Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Servantesin Don Kixotu niyə dəyirmanla savaşırdı? - Elnarə Qaragözova

21-09-2023 [ 16:23 ] [ oxunub:110 ]
printerA+ | A-
103677

Dünya ədəbiyyatının ən maraqlı nümunələrindən biri Migel de Servantes Saavedranın "La mançlı Don Kixot" əsəridir. Dövrünün cəngavərlik romanlarına istehza ilə qələmə alınmış əsərin baş qəhrəmanı onu yaradan müəllifdən də məşhur olmaq şansına malik ədəbi obrazlardan biri kimi ədəbiyyat tarixinə daxil olub. "Donkixotluq etmək" qanadlı ifadəsi isə artıq əsrlərdir dillərdə gəzir. Dulsineyaya eşqindən Sanço Pansa ilə cəngavərlik səyahətinə çıxan Don Kixotun ən yaddaqalan və müzakirə olunan "qəhrəmanlığı" onun dəyirmanlarla savaşıdır. Migel de Servantesin bu obrazına və əsərinə müxtəlif aspektlərdən yanaşılmış, fərqli izahlar verilmişdir. Hətta bu əsəri postmodernizmə bağlayan müəlliflər də var. Bu şərhedici əsərlərdə əsas vurğu məhz Don Kixot obrazıdır. Onun tərəf müqabili olan dəyirmana isə çox az diqqət ayrılır. Bu yazımızda əsas məqsəd "Don Kixot niyə məhz dəyirmanla savaşırdı?" sualına cavab tapmaqdır. Məlum olduğu kimi, dəyirman buğda üyütmək üçün istifadə olunan bir qurğudur. Onun bərəkətin, ruzinin simvolu hesab olunması da bununla əlaqədardır. Lakin mifoloji, folklor və yazılı bədii nümunələrdə dəyirmanın bu əzəli funksiyası dəyişikliyə uğrayır və təhtəlşüurun carçısına çevrilir. Altay miflərindən birində tanrının ümumdünya daşqını zamanı ölmüş insanların meyitlərini dəyirmanda üyüdərək onlardan indiki insan nəslini yaratdığından bəhs olunur. Deməli, dəyirman tanrının yaradılışda istifadə etdiyi alətlərdən biri olmuşdur. Tatar türklərinin mifologiyasında isə hətta dəyirmanla bağlı Dəyirman anası adlanan xüsusi mifoloji varlıq var. Bu varlıq dəyirmanda yaşayan müqəddəs ruh hesab edilir və  çörəyin, unun, taxılın bolluğunun bu mifoloji varlıqla bağlı olduğuna inanılır. "Cırtdan" nağılındakı divin dəyirman daşının qurbanı olmasından başlayaraq Azərbaycan ədəbiyyatında dəyirman obraz kimi həlledici məqamın atributuna çevrilir. Keçəl Həmzə də Koroğlu kimi bir qəhrəmanı məhz dəyirmanda aldadır və Koroğlu ona dəyirmanda müqavimət göstərə bilmir. M.Süleymanlının "Şeytan" əsərində isə mifik situasiya daha da qəlizləşir: şeytan dəyirmandan çıxır: "Şeytan bir ovucun tozu oldu, dəyirmanın bacasından çıxdı... Şeytan dəyirmanın boğazından ölü düşdü, diri çıxdı. Dəyirmançı unluğun qabağında oturmuşdu. Çax-çax baş ağrıdırdı, dəyirmançı gəlirini çıxarına vururdu. Şeytan un tozuna qarışdı, keçib oturdu dəyirmançının ürəyində". M.Süleymanlının "Dəyirman" əsərində isə dəyirman mifolojidəki şəri real həyata daşıyır, içki məkanı, haramın, şərin yuvası kimi təsvir olunur. Əsərdəki obrazlardan birinin "şeytanın yığnaq yeri" adlandırdığı dəyirmanda "Günahlılar yarımçıq-yarımçıq cümlələrlə, sınıq-sınıq sözlərlə - məndə günah axtarırlar, - deyə-deyə, yaxşılıqdan danışırdı. Günahsızlar vardı, - yaşa, halal olsun, deyib günahlıları öpürdü. Bir kababçı içməmişdi, o da ayıq deyildi, pul yığırdı".

Qərb mifoloji, folklor və ədəbi mətnlərində də vəziyyət fərqli deyil. Burada da dəyirman un üyüdən qurğudan başqa hər cür fəaliyyətin mərkəzində durur. Skandinav mifologiyasında "Böyük Edda"da Qrotti adlı dəyirman var-dövlət üyüdür, "Kalevala"dakı Sampo adlı dəyirman isə duz və pul bəxş edir. Maraqlıdır ki, slavyan mifologiyasının təzadlı obrazı olan Baba Yaqanın daxmasının genezisini də dəyirmanla bağlayırlar. Aleksandr Qrinin "Vəhşi dəyirman" əsərində də dəyirmançı evində qonaq saxladığı səfili öldürmək istəyir. Lakin üzərinə günəş işığı düşən kimi qorxub gizlənir. Onun işıqdan qorxması şər qüvvə olduğuna işarə edir. A.Qrinin adı çəkilən əsərində Baba Yaqa ilə əlaqədar süjetlərlə səsləşən məqamlar var. Belə ki, Baba Yaqa haqqında süjetlərə görə o, evinə gələn qəhrəmanı əvvəlcə yedirib-içirir, o yatdıqdan sonra isə onu özü yemək istəyir. Bu əsərdə də dəyirmançı öncə səfili yedirir-içirir, ona yatmağa yer verir, daha sonra yuxuda ikən onun əl-qolunu bağlayır və öldürmək istəyir. Maraqlıdır ki, bu motiv bizim "Cırtdan"dakı "kim yatmış, kim oyaq" ifadəsi ilə məhşurlaşan divin  uşaqları yuxuda ikən yemək arzusu ilə də səsləşir. Liana Daskalovanın "Yuxu dəyirmanı" əsərində isə dəyirmançı xeyirin simvolu kimi qarşımıza çıxır. Belə ki, nağıl üslubunda yazılmış əsərdə Mişo adlı oğlan yuxularını rəngli görmək istəyir ki, sonra onları öz rəsmlərində əks etdirsin. Mişo bu məqsədlə rəngli yuxuları tapmaq üçün dünyanı səyahətə çıxır. O eşitmişdi ki, yuxular meşədə doğulur. Bu səbəbdən Mişo meşəyə gedir. Uzun müddət axtardıqdan sonra meşədə kiçik çayın üstündə bir dəyirmana rast gəlir. Sən demə, bu dəyirman yuxu üyüdür və dəyirmançı da bu yuxuların rəngini tənzimləyir. Deməli, Slavyan mifologiyasının Baba Yaqa obrazı kimi müasir ədəbiyyatında əks olunan dəyirman obrazı da təzadlıdır, ikili funksiya daşıyır. Bəs Servantesin Don Kixotu üçün dəyirman nəyin təcəssümü idi? Filosof Xorxe Anxel Livraqa Don Kixotun dəyirmanla savaşını səbəbini müasir həyat kouçları stilində izah edir. Onun fikrincə Servantes öz "Don Kixot" əsərində bəşəriyyətə simvolik şəkildə gözəl bir məsləhət verib: "Sən nəhənglərin üstünə hücum çəkmək cəsarətinə malik olanda onlar həmişə sadə yel dəyirmanlarına çevrilirlər". Öz rəsmlərinin birində dəyirmanı təsvir edən Salvador Dali də mifoloji qatı danaraq bildirir ki, bu nəhənglər onun daxilində yaşayan və məğlub edilməli olan çatışmazlıqlar, mənfi cəhətlərdir. Xorxe Anxel Livraqanın cavabı şüurun cavabıdır, realist izahdır. Bəs təhtəlşüur, şüuraltı nə deyir? Axı bədii əsərin bel sütununu məhz yazarın altşüuru təşkil edir. "Don Kixot niyə dəyirmanla savaşırdı?" sualının cavabı təhtəlşüurda iz buraxan və özündə də təhtəlşüuru daşıyan mifoloji mətnlərdədir. Məlum olur ki, Qərb mifoloji düşüncəsində Qrotti və Sampo kimi xeyirxah dəyirmanlardan başqa da dəyirman obrazları var. Bəzi mifoloji mətnlərdə dəyirman insan sümüklərini üyüdür, cəza və intiqam aləti rolunda çıxış edir. XV-XVI əsrlərdə yaşamış niderlandlı rəssamı İeronim Bosxanın rəsmlərinin bir çoxunun fonunda alovla dəyirman birgə rəsm edilmişdir. Sənətşünasların fikrincə, bu, Bosxanın müasirlərinin dəyirmanı cəhənnəmin simvolu hesab etməsindən irəli gəlirdi! D.Absentis isə bildirir ki, incəsənətdə təsvir olunan dəyirman obrazı onun şeytanın məskəni olmasına mifik inamdan qaynaqlanır.

Beləliklə, Don Kixot dəyirman cildində şeytanla ilə savaşırdı. Bu məntiqsiz görünən məntiqli savaş müəllifin şüuraltından qaynaqlanırdı. Bu motivdə XV-XVI əsrlərdə yaşayan müəllifin dəyirman qarşısında irrasional, mifik  qorxusu əks olunmuşdur. Xorxe Luis Livraqa və Salvador Dali isə XX əsrin sakinləri kimi təhtəlşüurun bu qorxu siqnalından və motivindən məhrum olduqları üçün dəyirmanı şeytan kimi yox, mənəvi problem olaraq izah edirdilər. İnsanın şüuru zamanla önə çıxıb altşüuru geri itələdikcə, ilkin həyati izlərin, bacarıqların üstünü qalın texnoloji bilgilərlə örtdükcə dəyirmanla döyüş bəşərin şeytanla savaşından  insanın həqiqəti təhrif edən və real həyatda yaşamağa mane olan qorxuları ilə savaşına çevrilir, bəşər nağıl düşüncəsindən süni zəkaya doğru yol alır.

SİZƏ MARAQLI OLA BİLƏR