Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan aliminə Əndican Dövlət Universitetinin “Fəxri professoru” adı verilib

20-05-2022 [ 16:18 ] [ oxunub:75 ]
printerA+ | A-
102417

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova Özbəkistan Respublikasının Zahirəddin Məhəmməd Babur adına Əndican Dövlət Universitetinin dəvəti ilə həmin təhsil müəssisəsində elmi ezamiyyətdə olub.

AZƏRTAC xəbər verir ki, mayın 15-dən 19-dək Almaz Ülvi Binnətova həmin universitetdə Özbək dili və ədəbiyyatı fakültəsinin tələbələrinə “Özbəkistan-Azərbaycan ədəbi əlaqələri” mövzusunda mühazirələr oxuyub və iki dost, qardaş xalqın əbədi dostluğu tarixindəki elmi-ədəbi əlaqələrin rolundan bəhs edib.

Almaz Ülvi Binnətovanın müasir ədəbi proseslər haqqında mühazirələri bütün tələbələrin, dərsi dinləyən professor-müəllim heyətinin marağını cəlb edib və yüksək qiymətləndirilib.

Azərbaycanlı alim universitetdə fəaliyyət göstərən “Repressiya Qurbanlarının Xatirə Muzeyi”ni ziyarət edib, muzeydə təşkil olunmuş tarixi eksponatlarla tanış olub, xatirə dəftərinə öz xoş təəssüratlarını yazıb.

Bundan əlavə, Əndican şəhərində Beynəlxalq Babur Fondunun sədri, professor Zakirjon Maşrapovun dəvəti ilə onunla görüşüb, fondun nəzdindəki Arxeologiya Muzeyini və “Babur bağı”nı ziyarət edərək xatirə dəftərinə öz xoş təəssüratlarını yazıb.

Qeyd edək ki, Almaz Ülvi Binnətova 2017-ci ildən Beynəlxalq Babur Fondunun Azərbaycan bölməsinin sədridir. O, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2018-ci və 2021-ci illərdə keçirilən “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” adlı Beynəlxalq Elmi Konfrans materialları kitablarını Fondun rəhbərinə təqdim edib.

Alim Əndican Dövlət Tarix və Mədəniyyət Muzeyində, muzeyin nəzdindəki əlyazmalar fondunda da olmuş, maraqlı eksponatlarla, uzaq Hindistanda 332 illik hökmranlıq taxtı qurmuş Zahirəddin Məhəmməd Baburun doğulduğu Əndican torpağının mədəniyyəti, tarixi ilə yaxından tanış olub. Sonda həmin gün muzeylər gününə təsadüf etdiyindən paytaxt Daşkənddə fəaliyyət göstərən rəsmi “Özbəkistan 24” kanalına müsahibə verib.

Alimin son ezamiyyət günü Azərbaycandan gələn qonağın şərəfinə həmin günləri “Azərbaycan-özbək ədəbiyyatı həftəsi” adlandıraraq universitet rəhbərliyinin, professor-müəllim heyətinin və Filologiya fakültəsinin bütün tələbələrinin iştirakı ilə maraqlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə, ilk olaraq, universitet rəhbərliyi adından tədris işləri üzrə professor R.V.Mollacanov, “Özbək ədəbiyyatşünaslığı” kafedrasının müdiri, professor Zakircan Mamacanov, kafedranın professoru Dildora Abdullayeva azərbaycanlı alimə minnətdarlıq bildirib və qeyd ediblər ki, Əndican Dövlət Universitetində ilk dəfədir xarici alim mühazirə oxumaq üçün dəvət edilib və nəticədən son dərəcə hər kəs məmnun qalıb.

Buna görə də filologiya elmləri doktoru Almaz Ülvi Binnətova universitetin rektoru, professor A.S.Yoladaşev tərəfindən Zahirəddin Məhəmməd Babur adına Əndican Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülüb.

Təqdimatdan sonra universitet tələbələri Azərbaycan xalq mahnılarını, xalq rəqslərini, eyni zamanda, “Arşın mal alan” musiqili komediyasından bəzi parçaları ifa ediblər.

Sonda Almaz Ülvi yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR