Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Ədəbi gənclik - ikimininci illər - Vaqif Yusifli

24-01-2023 [ 13:55 ] [ oxunub:47 ]
printerA+ | A-
103042

O ədəbiyyat yaşamağa qadirdir ki, onun istedadlı gəncliyi var və bu gənclik onun gələcəyidir. Müasir Azərbaycan ədəbiyyatı da bu mənada özünün gələcəyinə ümidlə boylana bilər.

On milyonluq bir ölkədə hər gün bir möcüzə, nəsə gözlənilməz bir hadisə baş verə bilər. Hardasa yeni bir neft sahəsi kəşf edilər, bir alim dünya əhəmiyyətli ixtiranın müəllifi kimi tanınar, bir də eşidərik ki, kosmosa azərbaycanlı bir gənc yol açır. Bu xəyallar heç də uzaq gələcəyə aid edilməməlidir. İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun 44 günlük böyük zəfəri möcüzənin həqiqətə çevrilməsinin sübutu deyilmi?

Ədəbiyyat aləmi də belə möcüzələrdən, kəşflərdən xali deyil, böyük qürur hissilə deməliyik ki, Azərbaycan torpağı təkcə maddi nemətlər yetirmir, bu torpaqda bir Nizami dağı göylərə baş qaldırıb, bir Füzuli yanğısı ərşə bülənd olub, bir Nəsimi hünəri dünyaya səs salıb, bir Sabir qeyrəti xalqı haqqa səsləyib, bir Üzeyir bəy dühası ilə milyon ürəklər fəth olunub. Azərbaycan xalqı bu mənada Sözün, Poeziyanın radiumu, qızıl mədənləridir. Ancaq bu mədənlərin həmişə işlək olduğunu düşünmək yanlışlıq olardı. Necə deyərlər, sənətdə, xüsusilə, poeziyada həmişə möcüzələr baş vermir.

Bu publisistik girişdən sonra biz ikimininci illər və daha çox 2020-2022-ci illər Azərbaycan poeziya mənzərəsində gənclərin yaradıcılığına nəzər yetirmək istəyirik.

İlk növbədə, müasir ədəbi gəncliyin yaradıcılıq axtarışlarında hansı yönlərə, istiqamətlərə, axınlara meyil etdiyini aydınlaşdıraq. Müxtəliflik, üslub rəngarəngliyi fərqli poetik qütblər yaradır və bu proses keçən əsrin doxsanıncı illərindən poeziyada bir-birinə oxşamayan, bir-birinə bənzəməyən təmayüllərə yol açdı. Poeziyada yeni cərəyanlar (ədəbi cərəyanları nəzərdə tutmuruq - V.Y.), yeni üslubi təmayüllər meydana gəldi. Təbii ki, yenilik həmişə qısqanclıqla qarşılanır, hətta bu yeni meyillərə qarşı müəyyən müqaviməti də başa düşmək olar. Amma bu yeni meyillər hardan gəlir? Milli poeziyanın öz daxili, yaşarı ənənələrinin yeni dönəmdə novator keyfiyyətlərlə zənginləşməsindənmi, poeziyanın zamanın, əsrin havasını duyub özünü bu havaya kökləməsindənmi, dünya şeirində baş verən və milli ədəbiyyatlara da təsirsiz qalmayan "izm"lərin tez bir zamanda bizim poeziyaya da sirayət etməsindənmi?

Əlbəttə, söz sənətində, xüsusilə, poeziyada ənənənin gücü və davamlılığı daha çox, daha qüvvətli şəkildə özünü hiss etdirir. Ənənəyə köhnəlik kimi baxanlar unudurlar ki, o, ədəbiyyatın hər yeni mərhələsində özünə təzəlik "donu" biçir, bir sıra stereotiplərdən, şablonlardan imtina edir, lakin ilkin mahiyyətini, məzmununu itirmir. Bir sözlə, ənənə və onun poeziyada təzahür formaları yalnız bir şəkildə qala bilməz, o da dəyişməli, yeniləşməlidir. Praktiki mənada deyək ki, Vaqifin, Zakirin, Ələsgərin qoşmaları ilə XX əsr şairləri Hüseyn Arifin, Məstan Günərin, Hüseyn Kürdoğlunun, Məmməd İlqarın qoşmaları poetik təfəkkür baxımından bir-birindən fərqli xüsusiyyətlərə malikdirlər. Yaxud Tufarqanlının gəraylıları ilə Ramiz Rövşənin gəraylıları da məzmun etibarilə bir-birinin eyni deyillər. Deyək ki, həyat və ölüm haqqında Ələsgərin, Tufarqanlının fəlsəfəsi ilə Vaqif Səmədoğlunun və Ramiz Rövşənin fəlsəfəsi arasında heç cür eyniyyət işarəsi qoymaq olmaz. Deməli, poeziyanın öz daxili, yaşarı ənənələri novatorluq keyfiyyətləri ilə diqqəti cəlb edə bilər.

Poeziya və zaman ... və burada zamanın, əsrin yeni havasının poeziyaya təsiri mütləqdir. Əgər zaman özüylə qloballaşma, modernləşmə havası gətirirsə, bunun təkcə texnikaya, istehsalata, elmə və texnologiyaya deyil, mənəviyyata, söz sənətinə də təsirsiz ötmədiyi məlumdur. Dünya gör-götür dünyasıdır və əgər bu gün qloballaşma, modernləşmə bizim mətbəximizdən tutmuş, həyata baxışımıza qədər güclü bir təsir rıçaqlarına malikdirsə, biz də bu prosesdən təcrid ola bilmərik. Ancaq bu o demək deyil ki, qloballaşma və modernləşmə milli-mənəvi dəyərlərimizin üstündən xətt çəkə. Poeziyada Qərbdən əsən "küləklərin", "izm"lərin təsiri məsələsini də yalnız yabançı, milli mənəviyyata zidd hal kimi qəbul etmək və haqda çığır-bağır salmaq da doğru deyil. Lakin bu məsələdə ifrat, son dərəcə nihilist mövqe tutmaq yanlışlıqdır. Dünyanın bütün xalqlarının yaratdığı poeziya bu və ya digər dərəcədə bir-birilə sıx əlaqəlidir.

İkimininci illərin Azərbaycan poeziyasında gənc şairlərin də açdıqları izlər aydın görünür. Əlbəttə, böyük poeziya meydanında bu izləri təyin eləmək, onların hara baş alacağını müəyyənləşdirmək xüsusunda qabaqcadan konkret bir fikir söyləmək çətindir. Amma başlanğıcdan da çox şey asılıdır. Ümidlər də, arzular da o başlanğıcdan doğur.

Sovet dövründə ədəbi gənclikdən söz düşəndə ortaya yalnız bir sual qoyulurdu ki, gənclər nədən yazmalıdırlar. Onlara təlqin olunurdu ki, daha çox sosializm quruculuğundan, əmək qəhrəmanlarından, günü-gündən "çiçəklənən respublikamızdan", naxırçıdan, çobandan, sağıcıdan, Sosialist Əməyi Qəhrəmanından, qabaqcıl manqa başçısından, ordenli neftçidən yazsınlar və bu şeirlərin əksəriyyətində vəsf var idi. Amma bu inzibati təsirlərə baxmayaraq altmış-yetmişinci illərdə nəsrdə Anar, Elçin, Yusif Səmədoğlu, İsi Məlikzadə, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Mövlud Süleymanlı, Məmməd Oruc, Afaq Məsud, poeziyada Əli Kərim, Fikrət Qoca, Vaqif Səmədoğlu, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Fikrət Sadıq, Məmməd İsmayıl, Camal Yusifzadə, Tofiq Abdin, Səyavuş Sərxanlı, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Firuzə Məmmədli ya bu təsirlərə heç əhəmiyyət vermir, ya da gəmidə oturub gəmiçi ilə dava edirdilər.

İkimininci illərdə ədəbiyyata gələn cavan şairlər üçün bu mənada ciddi maneələr görünmür. Dünyanın adi bir qarışqasından, kəpənəyindən tutmuş, sonsuz qalaktikalara qədər, - buyur, nədən istəyirsən, yaz! Forma məsələsini də şair özü müəyyənləşdirir və bu gün sərbəst şeir, heca şeiri, əruz şeiri arasında bəzilərinin süni şəkildə ayrı-seçkilik saldığı "döyüşlər" də getmir. Söhbət ancaq ondan gedə bilər ki, kimsə hecada daha yaxşı yazır, kimsə sərbəstdə və ya hər ikisində uğursuzluğa məruz qalır.

Bu gün şeir həddindən çox yazılır və təbii ki, hər yazılan ŞEİR olmur.

Bir daha təkrar edirik ki, ədəbi gənclik hər bir ədəbiyyatın gələcəyi, onun sabahına ümid doğuran birinci pilləsidir. Bütün böyük uğurların, yüksəlişin mənbəyi -başlanğıcı ədəbi gənclik mərhələsindən başlayır. Keçən əsrin iyirminci-otuzuncu illərindən başlayaraq müasir dövrümüzə qədər ədəbiyyatımızın hər bir mərhələsində ədəbi gəncliyin, yəni yeni səs və nəfəslərin gəlişi, doğrudan da, böyük canlanmaya səbəb olub. Məlum məsələdir ki, ədəbiyyatda nəsil dəyişimi əksər hallarda müəyyən mübahisələr doğurur, nəsillər arasında, həyata, gerçəkliyə, ictimai hadisələrə münasibətdə bir-birilə uyuşmayan hallar əmələ gətirir. Bu, əslində, ədəbi inkişafın öz qanunauyğunluğudur, Azərbaycan ədəbiyyatı da son altmış ildə hər bir ədəbi mərhələdə bu qanunauyğunluğa - yeniləşməyə köklənib. Təbii ki, dünya ədəbi prosesində, həyatda və cəmiyyətdə baş verən hadisələrin də təsirlərini unutmaq olmaz.

Biz ədəbi gəncliyin tərifini vermək, onun mahiyyətini şərh etmək fikrində deyilik. Lakin həmişə ədəbi gəncliyin qayğısını çəkən, onun inkişafında böyük rol oynayan ustad şairimiz Rəsul Rzanın bir fikrinə istinad etmək istəyirəm. Altmış il bundan əvvəl - 1963-cü ildə Rəsul Rza "Ümid və arzular" adlı məqaləsində yazmışdı: "Şeir yazan cavanlar arasında ilhamla, istedadla ədəbiyyata gələnlər olduğu kimi, həvəsə düşüb gələnlər də var. Doğrudan, elə bir tənqidi termometr icad olunmamışdır ki, gənclərin poetik istedadını ölçüb dərəcəsini müəyyən etmək mümkün olsun. Adətən, gənclik insanın mövcud bacarıq və istedadının qüvvətlə üzə çıxdığı zamandır. Bu istedadın formalaşıb təcrübə ilə zənginləşməsi illərlə sürür. Lakin ilk şeirlərini, hekayələrini yazmış gənclərdən həqiqi istedada malik olanlarını görüb seçmək mümkündür". Rəsul müəllimin altmışıncı illərin əvvəllərində söylədiyi bu mülahizələrin konkret bir əsası vardı - həm altmışıncı, həm də yetmişinci illərdə ədəbiyyata yenilik eşqilə yaşayan, əvvəlki ədəbi nəsillərdən tamamilə fərqli bir üslubda yazıb-yaradan istedadlı gənclər gəlmişdi: Anar müəllimin "altmışıncılar"la bağlı "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi məqaləsində o illərin ədəbi prosesində yeni bir mərhələnin başlandığı və bu mərhələdə gəncliyin rolu nəzərə çarpdırılır. Amma "altmışıncılar"ın etirafı o qədər də asan başa gəlmirdi. Hətta hücumsuz keçməyən, nəinki respublika mətbuatında, mərkəzi qəzet və jurnallarda da Çin səddi kimi yüksələn inkarçı mövqelər bir müddət davam etdi, sonra isə bu inkarçıların müqaviməti qırıldı. Səbəb "altmışıncılar"ın həm şeirdə, həm də nəsrdə məzmun və forma, ideya və sənətkarlıq baxımından yeni bir ədəbiyyat yaratmaları idi. "Altmışıncılar" ədəbiyyatda öz sözünü dedilər və indi də deməkdə davam edirlər. Ədəbi gəncliyin yetmişinci-səksəninci və doxsanıncı illər mərhələləri də bir çox istedadlı cavanların gəlişi ilə yadda qaldı və indi onların yaşı əllini keçib, bəziləri vaxtsız vəfat ediblər. Əlbəttə, burada nəsillərin estafeti davam edir və mətləbi uzatmadan əsas mətləbə keçirik.

İkimininci illərin ədəbi gəncliyi. Müasir ədəbiyyatımızda nəsil etibarilə irəlici sayı məhz ikimininci illərdə ədəbiyyata gələn gənclər təşkil edir. Nə altmışıncı, nə yetmişinci-səksəninci, nə də doxsanıncı illərdə ədəbi gəncliyin meydanı belə gur və qaynar olmayıb. Mətbuat azadlığı, özü də sensurasız mətbuat azadlığı dövründə gənclərin əksər qəzet və jurnallarda maneəsiz çıxış etmələri, təkcə üç əsas ədəbi orqandan əlavə, digər qəzet və jurnallarda gənclərin gen-bol dərc olunmaları, doğrudan da, təqdirəlayiqdir. Gənclər müəyyən ədəbi birliklərdə və qruplarda birləşə bilirlər, sanki XIX əsrdəki ədəbi məclislər müasir formada davam edir. Vaxtilə gənc şair və nasirlər ilk kitablarını çap etdirməkdə çox çətinlik çəkirdilər, onların mətbuatda ilk çıxışları ilə ilk kitablarının çapı arasında ən azı on-on beş il bir zaman məsafəsi dururdu. İlk şeir kitabları da uzaqbaşı iyirmi şeirdən ibarət olurdu və əksəriyyətində də birinci şeir Leninə, partiyaya aid idi. Amma indi gənc şairlər və nasirlər üçün bu sarıdan heç bir problem yoxdur, elə gənc yazar tanıyırıq ki, onun heç otuz yaşı yox, amma üç-dörd kitabı çap olunub. Məsələnin maddi tərəfi var - hər il əllidən artıq gənc yazara Azərbaycan Yazıçılar Birliyinin birillik təqaüdləri verilir.

Bəs gənclərin yaradıcılığına ədəbi tənqidin münasibəti necədir? Deyə bilərik ki, bu sahədə müəyyən ənənə indi də davam edir. Xatırlayaq Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Qasım Qasımzadənin, Anarın, Elçinin müxtəlif illərdə gənc yazarların yaradıcılığı ilə bağlı yazılarını. Anar və Elçin son illərdə də gənclərin yazılarına münasibət bildirən məqalələrlə çıxış edirlər. Keçən il Anarın Azad Yaşarın şeirləri, Elçinin gənc şairələr haqqında yazıları böyük maraq doğurub. Son illərdə Sabir Rüstəmxanlı, Vaqif Yusifli, Əsəd Cahangir, Elnarə Akimova, Cavanşir Yusifli də gənclərin yaradıcılığına biganə qalmamışlar. Xüsusilə, Sabir müəllimin gənclərin şeir kitablarına yazdığı ön sözləri yalnız ön söz və xeyir-dua kimi yox, həm də bu cavanların gələcəyinə inam hissi kimi qəbul etmək olar.

Nəhayət, bir məsələni də xüsusi qeyd etməliyik. Ədəbi gəncliyin tanınmasında heç şübhəsiz, Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları - 100 yaşlı "Azərbaycan", 55 yaşlı "Ulduz" jurnalları, 88 yaşlı "Ədəbiyyat qəzeti"nin rolunu unutmaq olmaz. Gənclər birmənalı olaraq bu qəzet və jurnallarda dərc olunmağa can atırlar. "Azərbaycan" jurnalı böyük bir missiyanı yerinə yetirir, "ədəbiyyatımızın güzgüsü"ndə hər il yeni romanlar, povestlər, poemalar, çox sayda şeirlər, tənqidi məqalələr, publisistik yazılar, tərcümə əsərləri təqdim olunur, Amma ədəbi gəncliyə də geniş yer verilir, hətta jurnalın elə sayı olur ki, istedadlı bir gəncin şeirləri ilə açılır. Biz jurnalda gənc yazarların povest və romanları ilə də tanış oluruq. "Ədəbiyyat qəzeti"nin də elə sayı yoxdu ki, orada gənclərin şeir və hekayələrinə yer verilməsin. "Ulduz" jurnalına gəlincə, bu dərgini ədəbi gəncliyin açıq qapısı adlandırmaq olar. Bu açıq qapıdan bizə yaxşı tanış olan gənc yazarlarla yanaşı, ilk dəfə şeir və hekayələrini də oxuyuruq. Baxın, nə qədər yeni imza: Rəşad Nağı, Nurlan Suvarov, Əfsanə Qurbanlı, Bəhruz Xəlil, Çinarə Omray, Şəfaqət Cavanşir, Aygün Yaşar, Vüsal Ağa, Aqil Bəkir, Nurlana Umudvar, Azər Ərzi, Səddam Laçın, Təranə Dəmir, Zülfiyyə Yaqub qızı, Ülviyyə Qəhrəman, Günel Mehri, Günel Xəzəl və b. Bunların sayını yenə artıra bilərik. "Ulduz" jurnalı ilə bağlı üç yeniliyi nəzərə çarpdırmaq istəyirəm. Birincisi: "Ulduz"da xaricdə yaşayan gənc həmyerlilərimizin yazılarına da yer verilir, ikincisi: "Dərgidə kitab" səhifəsi hər bir gənc yazarın şeir və nəsr əsərləri ilə qarşılaşırıq, yəni gənc bir yazarın yaradıcılığı bir qədər dolğun şəkildə nəzərə çarpdırılır, üçüncüsü: gənc yazarların özüylə söhbəti maraqlıdır, biz o gəncin həm şeirləri və nəsr əsərləri ilə tanış olur, həm də onun ədəbi düşüncələri ilə. Biz ədəbi gəncliyə öz qapılarını açan "525-ci qəzet" və "Ədalət" qəzetinin də rolunu unutmuruq.

SİZƏ MARAQLI OLA BİLƏR