Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Alim ömrünün şəfəqləri - Qurban Bayramov

08-12-2023 [ 15:11 ] [ oxunub:48 ]
printerA+ | A-
104052

Alim ömrünün şəfəqləri - Məmməd Əliyev-75

75 il - bu, tanınmış ədəbiyyatşünasımız Məmməd Əliyevin şəxsində, qətiyyən statistika deyil, gənc nəslin elmi-nəzəri biliklərinin artırılmasına, maariflənməsinə, gələcək nəslin həyata, elmə hazırlığına sərf edilmiş alim-pedaqoqun, ideal bir atanın və sonradan ata müqəddəsliyinə yeni bir status qazandıran sevimli babanın mənalı ömür yoludur. Filologiya elmləri doktoru, professor Məmməd İrac oğlu Əliyev ömrün 75 illik zaman kəsiyində, zəngin ömürlüyün içində dövlətimiz və cəmiyyətimiz üçün faydalı ola biləcək bir neçə sahəni özündə birləşdirib. Məmməd müəllimin fikrincə, insanı dəyərli edən nə mənsub olduğu millət, nə tutduğu vəzifə, nə də var-dövlətdir. Onun sözlərinə görə, yalnız sadiq, şəffaf, prinsipial yaşamaqla həqiqi xoşbəxtliyə nail olmaq mümkündür. Həm elmi-nəzəri, həm ədəbi-bədii yaradıcılığında müşahidə etdiyimiz prinsiplərinə hər zaman sadiq qalan Məmməd müəllim, yalnız vicdanının səsinə qulaq asan peşəkar ədəbiyyatşünas, publisist, yazıçı, ziyalımız, maarif xadimidir.

Onu çoxdan tanıyıram: keçən əsrin 70-ci illərindən, aspirantura təhsili vaxtından. Bizi birləşdirən ədəbi prosesə oxşar, amma təkrarsız münasibətimiz, müqəddəs elm məbədi saydığımız AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi, mənəvi-əxlaqi mühiti olub. Onun, demək olar ki, əksər elmi məqalələrini, tədqiqatlarını, monoqrafiyalarını, xatirə-memuar janrında müstəqillik illəri ədəbiyyatımızda ilk bədii-audentik roman trilogiyasını oxumuşam, rəy yazmışam, həyat yoluna, şəxsiyyətinə, yaradıcılığına yaxından bələdəm. Bilirəm ki, 1948-ci il dekabrın 10-da Xızı rayonunun Zöhrabkənd kəndində qulluqçu ailəsində anadan olub. 1963-cü ildə kənd məktəbinin 8-ci sinfini, 1966-cı ildə Siyəzən şəhər orta məktəbini bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində, 1971-1975-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. 1975-ci ildə akademik M.C.Cəfərovun rəhbərliyi altında "Azərbaycan xalq şeirinin forma və şəkilləri" adlı namizədlik dissertasiyasını, 1985-ci ildə Gürcüstan EA Şərqşünaslıq İnstitutunda "Azərbaycan şeirinin vəzn və evfoniya problemləri" adlı doktorluq dissertasiyasını müdafiə edib. Müasir ədəbi-elmi cameədə ədəbiyyatşünas, nəzəriyyəçi alim, uzun illər ali məktəblərdə pedaqoq və elm-tədris təşkilatçısı kimi geniş tanınır. 43 il ali məktəblərdə müəllim, baş müəllim, dosent, professor, rektor kimi olduqca səmərəli fəaliyyət göstərib, sayılan-seçilən müəllim-pedaqoq olub, Əməkdar müəllim fəxri adını qazanıb. Dəyərli folklorşünas, şeirşünasdır, xeyli monoqrafiyanın, həmçinin "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifidir. Ədəbiyyatımızda təzahür edən bir xarakterik xüsusiyyətin - "qoşa qanad"lı yaradıcılıq istiqamətinin davamçılarındandır. Akademik İsa Həbibbəyli "Qoşa qanadın harmoniyası" əsərində yazır: "...Dünyanı və müasir cəmiyyəti dərindən qavramaq və əks etdirmək elmi idrakın ana vəzifəsidir. Ona görə də elm bəşəriyyətin çırağı, alimlər dünyanın kompasıdır. Böyük ədəbiyyat da sözün həqiqi mənasında əsl elmin həyata keçirdiyi vəzifələri obrazlı şəkildə əks etdirir... Deməli, dünyanı, cəmiyyəti və insanı dərk və şərh etməkdə, gələcəyə doğru yol göstərməkdə elmlə ədəbiyyat vahid strategiyaya malikdir. Bu cəhətdən elm və ədəbiyyat dünyanı və insanı dərk etməyin qoşa qanadlarıdır".

Məlumdur ki, Azərbaycan ədəbiyyatında da, paralel olaraq bədii və elmi yaradıcılıqla məşğul olmuş, "qoşa qanad" (bu ifadəni ilk dəfə dünya şöhrətli alim Xudu Məmmədov işlədib) adlandırdırılan bu istiqamətin aparıcı simaları olub. Və bu yolun ləyaqətli davamçısı kimi professor Məmməd Əliyevin də "qoşa qanad"lı yaradıcılığı təqdirəlayiqdir.

Bu "qoşa qanadın" birinci qanadına nəzər salsaq görərik ki, Məmməd müəllim ədəbiyyatşünaslığın və ədəbiyyat nəzəriyyəsinin ciddi problemlərini əhatələyən, çapdan çıxmış 75 elmi əsərin, 300-dən çox məqalənin müəllifidir. Onun "Azərbaycan şeirinin ritm vasitələri, qafiyənin təşəkkül və inkişafı (türkdilli xalqların poeziyası ilə tarixi-müqayisəli metodlar əsasında)" mövzulu elmi-tədqiqat əsərinə dövrün ən məşhur rus və Avropa, Orta Asiya şərqşünasları yüksək qiymət vermiş, müəllifi bu sahədə yenilikçi alim kimi dəyərləndirmişlər. Etiraf edilməlidir ki, SSRİ kimi qapalı bir dövlətdə, türkçülüyə amansız münasibət dövründə ümumtürk şeiri əsasında araşdırmalar, tədqiqatlar aparmaq alimdən böyük cəsarət tələb edirdi.

Alimin "Bədii təfəkkürdə erkən Azərbaycançılıq düşüncəsi" (Bakı. "Elm və təhsil", 2018, 168 səh.) tədqiqatı bu sahədə ortaya qoyulmuş ən sanballı əsərlərdən biridir. Burada M.Əliyev Azərbaycan klassik ədəbiyyatı nümayəndələrinin bədii yaradıcılığından da yan keçməyib, onların əsərlərində özünü göstərən erkən Azərbaycançılıq düşüncəsinin bədii inikasından layiqincə bəhs edib.

"Ədəbiyyat nəzəriyyəsi" (Bakı, "Elm və təhsil", 2012, səh. 480.) monoqrafiyasında ədəbiyyatşünaslıq elmini maraqlandıran mövzu və problemlərin, o cümlədən, bədii əsərin mövzu və ideyası, süjet və kompozisiyası, şeirimizin mövcud vəznləri, bənd quruluşu, ritm vasitələri kimi məsələlərin yeni müstəvidə elmi izahı öz əksini tapıb.

"Azərbaycan şeirinin vəzn və evfoniya problemləri (Bakı "Nurlan", 2008, səh. 296.) adlı, ümumtürk şeiri ilə müqayisəli araşdırma əsasında ərsəyə gəlmiş monoqrafiyasında isə müəllif yenə də uzun illər tədqiqatdan uzaq qalmış problemin həllinə girişir, kitabda heca vəznli Azərbaycan şeir sənətinin aktual məsələləri təhlilə cəlb edilir, vəzn və evfoniya problemləri ümumtürk şeiri ilə müqayisə fonunda işıqlandırılır.

"Böyük yolun davamı (Türk xalqları ədəbiyyatına dair araşdırmalar) kimi böyükhəcmli kitabında isə müəllifin son illərdə çap olunmuş məqalələri toplanıb. "Bir daha Koroğlu haqqında", "Şah fərmanı", "M.Kaşğari "Divan" şeirlərinin əsas vəzn xüsusiyyətləri", "XVIII əsr: Türkün iki şairi - M.P.Vaqif və Məhtimqulu Fəraqi", "Macar türkoloqları", "Şeirin bənd quruluşunun riyazi yazılışı", "Azərbaycan xalq şeirində alliterasiya və qafiyə", "Dünya ədəbiyyatında Orxan Pamuk zirvəsi", "Cəlaləddin Rumi və onun "Məsnəvi"si haqqında", "Böyük çölün böyük oğlu - Muxtar Auezov", "Osman Əfəndinin estetik idrak nəzəriyyəsi" və sair məqalələr çoxsaylı tarixi-ədəbi faktlar əsasında işlənib.

Məmməd müəllimin mütəxəssislər tərəfindən yüksək səviyyədə qəbul edilən tədqiqat işlərindən biri də "Azərbaycan şeir sənəti (Türk şeir materialları əsasında)"dir. Burada xaotik, ritmik, qeyri-ritmik səslər, musiqi və poeziyanın da həmin estetik səs tutumunda meydana çıxması, sözün erkən yaradıcılığı təhlilə cəlb edilib. "Məxtumqulu Fəraqi şeirinin poetikası" kitabında böyük türkmən şairi, türk dünyası poeziyasının, ümumən dünya ədəbiyyatının görkəmli simalarından biri olan Məxtumqulu Fəraqinin həyat və yaradıcılığı yeni müstəvidə - Türkmənistanda milli birlik və həmrəylik ideyalarının, müstəqil dövlətçilik ideyasının qüdrətli carçısı kimi, şairin əsərlərinin ideya-məzmun xüsusiyyətləri əsasında şərh edilir, xüsusilə, türkdilli poeziyada sənətkarlıq məsələlərinin öyrənilməsi, araşdırılması baxımından yüksək qiymətləndirilir.

Azərbaycan klassik ədəbiyyatının minilliklər boyu yoldaşı olan əruz vəzni (elmi) haqlı və mənəvi baxımdan əsaslı olaraq dəyərlərimizdən biri sayılır. Bu mənada M.Əliyevin "Əruz testləri" adlı kitabı əruzun təbliği və tədrisi sahəsində böyük əhəmiyyətə malikdir. Onun " Azərbaycan şeirinin vəznləri" adlı dərs vəsaiti də bu sıradandır və ali məktəblərin humanitar fakültələrində təhsil alan tələbələr üçün yazılıb. Dərs vəsaitində heca vəznli Azərbaycan şeir sənətinin poetik xüsusiyyətləri şərh edilib. Əsərdə vəzn və dil, dünya şeir sistemləri, onların başlıca əlamətləri haqqında geniş məlumat verilib, türkdilli xalqların dil quruluşu ilə bağlı olan heca vəzninin aktual nəzəri problemləri şərh edilib. Zəngin poetik xüsusiyyətlərə malik olan Azərbaycan şeirinin şəkilləri, poeziyamızda işlənən durğu növləri canlı nümunələr əsasında izah olunub.

"Dədə Qorqud şeiri" tədqiqatı da, professorun maraqlı nəzəri-elmi əsərlərindəndir. Əsərdə türk xalqlarının şeir sənətinin inkişafına səbəb olmuş ritmik-sintaktik (psixoloji) paralellər, onların üzə çıxardığı qədim poetik-texniki və üslubi vasitələrin rolundan danışılır, "Dədə Qorqud şeiri"nin arxaik ritm vasitələri, heca vəznli şeirin təşəkkülündə ritmik qrupların-durğuların yaranması, inkişafı, onların simmetrik və asimmetrik düzülüş xüsusiyyətləri geniş izah edilib.

Göründüyü kimi, M.Əliyevin elmi yaradıcılığının bütöv bir mərhələsini türk xalqları ədəbiyyatı, Türkiyə ədəbiyyatı, Orta Asiya xalqları ədəbiyyatı və bu kimi digər mövzuların tədqiqi təşkil edir. Türk xalqları ədəbiyyatının inkişaf problemləri, nəzəri-estetik prinsipləri, ayrı-ayrı sənətkarların ədəbiyyatın inkişafında rolu, poeziya problemləri, türkdilli şeirin tarixi poetikası və sair problemlər çağdaş elmi-nəzəri konsepsiyalar kontekstində, bədii nümunələrlə araşdırılır. Nəzəriyyəçi alimin "Azərbaycan şeir sənəti (türk şeiri materialları əsasında)" və "Azərbaycan şeirinin vəzn və evfoniya problemləri" kitablarında Azərbaycan şeirinin vəzn problemləri türk xalqlarının poeziyası ilə ilgili tədqiq edilib. Azərbaycan şeirində paralelizm problemini çoxçeşidli qaynaqlar əsasında araşdıran müəllif, V.V.Radlov, V.M.Jirmunski, S.E.Malov, T.Kovalski, İ.V.Stebleva kimi nüfuzlu alimlərlə polemikaya girərək öz elmi-nəzəri fikirlərini əsaslandırır. Professor İ.V.Stebleva ilə polemikasında onun mülahizələrinin qeyri-dəqiqliyini, elmi əsasa söykənmədiyini türk şeirindən gətirdiyi örnəklərlə isbatlayır. Tədqiqatda istifadə olunmuş ədəbiyyata istinadlarındakı dəqiqlik və polemika mədəniyyəti sonuna kimi gözlənilir.

"Azərbaycan şeirinin vəzn və evfoniya problemləri" kitabının elmi-nəzəri problematikasını yüksək qiymətləndirən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Azad Nəbiyevin fikirləri diqqəti cəlb edir: "Əkrəm Cəfərin əruz texnikasının araşdırılması ilə bağlı başladığı böyük işi şeirimizdə heca vəzninin öyrənilməsi sahəsində filologiya elmləri doktoru, professor Məmməd İracoğlu davam etdirməkdədir. Elə həmin böyük həvəslə, səbr və araşdırıcı inadkarlığı ilə... Məmməd İracoğlu sələfi kimi, tədqiqatını sözün sadədən mürəkkəbə gedən təkamülü üzrə deyil, mürəkkəbdən sadəyə qayıdışı üzərində qurmuşdur. Araşdırmalarında sözdən səsə qədər texniki modeli açıqlamış, onun səslərə ayrılma və bölünmə mənzərəsini şərh etmişdir".

Sadalanan əsərlərin sanbalından da görünür ki, alim ömrünün şəfəqlərinə bələnmiş 75 illiyini qeyd etdyimiz professor Məmməd Əliyev ədəbiyyatşünaslığın, ədəbiyyat nəzəriyyəsinin, ədəbi əlaqələrin fundamental bilicilərindəndir. O, vətəninə, milli kökə qırılmaz tellərlə bağlı olan seçkin ziyalılarımızdandır. Yüksək elmi-nəzəri təfəkkür, türkçülük, vətənçilik, torpağa və dövlətçiliyə sədaqət, ünsiyyət mədəniyyəti və parlaq insani keyfiyyətlər onu səciyyələndirən əsas xüsusiyyətlərdir.

75 yaşın mübarək, dəyərli həmkarım, əziz qələm dostum! Arzum budur ki, İlahinin sənə bəxş etdiyi ömrün qalan hissəsi də beləcə, elmin şəfəqləri ilə nurlanaraq davam etsin!

SİZƏ MARAQLI OLA BİLƏR