Özbəkistan əlaqələrini tamamilə yeni tarixi mərhələ səviyyəsinə qaldırdı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və min illər tarixi olan Azərbaycan-Özbəkistan çoxcəhətli əlaqələri Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri və orada əldə olunan razılaşmalarla tamamilə fərqli istiqamətdə bundan sonra da inkişaf edəcəkdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dövlət səfəri zamanı göstərdiyi yüksək qonaqpərvərlik, Özbəkistanda ulu öndər Heydər Əliyevin adına parkın, küçənin, baralyefin açılması müasir Özbəkistan dövlətinin Azərbaycan Prezidentinə, Azərbaycan xalqına hörmət və ehtiramının bariz nümunəsidir. Eyni zamanda Bakıda Əlişir Nəvainin, Daşkənddə Nizami Gəncəvinin heykəlinin olması, hər il sizinlə bərabər orada tədbirlər keçirməyimiz bu qardaşlığın tarixi təməllər üzərində bugünkü səfərlə bağlı olaraq yeni mərhələyə çatdığını göstərir.

Bu istiqamətlərin içərisində elm də özünəməxsus yer tutur. Cənab Prezidentin səfəri çərçivəsində AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimovun Özbəkistan Elmlər Akademiyasının prezidenti Behzad Yoldashevlə birgə Azərbaycan-Özbəkistan elmər akademiyaları arasında imzaladıqları müqavilə elmi əlaqələrin daha intensiv şəkildə inkişaf etdirilməsinə böyük stimul verəcək. Həmin müqavilə müstəqillik dövründə bu istiqamətdə imzalanan ilk sənəddir.

Xivədə keçirlən görüş xüsusi tarixi əhəmiyyətə mailkdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə Məhəmməd Füzulinin əlyazmasını hədiyyə etdi. Azərbaycanın əlyazmalar fondunda da Əlişir Nəvainin qiymətli əlyazmaları var. Hesab edirəm ki, cənab Prezidentin Özbəkistan səfərindən sonra qarşıda duran əsas məsələlərdən biri də Əlişir Nəvainin Azərbaycan kataloqunu hazırlamaq, Bakıda saxlanılan əlyazmalarını çap etmək qardaşlıq borcumuzun ifadəsidir. Özbəkistan-Azərbaycan əlaqələri Azərbaycan üçün strateji bir səviyyəyə gəlib çatmışdır. Bizim də borcumuz prezidentlərimizin atdığı addımlardan nümunə götürərək bu sahəni daha da inkişaf etdirməkdir. Bilirsiniz ki, Ədəbiyyat İnstitutunda Əlişir Nəvai Mərkəzi fəaliyyət göstərir. İndi qarşımızda duran əsas məsələ Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı, Əlişir Nəvai və Türk dünyası məsələlərini təzədən, daha sistemli  öyrənməkdir.

Bunlardan başqa, Azərbaycan xalqı heç vaxt unutmayacaq ki, müstəqilliyin ən çətin illərində Özbəkistan dövləti Özbəkistanda Ermənistanın səfirliyinin açılmağına razılıq vermədi. Bu gün də Daşkənddə Ermənistanın səfirliyi yoxdur. Bu siyasi hakimiyyətin bütün dövrlərində Özbəkistan dövlətinin Azərbaycana münasibətini çox aydın ifadə edir. Bu gün isə prezidentlərimizin atdığı addımlar, ortaya qoyduğu mövqe dostluğumuzu ən yüksək səviyyəyə çatdırdı”.

Sonra Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və elmi əlaqələrin inkişaf etdirilməsinin yeni mərhələsinə aid elmi sessiya təşkil edilməsi üçün təşəkkürlərini çatdırıb. Vurğulayıb ki, “Özbəkistan və Azərbaycan münasibətlərində tarixi hadisə gerçəkləşdi. 21-22 iyun tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səfəri ilə iki dövlət arasında müxtəlif sahələri əhatə edən iyirmiyə yaxın sənəd imzalandı. Bunların hamısı mühümdür. Mədəniyyət və elm sahəsində olanları xüsusi vurğulamalıyıq”.

Səfir Bahrom Aşrafxanov eyni zamanda bu günə qədər səfirliklə Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirləri xatırladaraq, bundan sonrakı əməkdaşlığımızın daha intensiv olacağını vurğulayıb.

Elmi sessiyada Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Azərbaycanda Özbək ədəbiyyatı əlyazmalarının tədqiqi və nəşri: dünəni, bu günü və sabahı”, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Azərbaycan və Özbəkistan qarşılıqlı bədii əlaqələri: ənənələr və perspektivlər”, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli “Azərbaycanda Özbək dilinə həsr olunmuş tədqiqatlar və gələcək perspektivlər” və Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi “Azərbaycan nəvaişünaslığı: nailiyyətlər və vəzifələr” mövzusunda məruzələrlə çıxış ediblər.

FOTO QALEREYA