Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

Letters to Anar

16-03-2023 [ 12:01 ] [ read:44 ]
printerA+ | A-
103178

The book "About Anar Contemporaries" compiled by Amin Efendiyev and Zakira Aliyeva was used in the preparation of the materials.

Dear, dear Anar!

I am sending you my memories of your parents. I know you as a worthy son, a careful researcher and an intellectual, and I want my memories to remain in your archives. These memories are about my childhood friend, your mother, Nigar, and your father, Rasul Reza, "soft as silk and sharp as a sword," according to Shaig. My memories about these beautiful contemporaries of mine were published in "Literary newspaper". I'm a little weak now, I'll find those memories and send them to you as soon as I get better. I ask you not to forget me when their memorial days are celebrated. If my health permits, I would like to say a few words about them, perhaps for the last time.

My only wish is that we have many real intellectuals. You are one of our intellectuals. My wish is that everyone gets the price they deserve. I want it not for myself, but to serve my people.

With deep respect and love,
Mirvari Dilbazi, People's poet

lll

Əziz Anar!

Səmimi məktubunuza və yeni il təbriklərinizə görə çox sağ olun. Mən də qarşılıqlı olaraq sizə xoşbəxt 1983-cü il arzulayıram. Sevimli şairim Rəsul Rzanın şeirinin tərcüməsinə məmnuniyyətlə başladım. Amma dərhal çətinliklə üzləşdim. Sizin sətri tərcümənizdə ritm, ölçü, hansı sözün hansı sözlə qafıyələndiyi göstərilməyib. Bu ancaq ümumi sxemdir (ancaq şeirin məzmunudur). Bəs forma? Şeirin (ruscaya) bədii tərcüməsinə baxmalı oldum. Bu tərcümə bəzi yerlərdə orijinala uyğun deyil. Bunu gərək etməyəydilər. Mən orijinala yaxın olmağa çalışdım. Düzmü etmişəm, ya yox, bunu ancaq dili bilənlər deyə bilər. Bir sözlə, mən intuisiyama arxalandım və tərcümədə Litva şeiri yaratmağa çalışdım. Bununla belə, böyük sənətkarın şeirinin həm məzmununu, həm metoforikasını (və əlbəttə, fəlsəfi fikrini) saxladım. Litva dilində alınıb, orijinala nə qədər yaxın olduğunu deyə bilmərəm. Özünüz qərar verin, Yarayarsa, çap edin, yaramırsa, qaytarın, üzərində yenə işləyə bilərəm. Cavabınızı gözləyirəm.

Sizin Eduardas Mejelaytis.
5 yanvar, 1983, Vilnüs

lll

Əziz Anar!

Susmuş qəmli payız Sibirindən Sizə ehtiramlar. "Literaturnaya qazeta"da Sizin ağıllı və kədərli məqalənizi oxudum ("Cənab Jirinovski Boris Nikolayeviçin sağlığına badə qaldıracaqmı?" məqaləsi nəzərdə tutulur - red.). Sizinlə tamamilə razıyam ki, didişmələrdən və pərən-pərən düşmələrdən biz hələ ki, heç nə qazanmamışıq, amma çox şey itirmişik. Mən belə düşünürəm ki, milli ədəbiyyatlar soluxacaq, çünki onların geniş oxucu kütləsinə çıxışları qalmayacaq, respublikalarda isə az mütaliə edirlər və oxucu səviyyəsi yüksək deyil. Yazıçılar ancaq öz çevrələrində dolaşacaqlar və ancaq bir-birləri üçün yazmağa məhkum olacaqlar. Bəlkə bu, Azərbaycançün daha az təhlükə təşkil edir, çünki Sizin Türkiyə ilə qədim tarixi əlaqələriniz var və onun vasitəsiylə geniş dünyaya çıxa bilərsiniz. Amma sizin azadlıqdan məst olmuş və balaca millətlərin qanını tökmüş qonşularınız çox tez zamanda cırlaşacaqlar.

Bosniyada mənə məscidə girməyə icazə verəndə dedilər ki, Allah birdir və hər yerdə eynidir.

Məktubunuz gələndə təəssüf ki, tayqada idim, evdə də bəzi çətinliklər var, odur ki, bir yerə gedə bilmirəm, amma hər halda dəvətiniz üçün və xoş sözləriniz üçün təşəkkür edirəm.

Arzu edirəm ki, xalqınız insani sifətlərini qoruyub saxlasın, nifrətə alışmasın. Sizə dinc əmək və öz evinizdə rahatlıq arzulayıram. Qəlbinizdə Allah sevgisi, balalarınıza daha xoş günlər diləyirəm.

Sizə ehtiramla baş əyir, Sizi qardaşcasına qucaqlayıram.

Viktor Astafyev,
rus nasiri
22 oktyabr, 1991 Krasnoyarsk

lll

Çox hörmətli, əziz Anar Rəsuloviç! Sizin "Litqazeta"dakı məqaləniz (yuxarıda adı çəkilən məqalə nəzərdə tutulur - red.) mənə çox dərin, mən deyərdim ki, yaralayan və utandırıcı təsir bağışladı. Bəlkə mən, başqalarına nisbətən illər boyu bəyan etdiyimiz şeylərə biganə qalmaqda daha az günahkaram, amma mən də Azərbaycanda baş vermiş faciəvi hadisələrə münasibət bildirmədim. Dəhşətli yanvar hadisələrindən sonra mənim bu işlərdə iştirakım yalnız rəfiqəm Zərifə Salahovayla birgə ağlamaq və Bəxtiyar Vahabzadəyə cavabsız qalmış məktub yazmaqdan ibarət oldu. Buna baxmayaraq, Sizə yazmaq qərarına gəldim, ona görə yox ki, bəraət qazanım, ya kiminsə yerinə cavabdeh olum. Siz doğru yazırsınız ki, Azərbaycandakı qanlı olaylar əli qələmli rus humanistlərinin qəzəbli etirazına səbəb olmadı. Əfsus ki, mən də onlardan biriyəm... Bizim bir bəraətimiz var - əvvəl-əvvəl heç kəs başa düşmədi ki, Bakıdakı hadisələr ermənilərə qarşı yönəlmiş soyqırımı deyil, totalitar dövlətin öz xalqına qarşı hərbi təcavüzüdür. Bunları özümə bəraət qazandırmaq üçün yazmıram. Təkrar edirəm, günahım o qədər böyük deyil ki, Sizin tərəfinizdən anlanılmağa və əfv edilməyə ümid bəsləməyim.

Mən Azərbaycanı sevirəm, Nizamidən, Məhsətidən atanıza, ananıza və Sizin özünüzə qədər gözəl ədəbiyyatınız mənə əzizdir. Azərbaycan mənimçün qonaqpərvərlik, zəhmət, istedad, hətta son illər Şərqə səfərlərim nəticəsində xaçpərəst soydaşlarımdan daha çox bələd olduğum İslam deməkdir. Mən bir çox azərbaycanlılarla dostluq edirdim - Bəxtiyarla, Sabir Rüstəmxanlıyla, Məmməd İsmayılla və başqalarıyla. Onlar da həyatlarını vətənlərinin xəritədəki sərhədləriylə məhdudlaşdırıb susurlar. Axı gərək mədəni insanlar kimi gerçək dəyərləri hamımız birgə qoruyub saxlayaydıq? Bir-birimizin təkrarsızlığı qarşısında heyranlığımızı, başqa-başqalığımızı, bir-birimizə bənzərsizliyimizi. Bunları Sizə niyə yazıram. Siz bütün bunları məndən də yaxşı bilirsiniz. Bu məktubu tamamilə təmənnasız yazıram, ümid edirəm ki, tamamilə səmimi olduğumu başa düşəcəksiniz. Yeganə məqsədim - sevdiyimi itirməmək. Yoxsa həyatımız sonsuz dərəcədə kasıb olardı.

Bütün qəlbimlə Sizinləyəm,

Rimma Kazakova
Rus şairəsi
Moskva, 16 noyabr 1991

lll

Əziz Anar!

Belə günlərdə (öz təcrübəmdən bilirəm) çoxlu təbriklər alırsan. Onların arasında səmimiləri az deyil. İnanıram ki, mənim təbrikimi onları qoyduğun qovluğa qoyacaqsan.

Mən isə bu gün Moskvada, Bakıda, Alma-Atada, İstanbulda çoxlu-çoxlu görüşlərimizi xatırlayıram və bu görüşlərin hər birinin öz süjeti vardı.

1986-cı  ilin yazı. Yazıçılar qurultayı.

Qurultayın yekun günü. SSRİ Yazıçılar İttifaqının İdarə Heyəti üzvlüyünə namizədlərin siyahısı oxunur. Hesablama komissiyası seçilir, sədr - məni, üzvlərindən biri səni seçirlər.

Hərə neçə yüz bülletenə baxmalıdır. Hesablama sükut içində davam edir. Sədri yalnız əl qaldırmaqla çağırmaq olar.

Gördüm ki, sən əlini qaldırmısan. Yanaşdım. Mənə bir-birinə bənzəyən bülletenləri göstərdin. Hamısında eyni familiyalar pozulmuşdu: Rəsul Həmzətov, Çingiz Aytmatov, Mustay Kərim, Qaysın Quliyev - siyahının az qala üçdə biri pozulmuşdu. - bütün Azərbaycan familiyaları, bütün qazax, türkmən, tatar, başqır, qırğız, özbək, Dağıstan, çeçen, inquş, qaraçay, tacik, qaraqalpak familiyaları. Yəni bütün müsəlmanların familiyaları. Hansısa nümayəndələr gizli səsvermədən istifadə edib belə total hesablama genosidi icra etmişdilər. Sən: ermənilərin işidir - dedin. Komissiyanın başqa bir üzvü də eynən bu cür bülleteni göstərdi. Bu sayaq ondan artıq bülleten üzə çıxdı. Qurultayın tərkibini yoxladıq - bu sayaq bülletenlərin sayı, doğrudan da, erməni nümayəndələrin sayı qədər idi.

Mən bu qara mürəkkəblə pozulmuş adlara baxır və o vaxtadək dərk etmədiyim bir şeyi anlamağa çalışırdım. Axı mən onların hamısını tanıyırdım. Bəziləriylə cürbəcür yazıçı toplantılarında görüşürdük, yeyib içirdik, bir-birimizin şərəfinə tostlar deyirdik. Bəs nə oldu görəsən? Əvvəlki qurultaylarda belə bir işin olduğunu eşitməmişdim. Bu nə qəsd idi belə?

Anar, səninlə biz hələ çox belə yükləri qaldırmalı olacayıq - keçib gedən nəsillər karvanından düşüb qalan yükləri. Bizim vəzifəmiz xalqlarımızın yaşaması üçün, təbiətin "həm sən, həm mən" qanununa riayət etmək üçün bu yükü daşımaqdır.

Səni qardaşcasına bağrıma basıram,

Sənin Oljas Süleymenovun,
Paris, 12 mart 2008

lll

Azərbaycan musiqi mədəniyyətinin fəxri Üzeyir bəy Hacıbəyova həsr olunmuş bədii televiziya filminin - indicə gördüyüm filmin təsiri altında əziz Anar, sizi təbrik etməyə tələsirəm. Sizi böyük uğurla - dahi bəstəkarın xatirəsinə layiq gözəl sənət əsəri yaratmağınız münasibətiylə təbrik edir və çoxcəhətli fəaliyyətinizdə Sizə yeni uğurlar diləyir, bərk-bərk əlinizi sıxıram.

Əziz Şərif
17 noyabr, 1985, Moskva

lll

Cənab Anara, Azərbaycan Yazıçılar İttifaqının Birinci katibinə

Hörmətli kolleqa Anar!

Hər şeydən əvvəl mənə həsr edilmiş məqalə üçün Sizə təşəkkür edirəm. Dostumuz Ramiz Abutalıbov dedi ki, onu 1988-ci ildə çap etmək istəyirsiniz. Bu diqqət məni çox təsirləndirdi. M.F.Axundovun yubileyində iştirak etməyim barədə təklifiniz də məni riqqətləndirdi. Mən onun həm ədəbiyyat, həm də fəlsəfə sahəsində böyüklüyünü və xidmətlərini yaxşı bilirəm. O, əsərləri fransız dilinə çevrilmiş ilk Azərbaycan yazıçısıdır və mən fəxr edirəm ki, nə dərəcədəsə onun işini davam etdirirəm.

Ancaq bəzi səbəblərdən mən təklifinizi qəbul edə bilmirəm və inanın ki, buna çox təəssüflənirəm. Siz bu təklifinizi bir başqa vaxtda təkrar edə bilərdinizmi? Xoşbəxt uşaqlıq illərimi keçirdiyim Bakını və Mərdəkanı bir də görmək istərdim. Eyni zamanda mən çox istərdim ki, Sizinlə şəxsən tanış olum. Ramiz sizin keyfiyyətlərinizi çox yüksək qiymətləndirir və mən də sizi gözəl romançı və esseist kimi yaxşı tanıyıram.

Əgər baharda doğma yerlərə ziyarətim baş tutsaydı, əla olardı. Yaşım elədir ki, tək səyahət edə bilmirəm, odur ki, bu səfərə bir neçə dostum və rəfiqəmlə çıxmaq istərdim. Təbii ki, onlar bütün xərcləri öz üzərlərinə götürəcək. Bu cəsarətli ideyayla bərabər, Sizə, əziz cənab, mənim ən səmimi rəğbət hissələrimi də göndərirəm.

Banın (Ümmülbanu)
Paris Loriston küçəsi 40, 8 oktyabr 1987

lll

Azərbaycan Yazıçılar Birliyinin sədri Cənab Anar Rzayevə

Hörmətli Anar müəllim!

Sizinlə Drezdendə bir də görüşməyimiz məndən ötrü olduqca sevindirici bir hadisə oldu. Heyif ki, vaxtın darlığından doyunca söhbət edə bilmədik. Təəssüf! Ancaq qəlblər yaxın olsun! Gerisi mühüm deyil.

 

 

 

 

 

 

 

 

 

 

 

Mənə bağışladığınız kitablara görə bir də dönə-dönə öz təşəkkürümü bildirmək istəyirəm. Bunlar mənim üçün çox əziz bir ərmağandır. Rəhmətlik atanızın şeirlərini nəşr etdirmisiniz. Bu, qədirşünas bir oğulun nəcib töhfəsidir. Az görüşməyimizə baxmayaraq, rəhmətlik Rəsul müəllim ilə çox ayrı, qeyri-adi bir ünsiyyətimiz vardı. Allah rəhmət eləsin - o, məni çox istəyirdi, mən də ona əlçatmaz bir sənət abidəsi kimi hörmət qoyardım. Onun şeirləri arasından ən çox "Çinar"ı sevirdim. O vaxt belə düşünürdüm ki, yəqin Rəsul Rza çinarın obrazında Türk xalqlarını özündə barındıran o ulu mədəniyyəti qəsd etmişdir. Hələ də eyni fikirdəyəm. "Min beş yüz ilin Oğuz şeiri" adlı antologiyanız son dərəcə istifadəli və lazımlı bir əsər kimi öz kitabxanamda saxlanılacaq, təbii ki, digər kitablarınız həmçinin. Bir də sağ olun!

Qardaşınız H.Ahmed Şmide

lll   

Əziz Anar bəy, salam və ehtiram!

Dünən gələn "Ədəbiyyat və incəsənət" qəzetində Sizin məqalənizi oxuyub mütəəssir oldum. Görün ki, Sizin kimi həmişə ağırbaşlılıqla, təmkinlə hərəkət edən bir yazıçıya belə nə töhmətlər, nə böhtanlar yağdırırlar! (Erməni yazıçısı Perç Zeyhunsyanın Anara qarşı böhtan dolu yazısına Anarın "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilmiş cavabı nəzərdə tutulur - red.) Bir də bu qənaətə gəldim ki, o Sizin qonşularınız çox nainsaf, hətta biədəb bir taifədi. Onlarla anlaşmaya, uzlaşmağa hazır olmaq, zəiflik kimi gələr.

Siz burada olarkən Sizə yardımçı olmadığım üçün çox, çox mütəəssirəm. Ancaq xəstəliklər macal vermədi. Bir axşam Sizin diskussiyanıza gələ bildik, onda da yoldaşım Sizlərə öz cənublu qardaşlarınızdan yönəldilmiş nalayiq sözlərə son dərəcə hiddətlənib pərt oldu. Məcbur oldum ki, onu xəlvətcə salondan çıxarıb aparmağa, yoxsa durub qovğa edə bilərdi. Axı, ikimiz də ürək xəstəsiyik, gərək ki, hər cür həyəcandan özümüzü qoruyaq. Sizin nə qədər təmkinli, dolğun bir şəxsiyyətə malik olduğunuz o axşam da aydın olmuşdu. Göz bəbəyi kimi qoruyub bağrınıza basdığınız cənublular desinlər ki, biz səninlə həmvətən deyilik. O nə qədər ağır bir söz! Özü də, başa düşülməz bir israrla dilə gətirilməsi nəinki türk olan yoldaşımı, məni də çox üzdü (Anarın şərhi: Qərbi Berlindəki görüşlərdən birində İrandan olan və fars şovinizmi mövqeyindən çıxış edən bir azərbaycanlıya: "Biz sizinlə ayrı millətik" sözlərinə kəskin cavab vermişdim).

Bu ağır günlərdə biz hər gün Sizlərlə fikrən, qəlbən, ruhən bir yerdəyik. Ümidvarıq, hətta əminik ki, atalarınızdan Sizə miras qalmış müdriklik, nəciblik və ədəb qarşınızdakı küstahlığa qalib gələcək. Çünki türk soylu insanları çox yaxşı tanıdığım üçün yəqinən, bilirəm ki, Allah eləməsin, Allah yazdı isə pozsun, Sizinkilərin səbr kasası daşdımı, bunun sonu çox fəci olar. Bu səviyyədən baxanda qonşularınızın təkcə küstah deyil, eyni zamanda çox da ağılsız olduğuna hökm etmək gərəkdir.

Əziz Azərbaycan xalqına, şəxsən Sizə və həmkarlarınıza uğurlar diləyirəm.

Dostunuz, qardaşınız

H.Əhməd Şmide
Qərbi Berlin, 6 sentyabr, 1989