Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Xəbərlər

Akademik təhsildə ixtisas dərsləri: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun nümunəsi

17-04-2018 [ 15:19 ] [ oxunub:999 ]
A+ | A-

Sivilizasiyanın təkamülü boyu forma və məzmun dilaektikası inkişafın stixiyasını müəyyənləşdirən əsas faktorlardan biri olub. Formaya nisbətdə daha mütəhərrik olan məzmun çağın prinsiplərinə dah tez uyğunlaşır, dəyişir. Dəyişmələr yeni formanın tətbiqini zərurətə çevirir. Bu qanunauyğunluq müasir elmin və təhsilin inkişafını müəyyənləşdirən başlıca faktordur. Dünyanın aparıcı dövlətlərində elm və təhsilin səviyyəsi ilə  ölkənin əsas inkişaf  göstəricisi hesablanır. Sürətlə inkişaf edən Azərbaycanın elmi və təhsili də dünyanın qabaqcıl ölkələrinin bu sahədə inkişafı ilə adekvat təşkil etməyə çalışır. Bu sırada əhəmiyyətli nailiyyətlər vardır.

          Azərbaycan elmi tədqiqatların əsas mərkəzi olan Milli Elmlər Akademiyası klassik  formatını qoruyub saxlayaraq islahatlar aparır və yeniləşir. Ölkə başçısı, cənab Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində əminliklə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyası özünün yeni inkişaf mərhələsini yaşayır.

Hər kəsə məlumdur ki, 70 il işğalı altında yaşadığımız Sovet imperiyası dünyadan təcrid olunmuş sistemə malik idi. İmperiyada  elm və təhsilin idarəolunması mexanizmi dünyadakı digər dövlətlərin bu sahədəki sistemi ilə eyni deyildi. SSRİ-nin dağılması, Azərbaycanın müstəqillik əldə etməsindən sonra qarşıya müəyyən suallar çıxdı. Əvvəl mövcud olan sistemi davam etdirməli yoxsa dünyanın qabaqcıl ölklərinin mexanizmini tətbiq etməliyik? Təbii, ikinci variant daha düzgün idi.  Amma keçid prosesi o qədər də asan deyildi və zamana ehtiyac var idi. Son dövrün müşahidələri göstərir ki, Azərbaycanda milli identiklik qorunmaq şərtilə dünyanın inkişaf etmiş dövlətlərinin elm və təhsil modellərinə keçid prosesi uğurla aparılmaqdadır.

Bu gün dünyada elm və təhsilin qarşılıqlı inteqrasiyası prosesi sürətlənməkdədir. Azərbaycan Milli Elmlər Akademiyasında təhsilin payı əhəmiyyətli dərəcə artıb. Akademiya İnstitutlarında ayrıca Təhsil şöbələrinin yaradılması təhsilin akademiya həyatında rolunun artırılmasına xidmət edən amil idi. Bu sahədə ən əhəmiyyətli hadisə isə sözsüz ki, AMEA-da magistratura pilləsində təhsilə start verilməsidir. Ölkə rəhbərliyinin dəstəyi və etimadı sayəsində açılan magistratura təhsili AMEA-da gedən islahatların mühüm nəticəsidir.

AMEA-da doktorantura və dissertantura mərhələsində təhsilin təkmilləşdirilməsi istiqamətində addımlar atılıb.  Doktoranturaya qəbul imtahanı zamanı test sistemi tətbiq olunub. Xarici dildən (ingilis dili) qəbul və minimum imtahanları zamanı TOEFL və İELTS sertifikatının tələb olunması bu istiqamətdə işin beynəlxalq standarlara uyğun təşkili baxımından əhəmiyyət kəsb edir.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bu gün özünün yeni inkişaf mərhələsini yaşamaqdadır. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik  İsa Həbibbəylinin rəhbərliyi altında İnstitutda bütün istiqmətlər üzrə yeni epoxa başlamışdır. Akademik İsa Həbibbəyli İnstitutda gənc kadrların hazırlanmasına xüsusi diqqətdə saxlayır. “Ədəbiyyat məcmuəsi”nin Xüsusi gənclər sayının hazırlanması, Hər il fərqlənən gənclərə “İlin gənc alimi” mükafatının verilməsi, hər il keçirilən “Ədəbi proses” yaradıcılıq müşavirəsində gənclərin məruzəçi qismində aparıcılıq təşkil etməsi, artıq “İlin gənc alimi” mükafatçılarından elmlər doktorluğu işinin müdafiə edənlərin olması İnstitutda gənclərlə bağlı görülən işlərə misal ola bilər. Bu gün müasirləşən və inkişaf edən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təhsilin payı əhəmiyyətli dərəcədə artmışdır. İnstitutda xarici dil dərsləri – ingilis və çin dilləri üzrə təşkil olunub. Hər iki dil üzrə iki səviyyədə bu sahədə ixtisaslaşmış müəllimlər tərəfindən dərslər aparılır. İnstitutun gəncləri bu prosesdə faəl iştirak edir.

          Akademik İsa Həbibbəyli hələ 2017-ci ilə qədər İnstitutun Elmi şurasının iclaslarında, keçirilən müxtəlif konfrans və tədbirlərdə doktorant və dissertantların ədəbiyyatşünaslıq sahəsindəki bilik və bacarıqlarının arıtırlması zərurəti barədə bəhs edirdi. Məhz bu zərurətin nəticəsi olaraq 2017-ci ilin yanvar ayından akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə ölkədə ilk dəfə olaraq doktorant və dissertantlar üçün ixtisas dərsləri təşkil olunmağa başlandı. Bu addım elm və təhsilin qarşılıqlı inteqrasiyası, kadr hazırlığının təkmilləşdirilməsi baxımından atılan əhəmiyyətli addımdır. Ölkə tarixində ilk dəfə olan bu təşəbbüs və eksperimentin nəticələri olduqca maraqlı idi. Qısa zamanda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə İnstitutun Təhsil şöbəsi tərəfindən bir illik dərs proqramı hazırlandı.

Hazırlanan dərs proqramında doktorantura pilləsində kadr hazırlığı üçün zəruri olan ədəbiyyatşünaslığın bütün sahələri üzrə mühazirələr nəzərdə tutulmuşdur. İl ərzində ədəbiyyatşünaslığın bütün istiqamətləri: ədəbiyyat tariximizin ən qədim dövrdən başlamış müasir dövrə qədərki mərhələləri, problemləri, şəxsiyyətləri, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid, mühacirətdə yaranan ədəbiyyatımız, dünya ədəbiyyatının görkəmli şəxsiyyətləri, cərəyanlar, türk xalqları ədəbiyyatı, mətbuat və publisistikamızın inkişafı, eləcə doktorant və dissertantlar üçün zəruri olan disertasiyanın tərtibi qaydaları və digər mövzularda həftədə bir dəfə olmaqla dərslər keçirildi.

          Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri haqqında ilk mühazirəsi doktorant və dissertantlar tərəfindən böyük maraqla qarşılanmışdır. Akademikin məruzəsindən başlanan dərslər il boyu ardıcıl olaraq davam etmişdir. Prosesə İnstitutun direktor müavinləri, bütün şöbə müdirləri və digər elmi heyəti cəlb olunmuşdur. Nəticədə dərslərdə aparılan müzakirələr doktorant və dissertantların gələcək ədəbiyyatşünas kimi formalaşmağına öz töhfəsini verməyə başlamışdır. Təsadüfi deyil ki, dərslərə doktorant və dissertantlar ilk dərsdən başlayaraq böyük maraqla yanaşmağa başlamışlar.

          İxtisas dərslərinin təşkil olunması bir sıra obyektiv səbəblərlə bağlı idi. Akademik İsa Həbibbəyli Elmi şurada çıxışı zamanı bu zərurətin səbəbləri barədə geniş şərh vermişdir. Doktorant və dissertantların kadr kimi hazırlığında yalnız elmi rəhbəri ilə dissertasiya işini hazırlaması onların gələcəkdə mükəmməl ədəbiyyatşünas kimi formalaşması üçün tam da yetərli deyildir. Müəyyən nümunələri çıxmaq şərtilə böyük əksəriyyətdə bu sahədə boşluqlar özünü göstərməkdədir. Doktorantlar və dissertantlar üçün ixtisas dərslərinin təşkili müasir elmin nailiyyətlərinin yeni elmi nəslə çatdırılması zərurətindən doğan mühüm addımdır. Artıq bir ildə əldə olunan nəticələr onu göstərir ki, ardıcıl və nizamlı şəkildə təşkil olunan dərslər çox böyük təsirə, effektə malikdir. Bir il ərzində ədəbiyyatşünaslığın bütün istiqmətləri və əsas problemləri üzrə dərslər alan doktorant və dissertantlar elmi cəhətdən daha da zənginləşir, maraqlı müzakirələr, diskussiyalar aparırlar. Bu uğurlu təşəbbüs ardıcıl şəkildə, 2018-ci il boyu da davam etdirilir. Akademik İsa Həbibbəylinin əlavələri ilə bu il üçün dərs proqramı daha da təkmilləşdirilib, zənginləşdirilib, proqrama bir sıra əlavələr olunub. Belə ki, 2017-ci ildə göstəricilərinə görə “İlin alimi” adını alan alimlər doktorant və dissertantlara ustad dərsləri deyəcəklər. Nəticədə dərslərdə iştirak edənlər elmi cəhətdən daha da təkmilləşəcək və inkişaf edəcəklər. Akademik İsa Həbibbəylinin ideya müəllfiliyi və rəhbərliyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təşkil olunan doktorant və dissertantlar üçün ixtisas dərsləri uğurlu bir nümunədir. Gələcəkdə bu nümunənin daha geniş miqyasda tətbiqi ümumilikdə elmimiz üçün, yeni elmi nəslin hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edən məsələdir.

 

Mehman Həsən

Filologiya üzrə fəlsəfə doktoru