Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü - Əlizadə Əsgərli

03-07-2022 [ 12:24 ] [ oxunub:605 ]
printerA+ | A-
102553

    “Azərbaycan ədəbiyyatı tarixi”nin “Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü”adlı V cildi (10 cilddə. Bakı, “ELM”, 2021, 932 s.) akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə çap olunub. Redaksiya Şurası İsa Həbibbəyli (baş redaktor), İslam Qəribli (məsul redaktor), Şahbaz Şamıoğlu Musayev (məsul redaktorun müavini) və Mehman Həsənlidən (məsul katib) ibarətdir. Akademik nəşr baş redaktorun “Azərbaycanda maarifçilik hərəkatı və ədəbiyyatda maarifçi realizm dövrü” adlı ön sözü və 3 fəsildən ibarətdir.

Realizmin ədəbiyyatımızda əsaslı təşəkkülü XVIII əsrə aiddir. Erkən realizm Molla Pənah Vaqifin adı ilə bağlıdır. Akademik İ.Həbibbəyli  yazır ki, erkən realizmin səciyyəvi xüsusiyyəti klassik romantik lirikadan fərqli olaraq xalq həyatını, ölkə coğrafiyasını ədəbiyyata gətirib. Orta əsrlərin qəzəl-qəsidə şeirini heca vəznli  qoşma, gəraylı janrları əvəz edib. Cəmiyyətdəki yeniləşmə, milli məişətin reallıqlarını isə XIX əsrin maarifçi realizmi həyata keçirib.

Dövrün aparıcı ədəbi istiqamətini maarifçilik hərəkatı müəyyən edib, maarifçi ideyalar ədəbi-ictimai fikrə geniş təsir göstərib.

Azadlıq mübarizəsinin təşəkkülündə xanlıqlar dövrü maarifçi düşüncənin qüvvətlənməsinə müəyyən şərait yaradıb. Qərb maarifçiliyi isə maarifçi mühit üçün  ideya qaynağı olub. Akademik İ.Həbibbəyli yazıb ki, Qərbdən gələn maarifçi ideyalar, ədəbi-mədəni proses rus həyatının bütün sahələrini hərəkətə gətirib, oradan Azərbaycana yayılıb. Qərb maarifçiliyinin əsaslarını təşkil edən feodal-monarx əxlaqı və despot mühitinə inkarçı münasibət, maarifçi fikir və düşüncənin müdafiəsi yeni dövr ədəbiyyatımızın məramını, əsas yönlərini hazırlayıb.

İ. Həbibbəyli mövcud elmi-nəzəri fikrin əsasları üzərində dayanıb. XIX yüzildən XX yüzilin əvvəllərinə qədərki ədəbi cərəyanın tənqidi realizm dövrü kimi qiymətləndirilməsi, problemə baxışın XX əsrin 60-cı illərinə qədərki davamı, bu sahədə AMEA-nın müxbir üzvü, professor  Yaşar Qarayev və professor Arif Hacıyevin tədqiqlərini yada salıb, qeyd edib ki, (Y.Qarayev. Realizm: sənət və həqiqət /Azərbaycan realizminin inkişaf mərhələləri. Bakı, “Elm”, 1980; Arif Hacıyev. Azərbaycan relaizmi. Bakı, “Yazıçı”, 1984; A.Hacıyev. “Sovet Şərqi xalqlarının ədəbiyyatında realizm. Bakı, “Yazıçı”, 1978) 1960-cı illərdəki müzakirələrdə ədəbiyyatın  xarakteri düzgün nəzərə alınıb, 1960-70-ci illər Azərbaycan ədəbiyyatşünaslığı ədəbi mühitdə təkcə tənqidi realizmin yox, maarifçi realizmin də  mövcudluğunu qəbul edib. Elmi-ictimai fikrin yekdil səviyyəsi XIX yüzilliyi maarifçilik əsri kimi qəbul edib. Bu sahədə ədəbiyyat, mətbuat, təhsil, məktəb və teatr həyatı ciddi amil olub. Xüsusən, milli mətbuat xalqın milli-mənəvi oyanışları və maarifçilik hərəkatının inkişafında mühüm rol oynayıb. Məktəblərdə ana dili və ədəbiyyatın öyrənilməsi, ilk dərsliklərin yaranması, əlifba islahatlarının meydana çıxması maarifçilik hərəkatının inkişafına ciddi təsir göstərib.

Akademik İsa Həbibbəylinin bir müddəasına görə, XIX əsrin II yarısından Azərbaycanda maairfçilik milli ideyadan böyük maarifçi hərəkat səviyyəsinə yüksəlib.  İlk Azərbaycan maarifçiləri Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh və İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatının yeni ideyalarla zənginləşməsində böyük töhfə verib.

İ.Həbibbəyli şərh edib ki, XIX əsrin I yarısında Azərbaycan ədəbiyyatında klassik divan şeiri ənənələri ilə maarifçi ideyalar yanaşı inkişaf etdirilib. Divan şeiri əsasən, XVII-XVIII əsrlərdən romantik görkəmdən didaktik mahiyyətə  doğru yönəlib, xalq-aşıq şeirinə meyil qüvvətlənib. İ.Həbibbəyli bu qənaətdədir ki, hətta, dövrün təriqət ədəbiyyatında təsəvvüf ideyaları ilə yanaşı, maarifçi meyillərin  izləri də olub (nəqşbəndilik, nəbatilik, nigarilik). İ.Həbibbəyli onu da ifadə edib ki, XX əsrdə həm divan şeirində, həm də təriqət ədəbiyyatında dünyəvi həyata baxış genişlənib, bu da ilk növbədə dövrün maarifçilik hərəkatı ilə əlaqəli olub. XIX əsrdə maarifçi ideyalar ədəbi fikrin əsas, aparıcı mövzusuna şevrilib. Mirzə Fətəli Axundzadə xalq hərəkatı ideyasını irəli sürülüb. İslahatçılıq mütəfəkkir ədibin maarifçilik baxışlarından, xalq hakimiyyəti ideyası isə demokratizmindən irəli gəlib,– müəllif bu fikirdədir.

M.F.Axundzadənin timsalında maarifçilik ideyadan hərəkat səviyyəsinə çatdırılıb, məktəbdarlıq, tərcüməçilik, teatr və qəzetçilik sahəsində Rusiya və Avropada alınan təhsil, Qərb maarifçiliyinə bələdlik maarifçiliyə aid bütün sahələrdə böyük canlanma yaradıb. Maarifçi şeirdə məktəb, təhsil, elm, ağıl barəsində düşüncələr,  öyüd və nəsihətlər aparıcı olub (A.Bakıxanov, S.Ə.Şirvani, Məhəmməd Tağı Sidqinin pedaqoji-əxlaqi fəaliyyəti).

Elmi qənaət budur ki, Azərbaycan maarifçi-realist ədəbiyyatının formalaşdığı, inkişafa başladığı dövr XIX əsrin 30-cu illəridir. Ədəbiyyat Şərq yönlü klassik poeziyadan ayrılaraq özünü ölkə maraqlarında göstərib, Qərbə meyillilikdə  təzahür edib. Ədəbi-ictimai  fikirdə Qərb maarifçiliyi əsas yön olub. Azərbaycan ədəbiyyatı insan və cəmiyyət problemləri ətrafında düşünüb, yeni həyat uğrunda mübarizəyə başlayıb.

Akademik İsa Həbibbəyli yazıb: “Maarifçi realizm – Azərbaycan ədəbiyyatında realizm ədəbi cərəyanın ayrıca mərhələsi olub XIX əsr ədəbiyyatının əsas aparıcı istiqamətini, ideya əsasını və sənətkarlıq xüsusiyyətlərini müəyyən edən bədii yaradıcılıq sistemidir. Maarifçi realizm XVIII əsr erkən yeni dövr Azərbaycan ədəbiyyatı ilə XX əsrin tənqidi realizm dövrü arasında mühüm  əlaqələndirici funksiyasını yerinə yetirmiş, ədəbiyyatda yeniləşmə ilə birlikdə həm də davamlılığın, varisliyin, bütövlüyün təmin olunmasına xidmət etmişdir” s.12

Alimin bir elmi müddəası da davamlıdır: “Məhz XIX  əsrdə maarifçilik ideyaları ədəbiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilməklə Azərbaycan maarifçi realizmini yaratmış və inkişaf etdirmişdir. Konkret tarixi şəraitdə oxşar dünyagörüşün, bir-birinə yaxın olan yaradıcılıq ideallarının, fərdi üslubların mövcud olması ilə meydana çıxan, vahid mövqeyə və böyük maarifçi hədəflərə malik yazıçıları özündə cəmləşdirən maarifçi realizm XIX əsrdə Azərbaycanda ədəbi cərəyan səviyyəsinə yüksəlmişdir”. s.13

İ.Həbibbəyli tezisləşdirib ki, XIX əsr ərzində kompakt şəkildə Azərbaycanda və Qafqazda bir-biri ilə əlaqəli şəkildə yaşayıb yaradan yazıçıların ideya-yaradıcılıq birliyi maarifçi realizmin ədəbi cərəyan kimi formalaşmasında mühüm rol oynamışdır”. s.13

İ.Həbibbəyli hesab edib ki, M.F.Axundzadə ədəbi məktəbi ilə maarifçi realizm ədəbi cərəyanı arasında bərabərlik işarəsi qoymaq olar. O, Azərbaycan maarifçi realizminin banisi, yaradıcısıdır. İ.Həbibbəyliyə görə, M.F.Axundzadə maarifçi ədəbi cərəyanı təqndidi realizmin hüdudlarına qədər inkişaf etdirmişdir. Alim yazıb ki, milli-mənəvi özünüdərk proseslərinin genişlənməsi, cəmiyyətin müasir inkişafının təmin edilməsi və böyük gələcəyin qurulması üçün ədəbiyyat ideya-məzmunca və janr baxlmından yeniləşməlidir. S.13 M.F.Axundzadə ədəbiyyatımıza dram, komediya, realist nəsr (povest), mənzum elegiya (poema), ilk fəlsəfi traktat, fəlsəfi məktub, ilk ədəbi tənqid, ictimai satira gətirib. XIX əsrdə ilk dəfə faciə, sonra ictimai roman janrları yaradılıb. Azərbaycan maarifçi-realist ədəbiyyatı satıranın mənzum hekayət, mənzum məktub, təmsil, həcv janrlarını meydana gətirib.

      İ.Həbibbəyli mövcud elmi müddəalarını genişləndirərək hesab edib ki, realist-satirik ədəbiyyatın əsası Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Baba bəy Şakir və Mirzə Baxış Nadimlə qoyulub.

Akademik İ.Həbibbəyli aydınlaşdırıb ki, poemalardakı mənzum hekayət XIX əsrdə müstəqil janra çevrilib, XIX əsr klassik lirikası xalq-aşıq şeirlərində satirik təzahürləri doğurub. Süjetli satirik şeirlərin yazılmasına marağı gücləndirib.

Süjetli satirik şeirlərdə hekayəçilik yığcam, tənqid və ifşa pafosu üstün olub. “Q.Zakirin süjetli satirik şeirlərində mənzum tarixi rəvayətçilik S.Ə.Şirvaninin süjetli satirasında isə tənqid meyili və müasirlik qüvvəlidir. Hər iki halda satirik əsərin tərbiyəvi sonluqla bitməsi XIX əsr satirasının səviyyəvi xüsusiyyətidir. Bütövlükdə XIX əsrdə didaktik satira maarifçi-realist ədəbiyyatın aparıcı istiqamətlərindən biri olmuşdur. Didaktik satira janrlarının meydana çıxması ilə Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq XIX əsrdə satiranın ədəbi növə çevrilməsi prosesinin ilk addımlarının atılmasına başlanılmışdır” s.18 Cənubi Azərbaycan ədəbiyyatı anlayışı da XIX əsrdə formalaşıb və bədii mətnlərdə maarifçi-didaktik istiqamət qabarıq olub. Romantik şeir ənənəsi ilə maarifçi-didaktik ədəbiyyat yanaşı inkişaf etdirilib (Əndəlib Qaracadaği, Mir Mehdi Şükufi, Məhəmmədbağır Xalxali, Əbülqasım Nəbati). Bu əsrdə klassik şeir və xalq-aşıq şeiri ənənələri davam etdirilib, dini-təriqət mötivlərinə maraq qüvvətlənib.

XIX əsrdə maarifçilik ədəbiyyatın təbliğinə meydan açıb, Bakıda (“Məcməüş-şüəra”) ,Naxçıvanda-Ordubadda (“Əncüməni-şüəra”), Gəncədə (“Divani-hikmət”), Qarabağda (“Məclisi-üns”,”Məclisi-fəramuşan”), Şamaxıda (“Beytüs-səfa”), Lənkəranda (Fövcül-füsəha), Qubada (“Gülüstan”) mövcud ədəbi məclislərdə ədəbiyyat məsələləri müzakirə olunub.

Maarifçilik əsrinin formalaşmasında dünyəvi məktəblər də əsaslı rol oynayıb (XIX əsrin I yarısı). Rus dili, Qərb ədəbiyyatı, ana dili və şəriət dərsləri dünyəvi məktəblər üçün səviyyəvi olub.

XIX əsrin II yarısında– mətbuat maarifçiliyi ideyadan hərəkatçılığa doğru yönləndirib. Ölkə teatrı da maarifçilik hərəkatını inkişaf etdirib (Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Şuşadakı teatr tamaşaları). İ.Həbibbəyli ümumiləşdirmə verib: “Məktəb –maarifçi realizmin beşiyi, ədəbi məclislər– yaradıcı qüvvələrin ədəbiyyat şəbəkəsi və müzakirə meydanı, mətbuat və teatr isə xalqa xitabət kürsüsü fünksiyasını həyata keçirmişdir” 28. Başlıca tezis, elmi müddəa belə olub:XIX əsr Azərbaycan ədəbiyyatı maarifçi  realizm dövrünün ədəbiyyatıdır.

İ.Həbibbəylinin tezis və müddəalarının bir səviyyə göstəricisi də ədəbi-nəzəri fikrimiz üçün qiymətlidir. Alimə görə, maarifçi realizm Azərbaycan realizminin konkret inkişaf mərhələsi, realizmin təzahür formalarından, yaradıcılıq tiplərindən biri, maarifçi realizm ədəbi cərəyandır. Realist bədii metod onun hərəkətverici qüvvəsidir.

XIX əsr mərhələsi Azərbaycan ədəbiyyatının maarifçilik hərəkatı və maarifçi realizm dövrüdür. Maarifçilik ictimai  fikrin, cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edib, ədəbi fikrin aparıcı istiqaməti olub. Maarifçi realizm –çoxəsrlik Azərbaycan ədəbi fikrinin xüsusi bir mərhələsidir...Maarifçi realizm Azərbaycan ədəbiyyatında XVIII əsr erkən realizminin yekunu, XX əsr tənqidi realizminin başlanğıcıdır,– akademik bu fikirdədir.

Kitabın I fəsli “XIX əsrin I yarısında Azərbaycan ədəbiyyatı” adlanıb. İcmal yazı İsa Həbibbəyli, portret-oçerklər Nadir Məmmədov və İslam Qəribli (“Abbasqulu ağa Bakıxanov”), Zaman Əsgərli (“Mirzə Şəfi Vazeh”), Nadir Məmmədov və İsa Həbibbəyli (“Qasım bəy Zakir”), Nadir Məmmədov və Güldəniz Qocayeva (“İsmayıl bəy Qutqaşınlı”), Təranə Abdullayeva (“Heyran xanım”), Səadət Vahabova (“Kazım ağa Salik”), Raqub Kərimov (“Mirzə Baxış Nadim”), İslam Qəribli (“Mirzə İsmayıl Qasir”) və Şahbaz Musayevindir (“Baba bəy Şakir”).

II fəslin “XIX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatı” adlı icmalı İsa Həbibbəylinindir. Portret-oçerklər: “Mirzə Fətəli Axundzadə” (N.Məmmədov, Ş.Şamıoğlu), “Xurşidbanu Natəvan”  (İslam Qəribli), “Seyid Əzim Şirvani” (Zaman Əsgərli, Mətanət Vahidova), “Seyd Nigari” (Z.Əsgərli, Ş.Şamıoğlu), “Nəcəf bəy Vəzirov” (Xeyrulla Məmmədov, İslam Qəribli), “Hacıağa Fəqir Ordubadi” (İ.Həbibbəyli), “Mir Mövsüm Nəvvab” (Arzu Hacıyeva), “Fatma xanım Kəminə” (Təranə Abdullayeva), “Abdulla bəy Asi” (Nəzakət Qafqazlı), “Mirzə Ələsgər Növrəs”, (Lütviyyə Əsgərzadə), “İsa Sultan Şahtaxtinski” (İsa Həbibbəyli), “Məhəmməd Tağı Sidqi” (İsa Həbibbəyli), “Əsgər ağa Gorani”dir (İslam Qəribli).

III fəslin “Azərbaycan milli teatrının yaradılması” icmalı Aynur Mustafayeva, “Azərbaycan milli mətbuatının yaradılması və inkişafı” icmalı Şahbaz Şamıoğluna aiddir. “Həsən bəy Zərdabi” portret-oçerki Baba Babayev, “Əkinçi qəzeti” icmalı Elmira Qasımova, “Ədəbi məclislər” icmalı İslam Qəribli, “XIX əsr Cənubi Azərbaycan ədəbiyyatı” icmalı İslam Qəribli, “XIX əsr Azərbaycan aşıq ədəbiyyatı” icmalı Aynur Xəlilova, “XIX əsr təriqət ədəbiyyatı” icmalı Tahirə Məmməd, “Mirzə Məhəmmədtağı Qumri” portret-oçerki İslam Qəribli, Ədəbiyyat siyahısı Pərvanə Kərimova və Solmaz Həyatovanındır. Kitabın  sonunda ingilicə və rusca xülasələr verilib.

“Azərbaycan ədəbiyyatı tarixi”nin V cildi ədəbi fikir tariximizin konkret mərhələsinə ədəbi-metodoloji baxışın praktik göstəricisi olub XIX əsr Azərbaycan maarifçiliyinin  elmi-nəzəri konsepsiyasıdır.

Akademiyamızın,  İnstitutumuzun rəhbərliyi və elmi əməkdaşlarını monumental akademik nəşr münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı və daha böyük elmi-tədqiqat uğurları arzulayırıq.