Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Rəsmi xəbərlər

Rəyasət Heyətinin növbəti iclası keçirilib

13-01-2021 [ 10:36 ] [ oxunub:198 ]
printerA+ | A-
100429

Yanvarın 12-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

Tədbiri akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rəyasət Heyətinin iclasına çıxarılan ilk məsələ AMEA-nın Humanitar Elmlər Bölməsi (HEB) və bölmənin elmi tədqiqat müəssisələrinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli bildirib ki, hesabat ilində Humanitar Elmlər Bölməsində ölkə başçısının fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Dövlət Proqramları, eləcə də AMEA Rəyasət Heyətinin qərarlarından irəli gələn bir sıra mühüm tədqiqatlar aparılıb.

Akademik İsa Həbibbəyli 2020-ci ildə HEB-in elmi müəssisələri tərəfindən müxtəlif elmi istiqamətlər üzrə fərqli mövzularda tədqiqatların aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, “Azərbaycan dilinin qlobal­laşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inki­şafına dair Dövlət Proq­ra­mı”nın müvafiq bəndlərinə əsasən, AMEA-nın Dilçilik İnstitu­tun­da­ Şərqşünaslıq İnstitutu, Bakı Dövlət Univer­si­te­ti,­ Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin mütəxəs­sislərinin cəlb edilməsi ilə birgə Milli transliterasiya standartları hazır­lanıb və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qə­bul edilərək qeydiyyata alınıb. Akademik, həmçinin Dilçilik İnstitu­tu­nun­ mütəxəssisləri tərəfindən milli transliterasiya standartları əsa­sın­da Azərbaycan Res­pub­likasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından rus və ingi­lis­ əlifbalarına transliterasiyası üzrə qaydaların hazırlandığını və Nazirlər Kabinetinin 16 dekabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunduğunu diqqətə çatdırıb.

Bundan əlavə, ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən, Əbdürrəhim bəy Haqver­di­ye­vin,  Nəriman Nərimanovun, Əziz Mirəhmədovun, Həsən Seyid­bəy­linin, eləcə də AMEA-nın Nizami Gəncəvi adı­na­ Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yubileylərinin bölmənin elmi tədqiqat müəssisələrində qeyd olunduğu vurğulanıb.

Elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr və qrantlar, elektron elmin vəziyyəti, elmi kadrların hazırlanması, sosial sferada fəaliyyət, təltiflər və mükafatlar, keçirilmiş konfrans, sessiyalar, seminarlar haqqında məlumat verən akademik İsa Həbibbəyli bölmənin həqiqi və müxbir üzvləri tərəfindən hesabat ilində 45 kitab və 300-dən­ çox məqalənin çap olunduğunu söyləyib. Eyni zamanda HEB-in əməkdaşlarının 188 kitab (12-si xaricdə), 94 mo­noq­­rafiya (10-u xaricdə), 1996 məqalə (308-i xaricdə, 43-ü impakt faktorlu jurnallarda), 247 tezisin (51-i xaricdə) nəşr edildiyini diqqətə çatdırıb.

Vətən müharibəsində bölmə əməkdaşlarının elmi informasiya müharibəsinin ön cəbhəsində yer aldığını da xatırladıb.

Eyni zamanda məruzəçi “2021-ci ilin Azərbaycan Respubli­ka­­sında “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Humanitar Elmlər Bölmə­si­ndə­ bir sıra kitabların yazılmağa başladığını qeyd edib.

İclasın müzakirəsinə çıxarılan növbəti məsələ AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub.

Bölmənin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli bildirib ki, hesabat ilində İEB-in elmi tədqiqat müəssisələrində ölkə başçısının fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, eləcə də dövlət proqramlarının, AMEA Rəyasət Heyətinin qərarlarının icrası layiqincə yerinə yetiril­ib. Diqqətə çatdırıb ki, 2020-ci ildə bölmədə 34 problem, 122 mövzu, 330 iş, 459 mərhələ üzərində elmi tədqiqatlar aparılıb və bunlardan 56 mövzu, 141 iş, 228 mərhələ tamamlanıb.

Akademik bölmə əməkdaşlarının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin geniş­ləndiril­­məsi üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” və digər Dövlət proqramlarının icrasında fəal iştirak etdiklərini söyləyib.

Fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, eləcə də müxtəlif sahələrdə aparılan işlər haqqında məlumat verən məruzəçi hesabat ilində bölmənin həqiqi və müxbir üzvlərinin 23 kitab (3-ü xaricdə) və 113 məqaləsinin (59-u xaricdə) işıq üzü gördüyünü vurğulayıb. Bundan əlavə, bölmə əməkdaşları tərəfindən 1901 əsərin nəşr edildiyi, bunlardan 54-nün kitab (2-si  xaricdə), 97-nin monoqrafiya (6-sı xaricdə), 1525-nin mə­qalə (334-ü xaricdə, 70-i “Web of Science” və “Scopus” bazala­rın­­da), 181-nin tezis (46-sı xaricdə), 31-nin dərslik olduğu bildirilib.

Akademik İsa Həbibbəyli bölmə alimlərinin Vətən müharibəsi günlərində mütəmadi olaraq mətbuatda, televiziya kanallarında və sosial mediada aktiv iştirak etdiklərini, eləcə də  institutlar tərəfindən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrin Yardım Fonduna vəsaitin köçürüldüyünü diqqətə çatdırıb.

Daha sonra hesabatlar ətrafında müzakirələr aparılıb. Əldə edilmiş mühüm nəticələr və bölmələrin hesabatı AMEA Rəyasət Heyəti tərəfindən təsdiqlənərək müvafiq qərarlar qəbul edib.

İclasda, həmçinin AMEA Naxçıvan Bölməsinin (NB) elmi müəssisələrində 2020-ci ildə əldə olunan mühüm nəticələr də müzakirə edilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev videobağlantı ilə tədbirə qoşularaq hesabat ilində NB-də bitkilər və heyvanlar aləminin öyrənilməsi, səmə­rəli istifadəsi və mühafizəsinin bioloji əsasları, Naxçıvan Muxtar Respublikası ərazisindəki təbii sərvətlərin geolo­ji, kimyəvi, fiziki araşdırılması, avtomat­laşdırılması, hidroloji və land­­şaft şəraitinin öy­rə­nilməsi, seys­moloji tədqiqatlar, sosial-iq­tisa­di infrastrukturların yerləşmə qanunauy­ğunluq­ları­nın araşdı­rılması, səma cisimlərinin mövqe və fotometrik müşahidələri, həmçinin Naxçıvan əlyazmalarının toplanılması, sistemləşdirilməsi, kataloqlaşdı­rıl­ması və s. üzrə tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Layihələrə əsasən görülən işlər, elmi kadrların hazırlanması, kadr potensialı, beynəlxalq əlaqələr, keçirilmiş konfrans və seminarlar barədə məlumat verən alim bölmə əməkdaşlarının hesabat ilində 1-i xaricdə olmaqla 18 kitabının, 138-inin xaricdə, 20-sinin isə “Web of Science” və “Scopus” bazala­rın­­da olmaqla 511 məqaləsinin çap olunduğunu, 1 dərslik və xaricdə 12 tezisin işıq üzü gördüyünü vurğulayıb.

Daha sonra hesabat ətrafında müzakirələr aparılıb.

Hesabatlar üzrə müzakirələrdə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov, vitse-prezident, akademik Rasim Əliquliyev, elmi tədqiqat müəssisələrinin rəhbərləri – akademik Gövhər Baxşəliyeva, akademik Teymur Kərimli, akademik Yaqub Mahmudov, akademik Rafael Hüseynov, müxbir üzv Musa Qasımlı, professor İlham Məmmədzadə çıxış edərək təqdim olunan hesabatların qənaətbəxş olduğunu bildiriblər. Çıxış edənlər elmi tədqiqatların geniş təbliğatının təşkili, Azərbaycan elminin dünyada tanıdılması üçün istinadların sayının çoxaldılması, digər qurumlarla əməkdaşlıq şəraitində işin təşkili və s. ilə əlaqədar müəyyən addımların atılmalı olduğunu qeyd ediblər.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək prioritet elmi istiqamətlərin düzgün müəyyənləşdirilməsi, kadr potensialının yüksəldilməsi, həmçinin hesabatların təqdim olunması istiqamətində öz tövsiyələrini verib.

Akademiyanın ölkədə həyata keçirilən islahatlara, dövlətdə aparılan siyasətə yardımçı qismində kömək etməli olduğunu bildirən AMEA rəhbəri qeyd edib ki, Akademiyanın fəaliyyəti dövlətimiz tərəfindən siyasi, iqtisadi, sosial, milli düşüncə yönündə aparılan siyasətlə bilavasitə bağlı olmalıdır.

Bugünkü hesabat iclasında mühüm məsələlərə toxunulduğunu deyən AMEA prezidenti humanitar və ictimai elmlər sahəsində çalışan alimlərin yüksək potensiala malik olduqlarını və gələcəkdə öz işlərini daha yüksək səviyyədə təşkil edə biləcəklərinə əminliyini vurğulayıb.

http://science.gov.az/news/open/15648

SİZƏ MARAQLI OLA BİLƏR