Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İ

Sözüm, Gözüm, Özüm ŞUŞAM! - Sona İbrahimova

15-04-2022 [ 13:33 ] [ oxunub:255 ]
printerA+ | A-

Ədəbiyyat İnstitutunun əməkdaşlarının Şuşaya səfər təəsüratları

   Şuşadan ayrıldığım 30 il olsa da Şuşasız bir günüm olmadı. Sanki ruhumun qanadı sındı. Dözülməyən acılara dözməyə məcbur etdim ruhumu. Qurtarmaq bilməyən uzuuun 30 il...

   Cənnətimiz Şuşaya doğru istiqamət götürən avtobusun sərnişinləri olaraq gördüyümüz hər mənzərəni – daşı, kərpici bağrımıza basıb əzizləmək, oxşamaq istəyirdik. Hamı həyəcanlı idi. Yolçuluğun bir anını da nəzərdən qaçırmaq istəmirdik.

    Və... budur həsrət qaldığımız, viranə qalmış yurd yerləri ilə bizi qarşılayan amma azad Füzuli rayonu. Füzuli rayonundan çəkilən yeni, geniş şosse yol bizi cənnət məkana – Şuşaya aparır. Yol boyu gözəlliyi, zənginliyi, möhtəşəmliyi ilə yaddaşlara həkk olmuş yurdumun necə xarabazara çevrildiyini ürək ağrısı ilə seyr edirəm. Kəsilmiş ağaclar, dağıdılıb viranəyə çevrilmiş evlər sanki bizə “axır qəminiz olsun” deyir. Bu mənzərələr çox kədərli olsa da ürəyimdə bir rahatlıq var. Bilirəmki, bu dəhşətli mənzərələr 30 illik faciəvi hekayələnin son sətirləridir.

    Şuşaya yaxınlaşdıqca həyəcanım daha da artır. İllərdir həsrət qaldığım baba yurduma qədəm basıram.

     Əzəməti, gözəlliyi, möhtəşəmliyi ilə dünyaya meydan oxuyan gözəl Şuşam bizi isti nəfəsi ilə qarşıladı. Mənə elə gəldi ki, bu gün Şuşa müqəddəs bir ünsiyyətin zirvəsindədir, insanlar daha sevincli, səmimidirlər.  

   Acılarımın sonu, duyğularımın zərifi, təşnə ürəyimə səpilən suyum, qürur mənbəyim, həsrətli gözlərimin işığı yurdum!

   Xoş gördük!

   Bu xoşbəxtliyi ifadə etməyə sözün qüdrəti çatmaz.

   Sənə həmd olsun Allahım!

   Bu sevinci, bu qüruru bizə yaşatdıqları üçün Ali Baş Komandanımıza, igid əsgərlərimizə, qazilərimizə minnətdarıq. Sıldırım qayaları, dik yoxuşları “Vətən naminə” deyib dırmaşan, yalın əllə, dişi, dırnağı ilə düşmənin təpədən-dırnağa silahlanmış ordusunu məhv edən, canlarını qurban verib bizlərə Vətən torpaqlarını qaytaran şəhidlərimizin qarşısında bir daha baş əyirik. Məkanınız cənnət olsun!

   Əyilən başlarımızı dikəltdiniz, bükülən qəddimizi düzəltdiniz, itən qürurumuzu qaytardınız.

   Daha dünya Azərbaycan əsgərinin boş qalmış, mamırlamış ayaqqabısından (o məqaləni oxuyanda çox ağlamışdım) deyil, cəsur sərkərdəsi olan igid Azərbaycan əsgərindən yazacaq. Öz gözəlliyi ilə dünyaya meydan oxuyan cənnət Qarabağdan, gözəllər gözəli Şuşadan yazacaq.

   Qürur və sevinc hissi ilə ziyarətimizi davam etdiririk...

   Bizi Bülbülün, Üzeyirin, Xan qızının büstləri qarşıladı. Xan qızının ruhu bizi möhtəşəm sarayına dəvət etdi. Xan qızının bulağı sevincindən çağladı, sanki övladlarına qovuşan ana kimi sevinc göz yaşları gözlərindən sel kimi axdı.

   Xəyalım məni uşaqlıq illərimə apardı... İsa bulağını, Turş su bulağını, çal-çağırlı Cıdır düzünü, məhəlləmizə aparan qənbər daşlı doğma küçələri gəzdim. Qulağıma Xanın səsi gəldi:

       Şuşanın dağları başı dumanlı,

      Qırmızı koftalı, yaşıl tumanlı...

   Gözəl Şuşam! Qonşumuz düşmən olunca igidlərin al qanı əskik olmadı yurdumuzdan. Xan bu sözləri şifrə kimi də olsa aləmə car çəkirdi..., üç rəngli bayrağımızı tanıdırdı külli-aləmə.

   Şuşa möhtəşəm bayrağlmızı sinəsində qürurla dalğalandırırdı. Şuşa bizdən, biz Şuşadan ayrıla bilmirdik. Sanki bizə hələlik deyirdi.

 Musa Yaqubun misraları dodaqlarımda titrədi:

      Bəlkə də borcundan çıxmadım vətən.

      Ömür bahar deyil, bir də qayıtsın.

      Ölsəm də qoynunda qoy ölüm ki, mən

      Çürüyüm bir ovuc torpağın artsın.

   Şuşadan yenidən görüşmək ümidi ilə xoş təəssüratlarla ayrıldıq.