Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Milli tarixin bədii interpretasiyası - Əzizə Cəfərzadə - 100 - Bədirxan Əhmədli

15-12-2021 [ 11:46 ] [ oxunub:80 ]
printerA+ | A-
101752

Əzizə Cəfərzadənin yaradıcılığının böyük hissəsi tarixi hadisə və şəxsiyyətlərə həsr olunub. Onun təkcə roman yaradıcılığı deyil, hətta hekayələrində də tarixiliklə bədii təxəyyülün vəhdətini aydın şəkildə görmək olar. Yazıçını tarixə müraciət etməyə vadar edən səbəblər nədir? Yaradıcılığa yeni başlayan gənc yazıçı olmasına rəğmən, nədən hələ də sovet dövrü ideologiyasının heç də birmənalı yanaşmadığı bu məsələyə bu qədər aludəliklə bağlanır və ömrünün sonuna kimi milli tarixi bədii düşüncəyə gətirməklə məşğul olur. Başqa sözlə, Əzizə Cəfərzadə yaradıcılığında milli tariximizin böyük bir dövrünün hadisə və şəxsiyyətlərinin inikası orijinal bədii interpretasiya ilə müşahidə olunur. Azərbaycan bədii düşüncəsində hələ tarixin oturuşmadığı, milli tarixin interpretasiyası prosesində müxtəlif ziddiyyətlərin ortaya çıxdığı, üstəlik, mövcud sistemin və ideoloji baryerlərin ən kəskin şəkil aldığı bir dövrdə yazıçının bu janra müraciətinin gizlinlərini milli tarix sevgisində və tarixə baxışın zəruruliyində axtarmaq lazım gəlir. Yazıçının bədii təxəyyülü tarixi həqiqətlə sintez yaradaraq yeni bir mətn yaradır ki, bu da yeni bir alternativ tarixə çevrilmiş olur. Yazıçının faktlara münasibətində yaradıcı olması yeni bədii interpretasiyaya meydan açır. Fransız yazıçısı O.Balzak tarixiliklə bədii təxəyyülün vəhdətini "Əsl tarixçi fransız cəmiyyətidir, mən isə ancaq katibiyəm. ...Mən tarixçilərin unutduğu adət-ənənələr tarixini bəlkə də yaza bilərəm".

Yazıçı tarixi faktlardan bir məqsəd üçün istifadə edir və tarixdə yarımçıq qalmış ideya və fikirləri tamamlamağa çalışır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri M.S.Ordubadi, Y.V.Çəmənzəminli, A.Zöhrabbəyov, M.İbrahimov, İ.Hüseynov, Ç.Hüseynovun yaradıcılığında tarixin müxtəlif hadisələrinə münasibət bildirilib. Bu münasibətdə mümkün olduğu qədər tarixi gerçəkliyə sadiq qaldıqları kimi, bədii təxəyyülün gücündən də istifadə etmişlər. Onlardan sonra yaradıcılıq prosesinə qoşulan və ya onların bir neçəsi ilə eyni zaman kəsiyində tarixə baxışda yeni düşüncədən çıxış edən Ə.Cəfərzadə müasirlərinin tarixə baxışına münasibətdən fərqli olaraq çox zaman kəskin tənqidə də məruz qalıb. Əlbəttə, yazıçı yaradıcılığına sovet dövrü tənqidində haqlı cəhətlər də var idi, lakin bütövlükdə bu tənqidlər bəzən kəskin xarakter alır və yazıçının tarixi interpretasiyasını düzgün qiymətləndirmir, ya da qəsdən təhrif edirdi. Bunu müəyyən dərəcədə tarixi roman janrının hələ kifayət qədər özünün elmi-nəzəri təhlilini tapmaması və ya mövcud ideoloji ilə tərs gələn məsələlərlə də bağlamaq olardı. Lakin elə məsələlər də var idi ki, bu, yazıçının tarixə baxışından və onu yaradıcı şəkildə interpretasiya cəhdlərindən asılı olurdu.

Zaman bütün məsələlərdə olmasa da, bəzi məsələlərdə yazıçının tarixə baxışının, milli tarixin interpretasiyasında yazıçı münasibətinin doğru yolda olduğunu təsdiq etdi. Belə ki, Ə.Cəfərzadə tarixi romanları ənənə üzərində dayanmaqla yanaşı, tarixi roman janrına yeni çalarlar, prinsiplər də əlavə etmiş və tarixi romanın poetikasını zənginləşdirmiş, ifadə imkanlarını genişləndirmişdir. Yazıçıya olan tənqidlərin bir çoxu da məhz yazıçının tarixi hadisə və şəxsiyyətlərə etdiyi interpretasiyanın orijinallığı, yeniliyi və özünəməxsusluğundan irəli gəlirdi. Ə.Cəfərzadəyə qədər Azərbaycan tarixi romanlarının söykəndiyi rus tarixi romanı böyük bir ənənə üzərində dayanırdı. Artıq, necə deyərlər, tarixi romanın xüsusiyyətləri aşkara çıxarılaraq genetik sərhədlərini tərtib edilmiş və kanonları müəyyən edilmişdi. Sovet dövründə yazılan tarixi romanlar da məhz bu prinsiplər kontekstində yazılırdı.

Əzizə Cəfərzadəni tarixi düşüncəyə gətirib çıxaran amillər arasında bəzi həyati faktların da köməyi olmuşdur. Belə ki, ilk hekayəsi "Əzrayıl"da (1937) dövrünün sosial mənzərəsinin yaradılması onun sonrakı yaradıcılığına da təsir göstərmişdir. Çağdaş dövrdən yazılan əsər olduğuna baxmayaraq, ideoloji meyillərdən uzaq idi. Bu isə mövcud bədii düşüncə prinsiplərinə uyğun gəlmirdi. Bu faktor yazıçının 1948-ci ildə "Azərnəşr"də çap olunan "Hekayələr" ilk kitabında özünü göstərdi. Kitab geniş oxucu kütləsinə çatdırılmadan məhv edilmişdir. Kitabın bu aqibəti müxtəlif amillərlə (zoşşenkoçuluq, axmatovşinaçılıq, salon ədəbiyyatı və s.) yanaşı, həm də müasir həyatdan yazan yazıçının mövcud ideologiyaya meyil etməməsi olmuşdur. Məhz bu amil yazıçını bir neçə il yaradıcılıq prosesindən kənarda saxlamış və yalnız 1963-cü ildə "Natəvan haqqında hekayələr" kitabı ilə yenidən oxucularına qovuşur. Bu hekayələrin tarixi mövzuda yazılması gənc yazıçıya məhv edilmiş ilk kitabından dərs çıxarmağa və müasir mövzudan qaçaraq tarixi mövzuya müraciət etməsinə səbəb olmuşdur. Lakin tarixi mövzuya müraciətin də öz çətinlikləri vardı. Mövcud sistem hər bir tarixi hadisə və şəxsiyyətləri ədəbi düşüncəyə gətirməyin əleyhinə idi. Bu amil rus ədəbiyyatında da özünü göstərirdi. Milli ədəbiyyatlarda isə tarixin hər hansı bir dövrünü və tarixi şəxsiyyətlərini gətirməkdə idi. Bolşevik düşüncəsi xalqların tarixini daha çox inqilabla bağlayır, onların keçmişinə müraciətin qarşısını alır, şanlı tarixi dövrlərinin, şəxsiyyətlərinin olmasına müsbət yanaşmırdı. Yazıçıya qədər dərc edilən tarixi mövzular isə daha çox ədəbi şəxsiyyətləri əhatə edirdi. Yazıçı da bu yoldan kənara çıxmayaraq, ilk hekayələrini şair Xurşidbanu Natəvana həsr etmişdi. Hekayə tarixi düşüncənin interpretasiyası üçün məqbul və effektiv janr olmasa da, yazıçı burada özünü ifadə etməyə çalışaraq şairin həyatı və taleyini verməyə çalışır. Yazıçı 15 hekayədən ibarət bu silsilədə Xan qızı haqqında keçmiş bilikləri sistemləşdirərək onun bədii obrazını yaratmağa nail oldu. Sonralar romanlarında gen-bol istifadə etdiyi yeni tarixi yanaşma da elə ibtidai şəkildə burada ortaya çıxdı. Yazıçı yanaşmasında ortaya çıxan tarixçilik anlayışı keçmiş, indiki və gələcək arasında davamlılıq və ayrılmaz əlaqə ideyasını ifadə etdi. Yazıçı yaradıcılığındakı bu yanaşmanı ilk dəfə hiss edən tənqidçi Məsud Əlioğlu yazırdı: "Əzizə bu hekayələrində başlıca olaraq Natəvanın şəxsi həyatı, bədii yaradıcılığı və ictimai xidmətləri ilə əlaqədar təfərrüatlardan çox zaman da şair haqqında yayılmış və mənbəyini real həqiqətdən alan rəvayətlərdən istifadə etmişdir" qənaətinə gəldi.

Artıq bu hekayələr vasitəsilə Ə.Cəfərzadənin bədii təfəkküründə yeni tarix anlayışı formalaşmaqda idi. O, dərk edir ki, yazıçı tarixçi kimi tarixi hadisələrin təkcə ümumi ictimai münasibətlərini deyil, dövrün psixologiyasını, etnoqrafik mənzərəsini, xalq ruhunun ifadəsini əks etdirməlidir. Yəni yazıçı tarixçi kimi, tarixdə nələr olduğundan daha çox (əlbəttə, bunlar öz yerində!), "nələr ola bilərdi" sualına cavab tapmağa çalışmalıdır. Tarixi roman anlayışının hələ kifayət qədər aydın olmadığı bir zamanda yazıçının bu düşüncəyə gəlməsi onun tarixə öz baxışını əks etdirirdi. Çünki rəsmi ideologiya milli tarixləri danmaq və bu xalqların tarixini "inqilabdan" sonraya aid etmək yolunda müəyyən çaba xərcləyir və ideoloji strategiya müəyyənləşdirmişdi. Rəsmi ideologiyanı isə ancaq xalqın tarixinin müxtəlif hadisə və şəxsiyyətlərini bədii düşüncə orbitinə gətirməklə təkzib etmək mümkün idi. Tarixin plastikliyi və elastikliyi yazıçı üçün milli oxucuda yaranan suallara cavab verməyə ən yaxşı vasitə idi. Lakin bunun üçün epik vüsəti, tarixi hadisələri bütün genişliyi ilə təsvir edəcək bir forma tələb olunurdu. Əzizə Cəfərzadənin müasir həyat hadisələrinə münasibəti, cəmiyyətdəki ziddiyyət və mürəkkəblikləri təsvir etməsi fikri onun üzünü tarixə yönəltdi və cəmiyyətin tarixdəki "ehtirasları" təbii olaraq hisslərin intensivliyinə uyğun optimal ədəbi forma axtarışında cəmləşdirdi. Tarixi roman ədəbiyyatda qonşu intellektual sferalarda baş verən ağılların mayalanmasına "simmetrik" cavab olaraq ortaya çıxdı. Bundan sonra yazıçının diqqəti tarixdəki hadisə və şəxsiyyətləri ən yaxşı ifadə edə biləcək tarixi roman janrına yönəldi. Yazıçı xalqın milli tarixinin gizlində qalan hadisə və şəxsiyyətlərini tanıtmaq və tarix mədəniyyətini bədii düşüncədən keçirmək yolunu tutdu və belə demək mümknsə, milli tarixə yeni ədəbi dizayn verməyə çalışdı. Bunun üçün tarixi roman ən yaxşı və uğurlu forma kimi yazıçının ən çox müraciət etdiyi janr oldu.

Əzizə Cəfərzadə sonralar "Şirvan trilogiyası" adı ilə məşhur olan "Vətənə qayıt", "Aləmdə səsim var mənim", "Yad et məni" ilk tarixi romanlarında uzaq tarixə deyil, yaxın dövrə və özünün də içindən çıxdığı Şirvan həyatına bədii həyat verdi. Yazıçı trilogiyasının hər üç qəhrəmanı ədəbi şəxsiyyətlər olmuşdur. Bu romanlarında tarixi roman janrının mövzu ilə bağlı mövcud prinsiplərindən kənara çıxa bilməsə də (yəni yazıçı özündən əvvəlkilər kimi, tarixi romana qəhrəman olaraq ədəbi şəxsiyyətləri seçmişdir), tarixin bədii interpretasiyası baxımından tarixi roman janrının "dizaynına" yeni əlavələr etmişdir. Yazıçı bu romanlarda tarixi roman anlayışına Valter Skott məktəbinin gətirdiyi gündəlik tarixi hadisələrin məişətçilik səviyyəsində təsviri, özəl və etnoqrafik detallara meyil göstərməsi ilə fərqləndi. Yazıçı tarixi roman təfəkküründə bütöv bir dövrün həyatını, məişətini və mədəniyyətini təsvir etməyə çalışdı. Roman təfəkkürü yazıçıya Şirvanın tarixi keçmişi, həyatı və mədəniyyəti, eləcə də siyasi vəziyyətini dərk etmək və interpretasiyası üçün geniş imkanlar açır. Bu ədəbi-tarixi silsilədə Şirvanın təxminən iki yüz illik bir dövrünün panoraması canlandırılır. Halbuki yazıçının müraciət etdiyi zaman və məkanla bağlı xeyli çətinliklər də yox deyildi. Xüsusilə, Nişat Şirvani ilə bağlı mənbələrin azlığı, yaddaşın yoxsulluğu, siyasi və tarixi hadisələrin zəifliyi yazıçıya müəyyən çətinliklər yaradırdı. Buna baxmayaraq, yazıçı həyati təfərrüatlara getməklə bu çətinliyi aradan qaldıra bildi, keçmişin təfərrüatlarını dəlillərlə, detallarla xatırlatdı. Burada yazıçıya tədqiqatçılığı da kömək etdi. Çünki o bir yazıçı kimi həmin dövrün aşıq və şair qadınlarının, eləcə də Şirvanın üç şairinin (Nutqi Şirvani, Nişat Şirvani, Ağaməsih Şirvani), Azərbaycan poeziyasında xalq şeiri üslubu mövzularını araşdırmış və müəyyən təsəvvürə malik idi. Yazıçının bu şairlərin həyatına müraciətində başlıca prinsip dövrün, şəxsiyyətin mahiyyətini açmaq və yazıçının bizə məlum olmayan tərəflərini göstərmək idi. Bu romanların bir özəlliyi də geniş oxucu kütləsinə hesablanması idi. Yəni müasirlərinin tarixi romanlarından fərqli olaraq, Ə.Cəfərzadənin romanları maraqlı süjet əsasında qurulur, tarixi xronologiyaya deyil, insan münasibətlərinin təsvirinə geniş yer verilirdi.

Bu əsərlər göstərir ki, yazıçı heç də ədəbi qəhrəmanın məlum tərcümeyi-halını olduğu kimi bədii düşüncəyə gətirməmiş, dövrün hadisələrinə yön verən faktlara müraciət etmiş və onu interpretasiya etmişdir. Tarixi romanlar üçün bu nəzəri prinsip yazıçının sonrakı əsərlərində də bir daha təsdiq olunur. "Yad et məni" əsərində də yazıçı tarixi gerçəkliyi görümlü edir, dövrün ruhunu canlandıra bilir. Yazıçı bilərəkdən tarixin xronoloji gedişatından imtina edərək, yaddaqalan hadisə və süjetlərə müraciət edir. Əslində bununla yazıçı dövrün tarixini yenidən bərpa etməyə çalışır. Dövrün tarixi bərpası isə tarixləri və hadisələri xronoloji cəhətdən yan-yana düzməklə deyil, dövrün ruhunu canlandırmaqla ortaya çıxır. 1902-ci ildə baş verən Şamaxı zəlzələsinin təsvirində canlılıq və detallılıq fəlakət mənzərəsini bütün gerçəkliyi ilə əhatə edir: "Hacı Soltan Hüseyn hamamı həmin gün qadınlara işləyirdi. Uçqun altında qalmış arvadlardan sağ qalanı hələ bir gün sonra da satıl döyüb haray çəkir, nicat gözləyirdi. Elələri də var idi ki, çılpaqlıq həyasından səsini çıxarıb, yerini nişan vermir, naməhrəm gözlərə görünmək istəmirdi. Bəlkə elə buna görə də, bəzisi havasızlıqdan, aclıqdan məhv olub gedirdi".

Azərbaycan tarixi romançılığında tarixi şəxsiyyətlərin həyatı və fəaliyyətini romanın baş qəhrəmanına çevirən ilk yazıçılardan biri Ə.Cəfərzadə olur. Artıq sosialist realizmi əvvəlki kimi ədəbi prosesə nəzarət edə bilmirdi. Xalqın tarixində onun keçmişi və gələcəyi üçün son dərəcə mühüm tarixi hadisələri bədii düşüncəyə gətirməyin zamanı idi. "Bakı - 1501" (1981) romanı belə bir tarixi gerçəkliyə və özündə tarixi sərkərdəliklə ədəbi şəxsiyyəti birləşdirən Şah İsmayıl Xətaidən bəhs edirdi. Məhz Ə.Cəfərzadənin xalqın XVI əsr tarixinə bu müraciətindən sonra F.Kərimzadənin "Xudafərin körpüsü" (1982), "Çaldıran döyüşü" (1987), Ə.Nicatın "Qızılbaşlar" (1983) romanları yazılır. Bu romanlar bir qədər sonra başlayacaq xalqın öz tarixinə sahib olma və milli müstəqillik uğrunda mübarizə düşüncəsinin formalaşmasında önəmli rol oynayır. Milli ədəbi prosesdə xalqın tarixinin müəyyən bir dövründə bir hökmdar kimi böyük rol oynayan Xətai haqqında tarixi gerçəkliyin yazılması ədəbi tənqidin də diqqətini çəkir. İndiyədək yazıçının tarixi dərk etməsi yönündə özünəməxsus yolu olan yazıçıya bir qədər də laqeyd qalan ədəbi tənqid öz baxışına korrektələr etdi. Tənqidçi Akif Hüseynov yazırdı: "Şah İsmayılın xarakterini canlandırarkən nəinki birtərəflilikdən, aludəçilikdən uzaqlaşa bilmiş, obrazın məziyyətləri, fəaliyyətinin pozitiv cəhətləri ilə yanaşı, qüsurlarını da göstərmişdir, həm də qəhrəmanın milli şüurunun, vətənpərvərlik duyğularının inikasına ciddi diqqət yetirmişdir. Romanda Şah İsmayıl Azərbaycan hökmdarı, Azərbaycan dövlətinin yaradıcısı kimi səciyyələndirilir".

Ə.Cəfərzadənin Şah İsmayıl Xətai obrazı qısa ömründə xalqın gələcəyi üçün gördüyü böyük işlər tarixi gerçəkliyə uyğun olaraq anladılır. Yazıçı Xətaini "parça-parça olmuş" vətəni qılıncı ilə birləşdirən, "dilimizi, namusumuzu və vətənimizi" qoruyan bir sərkərdə kimi təsvir edir. Əlbəttə, Xətainin yaşadığı dövrdə mürəkkəbliklər və ziddiyyətlər də yox deyildi. Elə Xətainin özü haqqında da müxtəlif və bir-birinə zidd məlumatlar mənbələrdə öz əksini tapır. Lakin yazıçının böyüklüyü Xətainin dövlətçilik tarixində gördüyü işi çatdırmaq olduğundan hadisələri bədii şəkildə doğru interpretasiya etməsindədir. Baxmayaraq ki, bu əsərdə də tənqidçidən bizim tanıdığımız Xətaini görə bilməməyimizlə bağlı kəskin tənqidlər də səsləndi. Bu tənqidlər yazıçı interpretasiyasında yeni Xətai obrazının yaradılması və tarix kitablarından bizə məlum olmayan xarakter cizgilərinin verilməsində idi. Bütövlükdə, Ə.Cəfərzadənin bu əsərləri yalnız tarixi keçmişi təsvir etməklə qalmayıb, milli özünüdərkin formalaşması, tarixin yeni interpretasiyada dərk edilməsi baxımından bir mərhələ oldu.

Tarix, xalqın keçmişi Ə.Cəfərzadə üçün yalnız öyrənmə mövzusu deyil, həm də onun bədii düşüncədə dərk və əks etdirilməsidir. Bu cəhətdən yazıçının tarixi dərketmə düşüncə tərzində dinamikanın trayektoriyası diqqət çəkir. "Natəvan haqqında hekayələr"dən "Şirvan" trilogiyasına, oradan isə XVI əsr tarixi şəxsiyyəti və sərkərdəsi Xətainin dövlətçilik yolunda mücadiləsindən sonra keçmişin daha dərin və müxtəlif qatlarına enir. XX yüzilin sonlarına doğru Azərbaycanın milli istiqlal mübarizəsi yazıçını Rusiya işğalının tarixinə aparır. Milli istiqlala çatmaq üçün, hər şeydən əvvəl, işğal faktını düzgün dəyərləndirmək və nəticələr çıxarmaq lazım idi. Ə.Cəfərzadənin bədii düşüncə meyarları rus işğalına yönəlir və "Gülüstandan öncə" tarixi romanı ilə XIX yüzilin əvvəllərində Azərbaycan xanlarının zəif və köməksizliyindən istifadə edən Rusiyanın işğal faktorlarının bədii interpretasiyasını tarixləşdirir. Yazıçı Gülüstan sazişindən öncə bizə az məlum olan Kürəkçay sazişi ətrafında gedən tarixi gerçəkliklərə münasibət bildirir. Əvvəlki romanlarında olduğu kimi, bu əsərində də tarixi irəli aparan hadisələrlə yanaşı, şəxsiyyətlərin də obrazı yaradılır.

Ə.Cəfərzadənin 90-cı illərdə yazdığı "Eldən elə", "İşığa doğru" (1998), "Zərrintac Tahirə" (1996) əsərlərində bədii interpretasiya yönünü tariximizin ideoloji istiqamətləri-ələvilik, nemətullahilik, bəktaşilik, babilik, bəhailik kimi təlimlər təşkil edir. Doğrudur, burada da bəzi şəxsiyyətlərin obrazı yaradılır. Ancaq bütövlükdə yazıçı islam daxilində olan bu təriqətlərin bədii dərkinə yönəldir və islamla dünyəviliyi qovuşdurmaq məqsədi daşıyırdı. "Cəlaliyyə", "Bəla" (2001), "Qobustan çökəkləri" (1983-86), "Rübabə sultanım" (2001), "Eşq sultanı", "Xəzərin göz yaşları" (2003) və s. roman və povestlərində tarixin müxtəlif dövrlərində yaşamış fərdlərin, baş vermiş hadisələrin, gerçəkliyin bədii inikası ilə qarşılaşırıq. "Hun dağı" povestində isə mənsub olduğu xalqın köklərini qədim dövrlərə aparır və onun türk kökənli xalq olduğunu təsdiq edir. Əsərin sovet dövründə (1981) yazılması mövcud sistemdə tarixşünaslığın hələ müəyyən qənaətə gəlmədiyi və ya tam olaraq təsdiq olunmadığı tarixi gerçəkliyə bədii düşüncədə haqq qazandırır. Bu əsərlərin hər biri tarixi roman janrının poetikası baxımından araşdırmağa zəngin material verir. Yazıçı milli tarixi keçmişimizin ən zəruri tarixi hadisələrini və şəxsiyyətlərini zəngin bədii interpretasiya yolu ilə yenidən yaradır və özünün bədii alternativ tarixini ortaya qoyur. Yazıçı yaradıcılığında özünü göstərən şərtilik, bədii interpretasiyada, tarixi gerçəkliyə uğunluq və s. üslubi zənginlik tarixi keçmişimizin yenidən dərk edilməsinə və tarixin bərpasına yönəlmişdir. Bütün bunlar yazıçının əvvəlcədən müəyyənləşdirilmiş şərhinə deyil, tarixi hadisələrin bədii interpretasiyasına və bərpasına əsaslanır. Bütün hallarda yazıçı dövrün, zamanın, hadisələrin və şəxsiyyətin ruhunu qoruyub saxlamağa çalışmışdır.

SİZƏ MARAQLI OLA BİLƏR