Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Rəsmi xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

30-05-2021 [ 09:56 ] [ oxunub:204 ]
printerA+ | A-
100868

27 may 2021-ci il tarixində AMEA Rəyasət Heyətinin böyük konfrans zalında hibrid rejimdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın rəhbərliyi, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, akademiyanın həqiqi üzvləri və digər dövlət rəsmiləri fiziki, AMEA-nın müxbir üzvləri isə onlayn rejimdə iştirak ediblər.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Daha sonra ötən il dünyasını dəyişmiş, Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Akademik Ramiz Mehdiyev öncə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbədən danışıb. O, ötən il Azərbaycan Ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında misilsiz şücaət göstərərək 30 ilə yaxın işğal altında qalmış Qarabağ torpaqlarını azad etdiyini, müstəqillik tariximizin növbəti şanlı səhifəsini yazdığını söyləyib. Bütün Azərbaycan cəmiyyəti kimi Elmlər Akademiyasının da bu qələbənin qazanılmasında töhfələri olduğuna görə qürur hissi keçirdiyini ifadə edib.

Sonra hesabat ilində Elmlər Akademiyasının fəaliyyətinin bəzi məqamları ilə bağlı fikirlərini bölüşən AMEA rəhbəri COVID-19 pandemiyasının neqativ təsirlərinə baxmayaraq akademiyada islahatlar, idarəçilik sisteminin və elmin təşkili işinin təkmilləşdirilməsi, müasir dövrün çağırışlarına uyğun qurulması prosesinin fasiləsiz şəkildə davam etdirildiyini deyib.

Natiq AMEA-nın fəaliyyətinin təkmilləşdirilməsi və mövcud qüsurların aradan qaldırılması üçün Rəyasət Heyətində çoxsaylı müzakirələrin təşkil edildiyini, vəziyyətin yerində öyrənilməsi üçün bir sıra yoxlamalar və təhlillərin aparıldığını nəzərə çatdırıb: “Təəssüflə qeyd etməliyəm ki, yoxlamalar zamanı bəzi institut rəhbərləri obyektiv mənzərənin üzə çıxmasına mane olmağa çalışmışlar. Ona görə də, müəssisə rəhbərləri həqiqətləri gizlətməməli, əksinə problemlərin, çatışmazlıqların aradan qaldırılması üçün əməkdaşlıq etməlidirlər”.

Sonra akademik R.Mehdiyev hesabat ilində aparılan təhlil və yoxlamalar nəticəsində üzə çıxmış bəzi ciddi problemləri Ümumi Yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, sözügedən qüsurları aradan qaldırmadan AMEA-nın gələcək inkişafından, şəffaflıqdan danışmaq qeyri-mümkündür.

AMEA rəhbəri elmi fəaliyyətlə inzibati idarəetmənin sərhədlərinin aydınlaşdırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Rəyasət Heyəti aparatında əsaslı struktur dəyişikliklərinin aparıldığını söyləyib.

“Bu gün dünya elmində ciddi dəyişikliklər baş verir. Biz birdəfəlik bilməliyik ki, iqtisadiyyatın, sosial və mədəni inkişafın əsasını elm təşkil edir”, – deyən akademik R.Mehdiyev respublikada elmi inkişaf etdirməyin AMEA-nın əsas vəzifəsi olduğunu qeyd edib. Bildirib ki, alimlərimizin apardığı tədqiqatlar dünya elminin tələblərinə və Prezident İlham Əliyevin apardığı dövlət siyasətinin çağırışlarına cavab verməlidir.

AMEA-nın prezidenti nitqinin sonunda alimlərimiz, xüsusilə institut direktorlarının dəyişən gündəmi diqqətlə izləyərək öz fəaliyyətlərində yenilikləri rəhbər tutmalı olduqlarını deyib, dünya elminə inteqrasiya etməyin başqa bir yolu olmadığını söyləyib: “Bu mənada siyasətşünaslıq, ideologiya, azərbaycançılıq məsələlərinə xüsusilə fikir verilməlidir. Akademiya cəmiyyətimizdə bu işin lokomotivi rolunu oynamalıdır. Azərbaycançılıq məfkurəsinin tarixi, hüquqi, siyasi və sosial-iqtisadi əsaslarının işlənib hazırlanması ümdə vəzifələrimizdən olmalıdır”.

Daha sonra AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev ümumi yığıncaqda AMEA-nın 2020-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edib. O, hesabat ilində AMEA-da 157 elmi problem və 540 mövzu üzrə 1618 elmi-tədqiqat işinin yerinə yetirildiyini, ümumi məbləği 7 milyon manata yaxın olan 81 qrant layihəsinin icra olunduğunu diqqətə çatdırıb. Bildirib ki, hesabat ilində AMEA-da 555 kitab, 7558 məqalə çap olunmuşdur. Xaricdə çap olunan məqalələrin sayı 2692, nüfuzlu “Web of Science” və “Scopus” bazalarında dərc olunmuş elmi işlərin sayı isə 1005-dir.

Akademik D.Tağıyev elmi məhsuldarlığa görə dünyanın 234 ölkəsi sırasında Azərbaycanın mövqeyi və AMEA-nın Azərbaycan elmində yerinə dair reytinq göstəricilərini təqdim edib, eləcə də Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2020-ci ildə AMEA-nın ölkə Prezidenti tərəfindən fəxri adlar, orden və medallarla təltif edilmiş 35-ə yaxın aliminin siyahısnı diqqətə çatdırıb.

Birinci vitse-prezident hesabat ilində AMEA Rəyasət Heyətinin 21 iclasının keçirildiyini, bu iclaslarda elmi müəssisələrin səmərəliliyinin yüksəldilməsi, elmi-təşkilati, struktur və kadr məsələləri, normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm qərarların qəbul edildiyini bildirib.

AMEA Rəyasət Heyətinin fəaliyyətindən bəhs edən akademik hesabat ilində AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi, Albanşünaslıq Elmi Mərkəzi və Quba Regional Elmi Mərkəzinin yaradıldığını deyib.

Sonra D.Tağıyev AMEA-nın Fizika, Riyaziyyat və Texnika Elmləri, Kimya Elmləri, Yer  Elmləri, Biologiya və Tibb Elmləri, eləcə də Humanitar və İctimai Elmlər Bölməsinin qarşısında duran əsas problemlər, 2020-ci ildə aparılan tədqiqatlar və əldə olunan mühüm nəticələri diqqətə çatdırıb.

Nitqinin sonunda o, akademiyanın daxili islahatlar nəticəsində  həll edilə bilən və dövlət dəstəyinə ehtiyac olan problemləri, həmçinin həyata keçirilməsi nəzərdə tutulan islahatların əsas istiqamətləri və  perspektivlər barədə məlumat verib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi məsələsi ilə bağlı çıxış edib.

İ.Həbibbəyli Akademiyanın fəaliyyətini tənzimləyən əsas normativ hüquqi sənəd olan AMEA-nın Nizamnaməsinin ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə təsdiq edildiyini bildirib, Nizamnaməyə müxtəlif dövrlərdə edilən dəyişikliklər barədə məlumat verib.

Ötən dövr ərzində AMEA-da bölmələrin akademik-katibi vəzifəsinin ləğv olunduğunu və bu səlahiyyətləri vitse-prezidentlərin yerinə yetirdiyini söyləyən İ.Həbibbəyli hazırda AMEA-nın strukturunun təkmilləşdirilməsi, idarəetmə sisteminin optimallaşdırılması məqsədilə Nizamnaməyə dəyişikliklərin edilməsi zərurəti yarandığını söyləyib, Nizamnamə Komissiyasının qeyd olunan məsələlərlə bağlı hazırladığı təklifləri diqqətə çatdırıb. Əlavə edib ki, bu gün müzakirəyə çıxarılan müddəalar Nizamnaməyə 2020-ci ildə edilən dəyişikliklərdə qəbul olunan struktur islahatlarının daha da dərinləşməsinə, genişlənməsinə və tamamlanmasına xidmət edəcək.

Sonra Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, akademiklər Arif Həşimov, Vaqif Fərzəliyev, Gövhər Baxşəliyeva, Fəxrəddin Qədirov, Abel Məhərrəmov və AMEA-nın müxbir üzvü Şahbaz Muradov çıxış edərək AMEA-nın 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı yüksək qiymətləndiriblər. Onlar AMEA-nın müəssisə və təşkilatlarının əldə etdikləri ən mühüm nailiyyətlərdən söz açaraq, Azərbaycan elminin qarşısında duran problem və vəzifələrdən danışıblar, təklif və tövsiyələrini səsləndiriblər.

Daha sonra AMEA-nın akademik-katibi, akademik Adil Qəribov Ümumi yığıncağın Akademiya üzvlərinin hesabata verdikləri qiymətlər əsasında hazırlanmış qərar layihəsini səsləndirib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiya üzvlərinin təqdim etdikləri rəy, təklif və səslərini də nəzərə alaraq, qərar layihəsini səsə qoyub. Səsvermənin nəticələrinə əsasən, AMEA-nın 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib.

Ümumi yığıncaqda AMEA-nın Nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi məsələsi müzakirə olunub. Müzakirələrdən sonra AMEA-nın Nizamnaməsi edilmiş dəyişikliklərlə yeni redaksiyada qəbul olunub.

Daha sonra AMEA-nın Nizamnamə Komissiyasının tərkibində dəyişikliklər edilməsi məsələsi müzakirəyə çıxarılıb. Akademik İsa Həbibbəyli yenidən komissiyanın sədri seçilib. Komissiyanın AMEA-nın müşaviri, akademik Telman Əliyev, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Fizika İnstitutunun laboratoriya rəhbəri, akademik Nazim Məmmədov, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, Hüquq və İnsan Haqları İnstitutunun direktor müavini, hüquq elmləri doktoru Nazim Cəfərli, AMEA prezidentinin katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Kamal Əliyev, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdan ibarət yeni tərkibi təsdiqlənib.

Daha sonra AMEA Rəyasət Heyətinin rəhbər vəzifələrinə və üzvlüyünə seçkilər keçirilib. Akademik Vaqif Fərzəliyev sədr olmaqla 5 nəfərdən ibarət Hesablayıcı komissiya yaradılıb. Gizli səsvermə yolu ilə keçirilən, 46 üzvün iştirak etdiyi seçkilərdə Rəyasət Heyətinin yeni tərkibi müəyyən olunub.

Səsvermənin nəticələrinə əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev, vitse-prezidentlər, akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, Nərgiz Paşayeva, Rasim Əliquliyev, Tofiq Nağıyev, İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, akademiklər Cəmil Əliyev, Gövhər Baxşəliyeva, Adil Qəribov, Fikrət Əliyev, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Rəyasət Heyətinin tərkibinə daxil ediliblər.

Ümumi yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycan alimlərinin ölkə Prezidenti İlham Əliyevə ünvanladıqları müraciəti səsləndirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev yekun nitqində akademiyanın qarşısında duran yeni və mühüm vəzifələrdən bəhs edib. O, ölkəmizdə aparılan çoxşaxəli islahatlara uyğun olaraq, AMEA-nın da yeniləşən Azərbaycanın hədəfləri ilə səsləşən quruma çevrilməsinin zəruriliyini qeyd edib.  Akademik bildirib ki, AMEA-nın elmi müəssisələri, alim və mütəxəssisləri, xüsusən də Rəyasət Heyətinin yeni tərkibi, vitse-prezidentlər dövlət siyasətindən irəli gələn vəzifələrin icrasında yaxından iştirak etməli, ölkə Prezidenti cənab İlham Əliyevin çağırışlarına fəal dəstək verməli, ölkəmizin intellektual potensialının gücləndirilməsinə, milli strateji maraqların təmin olunmasına, beynəlxalq aləmdə Azərbaycan elminin nüfuzunun yüksəldilməsinə öz layiqli töhfələrini verməlidirlər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR